Tarixdə bu gün

   İlin 57-ci günü.

Mühüm hadisələr:

1618 — Osmanlı padşahı I Mustafa saray çevrilişi ilə taxtdan endirildi.

1618 — Osmanlı padşahı II Osman saray çevrilişi ilə taxta oturdu.

1926 — Bakıda I Türkoloji qurultay işə başlayıb.

1992 — Ermənilər sovet ordusunun 366-cı alayı ilə birgə Xocalıda qırğın törədib.

1992 — Azərbaycan Respublikası Banqladeş ilə diplomatik əlaqələr qurmuşdur.

2003 — Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında “Şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə təsliminə dair Saziş” imzalanıb.

Doğum günləri:

1802 —Məşhur fransız yazıçı, utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri Viktor Hüqo Fransada doğulub.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Hüqo başlıca olaraq özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında “Düşüncələr” (Les Contemplations) və “Əsrlərin əfsanəsi” (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri yəqin ki, “Səfillər” (Les Misérables, epopeya) və “Notrdam kilsəsinin qozbeli”(Notre Dame de Paris), “Edam Məhkumunun Son Günü” romanlarıdır.

Həyat gerçəkliyinin insan gözünə dirənməsi, yaxud da xoş nəğmələrlə ictimai depressiyanı cilalayan əsər. Əsərdə pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları-cinayətkarları, fahişələri və s. müdafiə etmişdir.

Fransa siyasi həyatında da olduqca aktiv olan Hüqo gənclik illərində mühafizəkar meylli olsa da, sonralar siyasi sollara qoşulur və respublika ideyasının ən çılğın tərəfdarına çevrilir.

Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri və mədəni həyatda baş verən hadisələri canlandırır.

22 may 1885-ci ildə 83 yaşında vəfat etmişdir.

1893—Xalq artisti , Gürcüstan SSR Əməkdar artisti, Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenli Fatma Sәttar qızı Muxtarova Cənubi Azərbaycanın Urmiyə şəhərində doğulmuşdur.

Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçmüşdür. Saratov Konservatoriyasını bitirmiş, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa vә s. şәһәrlәrin opera teatrlarında oxumuş, 1938—53 illәrdә AOBT-nın solisti olmuşdur.

Atasını erkən itirmiş, ailəsini saxlamaq üçün Rusiyanın şəhərlərində (Peterburq, Saratov və s.) “Katya” adı ilə şarmanka, eləcə də qarmonun müşayiəti ilə oxumuş, təlxək və oyunbazlarla birlikdə çıxış etmişdir. “Saratovskiye vedomosti” qəzetinin redaktoru N.M.Arxangelskinin, Saratov Konservatoriyasının prof. M.Y.Medvedevin köməyi ilə 1914 ildə Saratov Konservatoriyasını bitirdikdən sonra Moskvaya köçmüş, F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxumuşdur. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tbilisi və s. ş.-lərin opera teatrlarında oxumuşdur.

Fatma Muxtarova 1938-1953 illərdə M.F.Axundov adına Azərbaycan  Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Əməyi Qırmızı Əmək Bayrağı və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

19 oktyabr 1972-ci ildə 79 yaşında Bakıda vəfat etmişdir.

1926 — C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası,  komik, psixoloji və dramatik rolların məharətli ifaçısı,   Xalq artisti Sofa Həsən qızı Hüseynova Bakı şəhərində anadan olub.

Atası hərbçi olduğu üçün işləmək üçün Naxçıvana göndərilib.Sofya Hüseynova orta məktəbi də Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb.

Sofa Hüseynova1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 dekabr 1982-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.Həyatı boyu Naxçıvan teatrın aktrisası olmuş, bir-birindən maraqlı və rəngarəng obrazlar yaratmışdır.

Ğülnar və Xuraman, Fitnə (“Vaqif” və “Fərhad və Şirin” Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya (“Solğun çiçəklər”, “Aydın” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Tərgül (“Məhsəti”, Kəmalə Ağayeva), Humay (“Komsomol poeması”, İsgəndər Coşqun), Zöhrə (“Eşq və intiqam”, Süleyman Sani Axundov), Nərminə (“Göz həkimi”, İslam Səfərli), Zalxa (“Toy”, Sabit Rəhman), Günəş (“Günəş”, Hüseyn Razi), Tanya (“Alınmaz qala”, Həsən Elsevər), Tovuz xanım (“Bir cüt bədmüşk ağacı”, Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım (“Məşədi İbad”, “Arşın mal alan” və “Ər və arvad”, Üzeyir bəy Hacıbəyov), Gülcamal (“Qatır Məmməd”, Zeynal Xəlil), Qızbacı (“Hicran”, Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım (“Özümüz bilərik”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə (“Dan ulduzu”, Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.

Aktrisa 30 iyun 2015-ci il tarixində 89 yaşında Naxçıvanda vəfat edib.

1954—Türkiyə Respublikasının 12-ci prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri  Rəcəb Tayyib Ərdoğan İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur.

1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-cı ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə “NTV” dəki proqramda türk olduğunu söyləmişdir.

Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-ci ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla 4 iyul 1978-ci ildə evlənmişdir. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olmuşdur.

1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirmişdir. Hərbi xidmətdən döndükdən sonra əvvəllər çalışdığı şirkətdə təxminən il yarım işləmişdir. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirmişdir.

Türkiyədə 12 sentyabr 1980-cı il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçildi. 1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd oldu. 1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu. Lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etdi.

27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürüldü. 27 mart 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri seçildi.

Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şeirə – Ziya Göyalpın 1912-ci ildə “Balkan Savaşı” üçün yazdığı “Asker Duası”nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında “hər dövrün Firoun və Nemrutları olduğu kimi bunun qarşısına çıxacaq Musa və İbrahimləri də var” söyləməsi səbəbindən həbs olunur. Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı dini və irqi ayrı-seçkiliyə görə kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən 1 il həbs cəzası alır və 860 mln. TL cərimələnir. Daha sonra bu cəza 10 ay həbs və 176,666,666 TL pul cəzası ilə əvəzlənir. 10 aylıq həbsin 4 ayını məhbəsdə yatan Ərdoğan əfv olunaraq azadlığa çıxır. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirir.

Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət Partiyasının konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini “mühafizəkarlar” və “islahatçılar” adı ilə iki qanadda davam etdirirlər. “Mühafizəkarlar” adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001-ci ildə Səadət Partiyasını qurarkən, “islahatçılar” da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradırlar.

Tayyib Ərdoğan partiyanın sədri seçilir.

Qurulan Ədalət və İnkişaf Partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir.

Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur.

Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.

Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi.Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi. Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir

1968 — Azərbaycanın Milli Qəhrəmanı Canpolad Yaqub oğlu Rzayev Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta

məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq Vətənə döndü.

Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu.

26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…Erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canbulaq tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canbulaq döyüş meydanında qəhrəmancasına həlak oldu. Anadan olduğu gün də Şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Canpolad Yaqub oğlu Rzayevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Vəfat etmişdir:

1992 — Millli Qəhrəman Əlif Hacıyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.

1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər.Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir. 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxdı.

Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir.Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”.Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var.Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.

1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi.

Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi. Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi.

Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi. Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü. Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı. Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.

Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1992 —Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Ələsgər Novruzov 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə.Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır.

1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin təsərrüfat bürosunun müdiri işləmişdir.

Qarabağ müharibəsinin başlandığı ilk gündən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi.

Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücüm edərkən Ə.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, çoxlu itki vermişlər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədər əhalini də  sağ-salamat təhlükəsiz əraziyə çıxarmışlar.

25 fevral 1992-cı ildə   düşmənlə amansız  döyüş gedirdi.  Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası almışdır. O, son gülləsinə qədər döyüşmüş,  sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Ölümündən sonra “General Məhəmməd Əsədov” mükafatına layiq görülmüşdür.

Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.

1992 —Azərbaycanın Milli Qəhrəmanı Tofiq Mirsiyab oğlu Hüseynov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tofiq Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-1971-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə sovet ordu sıralarına çağırılmış, 1976-cı ildə ordudan tərxis olunmuşdur.

1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin atəş nöqtələrini susdururdu.

Tofiq Mehdikənd kəndində on erməni yaraqlısını əsir götürmüşdü.  Qəhrəmanın  adı cəbhə boyu dolaşırdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir.

Tofiqin sonuncu döyüşü Xocalıda 26 fevral oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi ,son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu…

Ailəli idi, üç uşağı- Yasəmən Hüseynova, Əfsanə Hüseynova, Murad Hüseynov. Müharibədə anası və atası öldürülmüşdür. Qardaşlarından biri əsir alınmış, digəri xilas olmuşdu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1992— Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

ikmət Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıtmışdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur.

Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olarq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə olunduğdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral ermənilər Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradırdı.

Bu döyüşdə xeyli erməni quldurunu məhv edən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Azərbyacan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

1992 —Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov Xocalı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Füzuli Rüstəmov 25 dekabr 1965-ci ildə Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli məktəbi bitirən kimi işləməyə başlamışdır.

Qəlbi daima Vətən eşqi ilə dou olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi: Füzuli xeyli qan itirmişdi.

Azərbaycan Respublikası Prezidentninin 25 fevral 1997-ci il tarixli 553 saylı fərmanı ilə Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Tərtər rayonunun Hüsənli kəndində dəfn edilib.

1992 —Azərbaycanın Milli Qəhrəmanı Araz bahadır oğlu Səlimov Xocalı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Araz Səlimov 1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıtmışdır.

1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən daha iki nəfər – qardaşı və atası da həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

1996 — Məşhur şair, Әməkdar incəsənət xadimi Әli Qulu oğlu Cavadzadə (Əli Tudə)72 yaşında Bakıda vəfat etmişdir.

Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. 150 saylı orta məktəbdə oxumuşdur. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub.

Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır.

Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. O, yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirmişdi.

Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

Bayramlar və xüsusi günlər:

Xocalı soyqırımı günü

 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!