Təbriklər

“Şirin” sözü lüğəvi mənasına görə,  şəkər, bal, mürəbbə  kimi dad verən xoş təamları  ifadə edir. Bu təamların siyahısını  şirin görüb şirin dada bildiyimiz nemətlərə qədər sıralamaq olar: şirin alma,  şirin üzüm, keks, tort,  kofe və sair ləziz nemətlər. Amma üslubi məqamlarda insanlar  ən əziz bildikləri adama da  mehriban xitab kimi “şirinim”deyə müraciət edir.  İnsanlar onları yaşadan, həyata bağlayan  arzulara da, sevgiyə də heyranlıqla “şirin” epiteti əlavə edirlər. “Şirin can ”, “şirin dil”, “şirin söz” kimi birləşmələr də  bu sözün  leksik çalarlarıdır. Məşhur Kərkük bayatılarına bəstələnmiş “Şirin dil”   mahnısını  eşitməyənmi  var?! Doğrudan da,  çox şirindir:  

Şirin dil, şirin dil,
Al bağrımı, şirin dil.
Nə deyirsə, yad desin,
Öz dilimdi şirin dil.

Şirin dil, şirin dil,
Ana dili, şirin dil.
Həm təbibdi, həm məlhəm
Şirin söhbət, şirin dil.

Nəqərat:

Şirin düşər,
Zülf üzə şirin düşər.
Fərhad qaya çapanda,
Yadına Şirin düşər.

 

Amma bir şirin də var şirinlərin, şirinliyin özünün fövqünə ucalan daddır bu:

Bala dadı, bal dadı,
Bala adam aldadı,
Şirini-şirin olur,
Acısı da bal dadı.

Bu dad ağzımızın yox, ömrümüzün dadıdır, sevgimizin dadıdır.  Qaldıqca da, şirinliyinə yeni şirinlik əlavə olunur:

Qoy hər kəsə qismət olsun,
Qənddən, baldan şirin nəvə.
Ömrümüzün bəzəyidir,
Övladdan da şirin nəvə…

Gəlib çıxdıq  bizim ömrümüzün dad keyfiyyətinə… Mənim adımı daşıyan Akifin doğum gününə.  Onun  atası  42 il  bundan əvvəl dünyamızı şirinləşdirmişdi. O zaman  biz də  gənc idik: mən və  anası da.  14 il əvvəl  ilk şirinimiz Səmra bacısı, 12 il sonra özü  qismətimiz oldu. Bəli, övladlarımlz dünyaya  gələndə  fiziki olaraq cavan idik. Həyata hər yeni göz açan  hər nəvəmizlə də yenidən gəncləşirik, pöhrələnirik, qol-budaqlanıb şəcərimizin davamlılığına imza atırıq.

Bu gün Akif balamın Ad günüdür.  Sevinirik, əlbəttə. Müqəddəs Ramazanın ilk gününə təsadüf etdiyi üçün  bir az da   fəxarət hissi keçirirk. Ən müqəddəs duaları edəcəyik bu  sübh namazında dünyamız üçün, bütün uşaqlar  üçün. Bu gün dünyanın  bütün 12 yaşlı uşaqlarına  Akifə arzuladığızmız gözəllikləri arzulayacağıq.

Doğum günün mübarək…  

Cansağlığı arzulayıram sənə. Sənin də, sənin bütün həmyaşıdlarının da  sabahları  Sülh şəfəqləri ilə açılan səhərlərlə uc-uca calansın. Vətənimiz üçün, xalqımız üçün ləyaqətli övlad olacağına dərin inamımız var.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!