Nostalji
Arzulara adlayardı,
Qönçə kimi çatlayardı,
Gözəlləri odlayardı,
Qaynar, isti cavanlığım.
Cabir Novruz

Amma biz gənclik illərimizdə bunun fərqində deyildik. Çünki o dövrün indikindən qat-qat ciddi mühafizəkarlığı, ciddi bir ölçüsü-biçisi vardı. Həm də tələbəlik dünyasının özünün hədəfi sevib-sevilmək deyildi ki. Azərbaycanın hər tərəfindən baş şəhərə axışıb gələn həmyaşıdlarımız sevib-sevilməyə gəlməmişdilər ki. Oxumaq lazım idi. Bu məsuliyyətlə sevməyi, sevilməyi hər zaman təxirə (1-2 nəfəri ustisna etməklə) saldıq.
…Elə bil basaratımız da bağlanmışdı. Çox dəyərli aktyorumuz Fazıl Salayev “Mozalan” satirik kinojurnalında deyir ha : “Metroda qatarlar o yana gedir, bu yana gedir….”, bax, eləcə də hər cün “odlanmış gözəllər” yanımızdan o yana keçirdi, bu yana keçirdi.
Elə bil ki, “ağayana”, “başıaşağı” epitetlərini bizim nəsillərə istinadən müəyyən etmişdilər.
Bizim filfakın korpusu Sarayın lap yaxınlığında idi. Konservatoriyanın qızlarını əziyyətsiz-filansız seçmək olurdu: ən azından ifa etdikləri musiqi alətlərini gəzdirdikləri futlyardan. Çifayda, başımız kitablara qarışdı, ya da kənddə nənəmiz, Allah bilir, çoxdan dua-cadu etmişdilər ki, məleykələr huşumuzu aparıb şəhər qızlarına, skripka çalan, piano çalan, “Qayınana”dakı Afət kimi ariya, romans oxuyan qızlara urcah olmayaq. Kimə yazdırmışdılar, neçəyə yazdırmışdılar, iş onda deyil. İş ondadır ki, yazdıqları müstəcəb oldu… Və biz konservatoriyanın yanından keçəndə sanki gözümüz bağlandı və beləcə, əbədilik musiqidən məhrum olduq.
Bir təhər dözüb, tələbəliyi başa vurub, özümüzü çatdırdıq kəndə. Artıq oxumuşduq, əsgərlikdə olmuşuq, işimiz var, aldığımız məvaciblə bir kişinin qızını saxlaya bilərdik. İmpuls buraxırdıq və yaxud müəyyən işarələrlə bildirirdik ki, bizi bu təkliyin cəngindən xilas edin. Hərdən o vaxt dəbdə olan həzin bir mahnısını da içimizdə səsləndirərdik:
Mən bir sadə kənd müəllimi,
Sən də bir kolxozçu qız,
Çiçək açsın arzumuz…
Artıq konservatoriya da Bakıda qalmışdı, violençel, arfa,fleyta futlyarları da, onları doöurduğu assosiasiyalarla birlikdə daşıyan qızlar da. Arzularımız elə kolxozçu qılarla çiçək açmalı olacaq….
Sən arzulamağında, fələk də saymağında. Böyüklər getdi ətraf kəndlərdə guya yaxşı yemək bişirməyinə, palaz yumağına görə dərin rəğbət qazanmış bir Allah bəndəsini alıb gətirdilər. O vaxtdan da bizim “kitabımız bağlandı”, nə musiqi, nə skripka, piano, violençel…Evə gəldiyimizdə mətbəxdən eşitdiyimiz ancaq qazan və qaşıq taqqıltı-tuqqultusu oldu.
Lap deyək ki, arfada, royalda ifa edə bilmirlər. Bəs Allahın zümzüməsini niyə bacarmırlar? “Fatmagülün suçu nə?” deyirlər, amma bir kimsə proletarların suçu nə demir. Niyə bunları proletarın qapısına göndərəndə ancaq elə yemək bişirmək, paltar yumaq öyrətdilər. Bilmədilərmi ki ha, bu biçarə, məzlum proletarın musiqi dinləmək haqqı və tələbatı da var…Bəs bu necə olsun…?
Olsun ki, adam var evində 4-5 sazı olsun. Mən bununla təskinlik tapa bilmərəm. Kişi bəndəsinin ifa etdiyi hara, “mehriban düşmən” ifa etdiyi hara? Biz ədalətliyik, doğrunu, haqqı deyirik. Nə olsun ki, doğrunu, haqqı yaşaya bilmirik…
Vaxt-vədə də gəlib yetişib. Barı, bizdən sonra gələcək nəsillər sevəndə məsələyə kompleks yanaşsınlar….)))))











Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.