
İlin 114-cü (uzun illərdə 115-ci) günü.
Mühüm hadisələr:
2004 – Kiprdə referendum keçirilmişdir.
Doğum günləri:

1866 – Görkəmli nasir, publisist, tərcüməçi, pedaqoq Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə Şamaxı şəhərində tacir ailəsində anadan olmuşdur. S.Ə.Şirvaninin “Məclis” məktəbində oxumuş, sonra Şamaxıda yeni açılmış üçüncü dərəcəli şəhər məktəbini bitirmişdir. 1883-1887-ci illərdə Tiflisdə Aleksandrovski müəllimlər institutunda ali qiyabi təhsil almışdır . H.Mahmudbəyovla “Nübar”, N.Nərimanovla “Sovqat” jurnalının nəşrinə təşəbbüs göstərmişdir (1886). Bakıda maarifpərvər Həbibbəy Mahmudbəyovla birlikdə yeni tipli ilk rus-tatar (Azərbaycan) məktəbi açmış (1887-1905), Bakı İkinci dərəcəli şəhər məktəbində müdirlik etmişdir (1902). “Nəriman qiraətxanası”nın açılmasında yaxından kömək edir (1894). “Cami-mərifət”, “Çıraq” qəzetlərinin nəşri təşəbbüsü baş tutmamışdır (1897). Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının tatar (Azərbaycan) şöbəsində tərcüməçi müfəttiş (1905-1908), Bakı quberniyasının, eləcə də Dağıstan qəzası xalq məktəblərinin müfəttişi (1908- 1917), xalq məktəblərinin naziri (1917) olmuşdur. “İttihad” partiyasının üzvü olsa da (1918-1919), Sovet hakimiyyəti qurulmasını rəğbətlə qarşılamış, bütün fəaliyyətini milli maarifin inkişafına həsr etmişdir. O, Azərbaycan Xalq Maarif Komissarlığının müfəttişi, eyni zamanda Azərbaycan dilində məktəblər üçün dərslik tərtib və nəşr etdirən komissiyanın sədri seçilmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin məsul katibi olmuşdur. S.M.Qənizadə bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. Onun ilk səhnə əsəri “Qönçə xanım” (1891) pyesi tapılmışdır. “Məktubati-Şeyda bəy Şirvani” dilogiyası (“Müəllimlər iftixarı” və “Gəlinlər həmayili”, 1888-1900), “Allah xofu” (1906), “Qurban bayramı” (1907) və s. nəsr əsərlərini, “Axşam səbri xeyir olar”, “Dursunəli və Ballıbadı”, “Xor-xor”, “Yadımdadır” və s. vodevillərini, “Tülkü və çaq-çaq bəy” (1893) mənzuməsini yazmışdır. L.N.Tolstoyun “Əvvəlinci şərabçı”, V.A.Dyançenkonun “Qurbana qurban” pyeslərini, A.F.Poqossikin “Allah divanı”, “Nabəkar qonşu” hekayələrini tərcümə etmişdir. Milli ədəbiyyat, teatr, mətbuat və maarif sahəsində böyük xidmətləri olmuşdur. Bu dövrdə Azərbaycan Maarif Komissarlığında kənd məktəbləri üçün müəllim kadrları hazırlayan pedaqoji texnikumlarda məşğələlərin rəhbəri vəzifəsində çalışmışdır. Bununla yanaşı, Zaqafqaziya proletar hərbi məktəbinin elmi hissə üzrə direktor köməkçisi, Azərbaycan dili və psixologiya müəllimi vəzifəsini icra etmişdir. Sonra Bakı Xalq Maarif şöbəsinin təklifi ilə kişi və qadın pedaqoji texnikumlarında pedaqogika, psixologiya və didaktika dərslərini demiş, həm də bu texnikumlarda tələbələrin pedaqoji təcrübə dərslərinə rəhbərlik etmişdir (1929-1942). Bakıda yaranan Şərqşünaslıq və İctimai Elmlər İnstitutunun üzvü seçilmiş, İranşünaslıq kafedrasına rəhbərlik etmişdir (1921). Gənc yazıçıların yaradıcılıq dərnəklərinə başçılıq etmiş, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində fəal çalışmışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yanında lüğət komissiyasının üzvü seçilmişdir. Repressiya dövründə həbsə alınıb sürgün olunmuşdur . 1942-ci ildə 76 yaşında vəfat etmişdir.

