Tarixdə bu gün

İilin 334-cü günü (uzun illərdə 335-ci)
İlin sonuna 31 gün qalır.

Mühüm hadisələr:

1920 — Azərbacanda qadın komitələrinin yaradılmasına başlanılmışdır.
1925 — Azərbaycan Kommunist Partiyasının VII qurultayı işə başlamışdır.
1950 — Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti günləri keçirilmişdir.
2007 — Tacikistan parlamenti Azərbaycan vətəndaşları üçün viza rejimini birdəfəlik ləğv etmişdir.
2021 – Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramış və

Həlak olan hərbi qulluqçuların adları:

1. Füzuli Əli İbram oğlu Cavadov -polkovnik ;
2. Emil Nəzir oğlu Nəzirov-polkovnik ;
3. Elmir Mircəlil oğlu Həsənov – mayor;
4. Elbrus Səmrəddin oğlu Əhmədov – mayor;
5. Emil Şahid oğlu Mayılov – mayor;
6. Murad Yaşar oğlu Məmmədov- mayor;
7. Emil Elman oğlu Əliyev- mayor;
8. Ceyhun Xanlar oğlu Əhmədxanov-tibb xidməti kapitanı;
9. Cavid Əhliman oğlu Bayramlı- kapitan;
10. Xəyyam Əlixan oğlu Əliyev- kapitan ;
11. Teymur Ənvər oğlu Qaraisayev- kapitan ;
12. Fərid Təyyar oğlu Nağıyev -baş leytenant;
13.Abdulla Telman oğlu Süleymanov- leytenant;
14. Elçin Fikrət oğlu Nəbiyev – DSX -nin əməkdaşı.
Hadisə zamanı polkovnik-leytenant Emil Məmməd oğlu Cəfərov və kapitan Ramin Ramiz oğlu Ədilov yaralanmışlar.

Doğum günləri:

1927 – Məşhur rəqqasə, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı Xumar Rza qızı Zülfüqarova Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurmuş, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub.
Xumar Zülfüqarova 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş və 2 iyul 2017-ci ildə 90 yaşında vəfat etmişdir.

1928— Məşhur Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Elmira Mirzərza qızı Nəzirova Bakıda doğulmuşdur.
1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor B.Zeydmanın bəstəkarlıq sinfini bitirmişdi. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs demişdi. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü idi.
Məşhur Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi, professor Elmira Nəzirova 2014-cü il yanvarın 23-də İsraildə vəfat etmişdir.
E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir.
E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert” Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu.

1934 — Tanınmış uşaq şairi İlyas Tapdıq (Tapdıqov İlyas Oruc oğlu) Gədəbəy rayonunun Alnabat (sovet dövründən 2011-ədək olan keçmiş adı Əliismayıllı) kəndində doğulmuşdur.
1952-1956 – Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır.
Ədəbi yaradıcılığa tələbəlik dövründə “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri və sair məsul vəzifələrdə fəaliyyət göstərmişdir.
Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).
Ürəyindən əməliyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında evində vəfat etmişdir.

