Tarixdə bu gün

İlin 163-cü (uzun illərdə 164-cü) günü.

Doğum günləri:

1928 —Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.

Atası Mustafa kişi orta məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), “Literaturnıy Azerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964-1968)[4], redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın “Anadil oxuyan yerdə” yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və Mədəniyyət” qəzetində çap edilib.

1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında (“26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Xalq yazıçısı 1 aprel 204-cü ildə 85 yaşında vəfat etmişdir.

1932 — Məşhur komediya ustası, Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov Bakı şəhərində fəhlə ailəsində anadan olub.

Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1953-cü ildən bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad (“Almas”), Şahsuvar (“Komsomol poeması”), Rəşid (“Anacan”) kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Z,Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, S.Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Ə.Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, E.Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli Könül”də Fərzəli, V.Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, S.Hacıbəyovun “Qızılgül”ündə Nadir, A.Məşədibəyovun “Toy kimindir?”ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın “Bankir Adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” triollogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

1989-cu ildən 1996-cı ilədək yaratdığı “Tənqid-təbliğ” teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın “Bankir adaxlı” tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Hacıbaba Bağırov 4 oktyabr 2006-ci ildə 74 yaşında vəfat edib.

1943— Azərbaycan kinorejissoru, ssenarist, Xalq yazıçısı Mirəsədulla oğlu Mirqasımov Bakı şəhərində anadan olub.

1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin Rejissorluq fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Bakıya “Azərbaycanfilm” kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.

Filmləri Ümumittifaq festivallarında mükafat alıb.

Azərbaycanın Xalq artistidir.

1993-2001-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb.

2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

7 iyun 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilmişdir.

AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur.

Aktrisa Ayan Mirqasımovanın atasıdır.

Xalq rəssamı görkəmli heykəltaraş Mirələsgər Mirqasımovun qardaşıdır.

1962 — 20 Yanvar Şəhidi İlham Əjdər oğlu Allahverdiyev Ağdam rayonunda anadan olmuşdur. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər. O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.

İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornçı işləmişdir.

1989-cu ilin 30 iyununda İlham ailə həyatı qurur: sevgi əhdini tarixə yazan Fərizə xanımla.

1990-cı il 20 yanvarda Azərbaycanın müstəqilliyinə qəsd ediləndə o da etiraz hərəkatına qoşulur. İlham və onun dostları gülləbaran edilmiş dostlarına kömək üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.

Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər. İlhamla Fuad Babayevı bir yerdə telefon budkasının yanında vurmuşdular. Güllə ona qabaqdan dəymişdi. O, xəstəxanaya 00:10-da qəbul edildi. İlham çoxlu qan itirmişdi.Bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdır.

İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyibmiş. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, “Hey, İlham, sənə özümü çatdıracağam” deyib, intihar etmək istəsə də, onun qarşısını aldılar. Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, son məktub yazmışdı:

“Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da… “

Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir.

Hər iki şəhidimiz  Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq “Sevgililər Günü” kimi qeyd olunur.

1975— Azərbaycanın Milli Qəhrəmanı Zabit Adil oğlu Quliyev Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur.

1992-ci il Ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışmışdır. 1993-cü ildə Milli Orduya çağırılmışdır.

Zabit Quliyevİ cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində düşmənlərə qənim kəsilmiş, çoxlu sayda  zirehli texnikanı sıradan çıxarmışdır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını vurmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zabit Adil oğlu Quliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Zabit Quliyevin həyatı Azərbaycan gəncləri üçün məktəbdir, əsl əsgər manifestidir.

Vəfat etmişdir:

1920— General-mayor, ADR ordusunun ilk Baş Qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı Həbib bəy Hacı Yusif oğlu Səlimov Nargin adasında  bolşeviklər tərəfindən güllələnmişdir.

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub.

Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə general-mayor rütbəsi ilə təltif olunub, 1920-ci ilin martında “Əsgəran müharibəsi” adı ilə məşhur olan cəbhənin qəhrəmanıdır.

1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilmişdir.

H.Səlimovun milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin edilmişdi.

