Tarixdə bu gün
İlin 359-cu günü (uzun illərdə 360-cı). İlin sonuna 6 gün qalır.
Mühüm hadisələr:
1925 — Beynəlxalq təqvim və saat qəbul edilib.
1975 — Bakı Məişət Kondisionerləri zavodu işə salınıb.
1918 — General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski isə nazir müavini təyin ediliblər.

1920 — Bakıda rus “Tənqid- Təbliğ Teatrı” fəaliyyətə başlayıb.
1988— Ermənistandan 250 mindən çox azərbaycanlının deportasiya edilməsi başa çatdırılır.
1991 —Dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunması barədə qərar qəbul edilmişdi.
1991 — “Latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi haqqında” qanun qəbul edilib.
1991 — İran, ABŞ və İsrail Azərbaycanın müstəqilliyini tanıyıb.
1991 — Azərbaycan prezidentinin fərmanı ilə Milli Qvardiya yaradılıb.
1992 — Azərbaycan Respublikasının ali məktəblərinə qəbulun test imtahanları vasitəsilə aparılması haqqında qərar qəbul edilib.
Doğum günləri:

1906— Görkəmli pedaqoq, filologiya elmləri doktoru, professor Əli Sultanlı Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə.Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət “Şərq qalısı”qəzetində ədəbi işçi vəzifəsində çalışır.
Ə.Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun Xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında fəaliyyətə başlayıb. Ömrünün sonuna kimi də respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyib. Ə.Sultanlı 1934-39-cu illərdə Xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939-1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklərin, müntəxəbat , tədqiqat əsərləri nin müəllifidir.
Ə.Sultanlı “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyatı müntəxəbatı” kimi dərsliklərin, “Azərbaycana dramaturgiyasının inkişaf yolları”, “Nizami və Qərbi Avropa ədəbiyyatı” və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır.
1960-cı il iyulun 18-də Bakıda vəfat etmişdir.

1909– Görkəmli rejissor, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov Şamaxı şəhərində dünyaya göz açıb.
1923-cü ildə Bakıda yeni açılan Teatr texnikumuna qəbul olunur. Tələbəlik illərində Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı və Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri dram dərnəyində baş rollarda oynayıb.
1926-cı ildə təhsilini başa vurub. İki il sonra Moskvada Teatr Sənəti İnstitutunun Eksperimental teatr emalatxanasında rejissor Vsevolod Meyerholdun kursunda iki il təhsil alır. Ali rejissor diplomu ilə Bakıya dönür. Akademik Dram Teatrının yaradıcı heyətinə işə qəbul olunur.
Həmin ərəfədə Bakıda kolxoz-sovxoz teatrı yaradılır və bədii rəhbərlik Ə.Şərifova tapşırılır. Rejissor burada Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, Cəfər Cabbarlının “Almaz”, “Sevil” və “Yaşar” pyeslərini tamaşaya qoyur.
Sənətdə tez bir zamanda tanınan rejissor Akademik Dram Teatrı kollektivinin sevimlisinə çevrilir. 1934-cü ildə teatra rejissor təyin edilir. Bir il sonra bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin “Qızıl çeşmə” dramına quruluş verir. Daha sonra bir çox pyeslərin quruluşçu rejissoru olur.
Ə.Şərifov görkəmli aktyor və rejissor Adil İsgəndərovla birgə Rəsul Rzanın “Vəfa”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, Hüseyn Cavidin “Şeyx Sənan”, Cabbar Məcnunbəyovun “İliç buxtası”, Tofiq Kazımovla isə Branislav Nuşiçin “Nazirin xanımı” əsərlərinin tamaşalarını hazırlayıb.
Tanınmış rejissor kinoda özünü aktyor kimi də sınayıb, “Səbuhi” filmində görkəmli şair, pedaqoq Mirzə Şəfi Vazeh obrazını canlandırıb. Rejissorun teatr sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib, o, 1943-cü ildə Əməkdar artist, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Ələsgər Şərifov 9 sentyabr 1982-ci ildə vəfat edib.

1920— İqtisad elmləri namizədi, İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri Səlimova Şövkət Şahbaz qızı İsmayıllı rayonunun Basqal kəndində anadan olmuşdur.
1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.
Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur.
İkinci dünya müharibəsi illərində Xəzər Dəniz Gəmiçiliyi İdarəsində gəmi kapitanınən müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur
1954-1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda Siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974-1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında İctimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir.
1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
1999-cu ildə Bakı şəhərində vəfat etmişdir .

