Tarixdə bu gün
İlin 60-cı (uzun illərdə 61-ci) günü. İlin sonuna 305 gün qalır.

Mühüm hadisələr:
1799 — Sankt-Peterburqda vals oynamaq qadağan edilmişdir.
1928 — “Vışka” qəzeti nəşrə başlamışdır.
1959 — Türkiyə Basketbol Federasiyası rəsmən yaradılmışdır.
2012 — Quba hadisələri (2012) baş vermişdir.
Doğum günləri:

1912 –İlk azərbaycanlı qadın pedoqoq alim Zümrüd Qulam qızı Axundova Şəkidə anadan olub.
Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb. Həmin ildən dərs deməyə başlayıb : 15 yaşından 5 saylı məktəbdə müəllimlik edib. 1929- cu ildə Xalq Maarif Komitəsi tərəfindən nümunəvi komsomol məktəbinə keçirilib. Eyni zamanda Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931–ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib.1 il sonra oranı bitirib. Bakının müxtəlif ali məktəbləri – Azərbaycan Pedaqoji İnstitutu, Xarici Dillər İnstitutu, Azərbaycan Dövlət Universitetində də pedoqoji fəaliyyətlə məşqul olub.
1943-1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində (ADU)çalışıb.
1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-ci illər” mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır. Z.Axundova bu əsəri ilə Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir.
Z.Axundova müxtəlif təhsil ocaqlarında məktəblilər, valideynlər qarşısında təlim-tərbiyə mövzularında mühazirələr oxuyub. Gənc Azərbaycan qadınlarının təhsilə cəlb olunmasında böyük rol oynayıb.
İkinci Dünya Müharibəsi dövründə ADU qəzetinin redaktoru olub, əhali arasında təşviqat aparıb.
Z.Axundovanın Azərbaycanda uşaq ədəbiyyatının inkişafına dair elmi araşdırmaları da maraq kəsb edir. “Azərbaycan qadını” jurnalı ilə müntəzəm əməkdaşlıq etmişdir.
Zümrüd xanım ailədə də xanım-xatın bir qadın olmuşdur. Onun sayəsində ailəsi kiçik bir elm və mədəniyyət ocağına çevrilmişdir. Burada Azərbaycan ədəbiyyatşünaslığının yaradıcılarından biri – akademik Məmməd Arif Dadaşzadə (həyat yoldaşı) kimi görkəmli alim yaşamış, yazıb-yaratmışdır.
Zümrüd xanımın oğlu – Araz Dadaşzadə filologiya elmləri doktoru, Əməkdar Elm xadimi, Azərbaycan Ensiklopediyasının baş redaktoru olmuşdur. Nəvələri : Aqşin Dadaşzadə – filologiya üzrə fəlsəfə doktoru, Zümrüd Dadaşzadə – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının professoru, Əməkdar İncəsənət xadimi olmuşdur
7 dekabr 1961 –ci ildə 49 yaşında vəfat etmişdir.

1938 — Məşhur qoboy ustadı, bəstəkar və pedaqoq Kamil Cəlil oğlu Cəlilov Bakıda Buzovna qəsəbəsində anadan olub.
Kamil Cəlilov qışı Bakının Yuxarı məhəlləsində, yayı isə Buzovnada keçirirdi. Orta təhsilini Bakıdakı 176 nömrəli tam orta məktəbdə almışdır. Eyni zamanda o, 1955-ci ildə Bakı şəhər 1 saylı musiqi məktəbində dərs almışdır.
Sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə, Fuad Sadıqbəyovun sinfinə daxil olub və 1959-cu ildə orada təhsilini başa vurub. İmtahanda Azərbaycan və Qərb bəstəkarlarının bir neçə əsərlərini çalaraq konservatoriyaya daxil olub.
Kamil Cəlilov artıq 1965-ci ildən ixtisaslı qoboy ifaçısı kimi sənətə vəsiqə alıb.
Kamil Cəlilovun qoboy ifaçılığı sənətində yeniliyi ilk dəfə muğamları bu alətdə tətbiq etməsidir. “Bayatı Kürd”, “Segah”, “Zəminxara”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Hümayun”, “Qarabağ şikəstəsi”, “Kəsməşikəstə” muğamları Kamil Cəlilovun ifaçılıq sənətinə bəxş etdiyi dəyərli incilərdi. “Rahab”, “Yanıq Kərəmi”, “Kəsməşikəstə”, “Səmayi-şəms”, “Baş sarıtel», “Cəlili” və bu kimi musiqi nümunələrini özünün tərzində ifa edərək qoboy alətini yenidən şərqləşdinnəyə nail olmuşdur.
Onun ifasında “Apardı sellər Saranı”, “Sarı bülbül” və birsıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənir. Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun “Çar Soltan haqqında nağıl” operasından “Arının uçuşu”, Üzeyir Hacıbəyovun “Firuzə” operasından “Firuzənin ariyası”, Fikrət Əmirovun “Mən səni araram”, “Göygöl” mahnıları, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən bir sıra fraqmentlər səslənərək, dinləyicilərin yaddaşına əbədi həkk olunmuşdur.
Kamil Cəlilov 22 fevral 2022-ci ildə 83 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1970 – Azərbaycan görkəmli alimi, tibb elmləri doktoru, professor İbrahim Mustafa oğlu Topçubaşov 45 yaşında Bakıda vəfat etmişdir.
İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə Bakıda anadan olub.
1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda Cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb.
O, bir cox lirik mahnının müəllifidir.
İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub.

2005— Azərbaycanda rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev 82 yaşında Bakıda vəfat etmişdir.
Kamil Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olmuşdur.
1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə – tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K. Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya “Azərxalça” birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.
K. Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, onun döyüş rəşadəti 22 orden və medalla təltif edilmişdir.
Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam – müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın da, respublikanın “Tətbiqi incəsənət ustası” adının ilk sahibi də 1960-cı ildə Kamil Əliyev oldu.
Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.
Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.

2010 — Tanınmış aktrisa Lütviyyə Şamil qızı Səfərova 68 yaşında vəfat etmişdir.
Lütviyyə Səfərova 1941-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun “Gözün aydın” komediyasında Leyli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu” əsərində Nazlı, Emin Sabitoğlunun “Hicran” komediyasında Çarleston, Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə “Tənqid-Təbliğ” teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və “92 dəqiqə gülüş”də Qəmziyyə, “Hələlik”də Lalə, “On min dollarlıq keyf”də tərcüməçi qadın, “O olmasın, bu olsun”da Sənəm, “Dəli dünya”da ana, “Nəğməli Könül”də Qəmər xanım, “Bankir adaxlı”da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.

2012 – Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Hicran Soltan oğlu Hüseynov 70 yaşında Bakıda vəfat etmişdir.
Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu.
1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi.
Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi.
1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir.
2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.
AZTV-nin “Mədəniyyət” kanalında baş redaktor vəzifəsində fəaliyyətini davam etdirmişdir.
Bayramlar və xüsusi günlər
Ümumdünya Yuxu Günü

Bu gün Ümumdünya Yuxu Günüdür. 2008-ci ilə təsis edilən bu tədbir hər il mart ayının üçüncü cümə günü qeyd edilir.
Ümumdünya Yuxu Günü komitəsi təsəfindən Yuxu günü təsis ediləndən bəri Ümumdünya Səhiyyə Təşkilatı bir sıra tədbirlər həyata keçirilir.
Ümumdünya Mülki Müdafiə Günü

1972-ci il mart ayının 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Azərbaycan 1993-cü ildən bu təşkilatın tamhüquqlu üzvüdür.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.