1991 — Şəhid kapitan Şahnur Şahin oğlu Hüseynov Polşa Respublikasının Beloqard şəhərində anadan olmuşdur.
1992-ci ildə Polşadan Vətənə qayıdır. Atası Şahin Hüseynov hərbçi olmuş və işi ilə əlaqədar bir müddət Cəlilabad rayonunun Göytəpə qəsəbəsində xidmət etdiktən sonra Ağcabədi rayonunun Qaradolaq kəndində yaşamışlar. Şahnur 1 və 2-ci sinifini Qaradolaq kəndinə oxumuşdur.
Daha sonra Füzuli rayonunun Əhmədbəyli kəndindəki Mahmudlu -2 tam orta məktəbində təhsilini davam etdirmişdir. Uşaqlıq illərini ayrı-ayrı rayonlarda keçirən Şahnur arabir yay tətillərini öz dədə-baba ocağında -Astara rayonunun Ərçivan qəsəbəsində keçirmişdir. Uşaqlıq vaxtlarını burada keçirməyi daha çox istəyirdi.
2006-cı ildə 8-ci sinifi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2009-cu ildə liseyi başa vurmuşdur. Oxuduğu liseydə də müəllimləri onu çox vətənpərvər və ata-ana qədri bilən biri kimi tanıyırdı. Liseyi bitirdiktən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2013-cü ildə məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etməyə başlamışdır. Oradan Füzuli rayon “N” saylı hərbi hissəyə göndərilir və təminat komandiri vəzifəsində xidmət etməyə başlayır.
Şahnur 2016-cı ilin “Aprel” döyüşlərinin iştirakçısıdır. Daha sonra Şahnur Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə Qərərgah rəisi, bir müddət sonra isə tabor komandiri vəzifəsində xidmət etməyə başlayır.
27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsinə kapitan Şahnur Hüseynov başçılıq etdiyi taboru ilə birgə qatılıb və Ermənistanın “Ohanyan səddi”ni yarıb torpaqlarımızın azad olunmasına yol açmışdır. Qəhrəman komandir geriyə baxmadan daim irəliləmiş, düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv etmişdir. Füzulinin 7 kəndini işğaldan azad etdiktən sonra 8-ci kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Astara rayonunun Ərçivan qəsəbəsinə gətirilərək orada torpağa tapşırılıb.
Şahnur general olmağı özünə arzulayarmış. Həmişə “Mən general olacağam, talışların ikinci Həzi Aslanovu olacağam. Əgər general olmasam, şəhid olacağam” -deyərdi. Ailəsinə də tez-tez işlətdiyi bir cümləsi var idi: “Mən anamı, atamı və yarımı sevməsəm, Vətənimi sevmərəm, Vətən mənim namusum, torpağ mənim qeyrətimdir”. Sözün həqiqi mənasında vətəninə, torpağına, ailəsinə bağlı insan idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, kapitan Şahnur Şahin oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub

Vəfat etmişdir:

1973 — İlk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar incəsənət xadimi İzzət Əli qızı Seyidova 63 yaşında Bakıda vəfat etmişdir.
1927-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna, 1931-ci ildə Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olub.
1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında əmək fəaliyyətinə başlayıb.
1938-ci ildə C.Rossininin “Sevilya bərbəri”, 1941-ci ildə P.Çaykovskinin “Qaratoxmaq qadın”, 1941-ci ildə Q.Qarayev və C.Hacıyevin “Vətən”, 1953-cü ildə F.Əmirovun “Sevil”, 1958-ci ildə Ü.Hacıbəylinin “Leyli və Məcnun”, 1963-cü ildə Q.Qarayevin “İldırımlı yollarda” və s. opera və balet tamaşalarına tərtibat verib.
Milli boyakarlıq ənənələrini və dünya klassik opera rəssamlığının estetik prinsiplərini bacarıqla qovuşdura bilib.
Monumentalizmə meyilli olub və geniş kompozisiyada daha çox ifadəli rənglərin parlaq çalarlarından məharətlə istifadə edə bilib.

1992 — Geologiya-mineralogiya elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Azərneft İstehsalat Birliyinin Baş direktoru Akif Allahyar oğlu Cəfərov 62 yaşında vəfat etmişdir.
Əmək fəaliyyətinə “Gürganneft” NMİ-də operator kimi başlamışdır. 1959-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1971-ci ildə Cənub NQÇİ-nin rəisi təyin edilmiş, 1978–1984-cü illərdə “Xəzərdənizneftqaz” Sənaye Birliyinin Baş direktorunun müavini, baş mühədisi işləmişdir.
1984-cü ildən 1992-ci ilə qədər Azərneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışmışdır. A.Cəfərov çoxlu sayda dölət təltiflərinə layiq gürülmüş, seçki orqanlarında Azərbaycan neftçilərini layiqincə təmsil etmişdir.
Akif Allahyar oğlu Cəfərov respublikamızda zərbəçi kommunist əməyi briqadaları yaradılmasının təşəbbüsçülərindən olmuş və onun rəhbərlik etdiyi briqada ilk dəfə bu ada layiq görülmüşdür.