1923 — II dünya müharibəsi iştirakçısı, baş leytenant, SSRİ tibb xidməti əlaçısı, Əməkdar səhiyyə işçisi Dürrə Əlabbas qızı Məmmədova Şəki şəhərində anadan olub.
1940-cı ildə Bakı Əczaçılıq Texnikumunu bitirib Şəkidə 85 saylı aptekə müdir təyin olunur. 1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi başlayanda 17 yaşlı gənc ilk könüllülər sırasında cəbhəyə yollanır. O, müharibənin ən “qaynar nöqtə”sində əsl kişilik, cəsarət və iradə nümayiş etdirərək yüzlərlə yaralını ölümün pəncəsindən xilas edir, döyüşün ən qaynar nöqtələrindən yaralıları çıxararaq onlara tibbi yardım göstərirdi.
Müharibənin ilk günlərində Qara Dəniz Donanmasındakı 227 saylı ekspedisiya şöbəsinin sanitar anbarına rəis təyin olunur. Hərbi hissələrdəki döyüşçüləri tibbi komplektlərlə və kimyəvi silah əleyhinə bağlamalarla təmin edib. Göstərdiyi nümunəvi xidmətlərinə görə, 45 saylı Hərbi-Dəniz Hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Parfençik və Qafqaz müdafiə rayonunun komandanı, kontr-admiral Markov Dürrə Məmmədovanı “Qırmızı ulduz” ordeni ilə təltif edib. Dəfələrlə ölümlə üz-üzə dayanan Dürrə xanımın işlədiyi sanitar anbarının qapısı yaxınlığına 1000 kiloqramlıq bir mərmi düşür və xoşbəxt təsadüf nəticəsində partlamır, lakin dağılan qapı-pəncərələrin təsiri altında işçiləri, o cümlədən Dürrə xanımı müxtəlif istiqamətlərə atır.
D.Məmmədova hərbi xidmətini 1948-ci ilədək Hərbi-Dəniz Donanmasının hospitalında davam etdirir. Silahlı qüvvələr sırasından tərxis olunandan sonra o, təhsilini təkmilləşdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərində qalır. Həyat yoldaşının xidməti işi ilə əlaqədar 1951-ci ildən 1961-ci ilədək Primorsk vilayətində və Çin Xalq Respublikasının Port-Artur şəhərində çalışıb. 1961-ci ildə Bakıya qayıdan Dürrə xanım 329 saylı aptekdə 40 ildən çox reseptçi-nəzarətçi vəzifəsində işləmişdir.
DürrəMəmmdova 31 avqust 2005-ci ildə vəfat etmişdir.

1931— Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri Qara Teyfur oğlu Mustafayev Kürdəmir rayonunda anadan olub.
1954-cü ildə ADU-nun Biologiya fakültəsini Bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi və 1985-ci ildə elmlər doktoru alimlik dərəcəsi almışdır.
1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışmışır.
Bu müddətdə o baş müəllim, dosent, dekan müavini, dekan, professor vəzifələrində çalışıb, 1992-ci ildən isə “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri olmuşdur.
Elmdə və təhsildəki xidmətlərinə görə o, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və “Şöhrət Ordeni”nə layiq görülmüşdür.
Çoxlu sayda elmi və tədris-metodiki işin müəllifidir, o cümlədən: 600-dən çox məqalə 65 kitab, onlardan 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaiti, 5 telefilm və s. 9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib. 18 yeni elmi konsepsiya irəli sürmüş, “biotik əlaqələr” adlı təbii qanun kəşf etmişdir. 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplomatlar, digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub.
90
1935— Azərbaycanın xalq yazıçısı Yusif Səməd oğlu Vəkilov (Yusif Səmədoğlu) Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur.
1953-cü ildə Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)[1], baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969–1976), “Ulduz jurnalının baş redaktoru (1976–1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur(1990). Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
1998-ci il avqustun 16-da vəfat etmişdir.

