Gözəllik özü də sərvətimizdir

Hərdən mətbuat səhifələrində orta ümumtəhsil məktəblərində, eləcə də də kollec və universtetlərdə müəyyən qadağalar haqqında yazılara rast gəlirik. Təbii ki, münasibətlər fərqli-fərqli olur. Amma ədalətli və demokratik fikirli insanlar başa düşürlər ki, həmin qadağalar heç də təqib və təhdid niyyəti güdmür.
Məqsəd təhsil müəssisələrində daxili nizam – intizam qaydaları, əxlaq və davranış normaları müəyyən etməklə sağlam mənəvi və psixoloji mühit yaratmaqdır. Axı bunsuz şagird və tələbələrdə tədrisə şüurlu münasibət tərbiyə etmək, tədrisin keyfiyyətini yüksəltmək, onları təkcə bilikli deyil, həm də ahəngdar inkişaf etmiş gənclər kimi yetişdirmək də mümkün deyil.
Məsələn, təhsil müəssisələrinə kitab-dəftərsiz gəlmək , orta məktəb şagirdləri üçün mobil telefon gətirmək, dərs zamanı auditoriyalarda mobil telefonlardan istifadə etmək, dərs və mühazirə zamanı dəhlizlərdə, eləcə də kitabxana və oxu zallarında ucadan danışmaq, səs-küy salmaq, siqaret çəkmək, tədris məssisələrinin ərazisini, sinif otaqları və auditoriyaları zibilləmək və digər bu qəbildən hərəkətlərə qadağa qoyulması doğru addımdır. Amma daha orijinal qadağa səs-küyü “Odlar Yurdu” Universitetindən eşitdik.
3 il öncə həmin Universitetdə tələbə qızlara dikdaban ayaqqabı geyinməyə qadağa qoyulmuşdu. Məlumat da o da bildirilmişdi ki, ali təhsil müəssisəsinin bir qrup tələbəsinin verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Münasibətimizi bildirməzdən öncə, bu kateqoriyadan olan ayaqqabı haqqında internetdəm öyrəndiyimiz qısa məlumatı təqdim edirik.
Ümumiyyətlə, ayaqqabını ilk dəfə kimin və nə zaman geyindiyi bilinmir. Amma ilk ayaqqabının tarixi ilk insanlarla başladığı güman edilir. Mağara dövründə insanlar xarici təsirlərə qarşı ayaqlarını qorumaq üçün ağac qabıqlarından, yarpaqlardan və getdikcə heyvan dərilərindən ilk ibtidai ayaqqabıları yaratmışlar. İlk ayaqqabı növü isə səndəl olmuşdur. Ayaqqabı mədəniyyətində ən yaradıcı ölkə Misir olmuşdur. Misirlilər lap qədimlərdən isladılmış qumda ayaqlarının qəliblərini çıxarır, bu qəliblərdə formalaşdırdıqları xam dəridən bazaya iplər bağlayaraq səndəllər edirdilər. Və dünyanın istifadə etdiyi bugünkü ayaqqabılar həmin nümunə üzərində təkmilləşmişdir.
Dikdaban ayaqqabılar (hündürdaban, dikdaban, şpilkadaban, platformalı, kabluklu “Stiletto”, “Mantar”, “Pompa” və s.) tarixi haqqında da müxtəlif məlumatlar var. Özü də maraqlı olan cəhət budur ki, hündürdaban ayaqqabı ilk dəfə yalnız qadınlara məxsus geyim vasitəsi olmamışdır.

E.ə. romalılar aktyorlar üçün ağacdan və mantardan hazırlanmış platforma ayaqqabıları istehsal etmişlər.
Digər bir məlumata görə, 16-cı əsrdə – dünya hələ hündürdaban ayaqqabı nədir bilmədiyi vaxtlarda iranlı atlı əsgərlər dabanlı ayaqqabı geyinirlərmiş. Bu, o vaxtlar idi ki, İran hökmdarı Şah Abbas ən böyük rəqibi olan Osmanlı imperiyasını məğlub etmək üçün Avropa dövlətləri ilə yaxın əlaqələr qurmuşdu: aralarında diplomatik gediş-gəlişlər vardı. Qərb dünyası da dikdaban ayaqqabı ilə ilk dəfə həmin ərəfələrdə – 1599-ci ildə Şah Abbasın İrandan Avropaya göndərdiyi diplomatik heyətin təqdimatı zamanı tanış olmuşdur. Daha sonralar Fransa kralı 14-cü Lüdovik və İngiltərə kralı 2-ci Çarlz də hündürdaban ayaqqabılara maraq göstərmişdir. Amma zaman-zaman hündürdaban ayaqqabı geymək dəbi qadınlara da keçmişdir.
