Tarixdə bu gün

 İlin 56-cı günü.

Mühüm hadisələr:

1984 — Qadın kosmonavtlar arasında ilk dəfə Svetlana Savitskaya açıq kosmosa çıxıb.

1992 — Azərbaycan Respublikası Yəmən ilə diplomatik əlaqələr qurmuşdur.

1992 — Erməni quldurları Xocalı üzərinə hücuma başlayıb.

Doğum günləri:

1906 — Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Ağaməmməd oğlu Cəfərov Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur.

1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır.

Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə   düşmənin atəş nöqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə, 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.

O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.

Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.

3 may 1984-cü ildə vəfat etmişdir.

Məzarı Neftçala şəhərindəki İsmilli aramgahındadır.

Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.

1951 —Görkəmli jurnalist, iki dəfə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı, “Qızıl qələm” və Həsənbəy Zərdabi mükafatları laureatı Şakir Hənifə oğlu Yaqubov Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.

1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. Hazırda 2-ci qrup əlil kimi pensiyadadır, işləmir.

“Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və “Yaddaşımın küncündən…” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının həmmüəllifi, məşhur islamşünas alim Q.E. fon Qrünebaumun “Klassik islam” monoqrafiyasının, Y.Boqatın “Onlar belə sevirdilər” (Ə.Ağalarov və E.Cabbarovla birgə) kitabının və dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisidir.

Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda “Sevirsə, qayıdacaq…” adlı oçerki IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat”a (Bakı, 1989-cu il) daxil edilib.

Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə, İki dəfə  “Əməkdar mədəniyyət işçisi” fəxri adına, “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına  mükafatlarına layiq görülüb.

1958 — Güllə atıcılığı üzrə Afina Olimpiadasının və bir çox yarışların mükafatçısi İradə Aşumova anadan olub.

İradə Aşumova 2004-cü il Afina Olimpiadasının bürünc medalını qazanıb. 1996, 2000, 2004 və 2012-ci illərdə Olimpiya Oyunlarında təmsil edən İradə Aşumova, həm də ölkəmizi 2015-ci ildə I Avropa Oyunlarında təmsil etmişdir.

2002 və 2004-cü illərdə “Tərəqqi” medalı ilə təltif olunub.

İradə Aşumova öz şəxsi məşqçisi Vladimir Lunev ilə ailə həyatı qurub, iki övladı var.

Oğlu Ruslan Lunevdə atıcıdır və Azərbaycanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.

 1964 — Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov Qərbi Azərbaycanın Uluxanlı rayonunun Yuxarı Necili kəndində anadan olmuşdur.

1971-1981-ci illərdə Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə təhsil almışdır. 1982-ci il ordu sıralarına çağırılır. 1982-ci il ordudan tərxis edilir. 1983-cü il SSRİ DİN-nin Ali Siyasi Məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə Vətənə dönür və  ailəsini Bakı şəhərində yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ müharibəsində iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də cavab almır. 1992-ci il Vətənə qayıdır.

Hərbi polis alayında rota komandiri kimi xidmətə başlayır.

Sahilin komandirlik etdiyi bölüy Zəngilan rayonunun Qazançı, Ağkənd, Dərəli kəndlərində fəaliyyət göstərir. Qazançı kəndi ermənilərin hücumuna məruz qalırdı. Cəsur döyüşçülər erməni quldurlarını  dəfələrlə geri oturda bilmişdilər.

Növbəti  həmlələrin birində  erməni işğalçıları Qazançı kəndini aramsız  top və raket atəşlərinə tuturlar. Döyüşün qızğın yerində Sahilin yanında mərmi partlayır.Cəsur komandir sağ qolundan və sağ ayağından ağır yaralanır. Onu döyüş meydanından çıxarıb Bakıya – Mərkəzi xəstəxanaya göndərirlər. Həkimlərin ciddi səyi nəticəsində onu xilas etmək mümkün olur.

1994-cü ildən Sahil Məmmədov DİN-nin Pasport, Viza və qeydiyyat idarəsində baş inspektor çalışır.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

1967 — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini, Oleq Babak Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub.

O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində,  sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib.

Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.

Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının leytenantı Oleq Babak SSRİ Prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1980 — Rus müğənni aktyor Vladimir Vısotski 42 yaşında vəfat edib.

Vısotski 25 yanvar 1938-ci ildə Moskvada anadan olmuşdur.

O, “Qalileyin həyatı”, “Hamlet”,”Puqaçov”, “Albalı bağı”, “Cinayət və cəza” tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazmışdır.

V.Vısotski 1959-cu ildən kinoya çəkilmişdir. 1960-cı ilin I yarısından Vısotski mahnılarını gitarada ifa etməyə başlamışdır. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilmiş və SSRİ-də kitablarını bir iki mahnı və şeirindən başqa çap etdirmək mümkün olmamışdır. 70-ci illərin II yarısından başlayaraq xarici ölkələrdə konsertlərlə çıxış etmişdir. 1980-ci ilin 18 iyulunda “Hamlet” tamaşasından bir həftə sonra ayın 27-də vəfat etmişdir. 1981-ci ildə SSRİ-də onun ilk kitabı “Əsəb”(“Nerv”) çap olunmuşdur.

