Tarixdə bu gün
İlin 67-ci (uzun illərdə 68-ci) günü.

Doğum günləri:

1851 — Əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi İsmayıl Qaspıralı (Qasprinskiy) anadan olmuşdur.
O, Rus imperiyasında Türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır.Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.
Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən “Tərcüməçi” adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: “Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin” deyərək düşüncələrini ortaya qoymuşdur.
Qaspıralı qadınlar üçün “Aləmi- Nisvan” (Dünya Qadınları) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də “Aləmi- Subyan” (Dünya Uşaqları) adlı bir nəşr çıxarmışdır. Qaspıralı İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir. 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.
İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə xanım da İsmayıl Qaspıralının qızıdır.

1911 — Azərbaycan teatr və kino aktyoru, Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri Ağadadaş Gülməmməd oğlu Qurbanov Bakıda doğulub.
1927-ci il 15 martda “Dənizçilər klubu”nda Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşası oynanılmışdı. Bu tamaşanı başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulmuşdu. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləmişdi. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının “Aydın” (Aydın), Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (Hacı Qəmbər), Fridrix Şillerin “Qaçaqlar” (Karl Moor), Nikolay Qoqolun “Müfəttiş” (Xlestakov), Rabindranat Taqorun “Qaneşin yolu” hekayəsi əsasında “Əfilər” (Qaneş) pyeslərinin tamaşalarında iştirak etmişdi. Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləmişdi. “Səbuhi”, “Koroğlu”, “Bir qalanın sirri”, “Kölgələr sürünür” filmlərinə çəkilmişdi. “Arşın mal alan” filmində Soltan bəy roluna çəkilən aktyor Salyanda qastrolda ikən mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olmuşdu.
Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdu.

1934 — Məşhur tarzən, “Lalə” qızlar ansamblının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Ceyran Əsəd qızı Haşımova Bakıda musiqiçi ailəsində anadan olmuşdur. Atası tarda və tütəkdə gözəl ifa edirmiş. Aktyorluq və rejissorluq məharəti var imiş. H.Sarabskinin tələbəsi olmuşdur. Ceyran xanımın ilk tar müəllimi də atası olmuşdur. Sonralar Ceyran xanım M.Maqomayev adına Azərbaycan Dğvlət Filarmoniyasında atası ilə uzun müddət birlikdə fəaliyyət göstərmişdir.
1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.
1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmişdir. Səid Rüstəmov adına Xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur.
Ansambl bir çox ölkələrdə qastrol səfərlərində olmuşdur.

1936 — Məşhur “Kor ərəbin mahnısı”nın ilk ifaçısı Məmmədəli Əliqulu oğlu Əliyev Bakıda anadan olmuşdur.
Erkən yaşlarında atasını itirir, anası Xədicə xanım hər gün 7 uşağı evdə tək qoyub işləmək məcburiyyətində qalır. Məmmədəli kiçik yazşlarından oxumağı sevərdi, bu səs ona səsiylə ün qazanmış toy xanəndəsi atası Dərviş Əliqulu kişidən keçmişdi.
Gözəl səsindən əlavə, Məmmədəlinin şeir, qəzəl yazmağı da vardı. Şeirlərini “Sail” (dərdli avara) təxəllüsü ilə yazardı. Bu imzayla 300-ə yaxın şeir, qəzəl, müxəmməs, təmsil, qoşmalar yazmışdı.
1940-1941-ci illərdə Əhməd Bakıxanov Məmmədəlini və bacısı Töhfəni öz ansamblına gətirdi.
1942-ci ildə Məmmədəlini cəbhəyə göndərdilər. 1945-də yaralanıb qayıtdı. Sonra Milli Dram Teatrına işləməyə getdi.
Məmmədəli Əliyev 22 il teatrda çalışır. Əksər tamaşalarda oxuyur. “Xosrov və Şirin”də Ozanı, “Qatır Məmməd”də Aşığı, “Vaqif”də Xanəndəni, “Hind gözəli”ndə Arabaçını, “Şeyx Sənan”da Kor Ərəbi oynayır.
“Kor Ərəbin mahnısı” bir səs-küy qoparır ki, gəl görəsən…
Sonralar Rauf Kazımovski “Kor Ərəbin mahnısı”nı ayrıca kino lentinə çəkir, televiziya vasitəsi ilə göstərirlər. Fikrət Əmirov də bu lenti özü ilə Amerika səfərinə aparır.
Məmmədəli Əliyev səhnədən uzaqlaşandan sonra hərbi işə qayıdır. 1968-ci ildə Elmlər Akademiyasına işə düzəlir. Hərbi kafedranın müdiri olur.
Məmmədəli Əliyev 1983-cü ildə vəfat edib.