Bayramlar və xüsusi günlər:

Hər il noyabrın 30-da bir sıra ölkələrdə Ümumdünya Ev Heyvanları Günü qeyd edilir.
Bu bayram təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. O vaxt müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildirirdi. O vaxtdan hər il qeyd olunan, insan tərəfindən əhliləşdirilmiş bütün heyvanlara həsr edilən bu bayram “dördayaqlı dostlarımız”ın taleyinə görə məsuliyyət daşıdığımızı bütün bəşəriyyətə xatırladır.
Həmin günün devizi kimi Antuan de Sent-Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin bu sözləri seçilib: “Sən əhliləşdirdiyin heyvanlara görə həmişə cavabdehsən”.
Ümumdünya Ev Heyvanları Gününə həsr edilmiş tədbirlər çox müxtəlifdir və hər ölkədə fərqli şəkildə keçirilir. Bəzi ölkələrdə heyvanların qəddar davranışdan müdafiəsi üçün piketlər, digər ölkələrdə heyvanlar üçün sığınacaq və ya klinikalar yaradılmasına kömək məqsədilə fləşmoblar, üçüncü ölkələrdə pişik və it sərgiləri, digər maraqlı tədbirlər təşkil olunur. Son illərdə Ümumdünya Ev Heyvanları Günündə “Zınqırov” aksiyası keçirmək ənənəsi bütün dünyada geniş yayılmaqdadır. Bu tədbir zamanı hər hansı ölkənin və ya şəhərin heyvanxanalarında bir dəqiqə ərzində zınqırovlar səslənir, beləliklə hamının diqqəti heyvanların müdafiəsi problemlərinə cəlb olunur.
Bütün bu aksiya və tədbirlərin əsas məqsədi geniş ictimaiyyətin (ilk növbədə böyüməkdə olan nəslin) diqqətini ev heyvanlarının (o cümlədən sahibsiz heyvanların) problemlərinə cəlb etmək, onlara və ümumiyyətlə canlı təbiətə qayğıkeş münasibət, ev heyvanlarının qorunması üçün məsuliyyət hissi tərbiyə etməkdir. Hamı başa düşməlidir ki, ev heyvanları əyləncə obyekti deyil, “bizim dördayaqlı dostlarımız”dır.


30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür.

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü artıq bütün dünyada qeyd olunur.
Məqsəd kompyuterdə saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu sahədə mövcud olan müxtəlif problemlərin həllinin önəmliyini istifadəçilərin, proqram vasitələri istehsalçılarının, o cümlədən ictimaiyyətin diqqətinə çatdırmaqdır.
1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompyuter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, ARPANET-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə saldı. İlk kompyuter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilirdi. Bu hadisə bəşəriyyətin kompyuter təhlükəsizliyi haqqında təsəvvürlərini dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladılar.
Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat xarakteri daşıyırdı. Morris yaratdığı proqramın davamlığını təcrübədən keçirmək istəyirdi. Onun atası – Milli Təhlükəsizlik Agentliyinin kompyuter üzrə eksperti isə hesab edirdi ki, oğlu tutduğu əməlini etiraf etməlidir. R.Morrisi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Lakin məhkəmə Kornell Universitetinin “Hesablama texnikası” fakültəsinin aspirantına güzəşt edərək, “alim”ə üç il şərti cəza kəsdi.
Həmin ildə Kompyuter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan etdi. Hər il ənənəvi olaraq bu assosiasiyanın təşəbbüsü ilə informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!