Baş redaktordan

Alimə hörmət — gələcəyə hörmətdir.

Bir neçə gündür bəzi media vasitələri reytinq naminə elmimizin tanınmış simalarını məişət səviyyəsinə endirən, səthi və məsuliyyətsiz yazılar tirajlayır. Bu, təkcə etik məsələ deyil — həm də milli düşüncə məsələsidir.
Ayıbdır.
Ahılına, ulusuna qədirşünaslıq duyğusu olmayan xalq özü-özünü bataqlığa sürükləyir. Alim adi adam deyil. Alim ömrünü elmə bağlayan, gəncliyini kitabxanalarda, arxivlərdə, cünglərdə keçirən, torpaq qatlarını qazaraq tarix çıxaran, bir kəlmənin arxasında aylarla araşdırma aparan insandır.
Bu gün şəkilləri paylaşılan həmin ağsaqqal alimlər onlar haqqında hədyan yazanların yaşından iki dəfə artıq ömrü elmə sərf edib. Onların sakit görünən ömrü, əslində minlərlə səhifəlik zəhmətin, yüzlərlə tələbənin taleyinə toxunan müəllim məsuliyyətinin tarixidir. Onların zahirən sakit görünən çöhrələri, əslində, 40–50 illik elmi zəhmətin, yuxusuz gecələrin və tükənməz axtarışların zamanla üzə çıxmış izləridir. Əgər bir insan ömrünü kitabxanalara, arxivlərə, ekspedisiyalara, auditoriyalara həsr edirsə, artıq o, təkcə fərdi həyat yaşamır — o, milli düşüncənin daşıyıcısına çevrilir.
Bu alimlər cahan süfrəsinə öz paylarını çoxdan qoyublar. Elmin gurultusu olmur, amma çəkisi olur. Şəkilləri paylaşılan alimlərimizin hər birinin əməyi kitab rəflərində, tələbələrinin yaddaşında, ölkənin elmi nüfuzunda yaşayır.
Bəs siz nə etmisiniz?
Hələ bir əsr əvvəl Mirzə Ələkbər Sabir bu cəmiyyət xəstəliyini dəqiq təsvir etmişdi:
Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək, bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan…
Əslafımıza çünki həqiqi xələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!

Zaman dəyişsə də, təəssüf ki, bəzən mahiyyət dəyişmir.
Allah rəhmət eləsin, şair Şəmşad Rza da bu psixologiyanı çox dəqiq ifadə etmişdi:
Üzünə qaldırdı ovçu tüfəngi,
Güllənin uçuşu aldı qartalı.
Məni o yandırdı,
o yandırdı ki…
Ömründə zirvəyə qalxa bilməyən
Zirvədən aşağı saldı qartalı.
Bəli, insanı yandıran da budur: zirvəyə qalxa bilməyənlərin zirvəni ləkələmək həvəsi.
Sual sadədir: cahan süfrəsinə bir nemət qoymayanın, ömrünü elmə həsr etmiş adama söz atmağa mənəvi haqqı varmı?
Media azadlığı mühüm dəyərdir. Amma azadlıq məsuliyyətlə tamamlananda gücə çevrilir.
Xalqın aliminə, ağsaqqal bir insanına ictimai utanc yaratmaq cəhdi nə qəhrəmanlıqdır, nə də jurnalistika. Bu, sadəcə, reytinq aclığıdır.
Xoşbəxtlikdən, belə düşünənlər çoxluq təşkil etmir. Çoxluq sağlam düşüncəli insanlardır. Amma o sağlam çoxluq susmamalıdır. Belə auditoriyaların formalaşmasına imkan verilməməlidir.
Sevindirici haldır ki, cəmiyyətimizin böyük əksəriyyəti alimə hörmətin dövlətə hörmət olduğunu anlayır. Sağlam ictimai rəy də məhz bu düşüncə üzərində qurulmalıdır.
Çünki alimə göstərilən ehtiram — gələcəyə göstərilən ehtiramdır. Bu gün də, sabah da milli elmi potensialı formalaşdırmış insanlara münasibətdə ölçü və ədalət prinsipi hər zaman qorunmalı və üstün tutulmalıdır.
Hər bir qələm sahibi yaşadığı cəmiyyətin intellektual dayaqları haqqında danışarkən, yazarkən ölçü və məsuliyyət hissini unutmamalııdr.
Bizim yazımız ittiham yox , daha çox düşüncə çağırışı kimi bir ziyalı mövqeyidir.