Tarixdə bu gün

İlin 339-cu günü (uzun illərdə 340-cı).
İlin sonuna 26 gün qalır.

Mühüm hadisələr:

1934 — Türkiyədə qadınlara seçki hüququ verilmişdir.

Doğum günləri:

1906 — Azərbaycanlı teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə Şərur rayonunun Sərxanlı kəndində doğulub.
Ədəbiyyata, dramaturgiyaya coşğun həvəs göstərən Əşrəf məktəbdəki dram dərnəyinin fəallarından olub.
Burada epizodik rollar oynayıb, kütləvi səhnələrdə iştirak edib. İki ildən sonra Yunis Nurinin zəmanəti ilə İrəvandam Azərbaycan teatr dəstəsinin aktyor heyətinə qəbul olunub.
Əşrəf Yusifzadə dram truppasında və Dövlət Teatrında hazırlanmış Cəfər Cabbarlının “Aydın” (Dövlət bəy), Qabriel Sundukyanın “Pepo” (Pepo) əsərlərinin tamaşalarında əsas rollarda oynayıb. 1930-cu ildə Əşrəf Yusifzadə teatr sənətindən ayrılaraq Bakıya ali təhsil almağa gəlib. Burada Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olub. Məşhur aktyor Rza Təhmasiblə, şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr sənətinə bağlayıb. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor götürülüb. Kollektivlə birgə 1933-cü ildə Gəncəyə gəlib və ömrünün sonun qədər Gəncə Dövlət Dram Teatrında aktyorluq edib.
Romantik aktyor, cəfakeş teatr xadimi, gənclərin qayğıkeş hamisi Əşrəf Yusifzadə 1963-cü il mart ayının 7-də Gəncə şəhərində vəfat edib və buradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.

1921— Məşhur aktyor, Xalq artisti Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub.
Həsənağa 1937-ci ildə Bakıdakı Şura məktəbinin doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib, Bakı Teatr texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra bir də 1946-cı ildə qayıdıb.
Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb.
Aktyor eyni zamanda “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarını?”, “Koroğlu”, “İstintaq davam edir” bədii və “Aygün” televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib.

1924 —Azərbaycan Respublikasının Əməkdar artisti, aktrisa Şəfiqə Qasım qızı Qasımova Bakı şəhərində anadan olmuşdur.
14 yaşında Maestro Niyazinin bədii rəhbər , Həbib İsmayılovun baş rejissor olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır .Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, “Sazçı qızlar” ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir.
İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir. Opera teatrının səhnəsində bir çox obrazlar yaratmışdır. Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olmuşdur. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlamışdır.
Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olmuşdur.
1986-cı ildə təqaüdə çıxmışdır.
Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalmışdır. Bu filmlər arasında rejissor Həbib İsmayılovun “Ögey ana” (Zeynəb), rejissor Tofiq İsmayılovun “Vulkana doğru” (Ana) və “Bizim məhəllənin uşaqları” (Ana) və s. filmlər vardır.
Şəfiqə Qasımova 3 aprel 2008-ci ildə vəfat etmişdir.

1925— Məşhur rəssam, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, professor Nadir Qəmbər oğlu Əbdürrəhmanov Laçında anadan olmuşdur. Rəssamlıq sənətinə olan maraq onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə gətirmişdir.
O, 1941-1944-cü illərdə burada, 1947-1953-cü illərdə isə Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.
Nadir Əbdürrəhmanov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi çalışaraq, digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycanda gənc rəssamlar nəslinin püxtələşməsi işində fəal iştirak etmişdir.
O, 1954-cü ildən Azərbaycan Rəssamlıq məktəbində dərs demiş, 1984-cü ildən etibarən Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi çalışmış, Azərbaycan Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur.
O, 2008-ci il iyulun 26-da vəfat etmişdir.

1927 — Görkəmli yazıçı Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlib.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində yeni açılmış Şərqşünaslıq şöbəsinə (İran bölməsi) taxil olub. O, 1949-ci ildə yaradıcılıq sınaq qaydası ilə “Azərbaycan gəncləri” qəzetinə işə götürülüb.
1970-ci ildə C.Əlibəyov daha məsul işə – dövlət vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, 1974-cü ildən isə “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayıb. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb: “Dədə Qorqud”, “Babək”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Qayınana”, “Papaq” filmləri qızıl fonda daxil edilib.
C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə “Kommunist” (“Xalq qəzeti”) qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra “Yazıçı” nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar “Novruz”, “Vahid” qəzetlərində baş redaktor, “Elm və həyat” nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.
C.Əlibəyov bədii yaradıcılığa “Azərbaycan gəncləri”ndə işləyərkən başlayıb. Azərbaycan Jurnalistlər, Yazıçılar və Kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış “Sınaq”, “Mənim analı dünyam”, “Həyatın özü”, “Dözümlü məhəbbət” romanlarının, “Qayaların göz yaşı” povestinin (bunlar Moskvada “Molodaya qvardiya” və “Sovetski pisatel” nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilib) müəllifidir.
Azərbaycanda həmin romnlarla yanaşı, “Dünyanın o biri ucu”, “İlk məhəbbət” romanları və “Özümü axtarıram”, “Analar..”, “Anam Arazım mənim” və digər povestləri çap olunub. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir.
“Gülüstanda qətl” pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulub. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət edib, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və başqa ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanıb. C. Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülüb.

