Tarixdə bu gün

İlin 18-ci günü

Mühülm hadisələr:

1258 –Hülakü xan Bağdadı mühasirəyə alıb.
1896 –Rentgen (X-şua) cihazı ilk dəfə Nyu-Yorkda nümayiş etdirilir. Yaradıcısı əvvəlcə ona “X” adı ona görə vermişdi ki, şüanın xarakteristikası o zaman fizikaya bəlli deyildi.
1919 – Paris Sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib.
1926 –Yusif Vəzir Çəmənzəminlinin Sovet vətəndaşlığı bərpa edilib.
1943 –Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb.
1990 –Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndini işğal edib.
1990 –13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb.

Doğum günləri:

1923 – Əməkdar elm xadimi, tibb elmləri doktoru, 1998 — 2005-ci illərdə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri işləmiş professor Zəhra Quliyeva Bakıda anadan olmuşdur.
Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duyğusu və ona müxtəlif amillərin təsiri, tor qişa və görmə siniri xəstəliklərində görmə orqanının funksiyasının öyrəniləmsinə həsr olunmuşdur. 150-dən artıq elmi işin, 3 monoqrafiya, dərslik və bir neçə dərs vəsaitinin, ixtira və səmərələşdirici təkliflərin müəllifidir.
“Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, Azərbaycan Respublikasının “Şöhrət” ordenləri və medallarla təltif edilmişdir. Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Görkəmli elm və dövlət xadimi Zəhra xanım Quliyeva 2005-ci il noyabrın 28-də 82 yaşında vəfat etmişdir.

1927 — Görkəmli dirijor, Xalq artisti, professor Kamal Canbaxış oğlu Abdullayev Bakıda anadan olmuşdur. 1945-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət konservatoriyası nəzdində Orta ixtisas musiqi məktəbini viola ixtisası üzrə (A.A.Qrossmanın sinfi) bitirmişdir. Musiqiyə olan böyük həvəs onu Azərbaycan Dövlət Konservatoriyasına gətirir və 1948-ci ildə ali musiqi məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.
1952-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını opera-simfonik dirijorluğu ixtisası üzrə (prof. L.M.Ginzburqun sinfi) bitirmişdir.
1959-cu ilə qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsində işləmişdir. Bu illər ərzində bir sıra klassik rus, Qərbi Avropa, sovet və eləcə də Azərbaycan operalarına, baletlərinə səhnə təcəssümü vermiş, bəzən də onların ilk təfsirçisi olmuşdur.
1962-ci ildə Kamal Abdullayev Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrına dəvət olunur və 8 il bu teatrda baş dirijor vəzifəsində çalışır. Kamal Abdullayev Türkiyədə də çalışmış, Ankara Opera və Balet Teatrında ilk dəfə P.Çaykovskinin “Qu gölü”, L.Minkusun “Don Kixot” və s. baletlərin tamaşaya qoyulmasını həyata keçirmişdi.
Drijor 5 dekabr 1997 -ci ildə 70 yaşında vəfat etmişdir.

85

1941 –Görkəmli kinorejissor, Azərbaycan respublikasının Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun Rejissorluq fakültəsində Serqey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmlərin müəllifidir.
1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.
Eldar Quliyev və onun yaradıcılığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib və o, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb, Qırmızı Əmək Bayrağı Ordeni, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Eldar Quliyev 16 aprel 2021-ci ildə vəfat ertmişdir.

