Tarixdə bu gün
İlin 33-cü günü.
Mühüm hadisələr:
1238 — Çingiz xanın nəvəsi Batı xanın qoşunları indiki Rusiya torpaqlarına növbəti hücum zamanı Moskvanı tutmuşlar.
1943 — Stalinqrad döyüşü başa çatmışdır.
1955 — Baykonur kosmodromu açılmışdır.
1970 — Münhendə ilk dəfə sinir transplantasiyası həyata keçirilmişdir.
1989 — Sonuncu sovet əsgəri Əfqanıstanı tərk etmişdir.
1996 — Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirilmişdir. Bu tarix hər il Azərbaycanda “Gənclər günü” kimi qeyd edilir.

2004 — Türkiyə hökuməti “Ceyhan” terminalına Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir.
Doğuml günləri:

1932 — Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı , Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov Kürdəmir şəhərində anadan olmuşdur.
Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959-1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-1967), sonra universitetin Ümumi dilçilik kafedrasının professoru, Fılologiya fakültəsinin dekanı (1967-1974 və 1980-1990) olmuşdur. 1981-1999-cu llərdə Ümumi dilçilik kafedrasının müdiri,eyni zamanda 1990-2011-ci illərdə AMEA-nın Dilcilik institunun direkroru, AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb.
Onun “Ümumi dilçilik” (1978-1988), dilçiliyə dair şərikli yazdığı “Dilçiliyə giriş” (1966-1980), “Azərbaycan dili” (1972-1973-1974-1992) kitabları dəfələrlə nəşr olunmuşdur.
Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur (2003-cü ildən). “Şöhrət” ordeni ilə təltif edilmişdir (2000).
5 sentyabr 2015-ci ildə vəfat etmişdir,
Bakıda – II Fəxri Xiyabanda dəfn edilmişdir.

1952 — Azərbaycanın Milli Qəhrəmanı Akif Abbas oğlu Əkbərov Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur.
1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbini bitirib. 1970-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci ildə ordudan tərxis olunur. O, 1974-cü ildə Beyləqan rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətinə başlayıb. Sonuncu iş yeri Dövlət Avtomobil Müfəttişliyinin Beyləqan bölməsi olub. Polis baş çavuşu Akif Əkbərov həmin bölmədə Yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.
1991-ci ilin 5 avqust tarixində Beyləqan rayon Polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonunun “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Polislərin arasında Akif Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlara qəfil basqınlar etdiyindən, polislərimiz hər zaman sayıq olmağa çalışırdılar.
Avqustun 12-də ermənilər Cermuq şəhəri tərəfdən “Sarı yer” yaylağına hücuma keçirlər. Əhalini qorumaq üçün polis işçilərimiz döyüşə girirlər. Akif elə döyüş mövqeyi tutmuşdu ki, ermənilər başlarını qaldırmağa belə imkan vermirdi. Təxminən 6 saat davam edən bu döyüşdə Akif Əkbərov xüsusilə fərqlənir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Lakin qəfil düşmən gülləsi Akifdən də yan keçmir və Akif Əkbərov qəhrəmancasına həlak olur.
Akif Əkbərov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Beyləqan rayonunda dəfn edilmişdir.
Akif Əkbərovun Beyləqan rayonunda büstü qoyulmuşdur. Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.
Vəfat etmişdir:

1987—”Qırmızı Ulduz” ordenli həmvətnimiz Rahib Gülmalı oğlu Məmmədov hərbi xidmətini yerinə yetirərkən təbii fəlakətə məruz qalmış 28 sakini xilas etmiş, amma sonda özü də qəhrəmancasına həlak olmuşdur.
Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O, 1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olub. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçib.
Rahib Məmmədov 20 yaşında ikən 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur.
Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir.
R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.
Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var.
Rahibin oxuduğu orta məktəbdə adına muzey yaradılmışdır. Muzeyə Sahib Məmmədov rəhbərlik edir.
Gürcüstanın Çaladidi kəndində abidəsi qoyulmuşdur. 2012-ci ildə abidə təmir edilmişdir. Abidə üzərində ingilis və gürcü dillərində həkk olunmuş mətndə deyilir:
“1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə”.

