Tarixdə bu gün

İlin 273-cü günü

İlin sonuna 92 gün qalır.

Mühüm hadisələr:

1991 – Beynəlxalq Tərcüməçilər İttifaqı yaranır. Bu gün tərcüməçilər günü kimi qeyd olunur.

1992 – Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardu duş Santuş Anqola prezidenti seçilir.

1999 – Bakı Aeroportunun yeni kompleksi istifadəyə verilmişdir. Aeroport tam beynəlxalq standartlara uyğunlaşdırılır, istənilən tip təyyarəni qəbul edə bilir.

Doğum günləri:

1207 – XIII əsrin dahi şəxsiyyətlərindən olan, içində böyük bir Allah sevgisi daşıyan, ilahi yolun yolçusu, böyük təsəvvüf və dövrünün məhşur şairlərindən olan Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Xorasan vilayətinin Bəlx şəhərində dünyaya göz açıb. Onun atası türk olan Hüseyn Hatib oğlu Behli, daha dəqiq desək, Mövlana Mehmet Bahəddin Vələd, anası isə Bəlx əmiri Rüknəddinin qızı Möminə xatun olub. Elm və irfan nüfuzuna görə xalq arasında böyük hörmətə malik olan Bahəddin Vələdə həm də “Savadlılar sultanı” adı vermişdilər.

  Ölkədə yaranmış mürəkkəb siyasi vəziyyətlə əlaqədar ailə Bəlxdən ayrılaraq Nişapur şəhərinə gəlir. Hələ kiçik yaşlarından ağlı ilə hər kəsi heyran qoyan Cəlaləddinin o zaman 5 yaşı vardı. Dövrünün böyük şairlərindən olan Firudin Əttar kiçik Cəlaləddini çox sevir, hətta “Əsrarnamə” əsərində də ondan bəhs  edir. Sonralar Bahəddin Vələdin karvanı Nişapuru tərk edərək Bağdada, buradan Kufə yolu ilə Məkkəyə, sonra Mədinəyə, oradan da Şama keçir. Şamda dövrünün məhşur şəxsiyyətlərindən olan Mühiddin Arabi kiçik Mövlananı görüncə onun ağlına heyran qalır və deyir: “Sübhənallah, nəhəng bir dərya kiçik bir gölün arxasından gedir.”

  Gənc Mövlananın təhsil və tərbiyəsi ilə atası Bahəddin Vələd özü məşgul olur. Onun yetişməsində Seyid Bürhanəddinin də böyük xidmətləri olur. O ilk təsəvvuf dərsini bu şeyxdən alır. Çox savadlı şeyx olan Seyid Bürhanəddin Mövlanaya 9 il mürşidlik edir və Mövlana da ona ürəkdən bağlanır.

  Cəlaləddin Ruminin həyatından danışarkən onun başqa böyük türk təsəvvüf şairi Şəms Təbrizi ilə dostluğundan danışmasaq, olmaz. Onlar 6 ay xəlvətə çəkildilər və təsəvvüfün əsrarına daldılar. Bu mohtəşəm dostluq başqa bir verilişin mövzusudur…

Mövlananın ən bğyük əsəri  onun  “Məsnəvi”sidir.  Əsər  25618 beytdən ibarətdir. Digər əsəri “Divani Kəbir”də 2073 qəzəl vardır. Üçüncü əsəri isə “Məktubat” adlanır. Bu əsər 147 məktubun toplusudur.

  Vəfat etmədən (1273) öncəki illərdə Konyada tez-tez zəlzələlər baş verirmiş.  Xalq Mövlanadan bunun sirrini soruşduqda o gülümsəyərək belə cavab vermişdi: “Yerin qarnı acdı, yaxında yağlı bir tikə udub sakitləşər”. Artıq Mövlana yaxında həyatdan köçəcəyini hiss etmişdi. Bu səbəbdən də durmadan qəzəllər yazırdı.

Böyük filosof 1273 -cü ildə vəfat etmişdir.

2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

105

1920 – Qəribə taleli aktyor, rejissor, ssenari müəllifi, Əməkdar incəsənət xadimi Lətif Səfərov Şuşada anadan olmuşdur.

Lətif Səfərov 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuş, məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənmişdi. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı vermir. O, Bərdəyə qayıdır və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul olur. 1946-cı ildə Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirdi. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya döndü, kinostudiyada fəaliyyətə başladı. O vaxta kimi bizim filmlərə Rusiyanın, Gürcüstanın rejissorları quruluş verirdilər. Lətif Səfərov Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəldi və bir çox qiymətli filmlər yaratdı.

Cürətli insan idi Lətif Səfərov. 1952-ci ildə Moskvada keçirilən kino işçilərinin Ümumittifaq müşavirəsində əsl mənada qəhrəmanlıq göstərdi. Müşavirədəki çıxışından bəzi məqamları diqqətinizə çatdırmaq istərdik. “…Biz tələbə skamyası arxasında yanaşı oturmamışıqmı? Niyə bir parasının başdan-binadan hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək? Onların gözünün içinə necə baxaq? Bizim nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni cür şərait nə vaxt olacaq, nə vaxt?” Bu çıxış, bəlkə də, Lətifin gələcək taleyinə ilk zərbə idi. Ancaq o qorxmadan danışdı, sözünü dedi və əyalət adından danışan bu gənc kinematoqrafçı öz üzərinə ciddi məsuliyyət götürdü.