Avropada gözəllik üçün dizayn edilən ilk ayaqqabı 1513-cü ildə İtaliyada istehsal edilmişdir. Florensiyanın tanınmış ailələrindən Metcidislərin qızı Yekatrina de Metcidis bu ölkədə kral və prinsdən sonra gələn bir zümrənin oğlu ilə evlənməli imiş. Boyca balaca qız olan Yekatrina təmtəraqlı toy etmək istəyir, amma o, tədbirin ehtişamı kölgəsində deyil, özünün diqqətdə olması ilə fərqlənmək istəyir. Rəvayətə görə, əsilzadə qız Leonarado da Vinçinin yanına gedib, Leonardo da Vinçi qızın arzusunu hündürdaban ayaqqabı düzətltməklə yerinə yetirib. Yekatrina nəticədən məmnun qalır, çünkü onun uzunboylu görünməsinə kömək edən hündürdaban ayaqqabı çox xoşuna gəlmişdi. Yekatrinanı toyda görən hər kəs onun görünüşündən təsirlənir və onu təqlid etməyəy başlayır. Hündürdaban ayaqqabının tarixi beləcə başlayır və artıq bu ayaqqabı status göstəricisi olaraq qəbul edilməyə başlanılır.
İndi, maşallah, saysız-hesabsız hündürdaban ayaqqabı modelləri və adları vardır.
Ayaqqabılar həyatımıza geyim ehtiyacı kimi daxil olsa da, hündürdaban ayaqqabılar həm də tamamlayıcı xüsusiyyətlərinə görə qadınların sevimli aksesuarlarından biridir. Məsələn, gözəl görünmək məqsədilə kosmetik vasitələrə, ayaqlarının qüsurunu gizlətmək üçün uzun donlara üz tutan qadınlar boylarını yüksəltmək üçün də hündürdaban ayaqqabını seçirlər.
Hündürdaban ayaqqabılar təkcə qadınların boyunu uzatmır, həm də qadınların geyim mədəniyyətinə, zövq dünyasına bələdçilik edir. Elə geyimlər var ki, onlar hündürdaban ayaqqabı olmadan düşünülə bilməz. Hətta günümüzdə o qədər dəbli hündürdaban ayaqqabı modelləri var ki, artıq, qadınlar ayaqqabıları paltarlarına görə deyil, paltarlarını bu cür ayaqqabılara görə seçirlər.
Fərqi yoxdur: istər ayaqqabılar paltarlara görə seçilsin və yaxud paltarlar ayaqqabılara görə seçilsin, seçim onu seçənə məxsusdur və bu qadının hüquqi və demokratik dəyərlərə əsaslanan haqqıdır. Heç kim nə edəcəyini, necə edəcəyini kimdənsə icazə alıb etməlidir deyə bir davranış norması yoxdur. Fəqət, insan cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamır. Cəmiyyətin ümumi olan dəyərləri var ki, insanlar öz fantaziya və arzularını bu dəyərlərin qarşılıqlı həllində tapmalıdır. Xüsusilə gənclər belə məsələlərə həssas olmalıdır. Gənclər bizim gələcəyimizdir.Onlar həm də sabahın ata-analarıdır.
Onlar bu gün necədirlərsə, hansı dəyərlərin daşıyıcılarıdırsa, bu, gələcəkdə onların ailələrində öz əksini tapacaqdır. Müasir gənc olmaq heç də dikdaban ayaqqabı, “mom”, şortlar, “girlfriend” , “boyfriend” və sair guya dəbdə olan cinslər geyinmək demək deyildir.
Müasir gənc bilikli olmalı, tarixini və mədəniyyətini bilməli, dilinə, tarixinə, mədəniyyətinə hədsiz sədaqət göstərməli, davranışı, səviyyəsi, mədəniyyəti ilə seçilməli, sadə və təvazökar olmalıdır. Tələbə gənclərin vaxtlarının çoxu “Tarqovı”da, əyləncə mərkəzlərində deyil, kitabxanalarda, oxu zallarında, incəsənət ocaqlarında keçməlidir. Nə qədər gözəl, yaxşı nəsə var, onlar hamısı gənclərimiz üçündür. Amma onlardan gündəmə, diqqətə gəlmək üçün yox, düşünülmüş və ağıllı şəkildə zəginləşmək üçün istifadə etmək lazımdır.
