Tələbə yoldaşımıza təbrik

Təbriklər

Lakşmi, Afrodita, Afina,Venera, Femida, Artemida, Nefertiti… Adlarına məbədlərin səcdəgahlarında heykəllər ucaldılıb bu qadınların.
Hindistan, Çin, Yaponiya, Tibet, Cənub Şərqin bir sıra ölkələrində mifik təfəkkürlərdə ailəni, bütövlükdə həyatı, dünyanı şər qüvvələrdən hifz edən xoşbəxtlik və gözəllik rəmzləri kimi tapınırlar bu abidələrə…
Tarix boyu dünyaya elə qadınlar gəlmişdir ki, onlar yalnız özlərinin, öz ailə şəcərələrinin yox, bütöv bir xalqın, cəmiyyətin taleyində mühüm rol oynayıblar.
“Kitabi- Dədə Qorqud” dastanlarındakı Burla xatun, Selcan xatun, Banu Çiçək, Qanturalı, daha sonralar Məhsəti Gəncəvi, Ağa bəyim Ağa, Heyran xanım, Qönçəbəyim xatun, Natəvan, Fatma xanım Kəminə, Nigar Şıxlinskaya, Həmidə xanım, Leyla Şaxtaxtinskaya, Şövkət Məmmədova, Xədicə xanım Qayıbova,Ümbülbanu, Zibeydə xanım (M.K.Atatürkün anası), Kübra Fərəcova, Zəhra Quliyeva, Zərifə Əliyeva, Mehriban Əliyeva … Birdimi, beşdimi, yüzdümü , mindimi onların sayı… Hamısı da Qadına inamın, ehtiramın ifadəçiləri… Hamısı da bu xalqın güvənc yeri…
Allah Türk xalqına çox böyük təbii sərvətlər, əxlaqi- mənəvi keyfiyyətlər bəxş edib. Mərhəmətli, möhtərəm Qadın- Ana bəxş edib. Mən ataların rolunu, haqqını azaltmaq istəmirəm ha, buna haqqım da yoxdur. Bizim hər birimizin Anası atalarımızın yaraşığı idi. Bizim hər birimizin Qadını da indi bizim yaraşığımızdır.Dünya proletarları “səf-səf düzülsə”, Azərbaycan ərləri, Azərbaycan ataları ən yüksək fəxarətə sahib olarlar. Onlara bu ucalığı Azərbaycan Qadınları qazandırmadımı, Siz qazandırmadınızmı?


Çox zəngin və kübar Məlahət bacımız! Əziz tələbə yoldaşımız!
Heyne adlı alman şairi yazmış ki, qadın olmayan yerdən pis adam başlayır. Pis adamlar başlayırsa, deməli, pisliklər də başlayır. Necə gözəl deyib. Qadınlar olmazdısa, tamam pis adamlar əhatəsində qalardıq, çamurlar arasında ..qalardıq. Bizi bütün kötülərdən, bütün naqisliklərdən hifz edən Qadınlarımız deyilmi?
Siz də bu qadınlarımızın ləyaqətli bir varisi…Sizin ad gününüzü təbrik etmək üçün özümü əvvəlcə bütün qadınlarımıza ehtiram təslimiyyətinə köklədim. Uzağl 4-5 cümlə ilə də təbrik edə bilərdim Sizi. Amma bacarmadım, bacarmıram… Bu gün bütün vaxtımı xəyalən tələbəlik illərimizlə keçirdim, tələbəlik dostlarımla keçirdim. Sağım, solum da xatirələrlə dolu… Göydən də xatirə yağırdı…
Bir şəxsin həyatındakı insanlar xatirəyə çevriləndə necə gözəl olurmuş, necə unudulmaz olurmuş…
1976-cı ilin isti yay günlərində Bakıda imtahanlara hazırlaşdığımız günlər. Hər imtahanda həyəcan, yaxşı qiymət alanda rahatlandığmız sevincli anlar. Səhərə qədər oxuyardıq. Hələ bir-birimizi tanımırdıq, amma var gücümüzlə çalışırdıq ki, yaxşı qiymət alaq, yeni bir ünsiyyət məkanı quraq, kitablardan oxuduğumuz, filmlərdən bildiyimiz tələbəlik həyatını biz də yaşayaq. Qəbul olduq, bir ay keçmədi ki, hamı doğmalaşdı. Sanki, biz eyni orta məktəbi bitirmişik, indi də gəlib Bakıda ali təhsil alırıq.
Tələbəlik illərimiz, əlbəttə, gözəl oldu, mənalı oldu. Dostlar hamımız bir yerə cəm olub, hərə öz xatirə mücrüsünü üzüaşağı silkələsə bir-birindn şirin xatirələr basacaq hər yeri. “Yer üzündəki ağaclar qələm, dənizlər də mürəkkəb olsaydı”, nöqtə qoya bilməyəcəkdik ki xatirələrimizə. Acılı günlərimiz də olub. Bunsuz həyatın mənası olmazdı ki.


