Tarixdə bu gün
İlin 239-cu (uzun illərdə 241-ci) günü.
Mühüm hadisələr:

1919 – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qanun qəbul etmişdir.
1963 – Martin Lüter Kinq özünün məşhur “I Have A Dream” (Mənim bir arzum var) nitqini söyləmişdir.
1991 – Ukrayna SSRİ-nin tərkibindən çıxdığını elan etmişdir.
Doğum günləri:

1749 –Məşhur almaniyalı şair və dramaturq Yohan Volfqanq Höte qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda, varlı bürger Yohann Kaspar Hötenin ailəsində dünyaya gəlib.
Höte alman ədəbiyyatının və XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Almaniyada Veymar klassisizmi hərəkatının ən önəmli simalarından biri idi. Veymar hərəkatı o dövr Avropa və Almaniyada İntibah, Sentimentallıq, “Tufan və Həmlə” (Sturm und Drang) və Romantizm ədəbi-fəlsəfi cərəyanları ilə eyni dövrdə baş vermişdir.
Faust və Rənglərin Nəzəriyyəsi əsərlərində Göte bitkilərin morfologiyasına dair elmi fikirləri ilə Darvinə ciddi təsir göstərmişdir. Göte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.
Yohann Volfqanq Höte 22 mart 1832-ci il (82 yaşında) infarkt (deyilənlərə görə) nəticəsində həyatını itirmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
1923— Azərbaycan idmançısı, gimnast. SSRİ idman ustası , Azərbaycan SSR Əməkdar məşqçisi, Ümumittifaq dərəcəli hakim Məsmə Müseyib qızı Məmmədova Salyan rayonunda anadan olmuşdur.
1950-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.
1950-1970-ci illərdə AzDBTİ-də müəllim, 1970-ci ildən Azərbaycan İncəsənət İnstitutunda Bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir.
Gimnastika üzrə Azərbaycan çempionu (1937-38), beynəlxalq yarışların iştirakçısı və mükafatçısı olmuşdur.

90
1935 –Tanınmış yazıçı Əlibala Qüdrət oğlu Hacızadə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur.
Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).
Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır.
1994-96-cı illərdə “Nizami” jurnalının baş redaktoru olmuşdur.
“Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
“İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).
Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..
1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı “Möcüzə” romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.
Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.
Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda “Ölməz şəxsiyyətlər” mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

80
1945— Azərbərbaycan Respublikasının Xalq artisti Böyükxanım Həsənbala qızı Əliyeva Xaçmazda anadan olmuşdur.
Ə.Hüseynzadə adına Azərb. Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1973). Həmin ildən N.Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır.
Bu müddət ərzində teatrın səhnəsində 100-dən çox rollar ifa etmişdir.
Rolları: Germiona (“Qış nağılı”, U.Şekspir), Amaliya (“Qaçaqlar”, F.Şiller), Gültəkin (“Aydın”, C.Cabbarlı), Sədayə (“Sən yanmasan”, N.Xəzri), Nihal (“Yağışdan sonra”, B.Vahabzadə), Sənəm xala (“Yaxşı adam”, M.İbrahimov), Anjel, Aynur (“Məhv olmuş gündəliklər”, “Büllur sarayda”, İ.Əfəndiyev), komissar (“Nikbin faciə”, Vs.Vişnevski) və s.
Vəfat etmişdir:

1983 — Azərbaycan müğənnisi (messosoprano), Xalq artisti Rübabə Xəlil qızı Muradova 50 yaşında vəfat etmişdir.
Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Əsas partiyaları: Leyli (“Leylı və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” – Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu” – Üzeyr Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl”- Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” – Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası” – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
28 avqust 1983-cü ildə Bakıda vəfat etmiş və Yasamal rayonunda yerləşən qəbirstanlıqda dəfn edilmişdir.

1987— Professor, geoloqiya-mineralogiya elmləri doktoru , “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmiş Fatma İsmayıl ağa qızı Vəkiova 75 yaşında Bakıda vəfat etmişdir.
Fatma xanım Vəkilova 30 mart 1912 –ci ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində, məşhur pedaqoqlar nəslinə mənsub İsmayıl ağa Vəkilovun ailəsində dünyaya göz açmışdır. İlk təhsilini atasının müdir olduğu beşsinifli Dağ Kəsəmən məktəbində almışdır. Bu arada ailə paytaxta köçərək, Mərdəkanda yaşamış, həmin illərin nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatına (Qızlar Seminariyası) təhsil almışdır.
Darülmüəllimatı bitirdikdən sonra ailəsinin yaşadığı Mərdəkanda orta məktəbdə işləmişdir.
Fatma xanım orta məktəbdə müəllimə işləməklə bərabər, Azərbaycan Pedaqoji İnstitutunda qiyabi, sonra əyani təhsil alır. Ali məktəbi bitirdikdən sonra bir müddət Bədən Tərbiyəsi İnstitutunda kimya və biologiya fənlərini tədris edir.
1943-cü ildən Elmlər Akademiyası sisteminə keçən Fatma xanım ömrünün sonunadək bu elm ocağında çalışmışdır. 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır.
Fatma xanım Vəkilova Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutu geokimya və analitik kimya laboratoriyasının rəhbəri olmaqla geniş tədqiqat işləri aparmışdır. Onun əsas araşdırma sahəsi kobaltın geokimyası idi. Fatma xanımın uzun illər aparmış olduğu elmi araşdırmaların məhsulu olan “Kobaltın geokimyası” adlı sanballı əsəri 1966-cı ildə Bakıda rus dilində çapdan çıxmışdır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.