Tarixdə bu gün

İlin 35-ci günü

Mühüm hadisələr

1954— Cənubi Qafqazın ən iri su elektrik stansiyası — Mingəçevir SES istifadəyə verilib.

2004— Facebook sosial şəbəkəsi meydana gəlmişdir.

Doğum günləri:

1921—  Həmvətənizmiz, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi -Zadə  Novxanı kəndində anadan olmuşdur.

Lütfi-Zadə 6 sentyabr 2017-ci ildə 97 yaşında ABŞ-ın Kaliforniya ştatında dünyasını dəyişmişdir.

Bu gün dünya elminə Lütfi -Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi- Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi- Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi -Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompyuter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” və “Soft kompyutinq”.

Lütfi -Zadənin elmdə “Z-çevirmə” kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi -Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: “Aristotel məntiqi” ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, “Zadə-məntiqi” isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, “Aristotel məntiqi” ikili (binar) məntiqdir, “Zadə məntiqi” çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi -Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. “Zadə məntiqi”ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini üstələmişdir.2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi –Zadə 400 min avro dəyərində mükafata layiq görülüb.

2016-cı ildə Lütfi- Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb. “Alter” adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

Macarıstanda Obuda Universitetinin nəzdində Antal Beyçzi adına İntellektual Robotiks Mərkəzi ilə əməkdaşlığına görə, Lütfi- Zadənin fotosu bu mərkəzin divarında yerləşdirilib.

1950 — Azərbaycan ictimai xadimi, yazıçı  Gülhüseyn Mərdan oğlu Kazımov Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 1966-cı ildə Cəbrayıl qəsəbəsindəki M.Qorki adına orta məktəbi bitirərək 1967-ci ilə kimi rayondakı “1 May” kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb.

Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını və Bakı Biznes Universitetini bitirmişdir.

Dövlət qulluğunun baş müşaviridir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.

Ailəlidir, üç övladı vardır.

1995-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin Ümumi şöbəsində protokol sektorunun redaktə qrupunun rəhbəri (sektorun baş məsləhətçisi) vəzifəsində çalışmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyin edilmiş və xidmət ləğv olunan müddətə kimi (2009-cu il) burada çalışmışdır.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının işçi qrupunun üzvüdür.

“Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnmişdir. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Mahnıları Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa etmişlər. 2024-cü il fevralın 24-də Bakı şəhərində vəfat etmişdir. 

70

1956— Azərbaycan Respublikasının Xalq artisti Səkinə Qulu qızı İsmayılova Bakı şəhərində anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir.

Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli “Leyli və Məcnun”, Əsli “Əsli və Kərəm”, Gülbahar “Gəlin qayası”, Şahsənəm “Aşıq Qərib” və s. ifa etmiş və etməkdədir.

Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində – İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir.

24 fevral 2016-cı ildə Azərbaycan muğam sənətinin inkişafında və təbliğində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Vəfat etmişdir:

1871-   III Dağıstan və Çeçenistan əmiri (1834-1859) Şeyx Şamil  vəfat etmişdir.

 Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Qayınatası Nəqşibəndi şeyxi Cəmaləddin Qazi Kumikinin yanında təhsil alıb. Daha sonra özündən əvvəl imamətə başçılıq edən Qazi Məhəmməd və Həmzət Bəyin müşaviri olub.

1932-ci ildə Qazi Məhəmmədlə birgə Qimri kəndi yaxınlığındakı qalada rus ordusu tərəfindən mühasirəyə alınıb. Bu döyüşdə Qazi Məhəmməd həlak olub. Şamil isə ağır yaralansa da, qaçmağı bacarıb. 1834-cü ildə imam seçildikdən sonra ilk olaraq imamət daxilindəki fikir ayrılıqlarını həll edib, bir-biri ilə ədavət aparan Dağıstan və Çeçenistan icmalarını İslam ideologiyası əsasında birləşdirib. Şəriət əsasında məhkəmə və idarəetmə sistemi qurub. Rusiya İmperiyasına qarşı müqavimət göstərmək üçün vacib olan hərbi və mülki təşkilatlar yaradıb. Bundan başqa top, barıt, digər silah-sursat istehsalı və tədarükünü artıran Şamil hərbi təşkilatlanmada böyük irəliləyişlərə nail olub.

