
“Azərbaycanda repetitorluq 1996-cı ildən sonra canlanmağa başlayıb. Pandemiya dövründə məktəblərin bağlanması repetitorluqda da bum yaratdı. Vəziyyət o yerə çatıb ki, hətta qeyri-peşəkar müəllimlər və pedaqoji universitetlərin birinci və ikinci kurs tələbələri də repetitorluq edirlər. Bu sahədəki yüksək əmək haqqı hətta bir çox müəllimi məktəblərdən uzaqlaşdırıb”.
Elçin Əfəndi -Təhsil eksperti

Məktəb Manifesti: Reallıqlar və Gözləntilər
Bu gün təhsil sistemində ziddiyyətli bir mənzərə formalaşıb. Problemlərin köklü həlli əvəzinə, daha çox “idarəetmə naminə idarəetmə” yanaşması üstünlük təşkil edir. Bir tərəfdən deyilir ki, əhalinin artım tempi azalır və bu davam edərsə, gələcəkdə hər üç müəllimdən biri ixtisar oluna bilər. Digər tərəfdən isə qeyri-pedaqoji ixtisas sahiblərinin təhsilə cəlb olunması genişlənir, hətta rəhbər vəzifələrə qədər yüksəlirlər. Eyni zamanda, illərini məktəbə vermiş təcrübəli müəllimlər yaş həddi ilə sistemdən uzaqlaşdırılır. Bu ziddiyyətli yanaşma müəllim peşəsinin nüfuzuna ciddi zərbə vurur. Uzun illər məktəbdə çalışmış bir müəllimin fəaliyyətinin belə qiymətləndirilməsi, onun davamçılarına da mənfi siqnal verir. Gənc müəllimlər artıq peşəyə əvvəlki həvəslə yanaşmır, məktəbi əsas iş yeri kimi saxlayıb repetitorluğa üstünlük verirlər. Bu gün ümumtəhsil məktəblərinin nəticələri getdikcə daha çox repetitorluq institutunun fəaliyyəti ilə əlaqələndirilir. Demək olar ki, repetitor yanına getməyən şagird tapmaq çətindir. Repetitorluq əvvəlcə boşluğu doldurmaq üçün yarandı, amma artıq məktəbin yerini almağa başlayır. Şagird dərsi məktəbdə deyil, fərdi şəkildə öyrənir. Məktəb, sadəcə, attestat verir, bilik isə evdə və ya kurslarda əldə olunur. Bu isə təhsilin mahiyyətini dəyişir. Belə şəraitdə şagirdlər yalnız imtahan verəcəkləri fənlərə yönəlir, digər sahələr isə arxa plana keçir. Halbuki məktəb təkcə bilik vermir — o, insan formalaşdırır.

Bütöv şəxsiyyətin itirilməsi
Məktəb şagirdi yalnız riyazi və ya texniki biliklərlə deyil, həm də tarixini, mədəniyyətini və cəmiyyətini anlayan bir fərd kimi yetişdirməlidir. Repetitorluq isə əsasən nəticəyə — imtahana fokuslandığı üçün bu bütövlüyü təmin etmir.
Nəticədə:
- humanitar və etik dəyərlər zəifləyir,
- sosial bacarıqlar formalaşmır,
- şagird yalnız nəticəyönümlü düşünür.
Məktəb isə bir cəmiyyət modelidir. Şagird burada ünsiyyət qurmağı, fərqli insanlarla davranmağı, məsuliyyət daşımağı öyrənir. Fərdi dərslərdə isə bu mühit yoxdur.
Emosional zəkanın və sosial mühitin zəifləməsi
Təhsil getdikcə mexanikləşir. Şagirdlər düşünən fərdlər kimi deyil, imtahan nəticəsi verən “icraçılar” kimi yetişdirilir. Standartlaşdırılmış yanaşma şagirdi bir növ “məhsula” çevirir: texniki biliklər inkişaf edir, amma mənəvi və sosial “proqram təminatı” zəifləyir. Bu model qısa müddətdə nəticə versə də, uzun müddətdə cəmiyyət üçün risklidir. Çünki bilik artır, amma hikmət azalır.
Məktəbin rolu və müəllimin mövqeyi
Məktəbin əsas siması müəllimdir. O, təkcə dərs deyən deyil, həm də şəxsiyyət formalaşdıran aparıcı fiqurdur. Hazırlıq kurslarında dərs verən isə daha çox xidmət təqdim edir. Onun əsas məqsədi nəticədir, şagirdin mənəvi inkişafı isə prioritet deyil.
Bu fərq çox önəmlidir:
- məktəb insan yetişdirir,
- repetitor nəticə yetişdirir.
Mexaniki təhsildən mənalı təhsilə
Bu gün təhsil bir zirvə kimi təqdim olunur. Amma bu zirvəyə kor-koranə yürüş insanı öz mahiyyətindən uzaqlaşdıra bilər. “Təhsil faktların öyrənilməsi deyil, düşünməyi öyrənməkdir” fikri təsadüfi deyil. Əgər təhsil yalnız imtahan nəticəsinə yönəlibsə, bu artıq inkişaf deyil — istiqamət itkisidir.
Çıxış yolu məktəbin öz funksiyasına qayıtmasındadır:
- sosiallaşma mühiti olmaq,
- xarakter formalaşdırmaq,
- insanı insan edən sahələri (ədəbiyyat, sənət, fəlsəfə) qorumaq.
Milli kimlik və yaddaş məsələsi
Öz tarixini, ədəbiyyatını və mədəniyyətini tanımayan insan yalnız informasiya daşıyıcısıdır, şəxsiyyət deyil. Məktəb şagirdi yalnız bilikli deyil, həm də kimliyini dərk edən fərd kimi yetişdirməlidir. Əks halda, o, qlobal sistemdə asanlıqla əvəz olunan bir funksional vahidə çevrilir. Bir gənc bir neçə dil bilə bilər. Amma o dillərdə nəyi və hansı ruhla ifadə edəcəyi onun kimliyindən asılıdır.
Nəticə
Təhsil sistemində baş verənlər təsadüfi deyil. Məktəbin rolunun zəifləməsi, müəllimin nüfuzunun azalması və repetitorluğun kütləviləşməsi bir-biri ilə bağlı proseslərdir.
Əgər bu istiqamət dəyişməzsə:
- məktəb formal quruma çevriləcək,
- müəllim ikinci plana keçəcək,
- şagird isə yalnız nəticə alətinə çevriləcək.
Məktəb yenidən insan yetişdirən məkana çevrilməlidir. Əks halda, biz bilikli, amma şəxsiyyətsiz bir nəsil formalaşdırmaq riski ilə üz-üzə qalacağıq.
Davamı var…
Qeyd: Əvvəlki yazılar 23 aprel və 30 aprel tarixli saylarımızda

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.