Mövqe

Sitat: “Dünyanın hər yerində dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı – əgər xalq öz dilini, dərinə getsək özünü unudub televiziya dilində danışmağa başladısa, bu, başlanğıc deyil, sondur.”
Cümlə fikri düzgün ifadə etmir.
Televiziya dili həm də şifahi ədəbi dildir. İstər yazılı , istərsə də şifahi ədəbi dil Ana dilinin qayda-qanunlarına tabe olan, müəyyən normalara uyğunlaşdırılmış dildir. Bu dildə danışmaq niyə son olmalıdır ki? Bu, mümkün olan şey də deyil axı. Bir dilin mövcud olması üçün 100 min adamın həmin dildə danışması kifayətdir. Allaha şükür ki, bizm dilimizdə milyonlarla insan danışır. Əgər canlıq danışıq dili nəzərdə tutulursa, danışıq dili ədəbi dilə yaxın ola bilər, amma tamam yox oal bilməz.Ən azından, tələffüz fərqləri, təffəkkürlə əlaqəli ifadə tərzi, bəzi məhəlli sözlər mütləq qalacaq.
Qubadan, Şəkidən, Lənkərandan, Astaradan kimsə danışmağa başlayan kimi, hiss etmək olur ki, qubalıdır, şəkilidir və ya talışdır.
Sitat: “Şifahi xalq ədəbiyyatı ilə azdan-çoxdan qaynayıb-qarışmış biri kimi deyə bilərəm ki, adamları göyün yeddi qatına qaldıran alqışlar olduğu kimi, insanların yeddi qatından keçən qarğışlar da var. Ah-nalənin müşayətilə kitablardan oxuduğum, eşitdiyim, insanı bütün varlığıyla silkələyən, silkələyəndə dəymişi dura-dura adamın kalını tökən qarğışları sadalamaq fikrim yoxdu. Ancaq onu deməliyəm ki, bu qarğışların içində ən dəhşətlisi ikicə kəlmədən ibarətdir:
– Dilin qurusun!”
Cümlələr dil baxımından qüsurlu olmaqdan əlavə, fikirlər məna baxımından da doğru əlaqələndirilməyib. İnsan cansız əşya ilə necə qaynayıb-qarışa bilər: bunlar həmcins deyil axı.
“Ah-nalənin müşayətilə kitab oxumaq” nə deməkdir?
Sitat: “- Ağzından çıxsın, qoynuna düşsün.”
Əgər bu qarğış kimi təqdim olunursa, belə qarğış yoxdur, əli qoynunda qalmaq frazeloji birləməsi (məyus, çarəsiz qalmaq, intizarda olmaq, nə edəcəyini bilməmək; əlamanda qalmaq…) var. Bəs “Ağzından çıxsın, qoynuna düşsün” qarğışı hansı mənanı verir?
Sitat: “Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq.”
İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi müvafiq hüquqi normalarla müəyyən edilir. Bütün kateqoriyadan olan işçilər və iş yerləri müəyyən edilmiş müddətdə belə attestasiyalardan keçməlidir. Azərbaycanın dövlət televiziya və radiosunda, zənnimcə, attestasiya həmişə daha ciddi keçirilib və müəyyən qüsurların olmasına baxmayaraq, indi də belədir. Sovet dövründə televiziya və radioda uzun illər çalışmış peşəkar diktorlarımız olub:onların bəziləri bu gün də müasirimizdir. Mən onların müsahibələrindən eşitmişəm, yazılarından oxumuşam ki, işə qəbul edilərkən necə ciddi sınaq və yoxlamalardan keçiblər. Xüsusi müsabiqələr, münsiflər heyəti olub. Radio və televiziyada işləmək arzusunda olanların səs tembrləri və diapozonları, diksiyaları, veriliş apararkən auditoriya və ya həmsöhbət ilə ünsiyyət qurmaq bacarıqları, mimika və jestləri, dilə aid bilik səviyyələri, daha nələr ciddi şəkildə yoxlanılıb.
Sualı belə qoymaq olardı ki, bu gün televiziyada, radioda fəaliyyət göstərənlər işə qəbul edərkən belə yoxlamalardan keçiblərmi?
“Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq” cümləsində faktik məna səhvi vardır.

Heç kim nə dil qayda-qanunlarına zidd şəkildə yazmağı, nə də danışmağı “söz azadlığı” kimi düşünmür.
Sitat:“- Həyətində işləyən altmış yaşlı qadını ilan sancdı.
İlan ağcaqanad deyil ki, sancsın – ilan vurur.”
“Sancan” sözü də elə “vuran” deməkdir.
Atalar sözümüz var: “İlan sancan ala çatıdan qorxar.”