1911—Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, SSRİ Dövlət Mükafatı Laureatı Azərbaycan KP MK-nın ikinci katibi Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji – kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-1946 və 1954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir. 1946-1948-ci illərdə “Azneft” və “Azneftkəşfiyyat” birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır. 1959-1970-ci illərdə Az-ETİ (NÇ)-nın, daha sonra 1970-1977 illərdə AzETLİ-nin direktoru olmuşdur. 1977-1985 illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda “Regional geologiya və tektonika” şöbəsinin müdiri olmuşdur. 1944-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi” mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946 ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Akademik Ə. Ə. Əlizadənin elmi kadrların hazırlanmasında böyük xidmətləri var. O, geologiya, tektonika və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir. Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir.

1938— Azərbaycan aktyoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq artisti, “Şöhrət” Ordeni Laureatı, SSRİ Ali Sovetinin deputatı olmuş Həsənağa Səttar oğlu Turabov 1938-ci il martın 24-də Bakı şəhərində anadan olmuşdur. 31 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdur. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”) Xəyyam (“Xəyyam”) xüsusilə seçilir. Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin roludur. Həsən Turabovun “Axırıncı aşırım”, “Çarvadarların izi ilə”, “Ürək… Ürək…”, “Sevinc buxtası”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir. “Qanlı zəmi” filminin isə rejissoru olmuşdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu dünya…” filmləri olmuşdur. 2003-cü ildə vəfat etmişdir. “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

1945— Azərbaycan kinorejissoru, aktyor, Azərbaycanın Əməkdar artisti Elxan Məmməd oğlu Qasımov Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq , Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb . “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.

1953 — Memarlıq elmləridoktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Hüseyn qızı Məmmədova Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirmişdir. 1975-ci ilin sentyabr ayında Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun komsomol komitəsinin katibi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə həmin institutun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlamışdır. 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru vəzifəsinə seçilmişdir. 1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilmişdir. Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir çox abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləmişdir. 1985-ci ildə “Qafqaz Albaniyasının erkən orta əsrlər xristian memarlığı” mövzusunda namizədlik dissertasiyasını, 1999-cu ildə “Qafqaz Albaniyasının dini memarlığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bir çox beynəlxalq elmi konfransların təşkil olunmasında iştirak edib və məruzələrlə çıxış etmiş, memarlıq abidələrinin bərpası ilə bağlı bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir.

1986— Gənc müğənni Amil Həsən oğlu Məmmədov Baklda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta ixtisas təhsili alıb. 1997-ci il Bakıda keçirilən “Dan ulduzu” mahnı müsabiqəsinin diplomantı, 1998-ci ildə isə qalibi olub. 1998-ci ildə Albaniyada keçirilən beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi və “Büllur qönçə” mükafatının sahibi olub. Həmin il Heydər Əliyevin London səfəri zamanı, Azərbaycan incəsənət nümayəndələri ilə birlikdə konsert proqramında uğurlu çıxış edir və bundan sonra Heydər Əliyevin təsis etdiyi gənc istedadların “Qızıl kitabına” adı yazılır və Prezident təqaüdünə layiq görülüb. Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru vəzifəsində çalışır.

1997 — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Rəşad Rəhman oğlu Mehdiyev Xırdalan şəhərində anadan olmuşdur: atası Rəhman Mehdiyev də Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdır. Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elektron Hökümətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışırdı. Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-də Milli Ordunun sıralarında Erməni işğalçılarını növbəti həyasızcasına basqını ilə başlanan Vətən müharibəsində silaha sarılmış, hünər dolu bir döyüş yolu keçmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsgəri borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra “Vətən uğrunda” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Xocavəndin azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1986 – Əməkdar jurnalist, yazıçı və mədəniyyət xadimi Şamil Fərzəliyev (Şamil Xurşud) 52 yaşında vəfat etmişdir. Şamil Xurşud 1934-cü ildə Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə “Kirpi” satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir.

