Tarixdə bu gün
İlin 59-cu günü.
Mühüm hadisələr:
1992 — Azərbaycan Respublikası ABŞ ilə diplomatik əlaqələr qurmuşdur.
1992 — Azərbaycan Respublikası Hindistan ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Azərbaycan Respublikası Nepal ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1894— Görkəmli teatr və kino aktyoru, “Qırmızı Əmək Bayrağı” ordeni laureatı, Xalq artisti Mustafa Mərdanov Mərənddə anadan olub.
Hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Mustafa 1917-ci ildə burada gimnaziyanı bitirmiş və Rostova gedərək oradakı Tibb Universitetinə daxil olmuşdur. Lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır.
Şəhərin müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində çalışır.
Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır.
Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənətkardan öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı. “Hacı Qara”da Kərəməli, “Yağışdan çıxdıq yağmura düşdük”də Qəmbər, “Nadir Şah”da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynamalı oldu.
O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu (“Müfəttiş”) qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi (“Sevil”), Luka (“Həyatın dibində”), Şmaqa (“Günahsız müqəssirlər”), Poloni (“Hamlet”) və onlarla səhnə qəhrəmanları onun ifasında uğurlu alınırdı.
Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı.
Muzdur Qulu (“Bismillah”) onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi idi. Səssiz kino nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov da maraqlı rol ifa etmişdi. Bir il sonra isə ekranlarda Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” (“Əlbəyaxa”) filmi göstərildi. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Filmdə onun qəhrəmanı yerli mütəxəssisdir. Amerikadan dəvət olunmuş mütəxəssislərlə Abbasın tərəfdarları arasında baş verən münaqişə filmin əsasını təşkil edir. Mustafa Mərdanovun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli oldu.
Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. 1929-cu ildə çəkilən “Sevil” filmində aktyor Atakişinin rolunu ifa etdi.
1932-ci ildə kinorejissor Nikolay Şengelaya “Azərfilm”də çəkdiyi “26 komissar” filmində Mustafa Mərdanova menşevik rolunu vermişdi. Bu rol kiçik də olsa öz hərəkətləri, jestləri ilə yadda qalır.
Onun ən uğurlu rollarında biri “O olmasın, bu olsun” filmindəki “intellegent” Həsən bəy oldu. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə çıxardı. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz məxsusi ifa tərzi ilə seçilə bilir. Xüsusilə, qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhval-ruhiyyə doğurur. “Əhməd haradadır?” filmində Məhəmməd kişi rolu aktyorun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. Bundan sonra o, 1968-ci ildə “Qanun naminə” filminə çəkilmişdir. Murtuzov rolu ilə aktyor ömrünün son akkordlarını vurdu. Müstəntiq Murtuzov əslində yaramaz, öz peşəsinə xəyanət edən, min bir fırıldaqdan çıxan insandır. O, hər vəch ilə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulmuşdu. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.
Mustafa Mərdanovun “50 il Azərbaycan səhnəsində xatirələrim” kitabı 1959-cu ildə çap edilmişdir. Ölümündən sonra – 1973-cü ildə “Mənim müasirlərim” xatirə kitabı nəşr edilib oxuculara çatdırılmışdır.
Mustafa Mərdanov bir neçə il Teatr Xadimləri İttifaqına rəhbərlik etmişdir
Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.

1912 — Əməkdar elm xadimi, akademik, fikiza-riyaziyyat elmləri doktoru İbrahim İbiş oğlu İbrahimov Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur.
1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir.
İbrahim İbiş oğlu İbrahimov əmək fəaliyyətinə 1935-1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutnda başlamış, 1939-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri, 1947-1958-ci illərdə isə Pedaqoji İnstitutun “Riyazi analiz” kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1958-ci ildən onun elmi-pedaqoji fəaliyyəti Azərbaycan Elmlər Akademiyası ilə bağlı olmuşdur. 1958-1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959-1963 illərdə AEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışmışdır. İbrahim İbrahimov 1963-cü ildən ömrünün sonunadək həmin institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur.
Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən azərbaycan dilinə 2 dərslik tərcümə etmişdir. Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru olmuşdur.
İbrahim İbiş oğlu İbrahimov 6 noyabr 1994-cü ildə vəfat etmişdir.

