Tarixdə bu gün

İlin 352-ci günü (uzun illərdə 353-cü).
İlin sonuna 13 gün qalır.

Mühüm hadisələr:

1917 — Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.
1997 — Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalayıb.

Doğum günləri:

1928 — Sevilən müğənni, bəstəkar və pedaqoq Qulu Rüstəm oğlu Əsgərov Salyan şəhərində anadan olmuşdur.
Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri Ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.
Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr (Mələkxanım Əyyubova və b.) muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.
11 iyun 1987-ci ildə 58 yaşında vəfat etmişdir.

1930 — Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir.
1954-cü ildə Moskva Dövlət Universitetini fərqlənmə diploma ilə bitirdikdən sonra 5 il Azərbaycan MEA Tarix İnstitutunda çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır: 23 il həmin kafedraya başçılıq etmişdir.
1989-2000 illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmiş; 1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1990 da Əməkdar elm xadimiadına layiq görülüb.
Bir çox beynəlxalq elmi təşkilatlala da elmi əməkdaşlıq etmişdir və s.
150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.

1954 — Tibb elmləri doktoru, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Hüsi oğlu Kərimov Bakı şəhərində məşhur cərrah Kərimov Hüsi Məmmədxan oğlunun ailəsində anadan olub. 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub, 1978-ci ildə bitirib.
İnstitutu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyində həkim dermatoveneroloq vəzifəsində işləmiş və dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur.
1982-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Moskvaya, Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya göndərilmişdir və burada “Sarkoma Kapoşi” mövzusunda elmi araşdırmalar apararaq 1985-ci ildə bu mövzu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1983-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Dermatovenerologiya kafedrasının dosenti vəzifəsinə təyin olunmuşdur.
1999-cu ildə Moskva şəhərinin Rusiya Fedrasiyasının Tibb Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunda “Psoriazın Azərbaycanda Epidemiologiyası” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Və həmin ildə t.e.d. alimlik dərəcəsinə layiq görülmüşdür.
2000-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun I Prorektoru və 2001-ci ildə Dermatovenerologiya kafedrasının müdiri vəzifəsində işləyir.
Sənan Kərimov 80-dan çox elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 1 dərsliyin, 4 metodik göstərişin müəllifidir. Onun rəhbərliyi altında 1 doktorluq və 3 namizədlik elmi işləri aparılır.
2009-cu ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində işləyir.

Vəfat etmişdir:

1994 – Tanınmış publisist, teatrşünas, salnaməçi, M.F.Axundov adına ədəbi mükafat laureatı Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli 97 yaşında vəfat etmişdir.
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). 1923-cü ilin iyun ayında Bakıya köçüb “III İnternasional” mətbəəsində mürəttib, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kəndli qəzeti”ndə redaktor müavini, “Azərbaycan kolxozçusu” qəzetinin redaktoru, Azərbaycan KP MK yanında “Kommunist” nəşriyyatının direktoru, “Yeni yol” qəzetinin redaktoru, “III İnternasional” mətbəəsinin sex müdiri, “Kommunist” qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan “Vətən yolunda” qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan “Vətən yolunda” qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kirpi” satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975).
“Bilik” cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).

2000 —Məşhur Xalq artisti, bəstəkar Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) 63 yaşında vəfat etmişdir.
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).
1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!