Gül-çiçəklər olmazsa, bahar gülə bilməz, sevgi gülə bilməz

Poeziya buketi, nəğmə çələngi

Çiçək yağışı

Sözləri : Vaqif Səmədoğlu
Musiqisi : Emin Sabitoğlu


Sevirəm deyən dodaqlara,
Dənizə çıxan qayıqlara,
Günəşə baxan uşaqlara,
Bir yağış yağır gecə-səhər…

Nəqərat:
Hər damlası bir çiçək, bir gül,
Bir arzu, bir söz, bir tale, bir baxt gətirir.
Bəzən bir ümid, bəzən göz yaşı
Gətirir bu çiçək yağışı…

Bir yağış yağır gecə-səhər,
Boyayır rənginə dünyanı.
Böyüyür sevinc, sönür kədər
Bir yağış yağır gecə-səhər…

Ramiz Rövşən – Çiçəklər doğulur bu yaz gecəsi

Çiçəklər doğulur bu yaz gecəsi,
bu yaz gecəsində sevməyə nə var?!
Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından, –
bu yaz gecəsində ölməyə nə var?!..
***
…Çiçəklər doğulur bu yaz gecəsi
uzaq xəstəxana otaqlarında.
Başım dibçəkdən uzadıb baxır
yatan xəstələrin hər birisinə.
***
Hələ qorxaq ətri, utancaq ətri
qarışır otağın yad iyisinə,
dərman iyisinə, yod iyisinə…
Çiçəklər doğulur bu yaz gecəsi,
çiçəklər açılır güllə səsinə.
Güllə açılır;
Ağ-ağ köynəklərin yaxalığında,
Sağ-sağ ürəklərin yaxınlığında
güllər açılır,
Güllələr açılır, güllər açılır,
çiçəklər açılır bu yaz gecəsi…
Çiçəklər doğulur bu yaz gecəsi .
***
Parisdə,
Təbrizdə,
həyətimizdə.
Bu yaz gecəsində çiçəkləyəcək
bəlkə dərdimiz də, həsrətimiz də.
***
Çıxacaq yollara çiçəkli qızlar,
Nə baxmağa güc var, nə göz yummağa.
Nə çiçək verməyə bir kimsəmiz var,
Nə bir kimsəmiz var çiçək ummağa…
***
…Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlanndan, –
bu yaz gecəsində ölməyə nə var?!.