Tarixdə bu gün

İlin 353-cü günü (uzun illərdə 354-cü).
İlin sonuna 12 gün qalır.

Mühüm hadisələr:

2014  – Azərbaycan alimlərinin I Qurultayı keçirilib.

Doğum günləri:

1921 — Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı, professor, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Nehru adına Beynəlxalq mükafatın, Azərbaycan SSR Dövlət Mükafatın Laureatı Mikayıl Hüseyn oğlu Abdullayev Bakıda doğulmuşdur.
1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun sinfində  rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.
Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir.
2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.
Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik ümumiləşdirilməsi xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir. Bu xüsusiyyətlər onun “Mingəçevir işıqları”, “Xaçmaz qızları”, “Astarada çay yığımı”, “Azərbaycan çöllərində” triptixində, “Çəltik əkən qızlar” əsərində daha aydın görünür. Milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti, tipik mənəvi çalarların üzvi şəkildə müasirliklə vəhdətdə verilməsi Mikayıl Abdullayev yaradıcılığına xas xüsusiyyətdir. “Qırx birin iyunu” triptixinin mərkəzi hissəsi xüsusilə diqqəti cəlb edir. 1941- 45-ci illərdə kənd əməkçilərinin payına düşən, ağır, narahat, keşməkeşli həyatını əks etdirən əsər canlı povestdir. “Çəltikçi qızlar” monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. “Qarabağlı qızlar”, “Lənkəranlı kolxozçu qadın”, “Abşeronlu qadın”, “Ananın gəncliyi” kimi əsərləri bu qəbildəndir. Xalq şairi Səməd Vurğun, yüz yaşlı naxışçı usta Babayev, şair, mütəfəkkir Nəsimi və başqa portretlər qalereyası, Abşeron peyzajları, natürmortlar, Əfqanıstan və başqa ölkələrə həsr etdiyi əsərlər Mikayıl Abdullayev yaradıcılıq diapazonunun genişliyinə şəhadət verir.

1939 — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, professor, kimya üzrə elmlər doktoru Vaqif Məcid oğlu Fərzəliyev Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Orta təhsilini Bakı şəhər 189 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirdikdən sonra təyinatla Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna göndərilib, həmin il aspiranturaya daxil olub. 1968-ci ildə “Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi” mövzusunda namizədlik dissertasiya mövzusu müdafiə etmişdir. 1986-cı ildə “Sürtkü yağlarına yüksək təsirli kükürdlü aşqarların işlənib hazırlanmasının elmi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsi, 1987-ci ildə isə professor elmi adını almışdır.
Akademik Vaqif Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir. Sıravi aspirantdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamətlər üzrə ixtisaslaşmış institut direktoru və daha sonra AMEA-nın akademik-katibi vəzifələrinədək böyük və şanlı həyat yolu keçmiş alimin tərcümeyi-halı məhz əsl istedadlı və zəhmətsevər ziyalılar üçün səciyyəvidir.
Vaqif Fərzəliyev 670 elmi əsərin, o cümlədən 114 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir. Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunmuşdur. 120-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. Beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olmuşdur.

1966 — İstedadlı teatr və kino aktrisası, Xalq artisti, Prezident mükafatçısı Mehriban Mürvət qızı Zəki Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Kino  və dram aktyorluğu  fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək “Yuğ” Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.
2000-ci ildən 2011-ci ilədək “İbrus” Teatrında fəaliyyət göstərmişdir. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləmiş Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanmış “Füzuli və Əsmər” tamaşasında Əsməri oynamışdır.
1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan “Manas-1000” yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən “YUNESKO”-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir
O, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız (“Ümid”), Lətifə (“Otel otağı”), Elmira (“Ailə”), Gülya (“Məkanın melodiyası”), Teybə (“Küçələrə su səpmişəm”), Maya (“Əlvida, cənub şəhəri”), Nara (“Düyün”), Nərmin (“Yalançılar”). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.

Vəfat etmişdir:

1990 — Xalq yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı Bakıda 77 yaşında vəfat etmişdir.
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır. Sonra Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi, Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi , İkinci dünya müharibəsi dövründə Cənub-Qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. Daha sonra Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. 1944-1946-cı illərdə Təbrizdə nəşr olunan “Vətən yolunda” ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır . Ordudan tərxis ediləndən sonra- 1946-1964 –cü illərdə “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur .
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır.
“Qərb cəbhəsindən məktub”, “Analar yollara çıxdılar”, “Yeni ilin hökmü”, “Silahlı dağlar”, “Qanlı möhür”, “Buz heykəl”, “Haralısan əsgər qardaş?”, “Ananın ölümü”,”Ulduz”, “Od içində” pyesləri və “Şirvan gözəli” kimi dəyərli əsərlərin müəllifidir.
1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

2020— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Elbrus Laçın oğlu Hüseyinov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elbrus Hüseyinov 26 mart 1996-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur.
 2003-cü ildə Suliddin Sadıqov adına Şəmkir rayon Çaparlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və həmin ildə həqiqi hərbi xidmətə getmişdir. 2016-cı ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı il Aprel döyüşlərində, həmçinin Lələtəpə yüksəkliyinin azad edilməsində fəal iştirak etmişdir. 2020-ci ildə yenidən hərbiyə qayıtmış və MAHHXHQ kimi hərbi xidmətə davam etmişdir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində də iştirak edərək fərqlənmişdir.
Elbrus Hüseyinov 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başladığı vaxtdan kəşfiyyat-diversiya qrupunda döyüşlərdə iştirak etmiş, 19 dekabr 2020-ci il tarixdə Murovdağ istiqamətində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında xdməti  borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elbrus Hüseyinov ölümündən sonra “Vətən uğrunda”,
24.06.2021-ci il tarixli Sərəncamına əsasən, “Kəlbəcərin azad olunmasına görə” medalları, 05.11.2022-ci il tarixli Sərəncamına əsasən isə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!