Tarixdə bu gün
İlin 295—ci günü
İlin sonuna 70 gün qalır.

Doğum günləri:

1919 — Şair Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid Bakıda anadan olmuşdur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) fərqlənmə diplom ilə bitirmişdir. 1941- 1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Ü.Hacıbəyovun sinfində oxumuşdur.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, “Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.
14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

1922 — Azərbaycanda rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, xalçaçılıq-rəssamlıq sənətinin rəssamı, Azərbaycan Respublikasının Xalq rəssamı Kamil Əliyev Qərbi Azərbaycanda anadan olmuşdur.
Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam – müəllifi olmuşdur.
Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq, onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır.
1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionalıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimləriinn portretlərini yaradır.
Xalça sənətimizi və klassik Azərbaycan ədəbiyyatı xəzinəsini xalqımızın “Kitabi-Dədə Qorqud” kimi ilk görkəmli abidəsi şöhrətləndirirsə, dünya xalçaçılıq sənətini Azərbaycan xalçaları misilsiz dərəcədə rövnəqləndirir.
Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.

1929 — Məşhur Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fuad Feyzulla oğlu Qasımzadə Bakı şəhərində anadan olmuşdur.
1947-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır.
60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir.
F. Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirmişdir.
F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Fuad Qasımzadə 3 avqust 2010- cu ildə Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.
Məşhur ədəbiyyatşünas alim, akademik Feyzulla Qasımzadənin oğludur.

85
1940 — Azərbaycanın Respublikasının Əməkdar jurnalist, tərcüməçi, dramaturq, publisist,”Qızıl qələm” mükafatı laureatı Mailə Balabəy qızı Muradxanova Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur.
1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir .1957-1962-ci illərdə ADU-nun Filologiya fakültəsinin jurnalistika bölməsində ali təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), Ədəbi dram verilişləri baş redaksiyasında, İncəsənət, Bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), Ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın Ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010).
Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur . “Azərbaycan”, “Azərbaycan qadını” jurnallarında, “Kommunist”, “Ədəbiyyat və incəsənət” qəzetlərində müntəzəm çıxış etmişdir. Onun “Qınamayın məni” pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur .
Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat etmişdir.
Vəfat etmişdir:

1918 — Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi
Milli teatrımızın ilk peşəkar aktyorlarından biri kimi adı teatr trariximizə qızıl hərflərdə yazılmış Kərbəlayı Cahangir Zeynalov 53 yaşında Bakıda vəfat etmişdir.
Cahangir Zeynalov 1865-ci ildə Bakıda doğulmuş dur. O, ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən “Teatro dəftərçəsi”ndə (“Əxz etdiyim hərəkətlər”) nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır.
1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik etmişdir.
Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirmişdi. Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq etmiş, tamaşalar hazırlamışlar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılardı və xərci Kərbəlayı özü ödəyərdi.
Cahangir Zeynalov səhnədə əvvəllər Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb.
XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin (“Şirkət” də deyilib) təşkilində Zeynalovun müstəsna rolu olub. “Nicat” (1906) və “Səfa” (1912), “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. “Səfa”nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. “Səfa”nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan “Səfa” məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, dəfələrlə, “Səfa” teatr bölməsi idarə heyətinin rəhbərləri sırasma seçilmişdi. Hətta 1914-cü ildə sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutmuşlar.
Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley (“Yomi ali”) keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr 1910) Tağryev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olmuş, fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırmış, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası oynanılmış, Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa etmişdi. Yubiley münasibətilə “Günəş”, “Kaspi”, “Nicat”, “Səda”, “Bakı”, “Bürhani-Tərəqqi”, “Qafqazskaya kopeyna” qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap etmişdi. Yubiley gecəsi “Nicat” tərəfindən Səməd bəy Acalov, Gürcü nəşri-maarif cəmiyyətindən Nasidze, bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə, “Maloross”, “Kulturnıy soyuz”, “Prosvita”, “Nəşri-maarif”, “İttihad”, “Yəhudilər” cəmiyyətləri, “Yeni Fyüzat”, “Molla Nəsrəddin” məcmuələri, “Səda”, “Tərcüman” qəzetləri aktyoru təbrik etmiş, ona qiymətli hədiyyələr bağışlamışdılar.
Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində Kərbəlayı Cahangirin böyük xidmətləri olub. O, “Nicat”, “Səfa”, “Müsəlman artistləri ittifaqı”nın, Hacıbəyov qardaşlarının “Opera və dram truppası”nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırmışdır.
Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəmiş, ancaq amansız ölüm bu arzuya kölgə salmışdı. Üç yaşında valideyni Cahangir Zeynalovu itirmiş Nəsibə Zeynalova sonralar atasının bünövrəsmi qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixiləşdi.
1918-ci ilin 17 martında erməni daşnakiarı Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gediblər. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə “Ardahan” gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb və Kərbəlayı Cahangir də həmin azara tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib.
Aktyor son dəfə səhnəyə “İsmailiyyə” zalında oynanan “Hacı Qara” tamaşasında baş rolda çıxıb.

