Tarixdə bu gün
Mühüm hadisələr:
1992 —Suriya Azərbaycanın müstəqilliyini tanıyıb.
2002 —Türkdilli ölkələrin mədəniyyət nazirlərinin daimi Şurası – TÜRKSOY-un 15-ci toplantısı Bakıda keçirilib.

Doğum günləri:

1944— Həyatdan faciəli şəkildə köçmüş dilçi alimimiz və tənqidçi Məmmədov Aydın Mirsaleh oğlu Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir.
Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər “Sovetskaya turkologiya” jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.
Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.
Respublika Ali Sovetinin Millətlərarası Münasibətlər üzrə Daimi Komissiyasının sədri idi.
Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.
1991-ci il aprel ayının 19-da avtomobil qəzasında həlak olmuşdur.
Kiş kəndində dəfn olunmuşdur.

1969 — Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayev Lerik rayonunda doğulmuşdur.
Astara şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra Lənkəran Daxili İşlər Şöbəsində işləmiş (1985-1987), Leninqrad Ali Hərbi Siyasi Məktəbində oxumuş (1987-1991), Azərbaycan Respublikası DİN-nin daxili qoşun hissələrində rota komandirinin müavini kimi fəaliyyətə başlamışdır.
1991-ci ilin axırlarında cəbhə bölgələrində Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmışdır. Onun döyüş yolu Zəngilandan başlamışdır. Rövşən burada tağımın komandiri təyin edilir. O, 1992-ci ilin iyun ayında tağımı ilə birlikdə Qazançı kəndi ətrafında gedən döyüşlərdə şəxsi hünər və fədakarlıqlar göstərmişdir.
Qeyri-bərabər döyüşdə xeyli erməni yaraqlısını , o cümlədən 2 PDM-ni susdursa da, aldığı yaradan çoxlu qan itirərək gözlərini əbədi yummuşdur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev göstərdiyi igidliyə görə, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Lənkəran şəhərində büstü qoyulmuşdur.
Lerikdə adına Mədəniyyət evi və küçə var.
Şair Şəkər Aslanın ölməz qəhrəman haqqında yazdığı “Elə yaşayaram” kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur.

1969 — Məşhur alpinist, Azərbaycan Alpinizm Federasiyasının prezidenti, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti fəth etmiş ilk azərbaycanlı İsrafil Əli oğlu Aşurlu anadan olmuşdur.
Orta təhlinin Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakütləsinə daxil olmuşdur.
İsrafil Aşurlı 1991-ci ildə “İnsol” şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur.
Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir. 2000-ci ildə o, Himalay dağlarının Kançencanqa bölgəsinə turistik trekinqə yollanmışdır…
…2007-ci ilin mart ayının sonlarında “AlpIndustria” kompaniyasının “Yeddi zirvə klubu” proyekti çərçivəsində Beynəlxalq eskpedisiya təşkil olunmuşdur. Ekspedisiyaya dünya şöhrətli alpinist Aleksandr Abramov rəhbərlik edirdi. Qrupda isə 17 alpinist, 4 bələdçi və 1 həkim yer almışdı. Alpinistlərdən biri də İsrafil Aşurlı idi.
19 mayda Bakı vaxtı ilə saat 02:30 radələrində (UTC+04:00), 7 nəfərdən ibarət qrup Everestin zirvəsinə çatdılar. İsrafil Aşurlı dünyanın ən hündür nöqtəsinə Azərbaycan bayrağını sancdı və bu zirvəyə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşdü.

1975 — İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru, tibb elmləri doktoru, professor Əziz Cəmil oğlu Əliyev Bakı şəhərində anadan olub.
1992-ci ildə Nyu-York Universitetində təhsilə başlayıb və 1999-cu ildə həmin universiteti bitirib. 1999-cu ilin İyul ayından 2002-ci ilin İyul ayınadək Pittsburg Tibb Universitetində (ABŞ) rezidentura təhsili alıb. Rezidentura müddəti ərzində üz-çənə cərrahiyyəsi, müxtəlif bölmələr və baş-boyun şişlərin cərrahiyyəsi üzrə rotasiyalardan keçib.
Əziz Əliyevin ABŞ-da müdafiə etdiyi elmi işi 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib, tibb elmləri namizədi dissertasiyası kimi təsdiq edilib və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib. 2006-cı ilin sentyabrından 2011-ci ilin dekabrınadək Azərbaycan Tibb Universitetinin üz-çənə cərrahiyyəsi kafedrasında dosent vəzifəsində çalışmışdır. 2008-ci ilin martında “Xərçəng və şiş ərəfəsi proseslər zamanı ağız boşluğunun selikli qişasında hormonlar və molekulyar-bioloji markerlər” mövzusunda tibb elmləri doktoru dissertasiyasını uğurla müdafiə edib.
Əziz Əliyev 2011-ci ildən 2013-cü ilədək Barmherzigen Schwestern (Lints, Avstriya) klinikasında Baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində calışıb.
2013-cü ildən Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektoru vəzifəsinə seçilmişdir.
14 dekabr 2015-ci ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektorudur.
Vəfat etmişdir:

2006 — Sevimli şairimiz Səməd Vurğunun xanlmı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Xavər Əhməd qızı Vəkilova Bakıda 87 yaşında vəfat etmişdir.
Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub.
Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində təhsil almışdı.
1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində (indiki BDU) bitirib.
1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğununla ailə həyatı qurub.
1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışdı.
“Əməkdar mədəniyyət işçisi” adına, Prezidentin fərdi təqaüdünə layiq görüldü.

2014 — Tarix elmləri doktoru, professor Süleyman Sərdar oğlu Əliyarlı vəfat etmişdir.
Süleyman Əliyarlı 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir.
1954 -cü ildə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır.
1989-2000 illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmişdir.
1992-2001 illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur.
1990 da Əməkdar elm xadimi adına layiq görülüb.
150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.