1958 – Azərbaycanın sebvilən şairi, publicist Ramiz Qusarçaylı Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə almışdır. 1977-1979-su illərdə ordu sıralarında xidmət etmişdir.
Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, “Elm və Həyat” jurnalı redaksiyasında, “Zaman” Beynəlxalq qəzetində və s müxtəlif vəzifələrdə çalışmışdır.
“Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmış, 1994-cü ildə həmin məclisin bazasında AYB–nin Quba bölməsi təsis edilmişdir.
Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd,Aynur Cəfərqızı və başqaları respublika mətbuatında onun yaradıcılığına həsr edilmiş məqalələrlə çıxış etmişlər. “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, ”Almalı kitab” və “Eşşəknamə” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı foto-albomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Professor Vaqif Arzumanlı Ramiz Qusarçaylının həyat və yaradıcılığına həsr etdiyi “Təbiət, qeyrət, həqiqət şairi” adlı, şair-tənqidçi Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, Gülarə Aydın isə “Məni yaman tutub şeir havası” adlı kitablarını dərc etdirmişlər. Şeirləri İngilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə edilmiş, Donetsk şəhərində “Buz örtüyü” adlı topluda dərc olunmuşdur. Kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, İngilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri “Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur.
“Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır.
2009-2010-cu il üçün Prezident təqaüdünə layiq görülmüşdür.

1960— Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov Qasım İsmayılov rayonunda anadan olmuşdur.
Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi.
Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Goranboy rayonu Tap Qaraqoyunlu kəndində dəfn edilmişdir.
Tap Qaraqoyunlu kənd orta məktəbi onun adını daşıyır.

1965— Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi Füzuli Salah oğlu Rüstəmov Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür.
Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verilmişdi. 1990-cı ildə ermənilərin Xankəndinə yürüşünün qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular.
Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.
Vəfat etmişdir:

2005— Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova 79 yaşında vəfat etmişdir.
Xalidə Səfərova 25 avqust 1926-cı ildə Gəncədə anadan olmuşdur.
O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1949–1955-ci illərdə isə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil almışdır.
Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Onun güllərlə natürmort silsiləsində “Payızgülü” (1956), “Zinya çiçəyi” (1971), “Bahar çiçəkləri” (1971), “Monmartr gülləri” (1985),[4] ilk əsərləri olan “Gülabdan”, “Qızılgül”, “Çöl çiçəkləri”, “Eyvanda”, “Xrizantemlər”, “Yasəmənlər”, “Zanbaqlar”, “Nərgizlər”, “Nar çiçəyi” kimi əsərlərə rast gəlinir.
Rəssamın yaradıcılığında portret əsərləri də yer almışdır. Bunların sırasına “Qapıçı”, balet artisti “Leyla Vəkilovanın portreti”, rəssam “Maral Rəhmanzadənin portreti”, rəssam “Mahmud Tağıyevin portreti” və başqaları daxildir.
Xalidə Səfərova Azərbaycanın rayon və kəndlərində bir çox natürmort və peyzajlar yaratmışdır. Çəkdiyi rəsmlərdə kənd həyatını təsvir edən rəssamın “Qızılgül dəstəsi”, “Qızılgüllər və sərv ağacı”, “Yağışdan sonra”, “Çinarlar”, “Alma yığan qız” əsərləri xüsusi əhəmiyyətə malikdir. Onun əsərlərində Abşeron, Qarabağ, Ağdam və Azərbaycanın digər rayonlarının təbiəti öz əksini tapmışdır.
1985-ci ildə Xalidə Səfərova Fransaya səfərə çıxaraq Sena sahilinin mənzərələrini, düzənliklərini təsvir etmişdir. Rəssam Provans payızını əks etdirməklə “Provansda payız”, “Arl kafesi”, “Marsel limanı”, “Martinq sahili” və bir çox əsərlər yaratmışdır. O, fərqli variantlarda “Paris Notrdam kilsəsi”, “Bənövşəyi gecə”, “Site” tabloları üzərində işləmişdir. Fransa səfəri zamanı çəkdiyi əsərlərinin bir hissəsi Fransanın Azərbaycandakı səfirliyinin sərgisində nümayiş etdirilmişdir.

2016— Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının Xalq artisti Ağaxan Abdullayev 66 yaşında Bakıda vəfat etmişdir.
Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur.
1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbində təhsil almışdır.
1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur.
1977-ci ildən A.Zeynallı adına Musiqi məktəbində muğam müəllimi kimi çalışmışdır.
1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.