Tarixdə bu gün
İlin 337-ci günü (uzun illərdə 338-ci). İlin sonuna 28 gün qalır.
Mühüm hadisələr:

1988 — Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri vermişdir. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs etmişlər.
1996-cı il- ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.
1994 — “Gürcüstan və Azərbaycan Dostluq evi” İctimai İttifaqı təsis olunmuşdur.
2008 – Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında “Bakı bəyannaməsi” qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.
Doğum günləri:

1953 — Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.
1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır. Qəhrəmanımız əslən həmin kənddəndir.

1964— I Qarabağ müharibəsinin şəhidi Ziyafəddin Yunis oğlu Əliyev Goranboy şəhərində anadan olmuşdur.
1981-ci ildə Goranboy şəhərində orta məktəbi bitirmişdir. 1982-1984 cü illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Goranboy şəhərində əmək fəaliyyətinə başlamışdır.
1991-ci ildə erməni hərbi birləşmələrinin Vətənimizə qarşı apardığı müharibəyə laqeyd qala bilməyərək, könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Goranboy rayonunda təşkil olunmuş Goranboy özünümüdafiə batalyonunun ən cəsur əsgərlərindən biri olmuşdur.
Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Todan kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci ilin iyun ayının 13-də əks hücum əməliyyatında Ağcakəndin düşməndən azad edilməsi üçün çox böyük fədakarlıq göstərir. Batalyonun ən cəsur, qorxmaz əsgərlərindən biri kimi daim ön sıralarda döyüşmüşdür. Qaraçinar, Qaxtut, Meşəli kəndlərinin, Ağcakənd qəsəbəsinin azad edilməsində xüsusilə fərqlənmişdir. Düşmənin çoxlu sayda texnikası, silah-sursat qənimət kimi ələ keçirilir. 14 iyun 1992-ci il Ziyafəddin Əliyevin son döyüşü olur. Yuxarı Ağcakəndin azad olunması uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.
Ziyafəddinin böyük qardaşı, milis kapitanı Əliyev Nəsrəddin Yunis oğlu da 1991-ci ilin sentyabr ayında Buzluq kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Goranboy şəhərində doğulub boya başa çatdığı küçəyə Ziyafəddin Əliyevin adı verilib.
Vəfat etmişdir:

1953 – İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid Həsən bəy qızı Ağayeva 47 yaşında Bakıda vəfat etmişdir.
Xurşid Həsən bəy qızı Ağayeva 20 aprel 1906-cı ildə anadan olmuşdur.
Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva eyni zamanda “XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları” (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi.
Musiqişünas Xurşid Abdullayevanın nənəsi, Xarici Dillər universitetinin müəllimi Sevda Pepinovanın anasıdır.

1996 – Görkəmli Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşov 72 yaşında Bakıda vəfat etmuşdir.
Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır.
Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda anadan olmnmuşdur.
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun “Ailə namusu” pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.
Bayramlar və xüsusi günlər:

Fiziki İmkanları Məhdud İnsanların Beynəlxalq Müdafiəsi Günü 1992-ci ildə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.