1987-ci ildə, ölümündən sonra ona “Görüş yerini dəyişmək olmaz” filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Aqil Quliyev 1963-cü ilin sentyabrın 19-da Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olub. Üçüncü kursdan hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 1985-ci ildə Xarkov Ali Milis məktəbinə daxil olub. Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1988-ci ildə Milli Ordu qərargahına gələrək hərbi xidmətə yazılıb.

Onun xahişini nəzərə alıb, 45 nəfər döyüşçü ilə cəbhə bölgəsinə göndərirlər, dəstə Zabrat hava limanından vertolyotla Ağdama yola düşüb.

1991-ci ilin sonunda Xocalı cəbhə bölgəsinin ən qorxulu nöqtəsi idi.

O, 21 nəfər döyüşçü ilə Xocalı hava limanının rəisi Əlif Hacıyevin müdafiə batalyonu ilə çiyin-çiyinə Xocalının müdafiəsində dayanmışdı. Lakin onların təchizatı və iqtisadi təminatı yox dərəcəsində idi. Ona görə də Xocalı camaatına müraciət edildi. Ətrafla əlaqə kəsildiyindən Aqil Quliyevin ərzaqla təminatını xocalılılar öz boyunlarına götürdülər.

Vəziyyət get-gedə çətinləşirdi. Aqil Quliyev hücum edib MDB-nin qoşun hissələrindən 3 BRDM, ərzaq dolu 2 UAZ maşın, 13 hərbçini girov götürdü. Əsgərləri tərksilah edib Ağdama göndərdilər. Bundan sonra MDB-nin qoşun hissəsi Xocalı milis şöbəsinə basqın etdi. Bir neçə nəfəri öldürüb rəis müavinini girov apardılar. Aqil dəstəsi ilə hücuma keçib düşmənin BRDM-ni heyəti ilə birlikdə ələ keçirdi, milis şöbəsindəki düşmənləri də girov götürüb qərargaha göndərdi.

1992-ci il fevralın əvvəllərində Aqil Quliyevin rəhbərliyi ilə 366-cı motoatıcı alayın altı BMP-si heyət üzvləri ilə birlikdə girov götürülür. Heyətin sırasında bir rus polkovniki də olur. Təcili girovların geri qaytarılması üçün rəhbərlikdən zəng edilir. Hədələrin və zənglərin ciddi şəkil alacağını düşünərək Quliyev rus polkovniki ilə dialoqa girir. 1 “BMP”, 1 “Kristall” raket qurğusu, çoxlu hərbi sursat və 1 maşın ərzaq alır. Bundan sonra girovların geri qaytarılması haqqında yuxarıya məlumat çatdırır. Girovlar geri qaytarıldıqdan sonra ermənilər rus ordusu ilə birlikdə Xocalını mühasirəyə alırlar. Fevralın 18-də Aqil Quliyev qız-gəlinləri Xocalıdan çıxarmaq üçün 11 nəfər döyüşçüsünü götürüb, mühasirəni yarmaq üçün erməni postuna yaxınlaşır və onlara göz açmağa imkan verməyib 21 nəfərini öldürürlər.

 Qanlı döyüşdə  İlqar qəhrəmancasına həlak olur,    Aqil, Cabbar və Hafiz isə yaralandılar. Aqil Quliyevin təcili cərrahiyyə əməliyyatına ehtiyac vardı. Lakin həmin zaman, nə həkim çağırmaq, nə də Aqil Quliyevi hospitala çatdırmaq mümkün deyildi.

Onlar  Aqili xərəyə qoyub Kətik kəndinin yanına qədər gətirib çıxardılar. Lakin dağın döyüşündə erməni əsgərlərinin pusqusuna düşdülər. Aqil Quliyevi aparanlardan hamısı həlak oldu, bir güllə də Aqilə dəydi. Aqil Quliyevin meyitini beş gün sonra martın 2-də hadisə yerindən götürmək mümkün oldu.

1992 — “İgidliyə görə” medalı ilə təltif olunmuş Şöhrət Usub oğlu Həsənov Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman o, rayon icra hakimiyyəti başçısının birinci müavini olub.

O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə son nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan   güllələrin hamısı artıq qurtarmışdı.  Bu zaman Şöhrət  erməni snayperinin gülləsinə tuş gəlir: hər iki ayağından vurulur. Ona işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.

Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Qəhrəmanın Aygün, Almaz, Gülnarə, Ruhiyyə və Bəyaz adlı qızları və oğlu Babək yadigar qalıb.

Şöhrət Həsənov “Xocalının səsi” qəzetinin nəşr edilməsinə də böyük dəstək göstərirmiş və hətta qəzetin adını da özü seçmişdi.

2010— Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünyaşöhrətli pediatr AMEA-nın fəxri üzvü İhsan Doğramacı 94 yaşında Ankarada vəfat

etmişdir.

İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperatorluğunun tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib.

İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır.

İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin Heyət rəhbəri (1965-1967), Hacəttərə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.

1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən həyatının sonuna  qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrəndi.

1981-1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin Heyət sədri vəzifəsini icra edirdi.

İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür.

Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!