Tarixdə bu gün

İlin 264-cü günü (uzun illərdə 265-ci). İlin sonuna 101 gün qalır.

Mühüm hadisələr:

1529 – Sultan Süleyman Qanuni Vyananı mühasirəyə almışdır.

1858 – Hindistanda Babur İmperiyası süquta uğramışdır.

2004 – Bakıda “Yoxsulluğun aradan qaldırılması üzrə strategiya haqqında” Beynəlxalq konfrans keçirilmişdir.

Doğum günləri:

160

1865 —Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Kərbəlayı Cahangir Zeynalov  Bakıda doğulmuşdur. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı.

Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirmişdi. Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq etmiş, tamaşalar hazırlamışlar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılardı və xərci Kərbəlayı özü ödəyərdi.

Cahangir Zeynalov səhnədə əvvəllər Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb.

XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin (“Şirkət” də deyilib) təşkilində Zeynalovun müstəsna rolu olub. “Nicat” (1906) və “Səfa” (1912), “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. “Səfa”nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı.

Bakıda qabaqcıl elm ocaqlarından sayılan “Səfa” məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi.

Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley (“Yomi ali”) keçirib.

Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində Kərbəlayı Cahangirin böyük xidmətləri olub. O, “Nicat”, “Səfa”, “Müsəlman artistləri ittifaqı”nın, Hacıbəyov qardaşlarının “Opera və dram truppası”nın aralarındakı xoşagəlməz çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırmışdır.

Cahangir Zeynalov bəstəkar Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” operettasında Rza bəy və Rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb.

Rejissor kimi də səmərəli fəaliyyət göstərən Cahangir Zeynalov 1913-cü ildə “Səfa”da dramaturqlardan Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”, Namiq Kamalın “Vətən”, Zülfüqar bəy Hacıbəyovun “Evliykən subay”, 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin “Millət dostları”, Molyerin “Zorən təbib”, 1915-ci ildə Namiq Kamalın “Əhdə vəfa”, digər illərdə müxtəlif truppalarda Cəlal Yusifzadənin “Fərhad və Şirin” (opera), Şəmsəddin Saminin “Dəmirçi Gavə”, Nəriman Nərimanovun “Nadir şah” əsərlərinə quruluşlar verib. Cahangir Zeynalov xalq folklorunun mayasından şirələnən yumordan yaradıcılıqla bəhrələnirdi.

  Cahangir Zeynalov 22 oktyabr 1918-ci  ildə 53 yaşında vəfat etmişdir.

1938 — Tanınmış şairə, aktrisa və diktoru Nurəngiz Gün Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir.

Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.

Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Oxucularla ilk görüşə “Ulduz” jurnalında dərc edilən “Tanrı” (1981) povesti ilə gəlmişdir

Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir.

1942 — AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Nazil Fazil oğlu Canibəyov Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.

Xaricdə çıxmış elmi əsərlərin sayı: 98

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 35

Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir. Kobalt saxlayan ditiofosfat-kompleksi həm ESK zavodunda, həm də Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurlu sənaye sınaqdan keçmişdir.

Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparır. Alınmış nəticələr göstərir ki, bu tip katalitik sistemlər həm aktivliyə və selektivliyə, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.

9 may2017-ci ildə 74 yaşında vəfat etmişdir.

Vəfat etmişdir:

1972  —AMEA-nın müxbir üzvü, professor, 1960–1967-ci illərdə Azərbaycan SSR EA–nın Tarix institutunun direktoru işləmiş Zülfəli İmaməli oğlu İbrahimov 61 yaşında vəfat etmişdir.

Zülfəli İbrahimov 1910-cu il dekabrın 25-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdı. 1932-ci ildə Z.İbrahimov Ümumittifaq Jurnalistlər İnstitutunda oxumaq üçün Moskvaya göndərilir. 1935-də İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, “Kommunist”, “Nuxa fəhləsi”, “Yeni yol”, “Gənc işçi” və b. qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır. 1936-37-ci dərs ilindən isə Z.İbrahimov pedoqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Belə ki, sovet dövründə milli respublikalarin tarixinin öyrənilməsi və tədrisinə çox saylı əngəllərin olduğu bir şəraitdə o, Azərbaycan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının açılmasına nail olmuşdur. Z.İbrahimov həmin kafedranın müdiri, Universitetin  Tarix fakültəsinin dekanı və Azərbaycan SSR EA–nın Tarix institutunun direktoru vəzifələrində işləmişdir.

