Müzakirə
Naibə xanımın fkirlərini oxudum və bəyənirəm (Bax: https://yenisabah.az/indiki-kisiler-qadinlarin-ustunde-agaliq-etmek-isteyir-xalq-artistinden-etiraz? fbclid=IwAR3AgvUIgW2lyDdeJjOuUtXvew1ERhu35bwlsDIDt34YDqOysUiQMkt7pJw#.Yoz9rcwtXgk.facebook ). Amma Xalq artistinin fikri konteksdən çıxarılıb. Elə bu gün ən pisi də kütləvi informasiya vasitələrinin (bura şou telekanalları, əksərsaytlar və internet televiziyaları aiddir) əfkari-ümumiyyə üçün göstərdiyi mənfi təsirlərdir. Mətbuat/televiziya izləyici naminə cəmiyyəti, sanki, Rey hesab edir və “Reydə böyük bir mağaza açıb”lar.

Naibə xanım barışdırcı, xoşməramlı niyyət qoyub ortaya, amma sayt sərlövhəni elə seçib ki, Xalq artistinin fikirləri 1 qəpiklik olub, qadınlar və kişilər arasında yeni didişmə yaratmaq niyyəti güdülüb.
Çox təəssüf edirəm.
Sovet dövrünün senzurasını qaytarmasalar, bu cür kütləvi informasiya vasitələrinin maarifləndirməsi bizi yaxşıca “maarifləndirəcək”.
Amma hörmətli Naibə xanımın “O vaxt qadınlar işləmirdilər, kişi də qadına bir tikə çörək gətirib verirdi və özünü evdə ağa hesab edirdi” fikrini də məqbul hesab etmək olmaz. Belə düşünəcəyiksə, ailə institunun “Yasin”ini oxumalı olacağıq. Kişilər heç vaxt belə hiss etməyib özünü. Kişilər qadına heç vaxt belə baxmayıb. Mən bu yaşıma qədər kənddə-kəsəkdə, rayonda, ölkədə belə meyil hiss etməmişəm. Olsun ki, bu yanaşmaya uyğun 3-5 hal olsun. Amma kütləviliyə doğru belə meyil yoxdur. Ədalətsiz danışmayaq, 3-5 hadisəyə görə proletarların qəlbini qırmayın. Tutaq ki, bir kişinin 5 qızı var, oğlu yoxdur. Əgər bu kişi qadını üzəridə siyasi asılılıq kimi hakim olmaq iddiası varsa, bəs onun qızları… Əksinə, kişilər daha xoşməramlı olurlar. Mən dildə də həmişə belə eşitmişəm, belə görmüşəm ki, ata da, qıza da həmişə oğlundan bir qədər daha rəğbət bəsləyiblər. Deyiblər ki, “qız uşağı kəsikdir” onun xətrinə dəymək olmaz. Belə deyən atanın/ ərin həyat yoldaşı da onun kimi bir atanın-ailənin kəsiyidir, onun xətrinə necə dəymək olar? Qızlarımız, bacılarımız ata evində nə qədər seviliblər azdır, onlar qat-qat bundan artığına layiqdirlər. Gəlin köçəndən sonra da ata evindən əllərini, ümidlərini üzə bilmirlər.
Əgər kimlərdəsə öz qadınlarına belə yanaşma varsa, onların anasına, bacısına, qızına qarşı da digər evlərdə həmin münasibət var. Kim buna razı olar və ya bunu istəyər?