1932 — Azərbaycan ədəbiyyat nəzəriyyəsi sahəsində görkəmli alim, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllim oğlu Mütəllimov Naxçıvan şəhərində anadan olmuşdur.
1951-ci ildə Rəssamlıq məktəbində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsində Məsləhət məntəqəsinin müdiri vəzifəsində çalışmışdır.
1961-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi, 1963-1965-ci illərdə baş müəllimi vəzifələrində çalışmışdır.1978-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.
T.Mütəllimov 1961-ci ildə “Ə.Əbülhəsənin bədii nəsri” mövzusunda namizədlik, 1975-ci ildə isə “Ə.Haqverdiyevin sənətkarlığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1965-1978-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, 1978-ci ildən isə professorudur.
O, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Onun “Ədəbiyyatşünaslığın əsasları” və “Ədəbiyyat nəzəriyyəsi” fənlərindən dediyi mühazirələri yüksək elmi səviyyəyə malikdir.
Təhsin müəllim 170 məqalənin, 2 monoqrafiyanın və 8 elmlər namizədi yetişdirmişdir.
Onun rəhbərliyi ilə 2 filologiya üzrə elmlər doktoru və 14 filologiya üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işi müdafiə olunmuşdur.

1947 –Azərbaycan Xalq artisti, məşhur rəqqasə Afaq Məlikova Bakıda dünyaya gəlib. Uşaqlığından qızlarının rəqsə marağını görən valideynləri onu Bakı Xoreoqrafiya məktəbinə göndərirlər.
Afaq Süleyman qızı 1963-1974 – cü illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur.
Bir sıra xarici ölkədə (Türkiyə, MƏR, Polşa, Fransa, İngiltərə, Kanada, Portuqaliya, Almaniya, İspaniya və s.) çıxış etmişdir.
1982-ci ildən Dövlət Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışan A.Məlikova ömrünün 45 ilini səhnəyə həsr edib.
2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri – Xalq artisti, tanınmış rəqqasə, Məlikova “Şərəf” ordeni ilə təltif olunmuşdur.

Vəfat etmişdir:

1977 – Azərbaycanın ilk qadın idmançılarından biri, Azərbaycan SSR Əməkdar bədən tərbiyəsi və idman xadimi, Respublika dərəcəli hakim Qasımova Sona Əhməd qızı vəfat etmişdir.
Sona xanım 1912-ci ildə Maykopda anadan olmuşdur. 1934-cü ildə keçirilmiş Zaqatala-Bakı piyada yürüşündə iştirak etmiş, 1937-ci ildə qumbara tullamaq üzrə Azərbaycanın qadın idmançıları arasında ilk dəfə Zaqafqaziya rekordçusu adını qazanmışdır. Azərbaycan LKGİ Zaqatala RK-nın birinci katibi olmuş (1943), 1941-1944 illərdə döyüşçülərin ümumi icbari təhsil sistemində qumbara tullamaq üzrə təlimatçı kimi fəaliyyət göstərmiş, 1944-cü ildən bədən tərbiyəsi təşkilatlarında, 1958-ci ildən AHİŞ-də məsul vəzifələrdə çalışmışdır.1953-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir.

1983 – Tanınmış yazıçı Seyfəddin Dağlı-Əliağa oğlu Abbasov vəfat etmişdir.
Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda dоğulub. Bir müddət “Kоmmunist” və “Оrdu”qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radiо Kоmitəsində redaktоr, sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktоru оlub. “Azərbaycanfilm” kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktоr vəzifəsində çalışıb. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa dоğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş охucu kütləsinin rəğbətini qazanıb.

1992– Azərbaycanın Milli Qəhrəmanı Malik Hamil oğlu Əsədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Malik Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır.
Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür.
1992-ci il 18 yanvarda ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Malik döyüşçü yoldaşları ilə erməni faşistlərinə qarşı şiddətli döyüşlərə başlayırlar. Düşmən çoxlu sayda canlı qüvvə və texnika itirsə də, yeni qüvvələr hesabına döyüşü davam etdirirdilər. Malik bu döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Yevlax rayonunun Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.

2002 – Məşhur Azərbaycan bəstəkarı, Xalq artisti Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu vəfat etmişdir.
Cövdət Hacıyev 1917-ci ildə Azərbaycanın Şəki şəhərində anadan оlmuşdur. О, оrta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sоnralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sоnuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil оcağının rektоru vəzifəsində çalışmışdır.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev ölkəmizdə peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, о cümlədən Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!