O vaxt heç düşünmədik ki, ay aman, biz həm də sürətlə yenidən səpələnməyə doğru yaxınlaşırıq, elə başımız qarışdı oxumağa, əhli-ürfan sahibi olmağa. O dövrün meyarı belə idi. Üstünüzdə zaman-zaman qatılaşmış “el-aləm eşitsə, bilsə” tabusu vardı. Həm də biz gələcəyin müəllimi olacaqdıq. Özümüzü hər zaman “ 4 tərəfi şüşəbənd otaqdayıqmış kimi hiss edirdik.”
Bununla belə, öz dünyagörüşümüzcə
əyləncələrimiz də oldu, oyun və sərgüzəştlərimiz də oldu. Pambıq yığımında, Tələbə inşaat dəstəsi ilə istehsalata inteqrasiya olunanda, Moldaviyada üzüm yığımında əməlli-başlı sosiallaşdıq. Bir də ayıldıq ki, 1980-ci ilin may ayıdır. Çox sevinirdik.
Bu da təbii idi. Müəllim adıyla çağrılmaq istəyirdik, sinifdə coşub daşmağa tələsirdik. Bununla belə, üzlərdə-gözlərdə hiss olunmasa da, ruhumuz, ürəyimiz çox həlimləşmişdi. O günlər mən xatirə dəftərini qızlarımıza verib xahiş etmişdim ki, xatirə yazsınlar.
Həmin xatirələri oxusanız, bu xiffətin var olduğunu aydınca görəcəksiniz.
Üstündən 45 il keçir, tez-tez alıb vərəqləyirəm. Xatirə dolanbaclarında hər bir tələbə yoldaşımızla yenidən görüşürük. Siz də, Könül də, Məleykə də, Azadə də, Sima da, Leyla da, elə bütün 121-ci qrup dostlarımızın hamısının əksini o illərdə necə görmüşdüm, eləcə də qalıblar.
Məlahət, bizim bütün qızlarımız gözəl idi, ağıllı idi, hər birinin başına and içmək olardı. Amma Sizə bir az daha ürək qızdırıdıq. Siz tələbəlik həyatını görüb, yaşayıb gəlmişdiniz. Bir qədər daha ağayana idiniz, mehriban və səmimi idiniz. Qəlbiniz saf və həqiqi idi. Hamı Sizə ürək qızdırıdı, ürəyini aça bilirdi.
Bu gün 68 yaşınız tamam olur…


Biz sizin ailənizi tanıyırıq. Rafiq müəllimi, qızlarınızı, Babəki tanıyırıq. Cavidan da yaddan çıxmaz, o biri nəvələriniz də həmçinin. Hamınız Allah əmanətində. Deməli, Siz Qadın, həyat yoldaşı , Ana kimi şərafət zirvəsinin 3-də də ən uca mənsəbdəsiniz. Uzun illər bir vaxt məzunu olduğunuz texnikumda müəllim işlədiniz. Bu da bir qayğıdır. Siz bütün qayğıları daşımağı bacardınız. Gənc analara sübut etdiniz ki, qadın istərsə, işini elə planlaya bilər ki, həm diqqətli həyat yoldaşı ola bilər, həm qayğıkeş ana, həm də dəqiq işçi.
Eşq olsun …
Bu ülviyyəti daha 32 il davam edin…
121-ci qrup adından Sizi ən səmimi arzularla təbrik edirik…


Hörmətlə: Akif m