İmperiyaya qarşı 10 il döyüşən Şamil imam seçildiyi ildən etibarən döyüşləri bir qədər də genişləndirir, Rusiya ordusunu bir çox döyüşlərdə məğlub edir və onlara böyük ziyan vurur.

1856-cı ildə Paris sülh müqaviləsindən istifadə edən Rus imperatoru Qafqaz cəbhəsinə 200 minlik hərbi qüvvə göndərir. General Nikolay Muravyov və Aleksandr Baryatinskinin başçılıq etdiyi rus ordusu 1859-cu ilin  aprel ayında İmam Şamilin iqamətgahı olan Vedeno aulunu, iyun ayında isə bütün Çeçenistan ərazisini ələ keçirir.

1859-cu ilin avqust ayında İmam Şamil 400 silahdaşı ilə birlikdə Dağıstanın Qunib aulunda 70 minlik rus qoşununun mühasirəsinə düşür. Müqavimət dövründə kənardan heç bir kömək görməyən İmam Şamil bütün qüvvə və qaynaqların tükəndiyini anlayaraq  təslim olur. Əvvəlcə Kaluqa şəhərində, daha sonra isə Kiyevdə saxlanılan Şamil Həcc ziyarəti üçün Çar II Aleksandrdan icazə alaraq 1869-ci ildə İstanbula gəlir. Osmanlı Sultanı Əbdüləziz tərəfindən ayrılan gəmi ilə Ciddə limanına yola düşür. Məkkədə Həcc ziyarətini yerinə yetirərək Mədinəyə gedir. İmam Şamil Mədinədə olarkən xəstələnir və 1871-ci il  fevralın 4-də 74 yaşında orada vəfat edir. Mədinə şəhərindəki məşhur Əl-Bəqi qəbiristanlığında dəfn olunur.

 1974—  Azərbaycan SSR Elmlər Akademiyasının  1962-1967 -ci illərdə prezidenti  olmuş Zahid Xəlilov vəfat etmişdir.

Zahid Xəlilov 14 yanvar 1911-ci ildə Bolnisi rayonu Saraçlı kəndində anadan olmuşdur. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür.

Tiflisdə orta məktəbi və Türk Pedoqoji Texnikumu bitirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illərdə Universitet bağlandığına görə ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tbilisi Dövlət Universitetində məşhur riyaziyyatçı, professor S. Berqmanın rəhbərliyi altında “Kleb məsələsi və onun ümumiləşməsi” mövzusunda dissertasiya müdafiə etmişdir.

1940-cı ildə onu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət etmişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır.

Z.Xəlilov 1946-cı ildə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur.

Z.Xəlilov 1950–ci ildə Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir.

Məzarı Fəxri Xiyabandadır.

Bakı şəhərində adına küçə və məktəb var.

1982 — Xalq artisti, aktyor və rejissor Miribrahim Tağı oğlu Həmzəyev 73 yaşında Naxçıvanda vəfat etmişdir.

Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində doğulub.

Əvvəlcə Gəncə İşçi klubunda, sonralar Qadınlar klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub. Əksəriyyətini özü və həmçinin Adil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi “Aydın”, “Solğun çiçəklər” (Cəfər Cabbarlı), Bəxtsiz cavan” (Əbdürrəhim bəy Haqverdiyev), “Hacı Qara” (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr Məktəbində təhsil alıb. Tələbəlik illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.

İbrahinı Həmzəyev 1937-ci ildə Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. Qısa fasilələrlə), direktor (1964) işləyib. Arada yardım üçün Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947-1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.

Bütün bu illərdə aktyorluq fəaliyyətindən ayrılmayıb. Onun aktyorluq yaradıcılığının zəngin rollar qalereyasında 150-dən artıq səhnə obrazı var.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!