Tarixdə bu gün
İlin 354-cü günü (uzun illərdə 355-ci).
İlin sonuna 11 gün qalır.
Mühüm hadisələr:
1912 — Londonda Türkiyə və Balkan dövlətləri arasında sülh konfransı keçirilib.
1915 — Çanaqqala boğazında müttəfiqlər məğlub olub.

1952 — M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki BSU) fəaliyyətə başlayıb.
1993 — Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulub.
1994 — Azərbaycan Respublikası Maldiv adaları ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1873 — Şöhrətli Türk şairi Mәhmәd Akif Ərsoy İstanbulun Fateh səmtində dünyaya gəlib. Anası Şərifə Xanımın ata və anası Buxaralıdır. Şərifə xanım Tahir bəylə izdivac bağlamış və bu evlilikdən Məhmәd Akif Әrsoy dünyaya gəlmişdir. M.Akif ilk və orta təhsilini Fatehdə almışdır. Ali təhsil üçün beynəlxalq hüquq institutuna girsə də təhsilini yarımçıq qoyub baytarlıq təhsilinə başlamış, buranı qızıl diplomla qurtarmışdır. Şeir yazmağa baytarlıq məktəbində başlamış, Osmanlı dövlətinin tənəzzül dövründə vətənin işğalçılar tərəfindən tutulmasıyla Anadoluya keçərək xalqı milli azadlıq hərbi üçün ruhlandırmış və böyük işlər görmüşdür. Türkiyə Cümhuriyyətinin qurulmasından sonra Misirə getmiş və Misir Universitetində türk dili dərsləri vermiş, 1936-cı ildə ölkəyə qayıtmış və 27 dekabr 1936-cı ildə dünyasını dəyişmişdir.
Məhəmməd Akif 20-ci əsrin ən böyük türk şairidir.

1915 — Məşhur Türk yazıçı Əziz Nesin İstanbulda anadan olub.
Müasir türk ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əziz Nesin (Məhmət Nüsrət, 1915-1995) bir yazıçı kimi ədəbi fəaliyyətə 1945-ci ildən “Qaragöz” qəzetində və “Yeddi gün” jurnalında çalışarkən başlamışdır. Qara yumor ustası olan Əziz Nesinin əsərləri dünyanın 78 ölkəsində çap olunmuş, bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür. 1956-cı ildə İtaliyada “Qızıl Palma”, 1966-cı ildə Bolqarıstanda “Qızıl kirpi” mükafatlarına layiq görülmüş, 1969-cu ildə isə Moskvada keçirilən Beynəlxalq yumor müsabiqəsində birinci yeri tutmuşdur. Bundan başqa, 1974-cü ildə Asiya-Afrika Yazıçılar Birliyinin “Lotos” mükafatını qazanmışdır.
50-ci illərin ortalarından başlayaraq Əziz Nesinin bir çox hekayəsi Azərbaycanın qəzet və jurnallarında dərc olunmuş, dəfələrlə kitabları buraxılmışdır. Bu hekayələr ilk illərdə İsmayıl Şıxlı (“Taxtalıköydən məktublar”), Qılman İlkin (“Kor döyüşü”) kimi ədiblər tərəfindən Azərbaycan dilinə çevrilmişdir.
6 iyul 1995-ci ildə 79 yaşında İzmirdə vəfat etmişdir.

1956 — Azərbaycanın Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədov Bakıda anadan olub.
R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
R.Əhmədov 1992-ci il yanvar ayının 25-də “Daşaltı əməliyyatı”nın gedişində itkin düşmüşdür.
Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır.

1958 — Azərbaycanın Milli Qəhrəmanı İbrahim İsmayıl oğlu Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İbrahim Məmmədov 20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
1977-1979-cu illərdə hərbi xidmətdə olur. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisələri haqqında informasiyaların dünyaya çatdırılmasında onun da böyük xidmətləri olmuşdur.
İbrahim Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına yazılır və Kəlbəcər rayonunda döyüşlərə atılır.
1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi… İbrahim bu döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv etdi, amma özü də düşmən snayperinə tuş gəldi və o, gözlərini əbədilik yumdu.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 1994-cü il tarixli 156 saylı fərmanı ilə Məmmədov İbrahim İsmayıl oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vəfat etmişdir:

2013 — Tanınmış qarmon ifaçısı Aslan Mikayıl oğlu İlyasov uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb.
1980-cı ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib.
1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.
2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.
Aslan İlyasov sənətindən başqa xalqı üçün bir çox xeyriyyə işləri də görüb. O, doğulub boya-başa çatdığı Salyan rayonunda geniş abadlıq işləri aparmış, park saldırmışdır. Aslan İlyasov rayon əhli üçün məscid inşa etdirmişdir.
Mahir qarmon ifaçısı, xalqın çox sevib dəyər verdiyi Aslan İlyasov həmçinin özünün yazdığı “Aslanı” rəqsi ilə də qəlbləri fəth etmişdir. “Aslanı” kompozisiyası rəqs olsa belə, çox incə və kövrək notlarla dolu bir əsərdir.

2014 — Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə 93 yaşında Bakıda vəfat etmişdir.
Oqtay Sadıqzadə 21 fevral 1921-ci il Xızıda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri- yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
1956-cı ildə Moskva Dövlət Rəssamlıq İnstitutunu qrafika ixtisası üzrə bitirib.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutur.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.