Sitat:”- Camaatı təxliyyə etdilər.
Köçürdülər.”
“Təxliyyə” köhnəlmiş söz olsa da, leksik mühitdə qalmaqdadır. Mənə belə gəlir ki, “təxliyyə” sözü “köçürdülər” sözünün ehtiva etdiyi mənadan daha tutarlı anlayış bildirir. Hüquqi məzmun yaradır.Müharibə dövründə təxliyyə xəstəxanaları(qospital) olub. Yaşayış məskənləri bombardman ediləndə dinc əhalini oradan təxliyyə ediblər,yaralıları təxliyyə xəstəxanalarına, fəaliyyət qabiliyyəti olanları daha təhlükəsiz yerə. Bu gün müharibə şəraitində yaşayırıq. Təbii fəlakətlər və digər fövqəladə hadisələr zamanı belə vəziyyətlər gözləniləndir. Yəni, söz fəalllığı üçün leksik mühit var və həmin mahiyyəti “köçürmək” sözündənsə “təxliyyə etmək” ifadəsi daha dəqiq ifadə edir.
Bir kinofilmdən – demək istəyir ki, özünə gəldin?”
Məncə, filmdə kolorit yaratmaq üçün belə ifadələr işlədilə bilər. Bunu konteksdən ayırmaq məna təhrifinə səbəb olur. Tutaq ki, iki dostdan biri tez-tez xəstələnir. Hər dəfə də görüşmək istəyəndə xəstələnən dost deyir ki, canım ağrayır; üst dişlərim tökülüb, protez qoydyrmaq lazımdır; ayağım sözümə baxmır, vanna qəbul etmək lazımdır, sanatoriyadayam və s. Aradan bir müddət keçəndən sonra dostu bir də zəng vurur və yumoristik olaraq soruşur ki, bərpa olub qurtardın?
Əgər desə idi ki, əziz dostum, müalicəni qurtardınmı, indi yaxşısanmı, canlı danışıq dilinin hərarəti qeybə çəkilmiş olardı.
Sitat: “- Evakuator maşını cərimə meydançasına daşıdı.
Daşıdı yox, apardı. Daşımaq başqa şeydi.”
Daşımaq da, aparmaq da eyni mənanı ifadə edir, “daşımaq” sözü bir yerdən başqa bir yerə aparmaq, nəql etmək amlamına gəlir. Amma “maşınları” olsa idi, “aprdı” yox, məhz “daşıdı” demək daha doğru idi.
Sitat:“- Duş qəbul eləyin.
Duşun, yaxud suyun altına girin. Duş yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul edək.”
“Duşun və yaxud suyun altına girin”, bu, danışıq dili üçün xarakterikdir. Amma şifahi və yazılı ədəbi dil üçün “duş qəbul edin” daha doğrudur.
Sitat: “- Bizə nahar ver.
“Yemək ver” sözünü qoyub heç vaxt “bizə nahar ver” demirlər.”
Bu da üslubi məqamdır. Təbii ki, hər üç öynədə “bizə yemək ver” demək olar. Amma səhər və ya axşam yeməyi öynəsində heç kim “bizə nahar ver” deməz. Əgər kimsə belə deyibsə, bunu məhz günorta yeməyi vaxtı deyib. Burada “nahar” sözü bir qədər də dəqiqləşdirici mahiyyət daşıyır.
Sitat: ” Messi topu ələ keçirdi.”
Bu, voleybol deyil, futboldu. Ona görə də Messi topu ələ keçirmədi, aldı. Hörmətli futbol şərhçisi, sən: «Messi topu ayağına keçirdi» də deyə bilərsən.
“Ələ keçirdi” cümləsi ” Messi topu ayağına keçirdi” cümləsindən daha məntiqlidir.
Sitat: “- Yaşadığı haqda arayış gətirməlidi.
Söhbət harda qeydiyyatda olmaqdan getmir; sadəcə arayış gətirirsən ki, al bax, mən yaşayıram, sağam.”
Yaşım 60-ı keçib. Ömrüm-günüm arayış almaqla keçib, amma indiyə kimi kimdənsə yaşayış haqqında arayış istənildiyinin şahidi olmamışam. Ailə tərkibi haqqında və yaxud yaşayış yerindən arayış kifayət edir ki, kiminsə yaşadığına və ya vəfat etdiyinə şəhadət versin.
Sitat: “- Vəhşi öküzü ram etmək kimə qismət olacaq.
Topu da ram eləyirik, vəhşi öküzü də. Doğurdanmı vəhşi öküzlə futbol topu arasında heç bir fərq yoxdu.”