1992 – Milli Qəhrəman Bağirov Allahverdi Teymur oğlu Vətən uörunda döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Allahverdi Bağırov 22 aprel 1946-cı ildə Ağdam şəhərində anadan olmuşdur.
1965-ci ildə 1 saylı Ağdam şəhər orta məktəbini bitirmişdir. Allahverdi uşaqlıqdan idmana böyük maraq göstərirdi. Yüngül atletika, voleybol və futbolla məşğul olurdu. Qarabağ hadisələri başlayana qədər o, Ağdamda futbolçu kimi tanınmış, ad-san qazanmışdı; 1966-cı ildən 1983-cü ilədək Ağdam uşaq-gənclər idman məktəbində məşqçi işləməklə yanaşı “Qarabağ” futbol komandasında fəaliyyət göstərirdi. Allahverdi haqsızlıqla barışmayan, sözübütöv, mərd insan idi. O, 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün ilk günlərindən Xalq Hərəkatına qoşulur və onun fəallarından olur. 20 Yanvar faciəsi onun düşmənə qəzəbini daha da şiddətləndirir. O, könüllülər batalyonu yaradır. Ağdamın bir sıra kəndlərinin müdafiəsində bu batalyonun döyüşçüləri mərdliklə vuruşmuşlar. 1992-ci ildə Allahverdi, bəlkə də ömrünün ən həyəcanlı, ən narahat günlərini yaşayırdı. Mühasirədə olan kəndlərə kömək etmək, ərzaq çatdırmaq heç də asan iş deyildi. O, var gücü ilə həmin kəndləri azad etməyə çalışırdı. 1992-ci ilin fevralında Xocalı faciəsi zamanı Allahverdi Bağırovun batalyonu Əsgəran yaxınlığında yüzlərlə soydaşımızı xilas edə bildi.

1992-ci il iyun ayının 12-də məhz batalyonun səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. O, inanırdı ki, tezliklə müharibə bitəcək və qoşunlarımız Xankəndinəcən irəliləyəcəkdir. Lakin cəsur komandir arzusuna çata bilmədi. Gözətçi məntəqələrini yoxlayıb qərargaha dönərkən, minaya düşdü…
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı İnqilab Ələkbər oğlu İsmayılov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1979-cu ildə burada məktəbi bitirmişdir. 1981-ci ildə ordu sıralarına çağırılmışdır. 1984-cü ildə Xarkov şəhərində xidmətini başa vuraraq doğma yurdu Xocalıya dönür. 1990-cı ildə burada polis nəfəri kimi çalışıb.

Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular… 1992-ci il 25-26 fevral Xocalı soyqırımı törədilən zaman İnqilab döyüşə atlılır bir neçə erməni yaraqlısını məhv edən döyüşçü yerli sakinləri təhlükəsiz əraziyə çıxarır. Daha sonra İnqilab Ağdamda Daşbaşı yüksəkliyini qoruyurdu, ermənilər buraya dəfələrlə hücum etmiş məğlub olaraq geri çəkilmişdir.

1992-ci il 12 iyun  döyüşü isə daha amansız oldu: ermənilər 6 dəfə hücum etsələr də,  məğlub olub geri çəkildilər. Onların  6 postu tam məhv edildi, İnqilab bu qələbəni qanı ilə yazdı: aldığı yaradan gözlərini əbədi yumdu. Dostları bir neçə dəfə cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilmədilər.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır, həmin küçədə xatirə lövhəsi vurulub.

1993 — “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş döyüşçü Şaiq Tahir oğlu Kəlbiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir.

2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur.

İyunun 12-nin ikinci yarısında xəbər gəldi ki, ağır texnika ilə Ağdamın cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Şaiq və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər. Düşmən nəinki Yusifcanlıya girə bilmədi, Mərzilidən çıxıb geri çəkildi. Bu döyüşdə Şaiqin PDM-i iki ağır zərbə alaraq döyüşə yararsız vəziyyətə düşdü. Maşını silahdaşlarından birinə verib, hissəyə aparmasını tapşırdı, özü isə ekipaj yoldaşı olan Asəf Mütəllimovla ilə birlikdə heç bir göstəriş almadan düşmən əlində olan əraziyə kəşfiyyata getdi. Onlar tam yeni quruluşlu bir döyüş maşını gördülər. Maşın sahiblərini – üç ermənini öldürüb, cəld maşına əyləşib öz hissələrinə doğru sürət götürdülər. Bundan xəbər tutan düşmənlər onları aramsız top atəşinə tutmağa başladılar. Məqsəd maşını xilas da olmasa, məhv etmək idi. Asəf və Şaiq döyüş maşınını sağ-salamat hissəyə gətirib, sevincək maşından çıxdı. Amma bu sevinc çox çəkmədi. Elə bu zaman bilavasitə döyüş maşınına tuşlanmış top mərmisi maşının yanında partladı. Şaiq ordaca şəhid oldu, hosbitala aparılan Asəf isə 3 gün sonra iyunun 15-də həyata gözlərini yumdu.

Bayramlar və xüsusi günlər:

2002-ci ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 12 iyun gününü  Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günü kimi elan etmişdir.

Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, hazırda dünyada 152 milyon uşaq əməyə cəlb edilib və onların təxminən yarısı (73 milyon uşaq) təhlükəli şəraitdə çalışır. Bu gün dünyada uşaqlardan bir çoxu məktəbə getməkdən, lazımi qidalanma və qulluqdan məhrumdurlar.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək qədər uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya etmişdir. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!