Dilimiz varlığımızdır



İfadə məcazi mənada – mənəvi saflıq, təmizlik, paklıq mənasında işlədilir.
Adətən xalq ifadələrində möhkəm bir məntiq, sözlər arasında daxili məna rabitəsi olur ki, bu cəhət həmin tərkibdə müşahidə edilmir. Burada bir məntiq yoxdur. Güman etmək olar ki, bu ifadə yalnız estetik məqsədlə, ahəng, qafiyə xatirinə işlənmişdir. Lakin adətən belə olmur. Dil təkcə gözəllik üçün mövcud ola bilməz. Dilin əsas məqsədi ünsiyyətə xidmətdir. Estetik cəhət isə burada sonrakı, əlavə, ikinci məqsəd ola bilər.
Xalq ifadələrində ardıcıl gələn tərkiblər ya yaxın, ya da əks mənalı sözlərdən təşkil olunar ki, müəyyən müqayisə və ya qarşılşdırmaya (geniş mənada) xidmət edə bilsin. Lakin “ay” və “su” məfhumları arasında heç bir məntiqi əlaqə yoxdur və bu
sözlər adətən bir-biri ilə qarşılaşdırılmır. Ona görə də bəzən “sudan duru” yox, “gündən duru” ifadəsi işlədilir.Lakin bu son ifadədə də bir məntiq yoxdur, “gündən duru” heç nə ifadə etmir.
İfadənin daha doğru və məntiqi şəkli “Dədə Qorqud” dastanlarında işlənmişdir. “Bamsı Beyrək” boyunda göstərilir ki, Dədə Qorqud Dəli Qacara deyir:”Aydan arı, gündən görklü qız qardaşın Banıçiçəyi Bamsı Beyrəyə diləməyə gəlmişəm”.
Burada həm məntiqi cəhət (“ay” ilə “gün” sözlərinin qar
şılaşdırılması), həm də estetik cəhət (səs təkrarı: birinci tərkibdə
“a” səslərinin assonansı, ikinci tərkibdə “g” səslərinin alliterasiyası) vardır. Lakin dilimizdə “görklü” sözünün arxaikləşməsi nəticəsində ifadə yuxarıdakı şəkli almışdır.
Bu ifadənin ədəbiyyatımızda müxtəlif variantlarına da təsadüf olunur.
S.Rəhimovun “Qafqaz qartalı” romanında deyilir:”Əlahəzrət həmişə özünü durulda-durulda bütün bataqlıqlardan çıxarıb özünün “aydan arı, gündən duru” olduğu qənaətinə gəlirdi”.
Atif Zeynallı “Qanunlarım” şeirini belə başlayır:
Sən ey mənim aydan arı,
Sudan duru,
Pak, müqəddəs qanunlarım…
B.Vahabzadə “Etiraf” poemasının proloqunda yazır:
Burda nə riya var, nə böhtan, nə kin,
Sözlər aydan arı, sudan durudur.

Musa Adilov Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!