1997—Həkim, müəllim, bəstəkar Hacıbaba Həsənov 74 yaşında Bakıda vəfat etmişdir.
Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942-47-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkirdi. O, meylini kamançaya salmışdı. Qızı Gülşən xanımın söylədiyinə görə, pəsdən gözəl səsi də varmış.
Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəltmişdi.
Hacıbaba müəllim 1955-ci ildən 1972-ci ilin may ayına kimi Əhmədli qəsəbəsindəki Mədəniyyət evinin bədii rəhbəri olmuş, 50-60-cı illərdə respublikada keçirilən bədii özfəaliyyət baxışlarının hamısında iştirak etmiş və hər dəfə də uğurlu işlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdu.
Həkim-bəstəkar Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq Xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi kursunu bitirmişdi. O daha sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında da təhsil almışdı.
Hacıbaba Həsənovun xalq ruhunda yazdığı “Tarçalan oğlan”, “Xatirələr”, “Eşqimin növrağı”, “Yağma yağış”, “Unuda bilmirəm”, “Təmiz eşqin” və s. mahnıları dillər əzbəridir. Hətta müəllifin sağlığında belə bu mahnıların bəzilərini müğənnilər təsnif kimi oxuyurdular. Əlbəttə, bu bir tərəfdən yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər tərəfdən haqsızlıq idi, müəllif kimi adı çəkilmirdi.
Hacıbaba Həsənov 12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olunmuş, 12 noyabr 1959-cu ildə oranı bitirmişdir.
Musiqiyə, bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu bütün ömrü boyu tərk etməmişdi. O, psixologiya üzrə elmlər namizədi olsa da, uzun illər Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə üzrə dərs demişdi.
Altmışıncı illərdə institutun rektorluğu onu çox sevdiyi musiqi və nəğmə fənninin tədrisindən ayırıb psixologiya kafedrasına baş müəllim təyin edir. Hər bir işə məsuliyyətlə yanaşan Hacıbaba müəllim üçün bu yeni təyinat ilk vaxtlar çox darıxdırıcı olur. Çünki o, musiqiyə köklənmiş beynini, qəlbini, məruzələrini indi də psixologiya üzrə kökləməliydi.
Hacıbaba Həsənov fəal şəxsiyyət idi. O, pedaqoji fəaliyyətlə, bəstəkarlıq etməklə yanaşı, APİ-nin “Təhsil” müəllimlər ansamblının da üzvü idi. Bu ansamblda kamança çalırdı. “Təhsil” ansamblının repertuarında onun mahnıları xüsusi yer tuturdu.
1946-cı ildə hələ Tibb İnstitutunun V kurs tələbəsi olarkən dostu Novruz Gəncəlinin sözlərinə “Bənövşə” mahnısını yazmışdı. Bu mahnı o zaman V.İ. Lenin adına kombinatın adlı-sanlı toxucusuna həsr olunmuşdu.
Hacıbaba Həsənov lap gənclik illərindən Novruz Gəncəli ilə dostluq edirmiş. O, tez-tez Hacıbaba Həsənovgilə gəlirmiş. Bir dəfə təsadüfən Hacıbabagilə gələndə vaxtilə sevdiyi qızla qarşılaşır. Bu gözlənilməz görüşdən duyğulanan Novruz Gəncəli Hacıbabagilə gələn kimi “Unuda bilmirəm” adlı bir şeir yazıb dostuna verir və əhvalatı ona danışır.
Hacıbaba gözəl mahnılarla yanaşı, süita da yazır. Onun dörd hissədən ibarət “Gənclik” süitası özfəaliyyət kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa olunur”.
Unudulmaz bəstəkarın sözlərində böyük həqiqət var. Poeziyaya aşiyan olan Hacıbaba Həsənov mahnıları üçün məzmunlu mətn seçməyi bacarırdı. Elə buna görə də onun mahnılarında poeziya ilə melodiya vəhdətdədir. Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri hisslər aşılayır.
Hacıbaba Həsənov operetta janrına da müraciət etmişdir: Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasına musiqi bəstələmişdir. Vaxtilə Xalq artisti Məlik Dadaşovun “Qaravəlli” xalq teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın “şirin və lirik melodiyaları” (A.Ağazadə) tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Bəstəkar bu uğurundan fərəhlənərək “Boyaqçı Kərim” adlı ikinci operettasını da yazmışdır. Vaxtilə hər iki əsər Azərbaycan televiziyası ilə nümayiş etdirilmişdir.
Həkim-bəstəkarın 150-yə qədər mahnı və romansının, süitasının heç də hamısı ifa olunmayıb.
Hacıbaba Həsənov ömrünün son bir ilini çox ağır keçirib. Xəstəlikləri düzgün təyin etməkdə çox mahir olan həkim-bəstəkar yarızarafat, yarıgerçək deyirmiş ki, özüm həkiməm, amma 12 dərdim var.
Unudulmaz bəstəkar 2 fevral 1997-ci ildə vəfat etmiş və doğulduğu Əhmədli kənd qəbiristanlığında dəfn olunmuşdur.