Topu ram etmək yanlışdır, amma vəhşi atı, kəsmək üçün buxovlamaq mümkün olmayan öküzü, daşqın çayları, eləcə də minilməmiş atı ram etmək doğrudur.
Sitat: “- Dəniz suları buz içindədi.”
Xeyir, buz dəniz suyunun içindədi.
Onda buz dəniz suyunun içində deyil, üstündədir.
Bu yaxında meşə yanğınları Yunanıstanı cənginə almışdı. Bütün kütləvi informasiya vasitələri “Yunanıstan od içind” deyətrək haray çəkirdi. Bu, o demək deyildi ki, Yunanıstanda yanmayan yer yox idi. Fikrimcə, “buz içində” sözləri ayrı-ayrılıqda götürülməmlidir, yəni tam buz bağlamışdır mənaqsını ifadə etmək istəyiblər.
Fərman Kərimzadənin əsərlərində belə cümlə var: “Qoca qalabəyi qan-tərin içində, gülümsəyə- gülümsəyə çıxdı.” Burada vəziyyəti fiziki olaraq deyil, məcazi mənada, yəni həddindən artıq tərləməsi kimi başa düşürük.
Sitat: ”Yaxud fevralın 21-də «İdman” kanalında “Saraqoza”-“Real” (Betis) futbol komandalarının görüşündə şərhçi deyir: “Bu hücum öz inkişafını tapa bilmədi”. Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum alınmadı.”
İrad haqlıdır, cümlə çox kasaddır, səhvdir. Amma “hücum alınmadı” kimi də məqbul hesab edilə bilməz.
Hücum nə üçün alınmadı: taktiki sxem düzgün qurulmadığı üçünmü və ya hücumçunun zərbəsi dəqiq olmadığı üçünmü , şərhçi həmin anı dinləyiciyə idman terminlərindən istifadə edərək çatdırarsa, reportaj daha maraqlı olacaqdı. Yox, əgər epizodu heç bir şərhsiz, izahsız, “hücum alınmadı” kimi təqdim etsəydi, onda reportaj heç bir maraq doğurmayacaqdı.
Sitat: ” Demək istəyirəm ki, cümləni yerli-yersiz sözlərlə həddindən artıq ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə qısa qapanma yaranır. Cümlə də dilin naqilidir, onu da həddindən artıq yükləyəndə qısaqapanma yaranır – Dilin qısa qapanması. “
Elektrik xəttindəki qısaqapanmalar zamanı işıqlar sönür və yalnız yüklənmə aradan götürüldükdən sonra enerji bərpa olunur. Bəs “dilin qısaqapanma”sı zamanı nə baş verir? Dil müvəqqəti də olsa, yox ola bilməz axı.Olsa-olsa, dilin ünsiyyət, ifadə vasitəsi olaraq keyfiyyətində qüsurlar özünü göstərər.
Sitat: “…Və bütün fəsadlar da bundan sonra boy verir – necə deyərlər, süni mayalanma yolu ilə eybəcər, şikəst, müstər və xəstə cümlələrin döl kompaniyası dilimizin ərazisində hökmranlıq eləyir.
Mənim fikrimcə, cümlələrin belə dağıdıcı döl kompaniyasının Baş Qərargahı Azərbaycan televiziya məkanıdır. Ən azı ona görə ki, yuxarıda sadaladığımız saysız-hesabsız faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan, yazılı mətbuatdan götürdüyümüz faktları bu yazıya əlavə etməmişik.”
“Müstər” dialektlərdə olan sözdür: bacarıqsız, aciz; kimsəsiz mənasında işlədilir. Dilimizdə bu sözü ifadə edən sözlər varsa, ona nə ehtiyac? Mən ilk dəfə idi ki, bu məqalədə rast gəlirdim: mənasını lüğətlərdən öyrəndim.
“Xəstə cümlələrin döl kompaniyası” nə deməkdir, bəlkə “kampaniyası” olmalıdır?
“Cümlələrin belə dağıdıcı döl kompaniyası”: nəyə lazımdır belə bənzətmələr? Fikirlər bir-birini təkzib edir. Döl ana bətnindəki bala; rüşeym; doğub törəmək, törəyib artmaq; nəsil mənalarını ifadə edir. Bu mənalarda dağıtmaq anlayışlı heç nə yoxdur, əksinə, hamı bu prosesi nəslin, cəmiyyətin davamlılığı üçün vacib şərt kimi qəbul edir.
Sitat: “1988-ci ildə Az. TV-dəki «Üzbəüz» verlişində demişdim ki, «öz dilini bilməyən Azərbaycanlını mən emiqrant hesab edirəm». Belə «emiqrant» çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar…”
Emiqrant
İqtisadi, siyasi və ya dini səbəblərdən öz ölkəsindən başqa ölkəyə köçmə prosesinə emiqrasiya , köçmüş şəxsə emiqrant deyirlər.
