Gör, gülün nazını nə gözəı çəkir- Məmməd İlqarın şeirləri

Poeziya buketi, nəğmə çələngi

Şair Məmmədov Məmməd Mədət oğlu (Məmməd İlqar) 1950-ci ilin 21 fevralında Qazaxın Aslanbəyli kəndində ziyalı ailəsində doğulub. Uşaq yaşlarından şeirə böyük marağı olan və artıq gənc yaşlarından rayon qəzetində şeirləri çap olunan Məmməd İlqar Bakıya gəldikdən sonra “Azərbaycan”, “Gənclik”, “Ulduz”, “Ədəbiyyat” kimi məşhur qəzet və jurnallarında çap olunmaga başlayır. 1991-ci ildə “Məni baxtıma tapşırma” adli ilk şeirlər kitabı işıq üzü görür. Məmməd İlqar yaradıcılığı axımlı, yadda qalan, folklor örnəklərini qoruyub saxlayan və ehtiva edən, aşıq şeir şəkillərinindən düzgün istifadə edən, zəngin yaradıcılıqdır.
Məmməd İlqar 2013-cu ildən sonra şeir yazmayıb. Məmməd İlqar Azərbaycan milli şeirini, təcnisini, qoşmasını XX və XI əsrdə yenidən hörmətə gətirən nadir şairlərimizdəndir.
Ustad şair Məmməd İlqarın bir neçə şeirlərini təqdim edirik:

İlahi! Belə də gözəl olarmı?
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz-üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən…
Gül üstündə arıya bax bircə sən
Gör gülün nazını nə gözəl çəkir?…

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !


Ay gözü göyçəyim, gözün hardadı –
Dən salıb saçıma dərdin dən, belə…
Yeriyən, danışan ölüyəm sənsiz –
Kim ölər mənimtək dərdindən belə?..

Dərd oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm, sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə
Bir bala sərçənin dərdindən belə…

Tapşır gözlərinə ilqara gəlsin,
Qıyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd İlqara gəlsin,
Neynər dərdli kəsə dərd indən belə?!


Əcəb gündü – günlərin ən gözəli,
Gördüm səni – əcəb düşdüm oda mən.
Camalın ki, şölə verib yanırdı,
Bax, o gündən səcdəliyəm oda mən.

Kəsmə kərəmini, bir kərəm eylə,
Neynək, kərəmini bir kərəm eylə…
Gəl yandır, məni də bir Kərəm eylə –
Yəqindi ki, yanmalıdı od əmən.

Açmadınsa, hər yetənə qəlbi – düz!
Məcnundusa, fərqi nədi: qəlbi, düz?
Səndən ötrü əhdi qayım, qəlbi düz,
Məmməd adlı bir şair var – o da mən!


Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül, gülə-gülə
Görəllər, güləllər gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül gülə gülə

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim
Ağlar qoydu məni gül gülə-gülə

A göyçək

Göyçək günlər gözləməkdən üzüldüm,
Gələcəkmi göyçək günlər, a göyçək ?
Cənnətdəkilər çəkəmmədi cəfanı –
Culadılar – sən çəkərsən, a göy*, çək.

Fağır canım bir də dönüb baxdı nə…
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydən düşüb baxtına,
Mələkdisə, mələyini a göy, çək!

Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən, bu söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi – olub yar adı,
Dörd göyçəyin axırında “a” göyçək.


Ən gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir – əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm – ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən – ömrün.
Hər günü ölümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl?!

Məmməd, könül sevdi, kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?…
Bilməm bu sevginin kimə nə dərdi?
Mənə dərd gözəldi, dərdə mən gözəl!


Qarı dünya, bu nə qovğa, nə qaldı-
Aman ver, aman ver,a yağı, bir…bir…
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı, bir-bir.

Ha çağırdım-taleyim hey…baxtım hey…
Gah bulanıb, gah durulub axdım hey…
Yüz gümanla ağ yollara baxdım hey…
Getdi gözlərimin ay ağı, bir-bir.

Məmməd İlqar, dar günündü, seyr elə-
Nə vaxt düşər, bir də belə seyr ələ…
İnanmazdın – qohum-qardaş seyrələ
Çəkilə dostların ayağı bir-bir.


Dünyada hər rəngin öz gözəlliyi,
Sorma ağ gözəldi, qara ya sarı?
Beçərə qaranı nə qarğıyım ki,
Baxt özü meyl edib qaraya sarı.

Hani, tərlan könül sar alan anlar?
Bunu korun-korun saralan anlar…
Yetişdi ömür-gün saralan anlar-
Əcəb yaraşıqdı qaraya sarı.

Məmmədin İlqarı ay, qara yoxsa,
Adını anmazdı ay qara, yoxsa…
Nəsə pıçıldayır Ay qara, yoxsa-
Belə gülümsəməz qar, Aya sarı.


Qönçələr bürüyüb çölləri yenə
Açallar, inşallah, gül gülə-gülə
“Görəllər-güləllər”- gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.

Güllər al-əlvandı, bülbüllər sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən gül, gülə gülə.

Yarəb, yetir məni bir gülə, dedim,
Məmmədin könlü də bir gülə-dedim.
Açdım ürəyimi bir gülə dedim –
Ağlar qoydu məni gül, gülə-gülə.