Tarixdə bu gün
İlin sonuna 66 gün qalır.
Mühüm hadisələr:
1863 — Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradılmışdır.

1917—İlk cizgi filmi çəkilmişdir.
1917—Bakıda “Müsavat” partiyasının I qurultayı (26-31 oktyabr) işə başlayıb. Qurultayda “Müsavat”ın ilk Proqramı qəbul olunub, Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib. Məhəmməd Əmin Rəsulzadə partiyanın sədri seçilib.
“Müsavat”ın əsası 1911-ci ildə qoyulmuşdu və Rəsulzadə hələ Türkiyədə mühacirətdə ikən partiyanın lideri seçilmiş, 1913-cü ildə Bakıya qayıtdıqdan sonra partiyaya bilavasitə rəhbərlik etmişdi.
1992 — Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradılmışdır.
Doğum günləri:

100
1925— Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor publisist və nasir Qafar Kəndli Herisçi anadan olub.
1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib.
Ədəbiyyatşünasalim kimi Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuşdur.
“Xaqani Şirvani (həyatı, dövrü, mühiti)” adlı fundamental əsərin, “Xaqani Şirvaninin münşəatı” elmi məqaləsinin müəllifidir. Xaqaninin “Töhfətül-İraqeyn” əsərinin elmi-tənqidi mətnini çapa hazırlamışdır. SSRİ və İran mətbuatında çap edilmiş onlarla elmi əsərin müəllifidir.
1997 ildə “Xaqani Şirvani” ( həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap edilmiş, ali məktəb dərsliyi kimi istifadə olunmağa başlamışdır.
Zəngin faktik material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin öyrənilməsində yeni hadisədir.

1926 — Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasqulu oqlu Abbasov (“Neftçi Qurban”) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub.
Q.A.Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. “Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olmuşdur.
Elf-1″ tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki “Çıraq” yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır.
Q.A.Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Q.A.Abasovun “28 Aprel”, “Kaveroçkin adına”, “26 Bakı Komissarı adına”, “Oktyabr İnqilabı adına” kimi iri yataqların kəşf edilməsindəki xidmətlərinin dəyəri yoxdur.
Neftçi Qurban özünün dənizdəki iş fəaliyyətinin 50 illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını – Şöhrət ordenini alan ilk neftçi olmuşdur.
14 sentyabr 1994-cü ildə 67 yaşında vəfat etmişdir,

1970— Sovet və Azərbaycan şahmatçısı, qadınlar arasında qrossmeyster (1994)Firuzə Orxan qızı Vəlixanlı Azərbaycan qadın yığmasının tərkibində dörd FİDE Şahmat Olimpiadası (1992, 1994, 2002, 2004) və iki Avropa Komanda çempionatında (1992, 1997) iştirak etmişdir.
1990-cı ildə qadınlar arasında Beynəlxalq şahmat ustası adını qazanmışdır, 1994-cü ildən qrossmeyster adını almışdır.
1991-ci ildə yüksək idman nəticələrinə görə Azərbaycan SSR fəxri diplomuna layiq görülmüşdür..
1992-ci ildə Azərbaycanın qadınlardan ibarət yığma komandasında Milli Komandaların Avropa çempionatında bürünc medal qazanmışdır.
1995-ci ildə Azərbaycan idmanının inkişafındakı nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.
Həyat yoldaşı AFFA-nın ilk prezidenti olmuş Fuad Musayevin oğlu Tofiq Musayevdir. Tofiq Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.
Vəfat etmişdir:

1983 — Görkəmli violonçel ifaçısı, Azərbaycanın Xalq artisti Sabir Hüseynəli oğlu Əliyev 55 yaşında vəfat etmişdir.
Sabir Əliyev 1928-ci il may ayının 10-da Bakıda qaynaqçı ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinə daxil olmuşdur. Musiqi məktəbini müvəffəqiyyətlə bitirən Sabir Əliyev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuş, L.Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil almışdır. 1951-ci ildə Simli alətlər fakültəsini bitirmişdir.
Konservatoriyanı müvəffəqiyyətlə bitirən Sabir Əliyev orada müəllim kimi saxlanılmış və eyni zamanda Bülbül adına Musiqi Məktəbinin Simli alətlər şöbəsinin müdiri kimi çalışmışdır. Müslüm Maqomayev adına ADF-nın solisti, 1955-ci ilə qədər Üzeyir Hacıbəyov adına Simfonik orkestrin konsertmeysteri, Azərbaycan Dövlət Trio və Dövlət Kvartetinin üzvü, xalq mahnı və rəqslərinin təmsilçisi, milli bəstəkarların violonçel üçün bir çox kompozisiyaların ilk ifaçısı, respublikanın ilk simli kamera kollektivinin iştirakçısı və bir neçə illər ərzində kollektivin bədii rəhbəri olmuşdur.
Azərbaycanda violonçel ifaçılığının əsas ənənələrinin yaradıcısı olan Sabir Əliyev 30 peşəkar violonçel ifaçısı yetişdirmişdir.
Sabir Əliyev 1983-cü il oktyabr ayının 26-da Bakı şəhərində vəfat etmişdir.

2014 — Görkəmli Azərbaycan yazıçısı Cəmil Ədil oğlu Əlibəyov Bakıda vəfat etmişdir.
C.Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir.
O, on il ərzində “Azərbaycanfilm” kinostudiyasının direktoru işləmişdir. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilmiş, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülmüşdür. “Dədə Qorqud”, “Babək”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Qayınana”, “Papaq” filmləri qızıl fonda daxil edilmişdir. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə “Kommunist” (“Xalq qəzeti”) qəzetində baş redaktor işləmişdir. 1990-cı ildən sonra “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə keçirilmiş, sonralar “Novruz”, “Vahid” qəzetlərində baş redaktor, “Elm və həyat” nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışmışdır.
C.Əlibəyov bədii yaradıcılığa “Azərbaycan gəncləri”ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRİ-də yayılmış “Sınaq”, “Mənim analı dünyam”, “Həyatın özü”, “Dözümlü məhəbbət” romanlarının, “Qayaların göz yaşı” povestinin (bunlar Moskvada “Molodaya qvardiya” və “Sovetski pisatel” nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir) müəllifidir. Azərbaycanda həmin romnlarla yanaşı “Dünyanın o biri ucu”, “İlk məhəbbət” romanları və “Özümü axtarıram”, “Analar..”, “Anam Arazım mənim” və digər povestləri çap olunmuşdur.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Mahir Qərib oğlu Dadaşzadə Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub.
Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində vuruşub.
Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.
26 oktyabr Füzuli döyüşləri zamanı Mahir Dadaşzadə qəhrəmancasına həlak olub.
Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Mahir Dadaşzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.əltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.