1973 — Azərbaycanın Milli Qəhrəmanı Səxavət Ələmdar oğlu Məhərrəmov Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində anadan olmuşdur.
1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən, onun ailəsi əvvəlcə Gürcüstana, daha sonra isə Lökbatan qəsəbəsinə köçərək burada məskunlaşmışlar.
Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirmişdir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri idi. O, şeir yazırdı, musiqiyə, şerə həvəsi sonsuz idi.
Qarabağ uğrunda hərəkata ilk qoşulanlardan biri də Səxavət idi.
1992-ci il 27 iyun Ağdərənin Kiçik Qarabəy (keçmiş Möhçoxlu sayda erməni yaraqlısı məhv edib qərərgaha qayıdarkən meşədə mühasirəyə düşür və şiddətli atışma başlayır. Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Səxavət Ələmdar oğlu Məhərrəmov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Lökbatan qəsəbəsindəki 106 saylı məktəbə qəhrəmanımızın adı verilib, məktəbin qarşısında büstü qoyulub.

Vəfat etmişdir:

1870 —Məşhur fransız yazıçı Aleksandr Düma 68 yaşında vəfat etmişdir. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.
Düma 1802-ci ildə anadan olmuşdur.

1941— Məşhur Azərbaycan şairi, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi və mənzum faciənin banisi Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) 49 yaşında represiyaya məruz qoyulmuşdur.
üseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.
İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.
Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır… Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb.
1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.
Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.
“Mənim Tanrım gözəllikdir, sevgidir”, – deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.
Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.
Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü –

kəlmələri bu gün də aktualdır. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə və digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.
Hüseyn Cavid 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib.
Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq gеtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun nəşinin Sibirdən Azərbaycana gətirilməsi qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi. Ulu Öndərin bu qətiyyətli addımı ilə təkcə dahi sənətkarın ruhu deyil, onu sevən milyonlarla insanın qəlbi rahatlıq tapdı.
1982-ci il oktyabrın 26-da Hüseyn Cavidin nəşi Moskvadan Bakıya, sonra isə Naxçıvana gətirilir. Naxçıvanda – evinin qarşısında dəfn olunmuşdur.

1988 — Məşhur Azərbaycan aktyoru, Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli 91 yaşında vəfat etmişdir.
Ağasadıq Gəraybəyli 1897-ci ildə Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində “Nicat”, sonra “Səfa” həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində Kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rolda qrim və qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun “Nadir şah”, Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Cəfər Cabbarlının “Sevil”, “Od gəlini”, “1905-ci ildə”, sonralar “Vaqif”, “Həyat”, “On ikinci gecə”, “Xanlar” və s. tamaşalarda rol alıb.
1940-cı ildə Azərbaycan SSR-nin Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. “Bəxtiyar”” filmində klub müdiri Ağabala, “O olmasın, bu olsun” filmində Rüstəm bəy bu obrazlardandır.
1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb.

1996 — Tanınmış yazıçı, Azərbaycan Əməkdar Mədəniyyət işçisi Xalidə Məmməd qızı Hasilova vəfat etmişdir.
Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə “Azərbaycan qadını” jurnalında ədəbi işçi (1952-1953), “Göyərçin” jurnalının baş redaktoru (1966-1972), uzun illər isə “Azərbaycan qadını” jurnalının baş redaktoru kimi çalışmışdır.
Azərbaycan qadınlarının həyatından bəhs edən “Hamı doğmadır mənə”, “İnsan ömrü bir nəğmədir” pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının “İlk məktub” (1951), “Lalənin kitabı” (1955), “İki yoldaş” (1956), “Onun taleyi” (1969), “Nəğməli könül” (1976), “Məhəbbət olmayanda” (1983), “Çətin yollar boyunca” (1986), “Xoruzlu dəsmal” (1994) və s. kitabları çap olunmuşdur. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan “Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında” “Gözəl duyğular”, “Uşaqlara yüksək keyfiyyətli əsərlər verək”, “Ədəbiyyat və tərbiyə” və s. göstərmək olar.

2016— Əslən azərbaycanlı olan politoloq, yazıçı, filosof və şair; Rusiya İslam komitəsinin sədri Heydər Cahid oğlu Camal 69 yaşında vəfat etmişdir.
Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən şuşalı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir.
Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən, ağdamlı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama – ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq Dilləri İnstitutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub.
1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir.
Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
1993-1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olur. 1997-ci ilddə İstanbulda dövrün Bələdiyyə sədri olan Ərdoğanla siyasi islamın taleyini müzakirə edir. 1998-ci ildə Cənubi Afrikada leksiyalar söyləmək üçün dəvət edilir. Keyptaun universitetinin fəxri doktoru adına layiq görülür. 1999-cu ildə Sankt-Peterburqda keçirilən “Pravoslav-İslam” konfransında İslamın və Pravoslavlığın strateji partnyorluğunun mümkünlüyü barədə tezis irəli sürür. Eyni ilin sonlarında parlament seçkilərində iştirak edir…
Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir. Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.

Bayramlar və xüsusi günlər:

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1985-ci ildə hökumətlərə hər il iqtisadi və sosial inkişaf naminə 5 dekabr tarixini Beynəlxalq Könüllülər Günü kimi qeyd etməyi təklif edib. Həmin ildən etibarən dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Azərbaycanda könüllülük hərəkatı son illərdə təşəkkül tapmağa və inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin Sərəncamı əsasında hazırlanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda “Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramının imkanlarından istifadə edilməsi” xüsusilə qeyd olunub. Ölkədə keçirilən beynəlxalq tədbirlərdə ASAN könüllülərinin iştirakı könüllülük hərəkatına xüsusi prestij qazandırıb. Qeyd edək ki, könüllülüyün məqsədi ayrı-ayrı fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!