Tarixdə bu gün
İlin 22-ci günü
Mühüm hadisələr:
1932 —Türk dilində ilk dəfə “Quran” İstanbulda məscidlərin birində uca səslə oxunub.
1969 —Sovet ordusunun kiçik leytenantı Viktor İlin Sov.İKP MK-nın Baş Katibi Leonid Brejnevə süi-qəsdə cəhd etmişdir.
1989 —Keçmiş SSRİ-də ilk dəfə “Beynəlxalq gözəllik yarışması” keçirilib. Yarışmanın qalibi türk Məltəm Hakarar olub.
1990 —20 Yanvar şəhidləri Bakının ən uca yeri olan Dağüstü Parkda dəfn edilib.

Doğum günləri:

1892 – Azərbaycan rəssamı, boyakar və qrafik Bəhruz Kəngərli Naxçıvanda anadan olmuşdur.
B.Kəngərli Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır.
Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlığa meyl göstərmişdir.
1910–1915-ci illərdə Qafqaz Incəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki Boyakarlıq və Heykəltəraşlıq məktəbində oxumuşdur.
Yaradıcılığının ilk dövründə karikatura və digər satirik rəsmlərlə yanaşı, mənzərə və məişət səhnələrini əks etdirən “Qoca kişi”, “Toy”, “Elçilik” və başqa bu kimi, akvarel və boyakarlıq əsərləri yaradır.
1914-cü ilin iyununda Naxçıvanda ilk böyük sərgisi nümayiş etdirilən rəssam yaradıcılığı boyu 2000-ə qədər rəsm əsəri çəkir.
Onun yaradıcılığında mənzərə janrı mühüm yer tutur. “Şəlalə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” əsərlərində Naxçıvan mənzərələri, “Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri” kimi tarixi abidələrini əks etdirən rəsmlər xüsusi maraq doğurur.
1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən Bəhruz Kəngərli, Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların əks olunduğu “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və başqa portretlərdən ibarət silsilə əsərlər yaradır.
Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur.
7 fevral 1922-ci ildə vəfat etmişdir.

1908 – Nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş əslən bakılı sovet fiziki Lev Davidoviç Landau Bakıda anadan olmuşdur.
Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər.
Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Nobel Komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. O, bir daha tamamilə sağala bilməmiş və əvvəlki fəaliyyətinə qayıda bilmir.
Lev Landaun 1968-ci ilin 1 aprel tarixində Moskva şəhərində vəfat etmişdir

1910 – 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Həzi Əhəd oğlu Aslanov Lənkəran rayonunda anadan olmuşdur.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 “Qırmızı Ulduz” ordeni və medallarla təltif olunmuşdur.
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verimişdir.

1944 — Xalq rəssamı Sirus Yədulla oğlu Mirzəzadə Bakıda anadan olub.
1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib.
1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub.
Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir.
Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb.
Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb,
1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb.
1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib.
Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Niderland, Norveç, Fransa, Kuba, Rumıniya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

1944 – Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub.
1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır.
Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi ” Sənətkar” orendinə layiq görülüb.
Aktyor “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Dövlət Mükafatı Laureatı adına layiq görülüb
21 yanvar 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

1950 – Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin İbrahim oğlu Şahbazov Bakı şəhərində doğulmuşdur.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər, qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, qaynar nöqtələrə getməkdə davam edirdi.1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.
Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı bütün heyət həlak oldu, şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Fəxrəddin İbrahim oğlu Şahbazova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır.
Vəfat etmişdir:

