Tarixdə bu gün
İlin 338-ci günü (uzun illərdə 339-cu).
İlin sonuna 27 gün qalır.
Mühüm hadisələr:
1967 – Yunanıstan Kipr probleminə dair Türkiyənin irəli sürdüyü şərtləri qəbul etmiş və bununla da böhran aradan qaldırılmışdır.

1974 – Pakistanda baş verən zəlzələ nəticəsində 4700 adam vəfat etmişdir.
1988 – Azadlıq meydanındakı mitinqin dağıdılmasından sonra Azərbaycanda kütləvi tətillər başlamışdır.
Doğum günləri:

1984— Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Cəlal Ağaverdi oğlu Ağayev 1984-cü il dekabrın 4-də Lerik rayonunun Kornədi kəndində anadan olub.
Cəlal Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda döyüşlərə atılıb. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Cəlal Ağayev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Lerik rayonunun Kornədi kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlal Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, “İgidliyə görə” medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

1992— Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Şakir Arif oğlu Cəmilli Füzuli şəhərində anadan olub.
Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən orduya çağrılmış və və rəşadətli döyüş yolu keçmişdir. Şakir Cəmilli Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 23-də Xocavənd döyüşləri zamanı isə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şakir Cəmilli ölümündən sonra “Vətən uğrunda” medalı ilə,
24.06.2021-ci il tarixli Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə” medalı ilə, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən isə, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

1995— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Nurlan Şükür oğlu Quliyev Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.
Nurlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qoşulub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Nurlan Quliyev noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

1997— Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, Vətən müharibəsi şəhidi Əli Abbas oğlu Məmmədov Şərur rayonunun Maxta kəndində dünyaya göz açmışdır.
Orta təhsilini aldıqdan sonra Əli 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olmuş, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur. O, 2019-cu ildə hərbi xidmətə yollanmış, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirmişdir.
Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Hadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Şuşanın azad olunmasına görə” medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

1998— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Nurlan Vasif oğlu Zeynalov Bakı şəhərində anadan olub.
Nurlan Zeynalov Vətən torpaqlarının azad edilməsi uğrunda Vətən müharibəsi başlayanda Milli Ordumuzun sıralarında torpaqlarımızın müdafiəsinə qalxmışdır. Murovdağ istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub .
Nurlan Zeynalov oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 25.12.2020-ci ildə dəfn olunub.

2001 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ülvi Maqsud oğlu Azayev Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub.
Ülvi Azayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Ülvi Azayev 2020-ci il sentyabrın 27-də ermənilər tərəfindən başlanan növbəti hücum zamanı Milli Ordunun sıralarında Vətənin müdafiəsinə qalxmışdır.
Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə əsl Vətən oğlu kimi savaşıb. Ülvi Azayev oktyabrın 2-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

2001— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Şükran Rüfət oğlu Şükürani Xətai rayonunda anadan olub.
Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda Vətən savaşı başlayanda silaha sarılıb.
Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, şücaətlər göstərib.
Şükran Şükürani oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şükran Şükürani ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhidlik zirvəsinə yüksəlmək, öz adını tarixə, xalqın yaddaşına həkk etmək müqəddəslikdir, Vətənə, xalqa sevginin təntənəsidir.
Allah bütün şəhidlərimizə rəhmət etsin.

Vəfat etmişdir:
1131– Dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri) 83 yaşında vəfat etmişdir.
Ömər Xəyyam 1048-ci ildə İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olub.
Filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyardan dərs alıb.
Gənc yaşlarında doğma şəhərini Səlcuqların aramsız hücumlarına məruz qalması səbəbindən tərk edərək Səmərqəndə köçür.
1074-cü ildə İsfahandakı rəsədxanaya rəhbərlik edən Ömər Xəyyam eyni zamanda istedadlı riyaziyyatçı kimi də tanınır. “Riyazi problemlərin nümayişinə dair” traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz tövhələr verir.
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olur. İbn-Sinanın fəlsəfi elmini diqqətlə öyrənir və bir neçə əsərini fars dilinə tərcümə edir.
1080-ci ildə “Varlıq və zərurilik haqqında traktat” adlı İlk fəlsəfi əsərini ərsəyə gətirir.
Yazılarında yığcamlığı üstün tutan Xəyyam, az sözlə tutarlı fikirlər söyləyir, əsərlərini lakonik, bəzən bir neçə səhifəyə sıxışdıraraq yazır.

1970 – Əməkdar idman ustası, SSRİ çempionatlarının 5 qat gümüş mükafatçısı;1952-ci il Yay Olimpiya oyunlarının gümüş mükafatçısı – Olimpiya medalı qazanmış ilk azərbaycanlı Rəşid Qarabəy oğlu 44 yaşında vəfat etmişdir.
Rəşid Məmmədbəyov 28 fevral 1927-ci ildə Bakının Şağan kəndində anadan olub. O, Azərbaycan Dövlət İdman İnstitutunun məzunu idi.
1947-ci ildə Məmmədbəyov Tallində keçirilən SSRİ çempionatında iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür. 2 ildən sonra doğma şəhərində keçirilən ölkə çempionatında yenə 2-ci yeri qazanmışdır.
1952-ci ildə Helsinkidə keçirilən Olimpiada oyunlarına qoşularaq SSRİ-ni təmsil etdi və gümüş medal qazanaraq Azərbaycanda ilk olimpiada oyunlarında mükafat qazanmış idmançı oldu.
Rəşid Məmmədbəyov sərbəsr güləşi Azərbaycanda ilk yayanlardan biri olub. Bununla bərabər o həmçinin yunan-roma güləşlərində iştirak etmişdi. Və 1948 cı ildə yunan-roma güləşi üzrə Azərbaycanda ilk “İdman ustası” oldu.
Hər il Azərbaycanın ilk olimpiya qalibi olan Rəşid Məmmədbəyovun xatirəsinə gənclər üçün güləş üzrə turnir keçirilir.

2009 – Kino sənətinin məşhur nümayəndəsi, SSRİ Dövlət Mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Vyaçeslav Vasilyeviç Tixonov 81 yaşında vəfat etmişdir.
Vyaçeslav Tixonov 1928-ci il fevral ayının 8-də Moskva Quberniyasının Pavlovski-Posad şəhərində sadə fəhlə-qulluqçu ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq o 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.
Kinoda ilk rolunu 1948-ci ildə “Gənc qvardiya” bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur. Film ekranlara çıxan ərəfədə onların artıq oğulları dünyaya gəlir. Amma bu evlilik uğurlu olmur və onlar ayrılırlar.
Aktyor ikinci dəfə Tamara adlı qadınla ailə həyatı qurur. Amma bu ailənin də ömrü uzun olmur. V.Tixonov ömrünün son 15 ilini tənhalıqda keçirir və 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişir.
Vyaçeslav Tixonovun kinoda ən məşhur rolu “Baharın on yeddi anı” filmindəki məşhur Otto fon-Ştirlis rolu olur. Amma aktyorun özünün ən çox sevdiyi rol “Qaraqulaq və ağ Bim”dəki tənha qoca roludur. Çünki, burada o özünü, öz yaşam tərzini və gələcək taleyini oynayıb.
Bayramlar və xüsusi günlər:

4 dekabr 2015-ci ildə “Günəşli” neft yatağında yanğın baş vermişdir. Hadisə “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 9 nəfər dünyasını dəyişmişdir. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr Matəm günü elan olunmuşdur.
“Günəşli” neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17.40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17.40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır.
Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır.
Mənbə: Vikipediya




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.