Tarixdə bu gün

İlin 156-cı (uzun illərdə 157-ci) günü.

Mühüm hadisələr:

1992 – Azərbaycan Respublikası Bolqarıstan ilə diplomatik əlaqələr qurmuşdur.

1992– Azərbaycan Respublikası Norveç ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

 1908 – Unudulmaz şairimiz Mikayıl Müşfiq Bakı şəhərində  anadan olmuşdur. Amma əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra — 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və adəbiyyat fakültəsində oxumuşdur.. Əmək fəaliyyətinə pedaqoq kimi başlamış gənc şair 7 il Bakının orta məktəblərində müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur. Bu məktəb indi onun adını daşıyır.

Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-“Küləklər” 1930-cu ildə nəşr olunmuşdur.

O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun “Kobzar”(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax,huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür.

Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.

1917 — Məşhur Azərbaycan bəstəkar, professor Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev Şəki şəhərində anadan оlmuşdur.

O,оrta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sоnuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil оcağının rektоru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, о cümlədən Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

1939 — Yazıçı, Əməkdar incəsənət xadimi, Xalq şairi, “Nəsimi” mükafatı laureatı Vaqif Səməd oğlu Vəkilov Bakı şəhərində — məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur.

Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).

Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib.

29 yanvarda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

1941–Aktyor, Əməkdar artist Hamlet Xanızadə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdır.

Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət Universitetinə 50-ci illərin sonlarında daxil olmuşdu, hələ tələbəlik illərində tədris teatrında yaratdığı rollar müəllimlərin də, uşaqların da qəlbində özünə yer almışdı. 1961-ci ildən isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlamışdır.

Çox tamaşalarda oynayıb.. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarla müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib.

Hamlet haqqında düşünəndə ilkin olaraq Topal Teymur obrazı yada düşür. Onun yaratdığı Topal Teymurun qəddar görkəmi  tamaşaçının gözləri qarşısından heç vaxr çəkilmir.

Dəli yığıncağı”, “İblis”, “Ölülər” və s. tamaşalarda Hamletin bütün qəlbi və ruhu ilə yaratdığı nə qədər qəhrəmanlar olub. Aktyor  “Dəli yığıncağın”da Molla Abbası, Nəriman Həsənzadənin “Atabəyləri”ndə Nizamini, Nazim Hikmətin “Şöhrət və unudulan adam”ında doktoru böyük sənətkar məharəti ilə yaratmışdı. Dünya ədəbiyyatı incilərindən F. Şillerin, V. Şekspirin əsərlərində oynamışdı.

Kinoya 70-ci illərdə gəlmişdi. Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmindəki Gizir obrazı ilə başlamışdı.  Filmlərə tez-tez çəkirdilər onu. İlk dəfə “O qızı tapın” filmində kinorejissor Həsən Seyidbəyli çəkmişdi onu. Oynadı, özünü təsdiq etdi. Sonra isə kinorejissor Kamil Rüstəmbəyov Hamleti “Axırıncı aşırım” filmində çəkdi. Hamlet Xanızadə belə dramatik səhnələrin əsl ustası idi.

Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.

1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu.

Vəfat etmişdir:

2002— Görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov 72 yaşında vəfat etmişdir.

Yaqub Məmmədov 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır.

Görkəmli xanəndə Seyid Şuşinskidən muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir.

O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnmişlər.

Bayram və xüsusi günlər:

Hər il 5 iyun tarixi Azərbaycanda Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyev tərəfindən 24 may 2007-ci il tarixində 5 iyun tarixini Melioratorların peşə bayramının təsis edilməsi barədə Sərəncam imzalamışdır.

Bu gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

Ümumdünya Ətraf Mühit Günü

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixdə Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri xüsusilə diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 05 iyunun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərara alınmış və həmin  vaxtdan 5 iyun Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunur.

 Qeyd: Şəkillər internetdən götürülüb.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!