1958 —İstedadlı ədəbiyyatşünas, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev (Mahir Canmirzə oğlu Həmzəyev) Quba rayonunda anadan olub.
1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) filologiya fakültəsinin qiyabi şöbəsini bitirib. 1979-cu ildən Vilnüs
şəhərində yaşayır və çalışır. 1984-1989-cu illərdə Litva Yazıçılar İttifaqı və ADU-nun zəmanəti ilə V. Kapsukas adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşunaslıq ixtisası üzrə aspiranturada təhsil alıb (elmi rəhbəri prof. Vitautas Kubilyus).
1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir.
1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi olub.
2001, 2006, 2011 və 2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda keçirilmiş I, II, III və IV qurultaylarında Diasporun Litvadan təmsilçisi olaraq iştirak edib və 4 dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına üzv seçilib.
2006-cı ilin yanvarında Riqada qurulmuş Baltik Azərbaycanlıları Konqresinin həmtəsisçisi və həmsədridir.
2007-ci ilin martın 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilib.
1991-2012 və 2015-2019-cu illərdə LR Hökuməti yanında Litva Milli İcmalar Şurasına uzv seçilib.
17 noyabr 2009-cu ildə LR Baş naziri Andryus Kubilyusun 511 saylı Sərəncamı ilə LR Baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv seçilib.
2010-2012-ci ilərdə LR Seyminin İqtisadiyyat Komitəsi Sədrinin, 2013-2014-cü illərdə isə LR Seyminin Təhsil, Elm və Mədəniyyət Komitəsinin müşaviri olub.
2016-cı ilin may ayından LR Seyminin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.
1980-2018-ci illərdə 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalələri Litvada və Azərbaycanda dərc olunubdur.
2002, 2008, 2011 və 2012-ci illərdə Ümumdünya Litva Ensiklopediyasının Vilnüsdə çıxmış II, XIV, XX və XXI cildlərində Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri – Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anarın yaradıcılığı barədə 22 adda ensiklopedik məqalə hazırlayıb çap etdirib.
1990-cı il 20 Yanvar hadisələrindən dərhal sonra Vilnüs mətbəələrinin birində gizli şəraitdə Azər Qasımzadə ilə birgə rus dilində 10 min nüsxədən ibarət “Агрессия” (“Təcavüz”) adlı sənədli kitabça çap etdirərək Litvada, Latviyada, Estoniyada, Belorusda, Ukraynada, Rusiyada, Polşada və Azərbaycanda yayımlayıb. Bununla bağlı Bakı şəhərinin hərbi komendantı general-leytenant B.K. Smıslovun göstərişi ilə 1990-1991-ci illərdə axtarışda olub (bax: Bakı, “Kommunist” qəzeti, 14 mart 1990-cı il, № 54 (21122).
Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990-2018-ci illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.
Ümumdünya Litva Ensiklopediyası Redaksiya Kollegiyasının üzvüdür (2002). Azərbaycan Yazıçılar Birliyinin (AYB) fəxri üzvü (2006) və Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvüdür (2016). AYB-nin “Ədəbiyyat qəzeti” redaksiya şurasının üzvüdür (2014). LR “Bədii sənət yaradıcısı və Yaradıcı təşkilatların statusu haqqında Qanun”a uyğun olaraq, 2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin Qərarı ilə Litvanın Bədii Sənət Yaradıcısı statusuna layiq görülüb.
“Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX – XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.
Dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri və sair mənbələri Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.
2003-2005-ci illərdə YUNESKO-nun Estoniya, Latviya, Litva, Azərbaycan Milli Komissiyalarının təşkilatçılığı və Baltik Azərbaycanlıları Cəmiyyətlərinin tərəfdaşlığı ilə Vilnüsdə, Riqada, Tallində və Bakıda həyata keçirilmiş iki beynəlxalq mədəniyyət layihəsində (“Cənubi Qafqaz: Sivilizasiyalararası dialoq”, Nağıl körpüləri”) təşkilatçı, tərəfdaş və ədəbi tərcüməçi kimi iştirak edib.
2006-2013-cü illərdə Litva Dövlət və Hökumət rəsmilərinin – Litva Pespublikasının Prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərləri zamanı etdiyi çıxışları, müstəqil Litva Respublikasının ilk Dövlət başçısı Vitautas Landsbergisin Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi mövzusunda yazdığı bir sıra siyasi-publisistik məqalələri, Litva Respublikasının Baş nazirləri Gediminas Kirkilas və Andryus Kubilyusun Dünya Azərbaycanlılarının 2007 və 2011-ci illərdə Bakıda keçirilmiş beynəlxalq tədbirlərə ünvanladıqları müraciətləri, Litvanın Türkiyədə və Azərbaycandakı sabiq səfiri, LR Prezidentinin müşaviri Halina Kobetskaytenin məruzə və məqalələrini Azərbaycan dilinə tərcümə edib.
2006-cı ilin martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1355 saylı Sərəncamı ilə Dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalına layiq görülüb.
2006-cı ilin iyunun 7-də Litva Respublikasının Prezidenti Valdas Adamkusun 648 saylı Fərmanı ilə “Litva qarşısında xidmətlərinə görə” Dövlət medalı ilə təltif olunub.
2009-cu ilin dekabrın 18-də Litva Respublikasının Baş naziri Andryus Kubilyusun xususi Qərarı ilə təşəkkur elan edilərək Litva adının 1000 illiyinə həsr olunmuş “Fəxri ulduz” hökumət nişanı ilə təltif olunub.
2011-ci ilin iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1612 saylı Sərəncamı ilə jurnalistika sahəsindəki nailiyyətlərinə və Diasporun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının “Əməkdar jurnalisti” fəxri adı verilib.
1958 – Azərbaycan Respublikasının Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Qulu qızı Novruzova (sənədlə 1 martdır) Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir.
İndiyə kimi teatrın səhnəsində çoxlu sayda bir-birindan maraqlı və yaddaqalan obrazlar canlandırmışdır.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Vəfat etmişdir:

1388 — Məşhur Azərbaycan filosofu, şair Əvhədi Marağalı 64 yaşında vəfat etmişdir.
Marağalı Əvhədədin Şeyx Əvhədi ibn Hüseynin 1274 -cü ildə Marağa şəhərində anadan olduğu təxmin edilir.
Bəzi mənbələrə görə ilk zamanlar “Safi” təxəllüsü ilə yazmışdır. Təhsilini o zaman Yaxın Şərqin ən məşhur mədəni mərkəzlərindən olan Marağa şəhərində almışdır, ana dilindən başqa ərəb, fars dillərini, elmi-nücum, məntiq, təbiət elmlərini, fəlsəfəni, ilahiyyatı və sair elimləri öyrənmişdir.
Orta Əsrlər müsəlman Şərqinin görkəmli Əvhədi Marağayi mütəfəkkiri Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (ən məşhuru “Cəmşid piyaləsi”) müəllifidir.
Ən dahi şairimiz Həzrəti Seyid İmadəddin Nəsimi Əvhədini çox sevmiş, əsərlərini tərcümə etmiş, yaxud onlara nəzirələr yazmışdır. Xacə Hafiz onu “Piri-Təriqət” adlandırmışdır. Sədi Şirazi onu öz ustadı saymışdir.
Mövlana Əvhədinin bizə məlum olan əsərləri: tərcibənd, gəzəl, rübai, qitə və qəsidələrdən ibarət (ən azı 15000 beytlik) divan, Məlikül Hükəma Xacə Nəsir-əd-din Tusinin nəvəsi Xacə Ziyad-əd-din Yusif ibn Xacə Əsilinin(Əsil-əd-din) xahişi ilə yazdığı, 525 beytdən ibarət aşiqanə bir poema “Dəhnamə” (“Məntiqül-üşşaq”), 1333-34cü ildə 60 yaşında 1 ilə yazdığı şah əsəri “Cami-Cəm” didaktik-fəlsəfi məsnəvisi (9142 misra, Azərbaycan hökmdarı Xacə Qiyas-əd-din Məhəmməd ibn Rəşidə ithaf olunmuşdur), şer divani 10000 beyt.
Mövlana Əvhədinin baş daşı üzərində yazılmışdır: “Bu qəbir böyük ağa, məşur alim, görkəmli natiq, insanların ən yaxşısı Hüseyin İsfahaninin oğlu, millətin övladı, rəhmətlik Əvhəd-əd-dinindir. Yeddi yüz otuz səkkizinci (738) ildə şəban ayının 15-də (08.03.1338 miladi) vəfat etmişdir.”