2012 –Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya rejissoru” kafedrasının müdiri, professor Vəliyev Tariyel Təyyar oğlu 68 yzşında vəfat etmişdir. Tariyel Vəliyev 24 fevral 1944cü ildə İmişli rayonunda anadan olmuşdur. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini ADMİU-də və LDTMK Akademiyasında almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb, 1972-ci ildən ömrünün sonuna qədər televiziya rejissoru kimi fəaliyyətini davam etdirmişdir. Bu illər ərzində çoxsaylı televiziya tamaşalarının, sənədli filmlərin, dövlət tədbirlərinin, bayram proqramlarının quruluşçu rejissoru olmuşdur. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının quruluşçu rejissorudur. 1988-ci ildən etibarən həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, sonradan “Kinoşünaslıq” kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonra universitetdə “Televiziya Rejissoru” kafedrası yaradılır. 2007-ci ildən Tariyel Vəliyev kafedranın müdiri təyin olunur. Ömrünün son günlərinə kimi bu kafedrada çalışıb, professor idi. Tariyel Vəliyev yüksək mədəniyyətə sahib gözəl müəllim-pedaqoq idi. Onun yetişdirdiyi onlarca tələbələr bu gün Azərbaycan teleməkanında müxtəlif kanallarda rejissor, operator, aparıcı, baş rejissor və s. vəzifələrdə çalışırlar.

2011— Görkəmli şair, ədəbiyyatşünas, Xalq şairi Balaş Allahbaxış oğlu Abizadə (Balaş Azəroğlu) 90 yaşında vəfat etmişdir. Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. İlk mətbu şeiri “Dnepr” 1937-ci ildə Bakıda çapdan çıxmışdır.1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil almışdır. İran Xalq Partiyasına daxil olmuş , 1943-1945-ci illərdə Azərbaycan Demokratik firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin rəhbəri olmuşdur. Təbrizdə Milli hökumət tərəfi ndən Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini təyin olunmuşdur. O, İran Xalq partiyasının və ADF MK-nın üzvü, SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsi rəyasət heyətinin üzvü o idi. Bununla yanaşı, Azərbaycan SSR Yazıçılar İttifaqının plenum üzvü və katibi kimi məsul vəzifəyə irəli çəkilmişdir . SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında nümayəndə və qonaq kimi iştirak etmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərində (1950, 1959) iştirakçı olmuşdur. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 1996-cı ilin yayında İranda Tehran, Kəraçi, Ərdəbil və Təbriz şəhərlərində cənublu şair, yazıçı və alimlər onun anadan olmasının 75 illiyi münasibəti ilə görüşlər keçirmişlər.

2018 – Əməkdar artist, müğənni Nazim Maşallah oğlu Ağayev 79 yaşında vəfat etmişdir. Nazim Ağayev 1939-cü il 2 yanvar tarixində Bakı şəhərində anadan olmuşdur. Nazim 1962-ci ildə Teatr institunun musiqili komediya fakültəsinə daxil olmuş, 1967-ci ildə müvəffəqiyyətlə bitirmişdir. İnstitut illərində institutun keçirdiyi tədbirlərdə fəal iştirak edən Nazim bu tədbirlərin birində Azərbaycan Radio və televiİyası xorunun bədii rəhbəri bəstəkar Ramiz Mustafayev tərəfindən xora dəvət edilmiş və üç il xorun solisti olmuşdur. İnstitut illərində vaxtaşırı Əhməd Bakıxanovun, Əhsən Dadaşovun, Baba Salahovun rəhbərlik etdikləri ansambllarda çıxış etmişdir. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Misirdə, Vyetnamda, Polşada, İtaliyada, Maltada, Hindistanda, Bolqariyada, Macarıstanda qastrollarda olmuşdur. Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olmuşdur. Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışmışdır. 1978-ci ildən “Azkonsert” Dövlət konsert-qastrol birliyinin solisti olmuşdur. Müxtəlif vaxtlarda yeddi bədii filmdə çəkilmişdir. Haqqında “Bəxtimə düşən sənət” sənədli filmi çəkilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.