1913 — Xalq yazıçısı, ssenarist, tərcüməçi, Əməkdar incəsənət xadimi Ənvər Məmmədxanlı Göyçay şəhərində doğulmuşdur.
Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikumunda təhsil almışdır. Bir neçə il ixtisası üzrə işləsə də, sonra yaradıcılıq sahəsinə meyil etmişdir. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938), “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində “Qızıl Ordu” cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Ordudan tərxis ediləndən sonra “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan “Şərqin səhəri” əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından çoxlu tərcümələr etmişdir.
1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

1918 — Xalq artisti Sofya Bəsirzadə Kazan quberniyası, Çukan kəndində anadan olub.
Əsl soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı “Sofa” kimi də yazılıb. Teatr kollektivində də ona “Sofa xanım” deyə müraciət ediblər.
İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.
Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofa Bəsirzadənin Nisə xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə (“Oqtay Eloğlu”, “Od gəlini”, “Yaşar”, “Dönüş” və “Solğuri çiçəklər”, Cəfər Cabbarlı), Nina, Rübabə (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Məryəm, Tamara, Tatyana (“Fərhad və Şirin”, “Vaqif” və “İnsan”, Səməd Vurğun), Səadət (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Xanın qızı, Pəri cadu (“Köhnə dudman” və “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Tərlan xanım (“Yalan”, Sabit Rəhman), Qlumova (“Müdriklər”, Aleksandr Ostrovski), Toni xala (“Füsunkar qız”, Mikolaş Dyarfaş), Anna Dmitriyevna (“Canlı meyit”, Lev Tolstoy), Fedra (“Dəlilər”, Lope de Veqa), Səadət xanım (“Unuda bilmirəm”, İlyas Əfəndiyev), Nihal (“Qəribə adam”, Nazim Hikmət), Aliyə (“Təhminə və Zaur”, Anar), Mariya Xosefa (“Dişi canavar”, Federiko Qarsiya Lorka), Dayə (“Medeya”, Jan Anuy), Aybəniz (“Cavanşir”, Mehdi Hüseyn), Peyanira (“Mehmanxana sahibəsi”, Karlo Haldoni), Esrelya (“Sevilya ulduzu”, Lope de Veqa), Nataliya (“Vassa Jeleznova”, Maksim Qorki), Mariya Antonovna (“Müfəttiş”, Nikolay Qoqol) rolları ifadə vasitələrinin zənginliyi baxımından seçilirlər.
Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb.
Aktrisa 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

1944— Gənc yaşlarında vəfat etmiş, amma qısa müddətdə dinləyicilərin sevimlisinə çevrilmiş Nəzakət Məmmədova Kirovabad (Gəncə) şəhərində anadan olub.
Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət “Lalə” qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilir. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.
Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur.
Nəzakət Məmmədova 21 oktyabr 1980 –ci ildə 36 yaşında qanaxmadan dünyasını dəyişir.
Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilmişdir.

1952 — Məşhur bəstəkar, Xalq artisti Eldar Bəhram oğlu Mansurov Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub.
1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib.
Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Hələ konservatoriyada oxuduğu tələbəlik illərində muğamların nəzəriyyəsi haqqında elmi məqalələr yazmağa başlamışdır. 1987-ci ildə Səmərqənd şəhərində keçirilən Beynəlxalq Muğam simpoziumunda “Muğam adlarının yaranma tarixi” elmi məqaləsi ilə çıxış etmişdir. Sonralar bu yazıların bir çoxu müəllifin “Muğam düşüncələrim” adlı kitabında toplu şəklində çap olunmuşdur. Elmi məqalələrlə yanaşı Eldar Mansurov 10 ildən çox atası Bəhram Mansurovun tarda ifasından bütün muğamları, qədim dəraməd, rəng, diringə, təsnif və bir çox el havalarını nota salmışdır.
Eldar Mansurov 30 ildən çox nəslinin tarixi ilə də maraqlanıb. Arxivlərdə, muzeylərdə, kitabxanalarda bir çox əlyazmaları və tarixi sənədləri tədqiq edib, XVII əsrin əvvəllərindən bu günümüzə qədər əslən bakılı olan Mansurovlar nəslinin tarixini yazmışdır.
Vəfat etmişdir:

1979 — Texnika elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, Əməkdar mühəndis, Əməkdar elm və texnika xadimi , Azərbaycan SSR Dövlət Mükafatı Laureatı , “Qırmızı Əmək Bayrağı” , “Lenin” və II dərəcəli Vətən müharibəsi ordenləri laureatı Məmmədpaşa Piri oğlu Quluzadə 79 yaşında vəfat etmişdir.
Məmmədpaşa Quluzadə 5 sentyabr 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1938-ci ildə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, 1941-ci ilə qədər “Əzizbəyovneft” trestinin neft mədənlərində texnik, qazıma ustası, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1946-1949-cu illərdə AzSİ-nun aspirantı olub. 1949-cu ildə namizədlik dissertasiyası müdafiə edib. 1949-1961-ci illərdə AzNKİ-da assistent, dosent, professor, 1961-ci ildən həyatının sonuna qədər isə “Neft və qaz quyularının qazılması” kafedrasının rəhbəri, rektorun məsləhətçisi olmuşdur. 1951-1964-cü illərdə bu institutun elmi işlər üzrə prorektor olub. 1960-cı ildə “Maili quyuların turbin üsulu ilə qazılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1968-ci ildə Quluzadə M.P. Azərbaycan EA-nın müxbir üzvü, 1972-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Quluzadə M.P. görkəmli alim, maili quyuların qazılması texnologiyasının əsasını qoyanlardan və turbin üsulu ilə qazıma məktəbinin yaradıcılarından biridir.
Elmi tədqiqatların sahəsi: maili və çox dərin quyuların qazılmasında problemlərin tədqiqi; quyunun gövdəsinin idarə olunması; maili quyuların qazılmasının əsas prinsiplərinin işlənilməsi. “Neft Daşları”, “Qum adası”, “Sanqaçal-Duvannı-dəniz”, “Bulla-dəniz”, “Makarov b.” və b. yataqlarda, bilavasitə onun rəhbərliyi altında maili quyular qazılmışdır.
Quluzadə M.P. 220-dən artıq elmi məqalənin və bir sıra monoqrafiyaların, 4 dərs vəsaitinin müəllifidir. İxtiralara görə 15 müəlliflik şəhadətnaməsi alıb. 10 elmlər doktoru və 45 elmlər namizədi hazırlayıb. Quluzadə M.P. uzun illər ərzində SSRİ Nazirlər Sovetinin dərin neft və qaz quyularının təkmilləşdirilməsi üzrə elmi texniki komissiyasının, SSRİ neftçıxarma sənayesi nazirliyinin elmi-texniki şurasının, SSRİ AAK-nın Ekspert Şurasının, Azərbaycan Sovet Ensiklopediyasının elmi-redaksiya şurasının üzvü olub.
Quluzadə M.P. Azərbaycan Dövlət mükafatı laureatı, “Azərbaycanın əməkdar mühəndisi”, “Azərbaycanın əməkdar elm və texnika xadimi”, “SSRİ fəxri neftçisi” adlarına layiq görülmüşdür. Lenin, Qırmızı Əmək Bayrağı ordenləri və medallarla təltif olunub.

2015— Türk yazıçısı Yaşar Kamal 91 yaşında vəfat edib.
Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib.
Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. O dövrdə şerləri Adana “Xalqevi”nin nəşri olan “Görüşlər” dərgisində çap edilib. Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarını suvaran, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda “Ülke”, “Kovan”, “Millet”, “Beşpınar” jurnallarında şerləri nəşr olunub.
1951-ci ildə İstanbula gələrək “Cumhuriyet” qəzetində müxbir işləməyə başlayıb. “Dünyanın ən böyük təsərrüfatında yeddi gün” başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.
İlk romanı “İncə Məmməd” ilə 1955-ci ildə “Varlıq” roman mükafatını qazanıb.
1974-cü ildə “Dəmirçilər Çarşısı Cinayəti” adlı əsəri “Madaralı roman” mükafatına layiq görülüb. “Yer dəmir, göy mis” əsəri Fransada 1977-ci ildə ədəbiyyat tənqidçiləri sindikatı tərəfindən ilin ən yaxşı xarici romanı seçilib. “Binboğalar əfsanəsi” 1979-cu il yay dönəmi üçün Böyük Ədəbiyyat Jürisi tərəfindən seçilən kitablar arasında yer alıb.
1982-ci ildə beynəlxalq “Del Duca” mükafatına layiq görülən Yaşar Kamal, 1984-cü ildə Fransanın Fəxri legion ordeni ilə təltif edilib.
Əsərləri 39 dilə tərcümə olunub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.