1998 — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor İbrahim Səfər oğlu Səfərov 85 yaşında vəfat etmişdir.
İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Meşəçilik (Tiflis şəhərində) və hüquqşünaslıq sahələrində iki ali təhsil almışdır.
1939-1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1942-1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olmuşdur. 1945-1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1952-1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, Sovxozlar naziri vəzifəsində çalışmış, 1953-1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir.
1961-ci ildən ömrünün sonuna kimi Elmlər Akademiyasının Botanika İnstitutunda çalışmış və yaradıcılıq fəaliyyətini həmin institutun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s. təşkil etmişdir. 1949-cu ildə “Dəmir ağacının bioekoloji xüsusiyyətləri və onun təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik, 1961-ci ildə isə “Azərbaycanın 3-cü dövr qiymətli relikt ağac bitkiləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Alimin rəhbərliyi altında terras üsulu ilə eroziyaya uğramış sahələrdə püstə, badam və başqa qozmeyvəlilərin plantasiyası yaradılmışdır. Onun əməyinin elmi axtarışları 200-dən çox elmi məqalə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. Rəhbərliyi altında 2 elmlər doktoru, 25-ə yaxın elmlər namizədi dissertasiyası müdafiə edilmişdir.

2012 — Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı Yaşar Nuri (Yaşar Məmmədsadıq oğlu Nuriyev) 61 yaşında vəfat etmişdir.
Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub.
1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.
1974-cü ildən o, Azərbaycan Dövlət Dram Teatrının aktyorudur. “Yaramaz”, “Yol əhvalatı”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Bəyin oğurlanması” kimi məşhur filmlərdə; “Yarımştat”, “Göz həkimi”, “Kişilər” , “Yollar görüşəndə…”, “Ömrün yolları”,”Qatarda”, “Evləri köndələn yar”, “Kökdən düşmüş piano”,”Topal Teymur”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Ac həriflər” və s. televiziya tamaşalarında baş rolları ifa etmişdir.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda “Sabahınız xeyir”, “Gülüş axşamı” yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. “Azərbaycanfilm” kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

2012 — Tanınmış şair, publisist və dramaturq Kələntər Şıxkərim oğlu Kələntərli 79 yaşında vəfat etmişdir.
Kələntər Kələntərli 1933-cü ildə mart ayının 20-də Qusar rayonunun Sudur kəndində anadan olmuşdur.
1950-1954-cü illərdə Quba Pedaqoji Texnikumunda təhsil almağa başlamışdır. Azərbaycan şairi Səməd Vurğunla məhz bu illərdə tanış olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur.
1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının kitabxanasında şöbə müdiri, 1960-cı ildə “Mübariz keşikdə” qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi , 1963-1964-cü illərdə Natəvan klubunun direktoru olmuşdur. 1966-1968-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında Incəsənət şöbəsinin redaktoru, 1984-1986-cı illərdə “Qızıl Şərq” mətbəəsində korrektor, 1990-1992-ci illərdə “Amal” qəzetində şöbə müdiri işləmişdir.
K. Kələntərli 1959-cu ildən 1966-cı ilin axırına kimi, “Azərbaycan gəncləri” qəzetinin Sabir adına Kitabxanada təşkil etdiyi “Ədəbi məclisin” rəhbəri olub.
K. Kələntərli həmin illərdə ədəbiyyatın ən yaxşı təbliğatçısı hesab olunurdu. Sonra o, 1967-ci ildən 1973-cü illərə kimi Respublika “Bilik” Cəmiyyətinin daimi mühazirəçisi kimi Azərbaycanın rayonlarında M.P. Vaqif, M.Ə.Sabir, C.Cabbarlı, S. Vurğun, R.Rza, Ə. Kərim və başqa sənətkarlar haqqında, ümumiyyətlə poeziya ilə bağlı maraqlı mühazirələr oxumuş, dinləyicilərin rəğbətini qazanmışdır.
Şeirləri, poemaları, ədəbi-tənqidi və publisist məqalələri “Azərbaycan”, “Qobustan”, “Ulduz” və s. jurnallarda, eləcə də qəzetlərdə müntəzəm çap olunub.
“Şuşam geri alınmasa” və “Ağ atlı oğlan” poeması xüsusilə diqqəti cəlb edir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.