1931 — Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Demokratik Respublikası dövründə Xarici İşlər Naziri və Daxili İşlər Naziri olmuş Məmmədhəsən Hacınski Tiflisdə xaincəsinə qətlə yetirilmişdir.
Məmməd Həsən Cəfərqulu oğlu Hacınski 1875-ci il 3 martda Bakıda anadan olub.
1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib. 1908-ci ildə Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq edib, şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirib. 1909-1910 illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılıb) və dəniz hamamının tikilməsi M.H.Hacınskinin fəaliyyəti ilə bağlıdır.
1912-ci ildə şəhər idarəsi M.H.Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında kitab çap etdirib. O, 1913-cü ildə qısa müddətə Bakı şəhər idarəsinin rəisi olub, Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürüb. Həmin təşəbbüsə əsasən 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ö.Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparıblar.
M.H.Hacınski 1918-ci il mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olub, Azərbaycanın İstiqlal bəyannaməsinin altında onun da imzası var. Daha sonra Azərbaycan parlamentinin üzvü olub, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibində yer alıb. 1920-ci il martın 30-da Xalq Cümhuriyyətinin hökuməti (sayca 5-ci) istefa verdikdə, parlament yeni hökumətin təşkilini ona tapşırdı. O isə hökumət kabinetini təşkil edə bilməyərək hakimiyyət böhranını daha da dərinləşdirdi, aprelin ortalarında isə «Müsavat» partiyasından istefa verərək Azərbaycan kommunistlərinin sırasına qoşuldu.
Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi o da represiyaya məruz qaldı. “Azərbaycan Milli Mərkəzinin” işi üzrə ittiham olundu, L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə həbs edilərək, ağır işgəncələrə məruz qaldı.
1931-ci il fevralın 9-da ağır həbsxana həyatına dözməyərək intihar etdi.
Tbilisinin Botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.
2011 — Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən həyətlərində qətlə yetirilmiş 8 yaşlı azərbacanlı uşaq Fariz Arzu oğlu Bədəlovun anım günüdür.
Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının yanında qalırdı. Lakin 2011-ci ilin martın 8-də həyətdə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi.
Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır: “Soyuq 8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər”.
Fariz Bədəlova ölümündən sonra şəhid adı verilib. Onun xatirəsinə həsr edilmiş filmin “Nizami” adına kino mərkəzində təqdimatı keçirilmişdir.
“Ana haqqı” adlı film çəkilib. Filmin rejissoru Zəminə Əliyevadır.

2006 — Xalq artisti Əliabbas Gülabbas oğlu Qədirov 60 yaşında Bakıda xəstəlikdən vəfat etmişdir.
Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 105 nömrəli orta məktəbi bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. Dəmiryolçular klubunda Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub.
O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.
Ə.Qədirov 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.
Bayramlar və xüsusi günlər:

Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnüm edən ənənəvi bayramdır.
Bu bayram Sovet İttifaqından miras qalan bayram olsa da, Azərbaycanda da hər il qeyd edilir.
Azərbaycanda 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının Qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.