Baş redaktordan

Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!


Şəhid balamız qartal qanadlarını azad, müstəqil Azərbaycanın azad səmasında açıb da . Addım-addım düşməndən təmizlədiyi hər qarı torpağını indi səmadan seyr edir… Bu gün Azərbaycan müzəffər tarixini yazır. Müharibənin vurduğu yaraları, dağıntıları aradan qaldırır. Qarabağda ayrı bir çal-çağır var, ayrı bir bəxtəvərlik var. Sizin hədəfiniz idi bunlar. Ermənilər tək anaların, nişanlıların yetim uşaqların deyil, hamımızın sinəsinə çalın-çarpaz dağlar çəkmişdi,eləcə də torpağımızın. Quşlarımızın, çiçəklərimizin bəxtəvərliyini məhv etmişdilər. Siz Babək varisiniz. Babəyin and-amanına sədaqət və sahibliyinizi nümayiş etdirdiniz.

Babək deyirdi ki, qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır. Sən və sənin silah qardaşların, sadəcə, torpaqlamızı işğaldan azad etmədiniz. Düşməni əlbəyaxa döyüşlərdə şil-küt etdiniz, iti qovan kimi qovdunuz. Ayaqlarız altında inləyən təkcə ermənilər olmadı, həm də ermənizm mifi idi. Siz müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə dünya hərb tarixinə yeni şəraitdə 44 günə təcavüzkarı məhv edib, qalib gəlmək sənətinin ən mükəmməl nümunəsini təqdim etdiniz. Bundan sonra erməni bir də qələt edər Azərbaycan torpağına gəlməyə, yaşamağa xəyal edə.
3-5 ilə, inşallah Qarabağ bir ayrı hüsnü ilə bizə qürur paylayacaq. Bizim üçün bu qürur toxunulmazlığına zəmanət sizin – bütün şəhidlərimizin azad səmamızda bizi hifz etməkdə olan ruhunuzdur. Sizin silah qardaşlarınız bu şaxtalı günlərdə də ən təhlükəli nöqtələrdə belə, Sizin idealları davam etdirməkdədirlər.
Məşhur qazax yazıçısı Abay Kunanbayev deyib ki, şöhrət yüksək bir qayadır. İlan oraya sürünə-sürünə qalxar, amma qartal bir dəfə qanad çaldımı, düz o zirvənin başında olar. Siz də zirvəyə qartal kimi qonmusunuz.
Biz Sizin hər birinizlə fəxr edirik.
Əziz Şəhriyar bala, bu gün sənin doğum günüdür: 38 yaşın tamam olur. Bu doğum günü təkcə dostumuz/qardaşımız Kamil müəllimin şəcərəsi üüçn deyil, bütün Azərbaycan üçün əzizdir. Axı sən indi həm də bütün xalqın Şəhriyarısan.
Allah rəhmət etsin.


Əsgər oğul Məmməd Araz

Sən bu yurda söykəlisən, bu yurd sənə,
Keşiyində dursan belə neçə sənə,
Ayaq üstə yatsan belə neçə sənə:
Sən bu yurda söykəlisən, bu yurd sənə!


Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul – mərd igiddir,
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.


Mən bilmirəm, hardan boy al, hara dırman,
Mən bilmirəm, göyə ucal, yerə quylan,
Babaların məzarını qoru, qardaş!
Ataların vüqarını qoru, qardaş!


Körpələrin yuxusunu qoru, qardaş!
“Vətən ölməz” duyğusunu qoru, qardaş!
“Hünər ölməz” nidasını qoru, qardaş!
Od yurdunun odasını qoru, qardaş!


Gurşad olub göydən ələn – mən bilmirəm,
Qara bələn, buza bələn – mən bilmirəm,
Harda şirləş, harda filləş – mən bilmirəm,
Mən bilirəm: geriyə yol yoxdur, atam!


Öncül Oğul dönüb geri baxmır, atam!
Geridə biz qəbir yeri saxlamışıq,
Bəsdir daba sızlamışıq, ağlamışıq!
Geridə biz qəbir yeri saxlamışıq!


Özümüzə dar ağacı qurmaq üçün
Özümüz öz boyumuzu vurmaq üçün:
Qətl yeri saxlamışıq, qətl yeri!
Qəbir yeri saxlamışıq, qəbir yeri.


Bu torpağın hər qayası deyir bunu
Bu torpağınının yarası deyir bunu.
Bu torpağın son nəfəri olsan belə,
Son dirisi, son əsgəri olsan belə,
Geri dönmə, son qələbə xəttinəcən,
Son qələbə həddinəcən, səddinəcən.


Dönmə geri üfüqəcən…
Nə zaman ki, bu yer, bu yurd
Yağıları süpürəcək, üfürəcək,
Hər əsgərin, hər nəfərin
Nəfəsi od püskürəcək.


Onda dönüb görəcəksən:
Nakamların qəbri: Məşəl!
Qaliblərin qəlbi:
Məşəl! Məşəl! Məşəl!
Şah dağından qəlbi məşəl!..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!