Mən “Odlar Yurdu” Universitetinin bu yanaşmasını qadağa kimi deyil, ali məktəbi təhsil ocağını digər məkanlardan fərqləndirməyə nail olmaq səyi kimi qəbul edirəm. Ali və orta ixtisas məktəbləri ziyafət və ya karnaval deyil, park və yaxud insanların öz asudə vaxtlarını keçirmək üçün seçdikləri hər hansı məkan deyil, təhsil ocağıdır. Gərək ali və y orta ixtisas məktəblərinin tələbələrini nəinki oxuduqları təhsil müəssisənin yerləşdiyi yaxın ətrafda, hətta hansısa küçədə, avtobus və metroda görən insanlar hiss etsinlər ki, bu gəncimiz tələbədirlər.
Bir dəfə ali məktəblərdən birinin qarşısında müşahidə etmişəm. Allah, Allah… 30-40 il ərzində həyat, əxlaq, davranış normaları necə dəyişərmiş. Mən keçən əsrin 80-ci illərində tələbə olmuşam. Bizim vaxtımızda oxuduğum ali məktəbə bir nəfər də olsun belə tələbə gələ bilməzdi. Açıq-saçıq geyimlər…Tələbələrin əksəriyyətinin əlində tələbə çantası, kitab-dəftər yox: saqqallı olan var, guya günün dəbi olan müxtəlif modelli cins şalvarlarda olanlar var…
Gənclərimiz hay-küy qaldırmasın.Onların arasında müəyyən faizi, yəqin ki, mənim qohumlarımdan da var. İndi hesab edin ki, dikdaban geymiş qızlar dəhlizdə, foyedə, auditoriyalarda addımladıqca addımlarının səsi kənardakılara necə təsir edir. Oxu zalında hansı qız ayağa qalıb xidmətçi əməkdaşa yaxınlaşacaq, dikdaban ayaqqabıların səsi hamını özünə cəlb edəcək. Və yaxud dəhlizin o başında yeriyəcəksə, nəinki dəhlizin bu başında eşidiləcək və beyinlərə təsir edən addım səsləri, hətta ətrafdakı bütün auditoriyalara, oxu zallarına yayılacaqdır. Məsələnin digər bir ehtiyatlı tərəfi də var.
Dikdaban ayaqqabıda hərəkət edən qız özü də hiss etmədən zahiri hərəkətlərində, addımlarında adi halındakından fərqli vəziyyət alır. Axı ayaqqabı artıq ilk yaranışda olduğu kimi, ayağı xarici təsirlərdən(soyuqdan, istidən, yağışdan,palçıqdan, qardan, daş-kəsəkdən, şüşədən və s ) qorumaq üçün deyil, eyni zamanda, həm də daha çox estetik məzmunla bağlıdır. İndi qadınlar, xüsusən, gənc qızlar Yekatrina kimi gözəlliklərini ayaqları, və zərif ayaqqabılarsız təsəvvür edə bilmirlər.
Kerein Enn Moss adlı məşhur ingilis supermodeli və aktisası həmcinslərin bu təsəvvürlərini bir daha təsdiqləmişdir: “Nə vaxt rəqs etməyə gedəcək olsam, ən qısa paltarımla yüksək dikdabanlarımı geyərəm.”
Dikdabanlı ayaqqabılar üstündə dayanmaq da, gəzmək də çətin və əziyyətlidir. Onda bu aktrisa niyə dikdaban ayaqqabı geyinməlidir, özü də hələ rəqs edəcək.
İndi kütləvi informasiya vasitələrində tez-tez belə şəkillər verirlər ki, külək aktrisanı, modeli çətin vəziyyətə salıb: razrezli lidasının ayrılmış hissələrinin hərəsi bir tərəfə qaçıb, sinəsi açılıb və s.Halbuki, model, aktrisa bunu özü qəsdən edir, yəni belə paltar seçir. Ağayana, ədəb-ərkanlı qadın çölə-bayıra çıxanda bütün bu ehtimalları nəzərə alır. Məhz bu cür nümunələr artıq bizim mühitə köçüb. Bizim bir çox aktrisa və modellərimiz də sosial şəbəkələrdə eynilə belə şəkillərini paylaşırlar. Gənclərimiz də bu cür nümunələrdən təsirlənirlər. İşbaz dizaynerlər, reklamçılar da bundan yararlanırlar: elə ayaqqabı, geyim nümunələri var ki, mən şəxsən inanmıram ki, bizim qadınlarımız və gənclərimiz bu cürə geyimlərin marağında olsunlar.
