Təbriklər

27 fevral Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin 5 A sinif şagirdi İsmayılzadə Yaşarın anadan olduğu gündür. Yaşar bala 2014-cü ilin bu günündə Bakımızın coğrafi xəritəsinə bir bənövşə yarpağı qədər düşmüş bir rayonunun elə bir bənövşə yarpağı qədər də olan isti bir ocağında dünyaya göz açıb.

Nəvəm də bu sinifdə oxuduğu üçün onların hamısını elə nəvəm kimi qəbul edirəm, təhsil fəaliyyətlərini, başarılarını heyranlıqla izləyirəm. Yaşar haqqında dostlarının verdiyi bir status məni yaman tutdu. Dostları onu “Eynşteyn” adlandırmışlar. Maraqlıdır, 5-cu sinifdə fizika fənni tədris olunmur. Lap tədris olunsa belə, bu sinif həcmində onlar fundamental elmlərin ancaq əlifbası ilə tanış olurlar. Çağırıb nəvəmdən soruşdum ki, Eynşteyn kimdir? Məlum oldu ki, onlar Eynşteynin ancaq fizik və bir də ixtiraçı olduğunu bilirlər. Gəldiyim qənaət bu oldu ki, bu yaşda uşaqların psixologiyası belədir ki, onlarda həmyaşıdları arasında daha seçilmək, daha yetkin olmaq , öz müstəqilliyini müdafiə etmək iddiaları çox üstün olur. Onlar bütün bunları öz yozmalarında ixtiraçılıq ampluası kimi qəbul edirlər. Deməli, onlar belə erkən hədəf müəyyələşdirirlər. İdeal hesab etdikləri hədəf, adam da doğru olanda, bizə qalır onları daha həvəsləndirmək, yanlışlardan qorumaq, həmlələrinə təkan vermək. Niyə inanmamalıyıq və ümid etməməliyik ki, Yaşar bala gələcəkdə ixtiraçı ola bilməz… Bu ideya onun məslək yoluna bu tezlikdə yol tapıbsa, Yaşar bala bu məsləki də uğurla da yaşadacaq.


19-cu əsrdə yaşamış məşhur rus kimyaçısı A.M.Butlerovun adını, yəqin ki, ən azından orta məktəbdə oxumuş, kimya öyrənmiş hər kəs eşidib.O, üzvi maddələrin kimyəvi Quruluş nəzəriyyəsin banisidir. Bu nəzəriyyə 1861-ci ildə elm tarixinə elə onun adıyla Butlerov nəzəriyyəsi kimi həkk olunmuşdur. Onun haqqında çox maraqlı və düşündürücü faktlardan biri budur ki, Butlerov ilk təhsilini Kazanda internet məktəbində almışdır. Təhsil illərində məktəbin zirzəmisində güclü partlyış baş verir, hadisə məktəbi ayağa qaldırır. Sən demə, Butlerov məktəbin zirzəmisində gizli şəkildə primitiv laboratoriya qurubmuş və vaxt tapdıqca gözlərdən yayınaraq burada təcrübələr aparırmış. Partlayış da belə təcrübələrin birində baş vermiş və ciddi narazılıqlar doğurmuşdu. Aleksandrın məsələsi məktəbin Pedaqoji Şurasına çıxarılır. Pedaqoji Şura hətta onun məhkəməyə verilməsinə qərar verib. Bununla da kifayətlənməyib, Butlerovun sinəsində iri hərflərlə dırnaq işrəsi ilə yazılmış “Böyük kimyaçı” lövhəsi asmış və bu vəziyyətdə yeməkxanada şagirdərin qarşısına çıxaraq gülüş hədəfi etmişlər. Amma heç kim bilmirdi ki, indi onların gülüş hədəfi etdiyi “İnternat məktəbinnizam-intizam qaydalarını ciddi şəkildə pozmuş” Butlerov gələcəkdə, həqiqətən böyük kimyaçı olacaq. Hətta, uzun illər Kazan İmperator Universitetinin rektoru işləyəcək..İnşallah, Yaşar da vaxt gələr Azərbaycanın daha bir Landausu , Yusif Məmmədəliyevi, Məcid Mərdanovu olar . Bunun üçün səylə oxumalı, daim yenilənməli , zəhmətə qatlaşmağı bacarmaq lazımdır. İnanırıq ki, yaşar da , onun digər sinif yoldaşları da karyera uğrunda inamlı addımlamaqda davam edəcəklər. Onların hər birinin uğurları Vətənimizin, xalqımızın uğuru kimi dəyərləndiriləcək.

Doğum günün mübarək! Sənə cansağlığı, uzun ömür və həmişə aydın səmalı, sülh şəfəqli Aərbaycanda yaşamağı arzulayırıq. Valideynlərini , müəllimlərini təbrik edirik! Ümidli gəlcəyimiz hesab etdiyimiz uşaqların xoşbəxt böyüməsi, sağlam əqidəli vətəndaşlar kimi yetişməsi üçün ailənin, məktəbin hədəfləri bir-birini tamamlamalı, ilhamverici olmalıdır.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.