Tarixdə bu gün
İlin 3-cü günü.
Mühüm hadisələr:
1804 — Gəncə Rusiya qoşunları tərəfindən işğal olunur.

1993 — Moskvada Rusiya və ABŞ arasında strateji silahların ixtisar edilməsi barədə müqavilə bağlanır.
Doğum günləri:

1916 — Azərbaycanın Əməkdar müəllimi Sona Hənifə qızı Tağıyeva Bakı şəhərində anadan olmuşdur.
O, yeddiillik məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, təhsilini fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirmişdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunun hazırlıq şöbəsinə daxil olan Sona Tağıyeva daha sonra Azərbaycan Dövlət Universitetində təhsil almışdır. 1940-cı ildə ali təhsilini başa vuran və pedaqoji fəaliyyətə başlayan Sona xanım müəllim, dərs hissə müdiri olmuş, 1942-1945-ci illərdə isə rayonlarından birində xalq maarifi şöbəsinin müdiri işləmişdir.
Sona Tağıyeva 1945-ci ildə Bakıdakı 190 nömrəli məktəbin direktoru təyin edilmiş, nümunəvi təhsil ocağına çevirdiyi bu müəssisədə ömrünün axırına qədər çalışmışdır.
O, 1960-cı ildə respublikanın Əməkdar müəllimi adına layiq görülmüş, bir sıra orden və medallarla, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir
Sona xanım 3 aprel 2004-cü ildə 88 yaşında vəfat etmişdir.

1936 – Beynəlxalq Ekoenerji akademiyasının həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, fizika – riyaziyyat elmləri doktoru, professor Məlik-Baxış Babayev Bakı şəhərində anadan olmuşdur.
Məlik-Baxış Əli İkram oğlu Babayev 1954-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində təhsil almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1960-1963-cü illərdə isə həmin institutun aspirantı olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında namizədlik dissertasiyası müdafiə edmişdir. 1966-cı ildə Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təyin olunmuşdur. Məlik-Baxış müəllim 1992-ci ildə Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda xüsusiləşdirilmiş elmi şurada doktorluq dissertasiyasını müdafiə edmişdir.
Məlik-Baxış Babayev 158-dən çox elmi əsərin müəllifi olmuşdur ki, bunların da 78-i elmi məqalə, 46-sı tezis, 5-i monoqrafiya, 29-u elmi kitab olmuşdır. Dünyanın 8 ölkəsinin 20 riyaziyyatçı alimi əsərlərində M-B.Babayevin əsərlərinə istinad etmişdir. Professor Məlik-Baxış Babayev adına riyazi termin olan ilk azərbaycanlı riyaziyyatçıdır. Belə ki, 1992-ci ildə İtaliyada keçirilmiş beynəlxalq konfransda onun tədqiq etdiyi çoxluqlar “Бабаевские множества” adı ilə riyazi termin kimi qəbul edilmişdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru S.V.Konyaginin aspirantlar və tələbələr üçün oxuduğu “Yaxınlaşma nəzəriyyəsi” kursunun bir fəsli “Бабаевские множества, их свойства и применение” adlanır. Azərbaycanda təhsilin inkişafında, onun dünya təhsilinə inteqrasiya olunmasında Məlik-Baxış müəllimin müstəsna xidmətləri olmuşdur.
1997-ci ildə Məlik-Baxış müəllim dünyada ilk dəfə olaraq yeni bir təlimin – “Maraq və Məntiq” təliminin əsasını qoydu. Bu təlim elm, texnika və həyat haqqında maraqlı, düşündürücü suallar, məsələlər, hadisələrlə zəngin olmaqla insanı düşünməyə dəvət edir, onun məntiqi düşünmə qabiliyyətinin inkişafına, intellektinin yüksəlməsinə, həyata marağının artmasına xidmət edir. Məlik-Baxış müəllim 10 ildən artıq müddətdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İdarəçilikdə riyaziyyat” fənnindən mühazirə oxumuş və bu mühazirələrin nəticəsi kimi 2002-ci ildə “Математика в управлении”, 2003-cü ildə isə “İdarəçilikdə riyaziyyat” dərsliklərini yazmışdır. 2005-ci ildə Məlik-Baxış müəllim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə “Əməkdar elm xadimi” adı ilə təltif edilmişdir.
Görkəmli alim Məlik-Baxış Əli İkram oğlu Babayev 1 fevral 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.

1970— “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid şəhid Müşfiq Mustafa oğlu Mirzəyev Ermənistanin Cermuk şəhərində anadan olub
Müşfiq orta məktəbi doğulduğu şəhərdə bitirmisdir. 1988-ci ildən isə Mingəçevirdə yaşayırdılar.
1992-ci dildə mart ayından Qarabağ uğrunda gedən döyüçlərdə dəfələrlə şəxsi hünər nümunəsi göstərmişdir.
Döyüşə atilanda şirə dönürdü, hamidan öndə gedirdi. 1993-cü ildə fevralın 5-də rota muhasirəyə düşdü, beş gün davam edən qeyri-bərabər döyüşdən sağ-salamat cıxmışdılar.
Fevralın 13-də Müşfiq agır yaralanıb, üc gün sonra gözlərini əbədi həyata yumub.
Mingəçevirin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 oktyabr 1994-cü il sərəncamı ilə Müşfiq Mustafa oğlu Mirzəyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Yaşadığı Mingeçevir şəhərinin keçmiş Puşkin kuçəsində yerləşən parka Müşfiqin adı verilmişdir.
Vəfat etmişdir:

1506 — Görkəmli özbək şair, filosof və dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mirр) 55 yaşında Heratda vəfat etmişdir.
Şair 1441-ci ildə Herat şəhərində anadan olmuşdur.
Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır.Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır. Bu əsərlərin hamısı məşhurdur,amma ən məşhurları “Mühakəmət-ül Lüğəteyn”,”Məcalisün-Nəfais” adlı əsərləri və beş məsnəvidən ibarət olan “Xəmsə”si, eləcə də bütün şerlərini topladığı “Divan”lardır. “Xəmsə”sində “Fərhad və Şirin”,”Leyli və Məcnun” kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən “Səddi-İskəndəri”, Sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən “Səbəy-Səyyarə” adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir. Divanlarında isə uşaqlığından etibarən yazdığı bütün şeirləri toplanıb. Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şeirlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.

1938 — Jurnalist Gülarə Qədirbəyova Sibir sürgünündə vəfat edib. Gülarə xanım 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, “Şərq qadını” jurnalının redaktoru olmuş, 1930-1937-ci illərdə isə Əli Bayramov adına Qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. “Şərq qadını” jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qadın olmuşdur. O, vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur.
1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə “L-956”saylı order verilmiş, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunmuşdur.
Qədirbəyova 5 il Sibirə sürgün edilmiş, 1942-ci ildə isə Sibir sürgünündə dünyasını dəyişmişdir.
1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv etmiş və ona bəraət verilmişdir.
Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnmiş, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir.
Hazırda Baş Göynük kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır.

1943 — Məşhur dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminli 55 yaşında Nijni Novqorod (indiki Qorki) şəhərində vəfat etmişdir.
Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.
Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində oxumuşdur. Bir il bu məktəbdə oxuyandan sonra hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-ci ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olmuşdur.
Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adli, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi. 1905-ci ilin yayında erməni daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökumət əsgərləri bu düsmənçiliyə qarşı laqeyd münasibət bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməsinə səbəb olur.
Yusif Vəzirin atası 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anasi Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın “Çəmənzəmin” adli kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək etmir. Yusifin atasi Məşədi Mirbabayev yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.
Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib, sənədlərini Mülki Mühəndislər institutuna vermişdir. Lakin riyaziyyatsa uğur əldə edə bilməyəcəyini hiss edib, sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır.
Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.
Yusif Vəzir 1910-cu ildə Kiyevdə Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə heç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu.
Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman Yusif dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları meydana çıxır. 1915-ci ildə Birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə gedir.
Fevral ingilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir.
Müharibə ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay qalmalı olur. O, vətənə qayıtdıqda “Azərbaycan” qəzetində “Xarici siyasətimiz”, “Milli və mədəni islərimiz” başlığı ilə silsilə məqalələrini çap etdirir. Yusif Vəzir bir müddət Bakıda qaldıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi –coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifəsinin artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi elmlər institutunun diplomatiya fakültəsində təhsil alan kiçik qardaşı Mirinin (Mirabdulla) yanına gedir.
Bir müddət burada fəhləlik edir.
1925-ci ildə Miri 29 yaşında Parisdə vəfat edir. Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və onu gözləyən təhlükələrə baxmayaraq, vətəni Azərbaycana qayıtmağı qərara alır.
Yusif Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə qayıdır. Sonralar Stalinə ünvanladığı məktubunda Vəzirov çarəsiz vəziyyətini və on il əvvəl Sovet Azərbaycanına qayıtmasının səbəblərini açıqlayırdı. Vəzirov yazırdı: “Mənim üçün Vətən, dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir liman kimidir”.
Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı işçisi” nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq və Pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft İnstitutlarında Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi.
1937-ci il Stalin təmizləmələrinin ən çətin illərindən biri idi. Azərbaycan Yazıçılar İttifaqı da öz növbəsində (digər sovet qurumları kimi) ciddi cəhdlə “sıraları təmizləyirdi”. Vəzirov da hədəf alınmış 20-yə yaxın yazıçı arasında idi. 19 iyun 1937-ci ildə “Ədəbiyyat” qəzetində Çəmənzəminlini əksinqilabçı olmaqda ittiham edən yeddi məqalə çap edildi. Onu “Studentlər” və “Qızlar bulağı” kimi romanlarında mənfi obrazlar vasitəsilə əks-inqilabi fikirlər təbliğ etməkdə ittiham edirdilər.
1937-ci il may ayının 20-də Azərbaycan K(b)P-nın Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir, daha sonra Moskvaya. Əli hər yerdən üzülən Yusif Vəzir Yusif 1938-ci ilin avqust ayında Yusif Vəzir Özbəkistana – Urgəncə yola düşür. O, Urgənc Pedaqoji İnstitutunda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunur.
1937-38-ci illərdə represiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərirlər. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvar ayının 3-də Nijni- Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində aclıqdan və heç şübhəsiz, ürəktutmasından vəfat edir.
1943-cü il yanvarın 4-də isə Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu.
Yusif Vəzir Çəmənzəminliyə bəraət vəfatından 13 il sonra – 1956-cı ildə verilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.