Tarixdə bu gün

İlin 208-ci (uzun illərdə 209-cu) günü.

İlin sonuna kimi 157 gün qalır.

Mühüm hadisələr:

1826 — Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.

Doğum günləri:

1934— Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru,

Əməkdar müəllim Nahidə-Leyla Səid qızı Məmmədova Bakı şəhərində anadan olmuşdur.

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Fortepiano ixtisası üzrə bitirmişdir.

1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N.Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə Orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N.Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur.

1972-ci ildən N.Məmmədova Bakı Musiqi Akademiyasının Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının Əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada Musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N.Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.

1985-ci ildə Vilnus şəhərində keçirilmiş Ümumittifaq seminarda “Fortepiano sinfi üzrə yeni proqramın vacibliyi” məruzəsi ilə, 1986-cı ildə Lvov şəhərində keçirilmiş Ümumittifaq seminarda “Fortepiano əsərlərində səslənmə üzərində iş” məruzəsi ilə çıxış etmişdir.

Nahidə xanım Azərbaycanda ilk dəfə olaraq “Fortepiano sinfi üzrə Proqram (I-XI siniflər)” dərsliyini hazırlamış, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi kafedrasının açılmasının təşəbbüskarı olmuş və burada tədris edilən ilk dərsliyin redaktoru olmuş, həmçinin müxtəlif vaxtlarda burada keçirilən elmi konfranslarda da uğurla çıxış etmişdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, Sevil Əliyeva və digər tanınmış şəxslər də vaxtilə MTN-in orta ixtisas musiqi məktəbində Nahidə xanımın sinfində oxumuşlar. N.Məmmədova Milli Təhlükəsizlik Nazirliyinin, eyni zamanda ölkənin müvafiq təhsil ocaqlarının professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanmışdır.

Soyağacına görə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın nəticəsidir.

1956  — Azərbaycanın Milli Qəhrəmanı,  Qarabağ müharibəsi şəhidi   Yavər Yaqub oğlu Əliyev  Bakı şəhərində neftçi ailəsində anadan olub. Pirallahı adasında 235 saylı orta məktəbdə təhsil başa çatdıqdan sonra Kremençuq Mülki aviasiya uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Yavər pilot fəaliyyətinə 1977-ci ildə Zabrat aviabirliyində başlamışdır. Əliyev Mi-2 helikopterinin pilotu, daha sonra Mi-8 helikopterinin ikinci dərəcəli pilotu kimi xidmət edib, sonradan həmin helikopterin komandiri olub. Yüksək peşəkarlıq və müsbət şəxsi keyfiyyətlərinə görə, Zabrat Aviasiya dəstəsinin uçuş heyətinin komandiri təyin edilmişdir.

Öz təşkilati və döyüş qabiliyyətinə, yüksək peşəkar hazırlığına görə Yavər Əiyev hərbi helikopterlərin birinci eskadrilyasının komandiri təyin edilib. O, qısa müddət ərzində eskadrilyaya ən yaxşı mülki aviasiya pilotlarını cəlb etməklə vahid və döyüş kollektivini topladı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Firuz Cəlilov, Faiq Məmmədov və başqaları Azərbaycanın hərbi aviasiyasının tezliklə formalaşması üçün fədakarcasına çalışmışlar.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Yavər Əliyevin rəhbərliyi altında uçuş heyəti dağlıq rayonların əhalisinin təxliyyəsində, [Ağdam] və [Şuşa] kəndləri arasında hava körpüsünün yaradılmasında iştirak etmiş, döyüş uçuşları da həyata keçirmişdir. Yavər Əliyev Qarabağda Mi-24 helikopterində bir neçə döyüş uçuşu yerinə yetirib, düşmənin mövqelərinə aşağı hündürlükdən zərbələr endirib.

Yavər Əliyev 29 fevral 1992-ci ildə döyüş tapşırığını yerinə yetirəərkən qəhrəmancasına  həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Əliyev Yavər Yaqub oğlu  ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Pirallahı adasında oxuduğu 235 №-li tam orta məktəb,  Milli Aviasiya Akademiyası onun adını daşıyır.

Vəfat etmişdir:

1841 —Məşhur rus şairi, dramaturq, rəssam Mixail Lermontov Pyatiqorskda dueldə öldürülüb.

Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov 15 oktyabr 1814-cü ildə Moskva şəhərində anadan olub.

Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb.

1962— Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev 65 yaşında vəfat etmişdir.

Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olub.

Anası Zəhra xanım İbrahim bəy Süleymanbəyovun qızı idi. O, 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub, 1917-ci ildə buranı bütün fənlər üzrə “əla” qiymətlərlə bitirib. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Hərbi Tibb Akademiyasına daxil olsa da, təhsili yarımçıq qalıbdır. Onun Bakı həyatı 1923-cü ildən başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarlığı Şurasının katibi vəzifəsini icra edib. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb.

Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib. Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, xalq səhiyyə komissarı vəzifələrində çalışarkən səhiyyə sahəsində problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. Əziz Əliyev 1934-cü il martın 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədilə Bakı şəhər səhiyyə şöbəsinin müdiri, 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrlarının hazırlığını gücləndirmək məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru təyin edilib. O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. 1949-1950-ci illərdə Moskvada ÜK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.

Əziz Əliyev həm də gözəl ailə başçısı olub. Qızı Zərifə xanım Əliyeva görkəmli oftalmoloq kimi ad-san qazanıb, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Qızı Gülarə xanım Əliyeva görkəmli musiqiçi, mahir piano ifaçısı olub. Oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor elmi dərəcələrinə yüksəlib. Əziz Əliyevin daha bir oğlu akademik Cəmil Əliyev hazırda Milli Onkologiya Mərkəzinin direktorudur.

1991 — Azərbaycan musiqiçisi, pianoçu, Əməkdar incəsənət xadimi , Sənətşünaslıq elmləri namizədi Gülarə Əziz qızı Əliyeva 57 yaşında vəfat etmişdir.

Gülarə Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına Xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi “Dan ulduzu” instrumental ansamblının rəhbəri idi.

Eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə Musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. “Dan ulduzu” ansamblına onun adı verilmişdir.

1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və “Dan ulduzu” ansamblının istedadlı violonçelisti Minirə ilə birgə balkona çıxır və köhnə balkon uçması nəticəsində həlak olur.

1992— Xalq artisti Nəcibə Haşımbəy qızı Məlikova 70 yaşında vəfat etmişdir.

Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinfini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və yeni təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin, əsasən, dram əsərlərində və bir qədər də komediyalarında rollar oynayıb.

Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayırdı. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edirdi.

Nəcibə Məlikova İkinci Fəxri Xiyabanda dəfn olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!