Böyük sənətə doğru inamla irəliləyən gənc rejissor müəyyən maneələrlə rastlaşsa da, 50-ci illərin əvvəllərində bir neçə sənədli filmə quruluş verdi. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı. Azərbaycanı, onun incəsənətini çox sevirdi Lətif. Ssenarini ruslar yazmışdı (Boris Laskin və Nikolay Rojkov). Amma ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film bir o qədər milli alınmışdı. O, baş rola Rəşid Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin rola dəvət olunmasını tələb edirdi. Rəşid Behbudovun “Arşın mal alan” filmindəki uğuru onun özünü də kinoya bağlamışdı. Beləliklə, Rəşid Behbudov bu filmilə özünün yeni bir ekran triumfunu etmiş oldu. “Bəxtiyar” filmi Azərbaycan kinosunda musiqili bədii filmin ən layiqli nümunəsi oldu. Tofiq Quliyevin ürək oxşayan musiqisi bizim kinomuzda bir növ yeni ovqat yaratdı. Filmdəki “Zibeydə”, “Qızıl üzük”, “Bakı” mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə həm də çox maraqlı bir aktyor ansamblı yarada bilmişdi. Rəşid Behbudovla yanaşı milli aktyor sənətimizin nəhəng simalarından olan Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Münəvvər Kələntərli və digərlərinin oyunu filmin ümumi ahənginə xüsusi təsir göstərmişdi.

1963-cü ildə ov tüfəngi ilə özünə qəsd etmişdir.

7 yaşından filmlərə çəkilmişdir

Müğənni Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur.

“Möcüzələr adası” filmini çəkmək üzrə idi.

 

80

1945  —  Aramızdan vaxtsız köçmüş  istedadlı şair, Azərbaycan Komsomolu mükafatı laureatı , M.Qorki adına Ümumittifaq mükafatı laureatı Vaqif İbrahim (İbrahimov Vaqif Əliyar oğlu) Şəki şəhərində doğulmuşdur.  Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.

 Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt “Gənclik” Poeziya klubunun sədri (1970-1971), “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), “Göyərçin” jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur.

Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir.

Baykal-Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü.

SSRİ-Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi.

1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.

1961—  Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər  Mirələsgər oğlu İbrahimov Qərbi Azərbaycanın Vedibasar mahalında anadan olmuşdur.

Qarabağda ermənilərin törətdikləri ağılasığmaz vəhşiliklər Mirələkbəri də bərk narahat edirdi.  Belə vaxtda o,  könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir.

1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son döyüşü 5 mart 1994-cü ildə oldu. Mənfur erməni quldurları iki kəndi işğal etmişdilər əks hücuma keçən cəsur komandirin taboru kəndləri azad edir.Belə döyüşlərin  birində erməni  gülləsinə tuş gələn Mirələkbər qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan İbrahimov Mirələkbər Mirələsgər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vaxtilə dərs dediyi 153 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

Vəfat etmişdir:

75

1950 —  Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi , Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri olmuş Zülfüqar Hacıbəyov vəfat etmişdir.

Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, bəstəkar və dirijor Müslüm Maqomayev, səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənətkarlar sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan”ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.

Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Lakin, naməlum səbəblərdən nə o zaman, nə də sovet hakimiyyəti illərində bu əsər tamaşaya qoyulmadı.

XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.

O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır.

Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndi. “Evli ikən subay”, “11 yaşlı arvad və varlı” musiqili komediyaları və “Aşıq Qərib” operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi.

Bəstəkar Üzeyir Hacıbəyovun qardaşı, Niyazinin atasıdır.

1991—  Məşhur müğənni Səxavət Məmmədov avtomobil qəzasında dünyasını dəyişmişdir.

Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi “Segah”a yatımlı idi, ruhu “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır. “Ay Bəri Bax”, “Uca Dağlar”, “Yar Bizə Qonaq Gələcək”, “Ay Çiçək”, “Sarı Bülbül” “Külək” və s.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

2004 – El şairi Bəhmən Vətənoğlu vəfat etmişdir..

Abbasov Bəhmən Kalış oqlu (Bəhmən Vətənoğlu) 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).

1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, universiteti bitirəndən sonra   Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1970). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1970-1993).

Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər Təhsil Şöbəsinin metodisti işləmişdir (1993-2004).

Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri “Dəyişməmişəm” 1958-ci ildə Kəlbəcər rayon qəzetində (“Yeni həyat uğrunda”) dərc olunmuşdur. Respublika mətbuatında vaxtaşırı çıxış etmişdir.1998-ci ildən AYB-nin üzvüdür. “Haqqa qardaş yaranmışam” (1985), “Allahsız dünya” (1992) “Vətən bizi bağışlamaz” (1995), “Qaldı ürəyimdə dağı dağların” (1997) şeir topluları nəşr olunmuşdur.

Bəhmən Vətənoqlu 2004-cu il sentiyabrın 30-da vəfat etmişdir. Gəncə şəhərində qələm dostları Qəmkeş Allahverdi, Sücaət uyuyan məzarlıqda torpağa tapşırılmışdır.

Bayramlar və xüsusi günlər:

Bu gün Beynəlxalq Tərcüməçilər Günü kimi qeyd edilir.

Beynəlxalq Tərcüməçilər Federasiyasının təşəbbüsü ilə yaradılan bu bayram incili latın dilinə tərcümə edən müqəddəs İeronimin öldüyü gün – 30 sentyabrda qeyd edilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!