1962 – Mühacir yazıçı, salnaməçi, jurnalist, tərcüməçi Ceyhun Hacıbəyli 71 yaşında Parisdə vəfat etmişdir.
Ceyhun Haçıbəyli 3 fevral 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felyetonları arasında “Pristav Ağa” daha çox diqqəti cəlb edir. Əsər “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci saylarında “Daqestanskiy” imzası ilə çap olunmuşdur.
Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, cap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə “Известия” (Kaspidə), “İttihat” və “Azərbaycan” (rus dilində) qəzetlərinin redaktoru olmuşdur.
1910-cu ildə o, “Hacı Kərim” povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşmışdır. Ceyhun bəy Fransada yaşayarkən “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, “La Revul des Deux Mende” adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan “Qafqaz” və Münhendə Azərbaycan dilində çıxan “Azərbaycan” jurnalının redaktoru olmuşdur. “Azadlıq” radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki “SSRİ-ni Öyrənən Universitetin” müxbir üzvü seçilmişdir.
Ceyhun bəyin “İslam Əleyhinə” kampaniya və onun Azərbaycanda metodları” adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir.
Ceyhun Hacıbəylinin qəbri Parisdədir.

5
2020 — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, Vətən müharibəsi şəhidi Xudayar Müslüm oğlu Yusifzadə Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olmuşdur.
Atası Müslüm Yusifoğlu Bərdənin tanınan qarmon ustası, anası Radə Qurbanova isə evdar xanımdır. Xudayargi ailədə dörd uşaq olmuşdur — üç oğlan və bir qız. Müslüm Yusifoğlu Xudayar Yusifzadənin doğumundan 24 gün sonra vəfat etmişdir.
Xudayar Yusifzadə 2004–2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmiş, marketlərin birində mühafizəçi olaraq çalışmışdır.
Xudayar Yusifzadə 2016–2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət etmişdir.
Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. Əvvəlcə, Füzuli rayonunda sərhəd məntəqəsində xidmət etmişdir. Daha sonra isə Murovdağın, Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyü naminə gedən mübarizədə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” medalı, 15.12.2020-ci il tarixli Sərəncama əsasən, “Azərbaycan Bayrağı” ordeni , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edillmişdr.
Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl, 20 oktyabr tarixində döyüş zamanı Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə yazılan eynidlı mahnını ifa etmiş və bunu telefon vasitəsilə lentə almışdır. Həmin video qısa müddət ərzində sosial medialarda paylaşılaraq trendə çevrilmişdir. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində həmin mahnı ilə daha çox tanındı.
Xudayarın ifasında məşhurlaşan təsnif daha sonra xalq arasında “Xudayar təsnifi” olaraq məşhurlaşmış və daha sonra təsnifin bəstəkarı xanəndə Əlibaba Məmmədovun təsdiqi ilə “Xudayar təsnifi” adlandırılıb.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olmuşdur.
Xudayar Yusifzadənin şəxsi əşyaları muzeyin Vətən müharibəsi fonduna şəhidin anası Qurbanova Radə Şümşad qızı tərəfindən təhvil verilib.

2021 – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri işləmiş , professor Canəli Xanəli oğlu Əkbərov 81 yaşında Bakıda vəfat etmişdir.
Canəli Əkbərov 10 mart 1940-cı il Lənkəran rayonunun Tükəvilə kəndində anadan olmuşdur.
Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Daha sonra Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının bütün qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir.
Xanəndə muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə – Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.
Canəli Əkbərovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri kimi, gənc xanəndələr nəslini yetişdiriməsində böyük əməyi olmuşdur.
2002-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Bayramlar və xüsusi günlər:
22 oktyabr— Rusiyada Ağ Leyləklər Günüdür. Əvvəlcə, Dağıstanın Xalq şairi Rəsul Həmzətovun təşəbbüsü ilə Bursada qeyd edilmiş, daha sonralar bütün Rusiya ərazisində qeyd edilməyə başlamışdır.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.