Söz-söhbətsiz, problemsiz ev olmur və bu, mümkün də deyil. Və bu, həm də lazımdır da. İdeal olan yalnız problemlərin qarşılaşmasından təcəlla edər. Hərdən bir qadın da bilsin ki, ər ailə üçün nə deməkdir. Kişi də bilsin qadın Kimdir. İndi baxın, Qadınlar haqqında ən gözəl şeirlər də, şərqilər də Kİşilərin dilindən deyilib. Nəbi Xəzrinin bir ğözəl şeiri var:
Qadınsız ev
Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev —
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.
Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev —
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.
Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev —
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.
Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq…
Qadınsız ev —
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.
Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən —
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!
Mənə belə gəlir ki, bu şeir bütün kişilərin bizim əziz, hörmətli qadınlarımızla bağlı əxlaqi-etik görüşlərinin məcmusudur. Və yaxud bir lirik şairimiz var: Yusif Həsənbəy, onun bu şeirinə baxın:
Məhəbbətli dunyamız
Bir yastığa baş qoymaqdan doymadıq!
Biri-birimizdən doymaqdan da doymadıq!
Səni ürəyimin başına basa-basa istədim.
Səni bütövlüklə necə vardınsa istədim.
Təkcə qaşını,
Təkcə gözünü demədim axı…
Mən bütöv istədim səndən bəxtiyarlıgı.
Əllərin.
Tellərin.
Gözlərin.
Sözlərin-
hamısı mənim olsun
Səndən doysam,
Allah mənə
Qənim olsun!
Nəfəsin saçıma
Sığal cəkə doymaram!
Dodaqların dodağıma
Bal cəkə doymaram!
Həb deyilsən ki, gilə-gilə atım səni.
Varlığıma bəs necə qatım səni?!
Yaşa məndə, ürəyimdə, içimdə!
Yaşa ancaq fərəhimdə, sevincimdə!
Nə edim ki, ağrını ağrım bilim, qəmini qəm
Mənə nə istəsən elə, səndən küsən deyiləm.
Küssəm nazını kimdən istəyim?
Ruhumun bənövşə havasını kimdən istəyim?
Küssəm kim soyutsun həyəcanımı!
Küssəm bəs hara qoyum canımı!
Dünyanin ən bəxtəvəri mənəm
Sənin qədrini səndən artıq bilənəm.
Gözəlsən, ülvidir eşqin, mənan.
Səni məndən ötrü dogub anan.
Dünyanın ən bəxtəvəri bizik,
Bu gecə təmizlərdən təmizik.
Qəlbimizdə nə kin, nə acıq.
Biz ancaq özümüzə möhtacıq.
Sənsiz, Mənsiz bu gecə
adi gecə olardı,
Bəs görəsən məhəbbətsiz
Dünya necə olardı?
Bunu sizin “ağa” adlandırdığınız kişi deyə bilməz, bunu Qadını özünün həyatının yoldaşı, ruh əkizi hesab etdiyi proletar deyə bilər. Onsuz da bir mifik təsəvvürə görə, hər kəs bir vaxt öz bədənindən ayrılmış yarısını nə vaxt tapır, onda ailə qururlar, yenidən birləşirlər.

Problemləin səbəbi başqadır… Problemin səbəbi mənəviyyatla, şüurla bağlıdır. Avropanın dəyərsiz “dəyərlər”i şaşırdı belə deyən, belə düşünən qadınları. Xarici serialların, internetin, mobil telefonların, ayfonların eyforiyası şırımlar çəkdi dəd-babaların yaratdığı ailə -əxlaq məcəlləmizin sinəsinə.
O seriallardakı qadınların ağası var, hansı məkandadırsa, hansı ziyafətdədirlərsə, ziyafət verən də ağadır. Ziyafətlərdən-ziyafətə dəbdə olan gözəlçələr Qadın, Ana bəxtiyarlığından uzaqdırlar. Onlar bizm qadınların 100 metrliyinə yaxın dura bilməzlər.
Bunun özülündə qadınlarımızın vəfası, ailəcanlı olması, ailə-uşaqlar üçün fədai olmasıdır. Onlar bunu edə bilmirlər axı. Gecə saat 2-də, 3-də durub ağlayan körpəni kimdir kiridən, su verən, altını təmizləyən. Xarici ölkələrdə Qadının statusu tamam başqadır. Elə ən yaxşısı bizdədir. Bir qadının qucağında körpə yoxdursa, ağzının üstündən şillə vuranda da uşağı “Ana” deyib ona sarılmırsa, kimdir ana nə demək olduğunun mahiyyətini düşünə bilən, düşünə-düşünə də yaşaya bilən.
Rəhmətlik Baba Mirzəyev oxuyurdu:
Üstünün qaşıyla tanınar üzük,
Əgər üzük yoxsa, qaşı neynərəm…
Ayrı-ayrılıqda bu tərəflərin heç biri tam dəyər yarada bilməz. Dsüşünürəm ki, hələ gec deyil. İşdir, əgər Naibə xanımın dediyi kimi düşünənlər varsa, birdən-birə də olmasa da, 2-3 günü keçməmək şərti ilə barış bayrağını qaldırsın. Mütləq…
Biz yanmışıq, alışmışıq,
Bir can olub qarışmışıq,
Hey küsmüşük, barışmışıq,
Gəl, küsməyək bundan sonra!
Nəqərat:
Ürək desin nəğməsini,
Yaysın elə öz səsini,
Görək ömrün zirvəsini!..
Yolun uzanır sola, sağa,
Qoşa çıxaq yenə dağa!..
Hər söhbətə inanmağa
Tələsməyək bundan sonra!..
Bilək eşqin qədrini biz,
Bu illərdən qalsın bir iz!
Yaş olsa ya əlli, ya yüz,
Gəl, küsməyək bundan sonra!


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.