Tarixdə bu gün
İlin 34-cü günü
Mühüm hadisələr:
1995 – Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın “Xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul edilib.
2004 – Prezident İlham Əliyevin iştirakı ilə “Gülüstan” sarayında “Bakı-Tbilisi-Ceyhan” (BTC) layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan maliyyələşmə paketi 78 müxtəlif tərəfin 17 mindən artıq imzası olan 208 maliyyə sənədini əhatə edib.

2014 – Bakıda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılıb. Mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Doğum günləri:

1891 – Mühacir yazıçı, salnaməçi, jurnalist, tərcüməçi Ceyhun Hacıbəyli Şuşa şəhərində anadan olmuşdur.
Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felyetonları arasında “Pristav Ağa” daha çox diqqəti cəlb edir. Əsər “Proqres” qəzetinin 1907-ci il 6 və 7-ci saylarında “Daqestanskiy” imzası ilə çap olunmuşdur.
Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında məqalələr yazır, cap etdirir. Mühacirətdən əvvəl (1919-cu ildən) “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə “Известия” (Kaspidə), “İttihat” və “Azərbaycan” (rus dilində) qəzetlərinin redaktoru olmuşdur.
1910-cu ildə o, “Hacı Kərim” povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıqdan uzun müddət uzaqlaşmışdır. Ceyhun bəy Fransada yaşayarkən “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, “La Revul des Deux Mende” adlı jurnallarda çalışmış, Parisdə fransız dilində nəşr olunan “Qafqaz” və Münhendə Azərbaycan dilində çıxan “Azərbaycan” jurnalının redaktoru olmuşdur. “Azadlıq” radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki “SSRİ-ni Öyrənən Universitetin” müxbir üzvü seçilmişdir.
Ceyhun bəyin “İslam Əleyhinə” kampaniya və onun Azərbaycanda metodları” adlı iri həcmli tədqiqat əsəri isə xüsusi əhəmiyyət kəsb edir. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir.
Ceyhun Hacıbəylinin qəbri Parisdədir.

1949 — Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Tərtər rayonunda doğulmuşdur.
Əvvəlcə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbində, sonra 12 saylı internat məktəbində təhsil almışdır. Orta məktəbi bitirib Energetika texnikumuna daxil olmuşdur. 1969-cu ildə texnikumu bitirib təyinatla Udmurt vilayətinə göndərilir.
Ermənilər torpaqlarımıza hücum edəndə Şahin Vətənə qayıdır və silaha sarılır. Onun şərəfli döyüş yolu Tərtər, Seysulan, Yarımca bölgələrindən keçir. “Qurtuluş” batalyonunda vuruşan cəsur döyüşçü neçə-neçə erməni quldurunu məhv etmişdir. Bir müddət sonra bu batalyonun komandiri də təyin edilmişdir. Polkovnik-leytenant Şahin Tağıyev torpaqlarımızın azad olunmasında böyük şücaət göstərmişdi.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Hazırda Qarabağ Azadlığ Təşkilatının sədr müavini kimi fəaliyyət göstərir.

1969 — Azərbaycanın Milli Qəhrəman Bəylər Tapdıq oğlu Ağayev Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq, doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır.
Bəylər Ağayev döyüşlərin ilk günündə bölmə komandiri təyin edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
1992-ci il 6 avqust …
Erməni vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin bu döyüş son döyüşümüz olsun” . Onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də, özləri də qəhrəmancasına həlak olurlar.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qubadlı rayonunun Qaraağac kəndində dəfn edilmişdir. Hazırda Qaraağac kənd tam orta məktəbi onun adını daşıyır.
Vəfat etmişdir:

1884 — Rusiya çar ordusunda xidmət etmiş türk əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant İsrafil bəy Yadigarov 68 yaşında vəfat etmişdir.
İsrafil Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib.
O, ilk təhsilini 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayı Hüseyn Mikayılın dini məktəbində, daha sonra Tiflisdə rus gimnaziyasında alıb. İsrafil ağa Yadigarov 1834-cü il sentyabrın 1-də könüllü olaraq Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib.
1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir.
1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir.
1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub. Bir il sonra borçalılardan ibarət ikinci könüllü süvari Azərbaycan alayı yaradıb.
Krım müharibəsi dövründə Qafqaz milli hərbi xadimləri içərisindən çıxmış hərbi rəisləri Rusiyanın şöhrətli hərbi xadimləri ilə yanaşı qoysaq, səhv etmərik. Onlara azərbaycanlı general İsmayıl bəy Qutqaşınlı, podpolkovnik Mənsur ağa Vəkilov, polkovnik İsrafil bəy Yadigarov, general-leytenant Fərəc bəy Ağayev, general Həsən bəy Ağalarov, kabardin polkovniki Sultan Qazi Gərayi, osetin polkovniki Kondukov, Dudarov və başqalarını aid etmək olar.
1855-ci il yanvarın 17-də İsrafil bəy Yadigarova polkovnik rütbəsi verilir. 1855-ci il dekabrın 10-da o, Qars hərbi dairəsinin rəisi təyin olunur. Lakin Tiflisə müalicəyə getdiyinə görə, həmin vəzifəni qəbul edə bilmir.
Nizami orduda əla xidmətlərinə görə, 1866-cı il noyabrın 8-də İsrafil bəy Yadigarova general-mayor rütbəsi verilir. 1877-ci il iyunun 6-da döyüşən ordu korpusunun tərkibində Qafqaz-Türkiyə sərhədlərinə ezam olunan general İsrafil bəyin süvari korpusu İqdır, Sərdarabad, Arpaçay, Kürəkdərə və Qars uğrunda döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir.
Nizami orduda əlli illik xidmətlərinə görə İsrafil bəy Yadigarov 1883-cü il aprelin 14-də general-leytenant rütbəsi alır. Həmin il istefaya çıxır, ona aldığı maaş saxlanılmaqla ömrünün axırına kimi general formasını gəzdirmək hüququ da verilir.
İsrafil bəy Yadigarov fevralın 6-da vəfat etmişdir.

1990 — Azərbaycan teatr və kino aktyoru, kino sənətində öz imzasını qoymuş sənətkar, Azərbaycanın Əməkdar artisti Hamlet Bəbir oğlu Xanızadə vəfat etmişdir.
Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdır. Burada orta təhsil almışdır və atası Bəbir kişi Hamletin aktyor olmasını istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran aktyorluq həvəsi hər şeyə qalib gəldi.
Hamlet 50-ci illərin sonlarında İncəsənət İnstituna daxil olmuşdur. 1961-ci ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə başlamışdır. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim etmişdi. Tədris teatrında yaratdığı rollar müəllimlərin də, tələbələrin də qəlbində onun böyük aktyor olacağına inam yaratmışdı.
Bir çox tamaşalarda oynayıb. Tərəf-müqabilləri də ki, Azərbaycan teatr səhnəsinin “ulduz”ları olmuşdur – Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı. Hamlet Xanızadə bu kimi müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Teatr onun üçün həm də məktəb idi. Hamlet Xanızadə burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar.
Kinoya 70-ci illərdə gəlmişdi. O, kinonu çox sevirdi və ömrünün son illərində kinoya daha çox meyllənmişdi. Filmlərə tez-tez çəkirdilər onu. Hərdən dublyaja, “Mozalan”a da dəvət edirdilər..
Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı.
1990-cı ilin 20 Yanvar hadisələri onu da dəhşətli dərəcədə sarsıtmışdı və günlərin birində bu ağrılar onun ürəyini əbədi olaraq susdurdu.

1994 —Xalq artisti, müğənni Rauf İsrafil oğlu Atakişiyev 68 yaşında Bakıda vəfat etmişdir.
Rauf Atakişiyev 15 iyul 1925-ci ildə Göyçayda anadan olmuşdur.
Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş “Arşın mal alan” filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir.
Lenski (“Yevgeni Onegin”, P.Çaykovski), Alfred (“Traviata”, C.Verdi), Almaviva (“Sevilya bərbəri”, C.Rossini), Faust (“Faust”, Ş.Quno), Balaş (“Sevil”, F.Əmirov) partiyalarını ifa etmişdir.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan “Я встретил девушку” mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in “Stalinabad” kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur.

2015 — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti işləmiş Akif Cəfər oğlu Hacıyev Bakı şəhərində 77 yaşında vəfat etmişdir.
Akif Hacıyev 8 dekabr 1937-ci ildə görkəmli alim Cəfər Xəndanln ailəsində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdı.
Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.
Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.
Akif Hacıyevin araşdırmalarının nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür..




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.