Dilimiz varlığımızdır


Müasir dövrdə məcazi mənada istehzalı tərzdə qədrini bilmək, qiymətləndirmək deməkdir. Müəyyən şəxsə hörmət əlaməti və ya sadəcə xeyirxahlıqla əlaqədar ağac əkmək, yaşıllıq, kölgəlik yaratmaq adəti bir sıra xalqlarda geniş yayılmışdır. Belə
görünə bilər ki, bu “qədir ağacı” ifadəsi də elə “qədir-qiymət” anlayışı ilə əlaqədardır. Lakin tədqiqatlardan məlum olur ki, qədir ağacı dəqiq ünvanı olan ağacdır, hər hansı ağac deyildir. Bu hansı ağacdır?
“Qədir ağacı” ifadəsi “kedr ağacı” ifdəsindən təhriflə düzəlmişdir. Bir sıra türk dillərində elə-beləcə kedr//kedir adlanan
bu ağac bizim ədəbi dilimizdə ərəb sözü sidr (sidr ağacı) ilə ifadə edilir. Kedr isə latınca “kedrus” (cedrus) sözündəndir. Latın sözünün qədr//qədir şəklinə düşməsi aydındır.
Sidr ağacı 40-50 metr hündürlüyə malik həmişəyaşıl ağacdır. Bu ağacın qiymətli və ətirli oduncağı var, ondan mebel düzəldilir və gəmiçilikdə istifadə edilir. Payızda çiçək açır, toxumlarının tərkibində yağ olduğundan yeyilir. Çox qədim bitkilərdən sayılan və eroziyaya qarşı xeyirli olan sidr ağacı 500, bəzən 3000 ilə qədər yaşayır. Bütün bu məziyyətləri həmin ağacın dəyərini əks etdirir. Müxtəlif növləri olan və müxtəlif ölkələrdə (Atlas dağları, Himalay, Kiçik Asiya, Kipr və s.) yayılan sidr ağacı Azərbaycanda yalnız dekorativ bitkilərdən hesab olunur. Bütün bunlar qədir (sidr) ağacı əkməyin əhəmiyyətini nümayiş etdirir. Bəzən şam ağacının müəyyən növlərinə də kedr//sidr ağacı demişlər (“Livan sidri”).
Eramızdan çox-çox əvvəllər “Livan sidri” adlanan ağacdan gəmilər qayırıb okeana çıxırdılar.
Sidr//kedr ağacı möhkəmlik və uzun ömür rəmzi hesab olunur. Bir zamanlar bütün Livan (qədim Finikiya) ərazisini bürümüş sidr ağacları uzun əsrlər boyu möhkəm, davamlı tikinti materialı hesab olunurdu. Sınmaq və çürümək bilməyən bu ağacdan qədimlərdə bütlər hazırlayırdılar. İfadənin məcazi mənası da buradan törəmişdir: kiminsə adını əbədilədirmək məqsədi ilə bütünü – heykəlini xatırladan ağac kəsmək.
Şərqdə, nadir hallarda olsa da tək-tək hökmdarların (anadan olma, taxta çıxma, qalib gəlmə mərasimləri ilə əlaqədar) şərəfinə kedr//sidr ağacları əkilməsi faktları məlumdur.
Müsəlman əfsanələrinə görə cənnətin ən uca yeində bir sidr ağacı bitir və onun kölgəsində möminlər dincəlirlər.

Fikrət Sadığın “Sidr ağacı” şeiri belə bitir:
Baxıram, zirvən məni
Çəkib göyə qaldırır.
Onsuz da fərəhimdən
Uçasıyam, uçası.
Salam, sidr ağacı,
Ağacların ucası,
Ağacların qocası.
N.Babayevin “Qızlar söz istəyir” kitabında oğlundan “gileylənən” bir kişinin dilindən deyilir:”Bir qarış vaxtından anasının üstündə mənimlə əlbəyaxa idi: anama güldən ağır söz demə,anama dəyib-dolaşma, anamn qədrini bil. Guya mən bunun anasına qədir ağacı əkməli idim. Anasını boşuyan kimi bu da baş
alıb getdi Bakıya”.
Fikrət Sadığın “Xırdaca gəlin” hekayəsində oxuyuruq:”Yol boyunca meşə zolaqları uzanırdı. Ucaboy, qamətli sidr ağacları şəhidlərin yerinə bitmişdilər elə bil. Ağac olublar vətən uğrunda qurban gedən əsgərlər. İndi də yolları acı küləklərdən
qoruyurlar”.
Musa Adilov – Filologiya elmləri doktoru, professor
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.