Tarixdə bu gün
162-ci (uzun illərdə 163-cü) günü.

Mühüm hadisələr:
1993 — Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — “Karvan” futbol klubu təsis edilmişdir.
Doğum günləri:

1896— Azərbaycanın görkəmli maarif xadimi Qəribsoltan Həsən bəy qızı Məlikova Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabinin ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə Rus qızlar gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir.
1915-1918-ci illərdə Bakıdakı Rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gərərək, Bakıdakı III Rus qız gimnaziyasında, sonra isə II Rus-qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır. Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında 1938-ci il 4 noyabr tarixində Attestat təqdim edilmişdir.
1956-cı ilədək Bakının bir sıra orta məktəblərində yorulmaq bilmədən çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır. Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan elm və mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərinə görə Qəribsoltan Məlikovaya 1948-ci ildə Azərbaycan SSR-in Əməkdar müəllimi fəxri adı verilmiş, Lenin ordeni ilə təltif edilmişdir.

1913— Görkəmli Azərbaycan kino və teatr aktrisası SSRİ Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova Bakıda ziyalı ailəsində doğulub.
Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovun həyat yoldaşı olduğu üçün “Ələkbərova” soyadı ilə çıxış edib.
Hökümə xanım 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib . Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra — 1936-cı ildə buraxılıb.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər.
Aktrisa “Azərbaycanfilm”in istehsal etdiyi “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq olarını?”, “Mən rəqs edəcəyəm” kinolentlərində Laçın, Mahmudun anası, “İnsan məskən salır”da Ana rollarına çəkilib.
Rəssam Nüsrət Fətullayevdən doğulmuş qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

1923– Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev Bakıda anadan olmuşdur.
1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.
Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurmuş və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırmışdır. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir etmişdir. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam etmiş və xüsusi olaraq tarixi portret janrına müraciət etmişdir.
Rəssamın yaradıcılığına “Əriklər” (1969), “Əncirlər” (1974), “Eyvan” (1987), “Natürmort”, “Yaz gülləri” (1993), “Lalələr”, “Almalar” (1993), “Məcnun”, “Leyli”, “Güldanda güllər”, “Dağlarda bahar”, “Bakı”, “Neft emal zavodunun işıqları”, “Avarçəkən”, “Yuxu”, “Çılpaq”, “Dədə Qorqud”, “Səməd Vurğun”, “Yeddi gözəl” və başqa əsərlər daxildir.
2001-ci ildə 78 yaşında Bakıd vəfat etmişdir.

1952 — Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur.
1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır.
İsrafil Şahverdiyev müharibənin ilk günlərindən torpaqlarımızın müdafiəsinə qalxmışdır. O, Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçirilməsində onun rolu böyük idi…
1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv etmişdir.
6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girmişdir. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilmişdir. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olmuşdur. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçmiş və qarşı tərəfdən atılan güllə onun həyatına son qoymuşdur.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə İsrafil Şahverdi oğlu Şahverdiyevə (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Laçın rayonundakı məktəblərdən biri İsrafil Şahverdiyevin adını daşıyır.

1955 –AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru , professor Nazim Müzəffər oğlu İmanov Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə AMEA İqtisadiyyat İnstitutunda namizədlik, 1990-cı ildə İctimai Elmlər Akademiyasında (Moskva, RF) doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1992-ci ildən professordur. 1994-cü ildən Beynəlxalq Eko-Enerji Akademiyasının həqiqi üzvüdür. 2016-cı ildən “Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə”nin (ÇXR) baş məsləhətçisidir.
Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi (1977-1979), ADİU-da müəllim (1982-1986), Bakı Ali Partiya Məktəbində baş müəllim, dosent (1986-1991), Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor, Elmi işlər üzrə prorektor (1991-1995) vəzifələrində çalışmışdır.
Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biridir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur .
7 monoqrafiyası, 100-dən çox elmi məqaləsi dərc olunmuşdur. “İqtisadi etüdlər” (Bakı, 1999, Azərbaycan və rus dillərində) kitabının, “Azərbaycanın post-konflikt ərazilərinin bərpası” (Bakı, 2010, Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycanın reytinqi – beynəlxalq müqayisəli tədqiqatlarda”
(Bakı, 2006, rus dilində), “İqtisadiyyatın sosialyönlüyü sağçı və solçu sistemlərdə” (Bakı, 2014, Azərbaycan və rus dillərində) monoqrafiyalarının müəllifidir.
Vəfat etmişdir:

1971 — Sovet İttifaqı Qəhrəmanı Yusif Mədət oğlu Sadıxov 63 yaşında vəfat etmişdir.
1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur.18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanikləşdirilmiş briqadanın artilleriyası dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir.
Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. “Lenin” və “Qızıl Ulduz” (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində “Netbaza”nın direktoru vəzifəsində çalışmışdır.
11 iyun 1971-ci ildə vəfat etmiş, doğma kəndində dəfn edilmişdir. Tovuz şəhərində adına Məktəb (Bozalqanlı məktəbi) və küçə var. Büstü qoyulmuşdur

1987— Məşhur Azərbaycan müğənnisi, bəstəkarı, tanınmış xanəndə və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov 58 yaşında vəfat etmişdir.
Qulu Əsgərov 1928-ci ildə Salyan şəhərində anadan olmuşdur.
Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq çalğı alətləri ansamblına rəhbərlik etmişdir.
1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur.
Qulu Əsgərov 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamlaifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov- “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.