1983 — Görkəmli Xalq yazıçısı Əli Vəliyev 81 yaşında Bakıda vəfat etmişdir.
Əli Vəliyev 1901-ci il fevralın 27-də indiki Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olmuşdur. 1917-ci ildə Ağdü kəndindəki 3 sinifli rus məktəbini bitirmişdir. 1923-cü ildə Şuşa firqə məktəbinə daxil olmuşdur. Şuşa firqə məktəbindən sonra Bakı mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini davam etdirmişdir.
1925-ci ildə Kommunist Partiyası sıralarına daxil olmuşdur. 1925-1928-ci illərdə Kürdüstan qəzasında müxtəlif vəzifələrdə çalışmışdır. Şuşada orta təhsil haqqında diplom almışdır. 1928-ci ildə Azərbaycan Dövlət Darülfünunun Pedaqoji fakültəsinin tarix-ictimayyət şöbəsinə daxil olmuş və 1931-ci ildə oranı bitirmişdir. 1933-1934-cü illərdə “Şərq qapısı” qəzetinin redaktoru vəzifəsində çalışmışdır. 1935-1937-ci illərdə Azərbaycanın bir sıra rayonlarında partiya işində işləmişdir. 1937-1941-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqında, Azərbaycan İncəsənət İşçiləri İttifaqında, Voroşilov Rayon İcraiyyə Komitəsində məsul vəzifələrdə çalışmışdır.
1942-1945-ci illərdə “Kommunist” qəzetinin redaktor müavini işləmişdir. 1945-1950-ci illərdə “Kommunist” qəzetinin məsul redaktoru vəzifəsində çalışmışdır.
1950-1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi vəzifəsində işləmişdir. 1954-cü ildə M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954-1959-cu illərdə “Azərbaycan” jurnalının məsul redaktoru vəzifəsində çalışmışdır.
1937-1941-ci illərdə “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban” və “Sübut” kitabları çap edilmişdir. 1941-1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist kimi iştirak etmiş, gördüyü, şahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında “Cəbhə hekayələri” kitabını yazmışdır. 1942-1945-ci illərdə “Ərköyün”, “Sovqat” kitablarını çap etdirmişdir.
1945-1950-ci illərdə “Gülşən” povesti və “Hekayələr” kitabları nəşr edilmişdir. 1954-cü ildə “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüşdür. 1954-1959-cu illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, Azərbaycan, rus və Ukrayna dillərində “Çiçəkli” romanı, “Seçilmiş əsərləri”nin I cildi oxuculara təqdim olunmuşdur.
1959-cu ildə rus dilində “Ürək dostları” romanı işıq üzü görmüşdür. 1960-1970-ci illərdə “Seçilmiş əsərləri”nin II-VI cildləri, görkəmli söz ustası S.Rəhimovun anadan olmasının 60 illiyinə həsr edilmiş “Xalq yazıçısı” monoqrafiyası, “Turaclıya gedən yol”, “Budağın xatirələri” (Azərbaycan və rus dillərində) romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz” nağıl və hekayələri çapdan çıxmışdır.
1971-ci ildə “Samovar tüstülənir”, “Gəncliyimi tapdım” (rus dilində), povest və hekayələr kitabları çapdan çıxmışdır. 1972-ci ildə “Durna qatarı” oçerklər kitabı nəşr edilmişdir.
1976-ci ildə “Zamanın ulduzları”, “İstedad” (rus dilində) povest və hekayələr kitabları işıq üzü görmüşdür. 1977-1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam”, “Turaclıya gedən yol” (3-cü nəşri) romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” (rus dilində) povest və hekayələri, “Şamama Həsənova” oçerki çap edilmiş, bir sıra povest, hekayə, oçerk və ədəbi-tənqidi məqalələri dövri mətbuatda yayımlanmışdır.

1993 — Görkəmli ictimai-siyasi xadim, Əməkdar elm xadimi, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, akademik Həsən Əliyev 85 yaşında Bakıda vəfat etmişdir.
Həsən Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdli kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvana gəldikdən sonra 1917-1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib müxtəlif vəzifələrdə çalışmışdır.
1957-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərkibində Meşə torpaqları laboratoriyası təşkil etmiş və 35 ilə qədər bu şöbənin rəhbəri olmuşdur.
1968-ci ildən 1987-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının geniş elmi profilli iri institutlarından birinə – Coğrafiya İnstitutuna başçılıq etmişdir.
Böyük alimin əsas elmi yaradıcılığı torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. Cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət vermişdir.
1975-ci ildə Respublikada Coğrafiya Cəmiyyətinin prezidenti seçilmiş və bu ictimai təşkilata 1990-cı ilə qədər rəhbərlik etmişdi.
Görkəmli alimin 1940-1985-ci illər ərzində 751 əsəri dərc edilmişdir.
Bayramlar və xüsusi günlər:

2 Fevral Azərbaycan Gəncləri Günüdür
1 fevral 1997-ci ildə Respublika Gənclər Forumunun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev “2 Fevral – Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında” Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkənin hər yerində Azərbaycan gəncləri öz bayramlarını uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır.
Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir.
Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Bu gün 2 Fevral Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmazıdır.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.