İmmiqrant
Ölkəyə gəlmə prosesi immiqrasiya, daimi yaşamaq məqsədilə gələn insanlar isə immiqrant adlanır.
Miqrant
Miqrasiya ümumi prosesə deyilir. Yəni, adamlar bir ölkədən digərinə köçürlər.
Bir ildən artıq yad ölkədə yaşayan insan miqrant hesab olunur.
Belədirsə, öz dilini bilməyən azərbaycanlı emiqranta yox, immiqranta daha yaxındır.
Sitat: “Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq, nəticədə dilimizin şirinliyi -şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır.”
“Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq …” deyəndə belə anlaşılır ki, televiziyaya şıxan kənd adamları fikirlərini ədəbi-bədii dil üçün xarakterik olan sözlərlə və tələffüzlə ifadə etməyə can atır. Eləcə də verilişi aparan müəllifin, müsahibə götürən jurnalist və ya diktorun nitqində danışıq dili elementlərinin fəallığı diqqəti cəlb edir. Təbii ki, belə meyillər yazıçının çox haqlı oaraq qeyd etdiyi kimi, şifahi ədəbi dili sıxışdırır, nəticədə dilimizin dadı-duzu qaçır, şirin-şəkər Ana dilimiz görkəminə görə “əncir qurusu” təsiri bağışlayır. Belə xüsusiyyətlər daha çox özəl telekananal və radioların dili üçün xarakterikdir. Layihələri aparanların əksəriyyətinin ədəbi dil barəsində təsəvvürləri bəlkə də heç yoxdur.
Sözlərə xas olan obrazlılıq, sinonimlik, ekspressivlik, emosionallıq mətn daxilində ona xüsusi bir üslubi ahəng və incəlik qazandırır. Görək, bu aparıcı obrazlılıq, sinonimlik, ekspressivlik , emosionallıq nədir, bunları bilirmi?
Yazıçı iradlarının əksəriyyətində haqlıdır, aparıçımı, şərhçimi, diktormu fikrini ifadə edərkən, auditoriyaya müraciət zamanı, tamaşaçı və yaxud intervü alacağı şəxslə doğru-düzgün ünsiyyət yarada bilmir. Çünki bu sahənin adamı deyildir, ədəbiyyatımızi və dilimizi bilmir, söz ehtiyatı azdır, peşəkarlığı yoxdur.
Nitqində dilimizin semantikasına, sözlərin üslubi məqamlarda doğru-düzgün işlədilməsinə dair nəzəri və praktiki hazırlığa malik deyil.
Düzüb-qoşduğu cümlələrdə söz sırası əksər cümlələrdə pozulur, məntiqi vurğu gözlənilmədiyindən tez-tez məna səhvləri baş verir.
Aparıcı televiziya üçün xas olan şifahi ədəbi dildə tam və bütöv cümlələrdənsə, müxtəsər və yarımçıq cümlələrə daha çox yer ayırmalıdır. Onun nitqində ümumişlək sözlər, idiomatik ifadələr, çoxmənalı sözlər və frazeoloji vahidlər mütəhərrik olmalıdır.
İstər Seyran müəllimin göstərdiyi iradlarda, istərsə də bizim özümüzün hər hansı bir televiziya verilişini izləyərkən müşahidə etdiyimiz məqamlarda aparıcıların nitqindəki kasadlığı görməmək mümkün deyil. Özü də bu qüsurlar nəinki təkcə televiziya-radio məkanında mövcuddur, onlar həm də mətbuatın, bədii ədəbiyyatın dilinə, dərsliklərin dilinə, insanların dilinə öz mənfi təsirini göstərir.
Bunlar bugünkü özəl telekanalların, radio və mətbuatın dil qayğıları və problemləridir.
Amma televiziyanın da, mətbuatın da problemi təkcə dil problemi deyil.
Televiziyanın əsas problemi istər məzmun, istərsə də ideya-estetik cəhətdən çox dayaz proqram və verilişlərin yayımıdır.
Dil, sadəcə, mətnin, bədii əsərin ifadəliliyiniə, ideya-bədii xüsusiyyətlərinin keyfiyyətinə xidmət edən vasitədir. Əgər hər hansı bədii mətn, hər hansı əsər kamil sənət nümunəsidirsə, oradakı obrazlar tamdırsa, onda obrazların da, yaradıcı qrupun da nitqində problem olmur.
Bu barədə daha başqa yazılarımızda

Bizi izləyin…
Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.