Heç kim ayaqyalın gəzmir ki. Hamı ömrünü həmişə eyni ayaqqabıda baş vurmur ki. İş burasındadır ki, nəinki yeni ayaqqabı, paltar və yaxud başqa nəsə alan qadın, eləcə də kişi artıq ayaqqabısının stili onu geyinənin özünün stilinə əlavə çalarlar gətirir. Yeni dəbli dikdaban geyən qızımız və yaxud brend saat taxan oğlumuz ta by brendlər adiləşənə kimi fikirləri bu ayaqqabıda, saatda olacaq. İstəyəcək ki, mümkün qədər ünsiyyətdə olsun, çox yerdə olsun, “tıq-tuq” səsləri baxışları ona zillənməyə vadar etsin.
Yüksəkbilikli mütəxəssis olmaq istəyən gənc isə, mümkün qədər qeyri-adilikdən qaçmalıdır. Bir xatirədə oxumuşam ki, Balzakın köynəyi çox vaxt çirkli olarmış. Ona görə ki, təmiz, şax geyinsə, yazı masası arxasıda əyləşib yazmağa yox, çölə-bayıra çıxmağa maraqlı olacaqmış. Mən demirəm ki, bizim gənclər də çirkli geyinsin,köhnə libas geyinsinlər.Yox, səliqəli geyinsinlər, lap bahalı olsun, amma ictimai statusuna uyğun olsun, qarşısında dayanan ən vacib məqsədə stimul versin.
Paltarlarını, ayaqqabılarını, digər hansısa aksessuarlarını önə çıxaran, daha əhəmiyyətli edən heç bir qadın-qız heç vaxt bu paltar və aksessuarlarından qiymətli ola bilməzlər.
Bir vacib məsələ də budur ki, bizim gənclərimiz heç bilirmi, dikdaban ayaqqabı geyinməyin onların səhhəti üçün nə qədər zərərləri var?
Hündürdaban ayaqqabılar bədəndə bir forma pozğunluğuna səbəb olmaqla yanaşı, gün ərzində ayaqları daha 6 km getmiş qədər daha əlavə yorğunluqla yükləyirlər. Dikdaban ayaqqabılar dırnaq batması, ayaq baş barmağının içə doğru əyilmiş dayanması, döyənək, göbələk infeksiyası yaradır.
Barmaqların sürtünməsi nəticəsində dərinin sərtləşməsi baş verir.
Barmaqların və dırnaqların yataqlarına davamlı bir təzyiq düşdüyü üçün dırnaq yapışması və göbələk fəsadları yaradır.
Baş barmaq böyük bir təzyiqlə ayaqqabının ucuna itələnir, barmaqlar amorf şəklində qıvrılır, barmaq bükülmələrinin ortasında deformasiya baş verir. Xüsusilə belə bir təzyiqdə ayaq və barmaqlarda çox ciddi bir ağrı əmələ gəlir.
Dizlərdə kirəçlənmə yaradır. Hündürdabanlı ayaqqabılar cismin ağırlığının mərkəzini irəliyə daşıyır, nəticədə insan balansını itirir, ayağını bükür və ayaq biləklərində ağrılar, xüsusilə diz və bel ağrıları üzə çıxır və s.
P.S: Mən öz şəxsi fikirlərimi söylədim. Gənclərimizin məni səmimi qəbul edəcəklərinə ümid edirəm. Onlar həyat yollarındakı yüksəlişdə qarşılarına çıxan problemlərə emosiya ilə deyil, təmkinlə yanaşmalıdırlar. Mübariz, prinspial olmaq gəncliyimizə xas olmalıdır. Amma “Odlar Yurdu” Unuversitetində oxumuş qız tələbələrin etirazı kimi yox.
Demokratiyanı modaya gətirməyin…
Qeyd: Yazıda internet mənbələrinə istinad edilmişdir.









Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.