Tarixdə bu gün
İlin 157-ci (uzun illərdə 158-ci) günü.
Doğum günləri:
1929 —Azərbaycanın görkəmli heykəltaraşı və ilk monumentalçı qadın heykəltəraşı, Əməkdar rəssam Münəvvər Məcid qızı Rzayeva Şuşada anadan olmuşdur.
Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb.

1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir.
(N.V.Tomskinin sinfi). Münəvvər Rzayeva həyatı boyu yüzə qədər müxtəlif səpkili sənət əsəri yaratmış, onlar paytaxtda, ölkənin digər şəhərləri və rayon mərkəzlərində “məskunlaşmış”. 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildən Rəssamlıq İttifaqının üzvü olub. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir neçə heykəlləri bərpa etmişdir.
Onun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində, AMEA Nizami adına Ədəbiyyat muzeyində, Ordubadi muzeyində, Siyəzən Mədəniyyət evində, Bədii Fondda saxlanılır.
Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlərinin hər biri nadir sənət nümunələri kimi qiymətləndirilmişdir.Yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşmışdır. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.
Münəvvər Rzayeva 2004-cü il iyun ayının 6-da – doğum günündə dünyasını dəyişmişdi.

1951 — Görkəmli opera müğənnisi, Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, “Şöhrət” və “Şərəf” ordeni laureatı, professor Xuraman Əkrəm qızı Qasımova Bakıda doğulmuşdur. Əslən Salyan rayonundandır.
Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1976 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Səlma (“Aldanmış ulduzlar”, M.Quliyev), Sevil və Dilbər (“Sevil”, F.Əmirov), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Mimi və Müzetta (“Bohema”, C.Puççini), Dezdemona, Aida (“Otello”, “Aida”, C.Verdi), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin “Qran pri” qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir (“Mən ki gözəl deyildim”, “Həyat bizi sınayır”). 1982 ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993 ildən solo oxumaq kafedrasının müdiri, 1996 ildən professor) 1994 ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professoru-dur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.

1961 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyev Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdur.
Vəzir Sədiyev Əfqanıstan müharibəsində iştirakçısı idi. Mayor rütbəsinə qədər yüksəlmişdi.
Vəzir dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq cəbhəyə yazıllmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edir. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdşur.
Vəzir Sədiyev 1993-cü il 19 fevral Həsənriz kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Vəzir İsa oğlu Sədiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

1969 — Azərbaycan Respublikasının Milli Qəhrəmanı Faiq Alış oğlu Ağayev Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur.
1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında layiqli xidmət yolu keçmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə yollanmışdır.
1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılmışdır. Elə həmin gündən də Faiqin şərəfli ömrünün ən narahat, ən yadda qalan və ən təşvişli günləri başlamışdır.
1991-ci il… Dekabr ayının 23-ü… Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı.
Döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını baş qaldırmağa qoymur, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.
Düşmənin atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas etdi. Son nəfəsinə qədər də, döyüş mövqeyini tərk etmədi. O, həmvətənlərinin həyatını xilas edərkən öz həyatını qurban verdi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Faiq Alış oğlu Ağayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.
Vəfat etmişdir:

1920— Görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas, publicist Firidun bəy Köçərli 57 yaşında qətlə yetirilmişdir.
Firidun bəy Köçərli (Köçərlinski) 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey 1879-1885-ci illər ərzində Zaqafqaziya müəllimlər seminariyasın təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1885-ci ildə qısa müddət Firidun bəy Erivan gimnaziyasında da dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun xüsusi şöbəsi tərəfindən 1920-ci ildə, əlli səkkiz yaşında güllələnərək dünyasını dəyişir. “Vətən dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyiş dirərək zənginləşdirmişdir. Köçərlinin “Darı və buğda” əsəri “Vətən dilinə” salınmışdır. Qeyd etmək lazımdır ki, həyat yoldaşı Badisəba xanım Vəkilovlar nəslinə mənsub idi.
2013-cü ildə Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olur.
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa — M. F. Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Lakin F.Köçərli, 1895-ci ildə İrəvanı tərk etmişdir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir. 1945-ci ilə kimi – düz 50 il bu vəzifəni daşıyan Yunis Nurinin də xidmətləri teatrın unudulmaz səhifələrindəndir.
Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyətcə erməni olan, kimə və nəyə, hansı ideala qulluq elədiyi bəlli olmayan Sarkis Danilyanın diktəsilə Firidun bəy haqqında saxta hökm yazdı:
4 iyun 1920-ci il, Gəncə: “Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər”. Qərara alınır: müttəhim Köçərlinski güllələnsin. Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov

2004— Azərbaycannın görkəmli teatr və kino aktrisası, Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (Zəroş Həmzəyeva) vəfat etmişdir.
Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra “Həmzəyeva” soyadını daşıyıb. Aktrisa kimi də məhz “Zəroş Həmzəyeva” kimi məşhurlaşıb.
Səhnəyə ilk dəfə 1941-ci ildə — on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”) komediyasında Yetər rolunu oynayıb.
Sərbəstliyi və emosional dəyişmə bacarığı ilə teatrın kollektivini heyran qoyub. Ona görə də elə həmin vaxtdan teatrın truppasına aktrisa götürülüb.
Aktrisa bir sıra tamaşalarda, xüsusən “Vaqif” tamaşasında Xuraman rolunda Akademik teatrın görkəmli sənətkarları ilə tərəfmüqabil olub. Teatr ictimaiyyəti hər dəfə onun ifasını yüksək qiymətləndirib.
Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlis, ifadəli və cazibəli idi. Zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi. Səhnədə həssas və diqqətcil yöndaş olması ilə seçilib. Mürəkkəb kompozisiyalı, kəskin dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi. Zəroş Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da epizodda iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini tamaşaçılara dürüst çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə zəmin yaradırdı.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.