Tələbə yoldaşım, Şəhid atası Kamil Abdullayevin ad gününə

Təbriklər

Kəpənəklər uçub gedər,
Əlimizdə işıldayan
  toza bənzər xatirələr.
Payız gələr…
Yollar üstə səpələnən xəzəllərdən
Gah itən, gah üzə çıxan
 izə bənzər xatirələr…
Fikrimizin aynasında
Gah alçalır,
Gah yüksəlir xatirələr…
Gah olur ki,
acılıqdan ürək dəlir xatirələr…
Gah həyatın özündən də əziz gəlir xatirələr…
Dağ başından gün əyilər,
Bir müddətsə istiliyi
 daş-divarda qalar ancaq.
Gənclik gedər,
xatiratı könlümüzü alar ancaq…
Unudulmuş bir kədərli nəğmədəki
Qırıq-qırıq sözə bənzər xatirələr.
Hərdən yanıb,
Hərdən sönən közə bənzər xatirələr.
Cığırları dağa çatan
Düzə bənzər xatirələr.
Bir işıqsız gözə bənzər xatirələr…

B.Vahabzadə

Onsuz da neçə gündür  qəm üstə köklənməkdəyəm. Bu nə sirdir, nə olan şeydir. İnsan  bir xoşbəxtliyə çatan kimi, o xoşbəxtlik  niyə adiləşir?  Niyə insan fərqində olmur heç nəyin?! Bir də o vaxt fərqində olur ki, yaşadığı xoşbəxtlik artıq əlində deyil. Uşaqlıq belə, məktəb illəri belə, əsgərlik belə, tələbəlik  belə, sevgi belə…
Əldə qalansa, ulu şairimizin dediyi kimi,  sadəcə,  “hərdən yanıb-sönən közə bənzər xatirələrdir”.  Amma heç sönmür bu köz. 46 ildir günbəgün elə yana-yana, yandıra-yandıra  gedir….

Rəhmətlik Əli Kərim necə gözəl deyib:

Necə xoşbəxt imişəm
bir zaman, Allah,
Xəbərim olmayıb
bu səadətdən…

  Bizim tələbəlik xatirələrimizin elə bir  günü olmaz ki, Kamil, əziz qardaşım,  sən o xatirələrin içində olmayasan. Əgər olsa ,  çox sönük olacaq  bu xatirələr. Nə yaxşı yaddaşımıza  belə an köçməyib.   Nə yaxşı ki,  bu xatirə mücrümüzü başaıaşağı   çevirib silkələsək, tökülən xatirələrin hamısında Kamillo var… Mən sənə “Kamillo” deyərdim.  Sən də deyrdin ki,  bunun gözlərindən, qaşlarından olmaz …
 Kəlbəcər şairlərindən gözəl bəndlər söyləyərdin:  Əli Qurbanovdan, Yaqub Cabbarovdan, Sücaətdən, Əli Mehdiyevdən, Bəhməndən…

Yaqub deyər:-Axır,əzəl bu dünya.
Olacaqdır gülü xəzəl bu dünya.
Gözəllər məskəni gözəl bu dünya,
Heç kəsə qalmaya dəhşətdi, dəhşət…

  Sən demisən bunu 45-46 il əvvəl.  Yaqub Cabbarovdan . Qiraətinin xəfif pıçıltıları, təəssüfü qulaqlarımdan çəkilməyib.
  Bədii qiraətin səsləndirilməsinin öz texnikası var. Amma Kamilin  bənd-bənd  şeirlər  deməsi bir ayrı şirinlik yaradırdı. Şeirin yaratdığı poetik ovqatı  hər kəsə doğmalaşdırıdı. Hər kəs  bu şirinliyi, həlimliyi öz canında, qanında hiss edirdi.
 Tələbəlikdə pambıq yığımında  keçmiş Qasım İsmayılov rayonunda olduq. Kamilgilin, Nazimgilin kəndlərinə çox yaxın idi.  Çox  olduq onların hər ikisinin ata evində.
 Kamil  çox  ünsiyyətcil, şən, səxavətli bir dost idi. Mərd idi, təmiz idi, Kişi adam idi.   4 ildə öz portretini belə yaradıb  əbədilik yaddaşımızda.
   Bir də ayıldıq ki, ay aman, tələbəlik bitdi, Dövlət Filarmoniyasında Məzun gecəmizdir, çaş-çağırla  bizi  Azərbaycanın rayonlarına səpələyirlər.  Təzada bax,  ayrılığa sevinirdik… Bilmirdik, bunlar bir də  geri qayıtmayacaq, hara  tələsirik….
Kamil Kəlbəcərə  təyinat aldı. Taleyini Kəlbəcərlə bağladı, orada ailə həyatı qurdu.    Kəlbəcər işğal olunanda ailəliklə köçüb Daşkəsən rayonuna pənah gətirdilər. Bildiyimcə, 2 oğlu  bir qızı  var. Böyüyü Şəhriyar Kamil oğlu Abdullayev  44 günlük şanlı  Vətən savaşında Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik məqamına  yüksəldi,  bütün xalqın  oğlu oldu  həm də.

Nənəm laylasını oxşama saydı,
Kim idim o məni oxşamasaydı?
 Oğul at asına oxşamasaydı,
Dünya başdan-başa  heçdi deyərdim…

Hüseyn Arifin bu misraları ilə sənin gerçək   varlığını bütün oxucularımıza çatdırmaq istəyirik… Sənə uzun ömür, cansağlığı arzulayırıq. Allah sənə və yoldaşına uzun ömür versin, Şəhriyar balanın qız yadigarlarını oxudub boya-başa çatdırasınız, gəlin köçürəsiniz. İnşallah…

   Təbrik etdi: 1976-1980-ci Filologiya fakültəsinin 121-ci qrup tələbələri : Məlahət, Almaz, Çiçək, Nailə, Sədaqət, Mələksima, Gülnaz, Məleykə, Ağamməd, Nazim, Akif və digərləri