Prof. Z.İbrahimov elmi fəaliyyətinin ilk dövrlərini Azərbaycan xalqının mühüm tarixi problemlərinin tədqiqinə həsr etmişdi. 1941-ci ildə Z.İbrahimov Azərbaycan Dövlət Universitetində öz xalqının qəhrəmanlıq tarixinə – “Ərəb işğalçılarına qarşı Azərbaycan xalqının mübarizəsi”-nə həsr etdiyi namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və tarix elmləri namizədi alimlik dərəcəsini alır. 1941-1942-ci illərdə Urmiya şəhərində Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasında “Qızıl Əsgər” qəzetinin məsul redaktoru işləmişdir. 1948-ci ildə “1917-1918-ci illərdə Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və Ali Attestasiyanın 25 fevral 1950-ci il qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsini və 17 iyun qərarı ilə professor adını almışdır. Elmi fəaliyyətinin sonrakı mərhələsində Z.İbrahimov burjua-demokratik, sosialist inqilabı, xarici hərbi müdaxilə, vətəndaş müharibəsi tarixinin tədqiqi ilə məşğul olmuşdur. 300-ə qədər elmi məqalə və əsərlərin müəllifi olan professor Z.İbrahimov bütün ömrünü elmin inkişafı və tərəqqisinə həsr etmiş, özündən sonra böyük tarixi bir irs qoyub getmişdir.

1982 — Tanınmış teatr və kino aktyoru, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) 84 yaşında vəfat etmişdir.

H. Qafqazlı 1898-ci ildə Lənkəranda şair ailəsində doğulmuşdur. Hacıməmməd Qafqazlı əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib.

Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb. İlk rolu isə Hüseyn Cavidin “Uçurum” pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb.

H.Qafqazlı teatrda çalışmaqla bərabər “Fətəli xan”, “Bir məhəllədən iki nəfər”, “Yeddi oğul istərəm…”, “Şərikli çörək” və s. filmlərdə çəkilib. Aktyorun son ekran işi “Mosfilm”in istehsal etdiyi “Tehran-43” filmi olub. Teatr aləminə gəldiyi gündən H.Qafqazlı dramatur Cəfər Cabbarlı ilə yaxın dost olub.

22 iyul 1949-cu ildə “Əmək igidliyinə görə ” medalınna layiq görülüb.

1987 — Sovet İttifaqı Qəhrəmanı Şirin Ağabala oğlu Şükürov 77 yaşında vəfat etmişdir.

Şirin Şükürov 1910-cü ildə Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuşdur.

1941-ci ildə cəbhəyə yollanmışdır. Krımda, Qafqazda, Voronejdə, Belorusiyada və Polşada vuruşmuşdur.

12 yanvar 1945-ci tarixində Vislada düşmənin müdafiə xəttini yaran döyüşçülər arasında məhz Şükürovun vzvodu birinci idi. Şirin Şükürovu bu döyüşdən sonra    atıcı polkuna göndərirlər. Burada  ehtiyat atıcı polkuna hərbi hazırlıq keçdikdən sonra yenidən təşkil edilən atıcı hissənin tərkibində Krım cəbhəsinə gəldi . Qafqazın müdafiəsində iştirak etdi. Mozdok ətrafında gedən qanlı döyüşlər onun üçün ilk sınaq meydanı oldu. Şimali Qafqazın müdafiəsi zamanı igid topçu qolundan yaralanır. Üçaylıq müalicədən sonra o, yenidən döyüşən orduya qayıdır. Rostov şəhəri yaxınlığında öz hissəsinə gəlib çatır. Şirin Şükürov Rostov və Voronej şəhərlərinin faşistlərdən azad edilməsi uğrunda gedən vuruşmalarda cəsurluğu və qorxmazlığı ilə fərqlənmişdir. Kerç yarımadasının azad olunmasına göstərdiyi hünər   “İgidliyə görə” medalı ilə təltif edildi.

1944-cü ilin may-iyun aylarında Krım işğalçılardan təmizləndikdən sonra Ş.Şükürovun xidmətdə olduğu həri hissə 339-cu atıcı diviziyasının1133-cü atıcı polku Birinci Belarusiya cəbhəsinə göndərildi. Krım döyüşlərində dəzgahlı pulemyotdan atəş açmağa məharətlə yiyələndi. 1944-cü idə polşanın alman faşıstlərindən azad edilməsi uğrunda gərgin döyüşlər başlandı.

12 yanvar 1945-ci tarixində Vislada düşmənin müdafiə xəttini yaran döyüşçülər arasında məhz Şükürovun vzvodu birinci idi. Lakin elə bu vaxt düşmən cəbhədən gələn pulemyot atəşi sovet ordusunu bir anlıq geri çəkilməyə, yerə yatmağa vadar elədi. Elə bu vaxt Şirin Şükürov “Yoldaşlarım, irəli” sözlərilə ayağa qalxıb düşmənə sarı cumdu.  Qranat və atvomatlarla düşməni məhv edərək irəliləyərkən, başından və ayağından yaralanmasına baxmayaraq, 3 cərgə faşist dəstəsəni dəf eləyə bildi.

1945-ci ilin 27 fevralında SSRİ Ali Sovetinin əmrilə Şirin Şükürova Visladakı qəhərmanlığına görə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Bayram və xüsusi günlər:

 21  sentyabr bütün  dünyada Beynəlxalq Sülh Günü qeyd olunur.   1981-ci ildə  BMT tərəfindən təsis edilib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh Günü sentyabr ayının hər üçüncü çərşənbə axşamı qeyd edilsə də, 2002-ci ildə BMT Sülh Günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib, bu tarix həm də ümumdünya atəşkəs günü elan edilib.

Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və birdəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur”, – deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh Gününün builki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!