Tarixdə bu gün
İlin 351-ci günü (uzun illərdə 352-ci).
İlin sonuna 14 gün qalır.

Mühüm hadisələr:
1925 — SSRİ və Türkiyə arasında bitərəfli sazişi imzalanıb.
1926 — SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 313 700 nəfər, o cümlədən 1 212 400 kişi, 1 101 300 qadın olub. 649.500 nəfər şəhərdə 1 664 200 isə kənddə yaşayırdı
1936 — Azərbaycan SSR IX Fövqəladə Sovetlər qurultayı açılıb
2013 — Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib və “Cənubi qaz dəhlizi” barədə anlaşma memorandumu da imzalanıb.
Doğum günləri:

120
1905 — Azərbaycanın Xalq şairi Osman Sarıvəlli Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur.
Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926-1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur (1929-1932).
1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.
Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.
1990-cı il iyulun 3-də Bakıda vəfat etmiş və doğma kəndində dəfn edilmişdir.

1924 — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı Laureatı, Prezident təqaüdçüsü,Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub.
1941-1943-cü illərdə Şəki şəhəri 2 illik Müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945-1950-ci illərdə ADU, Filologiya-jurnalistika şöbəsində təhsil alıb.
1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb.
1954-cü ildə MDU,-NUN Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-1961-ci illərdə BDU, Filologiya fakültəsi Jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.
1962-1969-cu illərdə BDU-nun filologiya fakültəsinin dekan müavini olub.
1961-1971-ci illərdə BDU-nin Jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb.
1971-1976-cı illərdə BDU-NUN Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb.
1971-1988-ci illərdə BDU-nun Mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb.
1976-1988-ci illərdə BDU-nun Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib.
1988 –ci ildən BDU-nun Mətbuat tarixi kafedrasının professor idi.
Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilib. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var. Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların sırasında onun adı ön cərgədə çəkilir.
24 iyun 2019-ci ildə 94 yaşında vəfat etmişdir.

1980—Gənc opera ifaçısı (soprano), Azərbaycanın Xalq artisti Dinarə Fuad qızı Əliyeva Bakı şəhərində anadan olmuşdur.
Təhsili
1998-ci ildə fortepiano üzrə Bülbül adına orta ixtisas musiqi məktəbini, 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib, daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.
Uğurları
1998-ci ildə Bülbül adına məktəbin şagirdi olarkən Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdur.
2005-ci ildə Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, üçüncü yer tutmuşdur.
2007-ci ildə Maria Kallas festivalının,
2009-ci ildə Yelena Obraztsova Beynəlxalq Mahnı Müsabiqəsinin,
2010-ci ildə Plasido Dominganın mahnı müsabiqəsinin laureatı olub.

1996 — Vətən müharibəsinin şəhidi Şahmurad Natiq oğlu İsgəndərov Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. 9-cu sinfi başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında Quru Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasına getmiş, ixtisası üzrə kurslarda iştirak etmiş, sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur.
Erməni təcavüzkarları torpaqlarımıza hücum edəndə, Şahmurad da Milli Orduya yazılaraq döyüşlərə atılmış, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. O, daha sonra Ağdərə istiqamətində gedən döyüşlər də iştirak edib. 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra 17 noyabr tarixində şəhid olub.
Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüş əməliyyatlarında hünər göstərmiş, öz əsgəri borcunu şərəflə yerinə yetirmiş Şahmurad İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən , “Cəsur döyüşçü” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1273 — Şərq mütəfəkkiri Cəlaləddin Rumi Konyada vəfat edib.
Rumi 1207-ci ildə Bəlx şəhərində anadan olmuşdur.
Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. Nizami, Xaqani kimi türk oğlu olan Rumi şeirlərini fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.
2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.

1974 —Milli opera sənətimizin inkişafındakı Böyük xidmətləri olan Xalq artisti Ağababa Bünyadzadə 59 yaşında vəfat etmişdir.
19 iyul 1915-ci ildə Bakının Kürdəxanı kəndində anadan olmuşdur.
Cingiltili və ürəyəyatımlı bariton səsə malik idi. Yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (“Arşın mal alan”) və Sərvərin (“O olmasın, bu olsun”) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib.
Ağababa Bünyadzadənin rol aldığı bütün operalarda ifa etdiyi partiyalar öz dramatik vüsəti, psixoloji tamlığı, səslə hərəkətin üzvi vəhdəti ilə seçilib.
Ağababa Bünyadzadə Opera və Balet Teatrında 1967-ci ildə Müslüm bəy Maqomayevin “Şah İsmayıl” operasını tamaşaya hazırlayıb.

1993 — Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov 82 yaşında Bakıda vəfat etmişdir.
Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı Fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.
Onun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrində səfərdə olmuşdur. “Qiqantlar ölkəsi” oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə – “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir. “Həyat” pyesi bu dövrün bəhrəsidir. SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-də incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə hərbi hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə səsləyir, düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə ordu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi illik fasilədən sonra “Kəndçi qızı” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin, A.N.Ostrovskinin, A.P.Çexovun əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır. Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, birinci katibi, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi, Ümumdünya sülh tərəfdarları konqresi və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. O, milli filologiya elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmişdir.
Xalq yazıçısı, akademik Mirzə İbrahimovun ədəbi dilimizə xidməti yaradıcılıqla məşğul olduğu 60 illik müddətində mümkün olan bütün sahələr üzrə şaxələnmişdir. Azərbaycan dilinin inkişafı, yad təsir və təzyiqindən xilas olması, saflaşması, cilalanması uğrunda mübarizə aparmış, çox sevdiyi ana dilinin qüdrətini nümayiş etdirən gözəl elmi, bədii və publisistik əsərlər yazmışdır. Mirzə İbrahimovun “Gələcək gün” romanı onlarca nəslin tərbiyəsində, mübariz, vətənpərvər və yüksək əxlaqi keyfiyyətlərə malik insan kimi yetişməsində misilsiz rol oynamışdır. Mirzə İbrahimov, hər şeydən əvvəl, şərəflə, vətən sevgisi ilə yaşayan, zəhmətdən yorulmayan bir şəxsiyyət kimi insanlara təsir edib. Bədii və bədii-publisistik əsərləri ilə nəsillərə nümunə olub. Onun fəlsəfi-psixoloji təfəkkürünün məhsulu olan əsərlərinin əsasını da ədəbi dilin milli orijinal normaları durur.
Üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir.
Bayramlar və xüsusi günlər:

17 dekabr Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür.
Prezident İlham Əliyevin 2010-cu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.