Təbiət – yaşıl sipərimiz

“Meşəsi bol olan kəndin qəbiristanlığı kiçik olar” 

     Türk atalar sözü

 

Proloq əvəzi

Gərək axırınız da belə olaydı…

…Hər görünən yarpağa  söylənirdiniz ki,  niyə yaz gəldi, niyə ağaclar yarpaqladı…?  Payız hələ gəlməmişdən fikrini  çəkirdiniz ki, kim süpürəcək bu yarpaqları?Nə qədər yapaq yığmaq olar…?

Buyurun, giley-güzarınız sonuclandı…Baxın, indi məhəllədə bir dənə ağac qalmayıb. Nə yayın istisində gündən,  nə də yazda, payızda yağışdan  qorunmaq üçün daldalanmağa  bir əlçim yer tapa bilməyəcəksiniz.

…Yarpaqları süpürmək lazım gəlirdisə də, barı, yayın istisində sizi gündən də qoruyurdu, dincinizi alırdınız… İndi yarpaq tökülməsə də , yer-yurd  boş su, limonad, pivə qabları ilə doludur….

Buyurun, yığın..Səsinizi isə çıxarmayın…

Təbiət bizim düşmənimiz deyil, əksinə, bizim mövcudluğumuzun təməli və sipəridir.

Bizim  sağlam olmağımız və uzun ömür  edə bilməyimiz üçün təbiətə  hər zaman ehtiyacımız var: uşaqlığımızda da, ixtiyar vaxtlarımızda da.

 Evdə  havamız çatmayanda, özümüzü narahat hiss edəndə, əsəbi olanda dərhal  təbiətin  qoynuna qaçırıq.   O isə bizə təsəlli  verir, sinirlərimizi sakitləşdirir,  gözəl-gözəl etüdləri ilə   ruhumuzu  əvvəlkindən  daha  məzmunlu aləmə   bağlayır.  Bir  sözlə, yaşaya bilməmiz üçün lazım olan bütün nemətləri bizə əta edən Təbiətdir.

  4  vacib həyat ünsürünün  (Su, Od,  Hava və Torpaq)   təbiətlə bağlı olması   onun həm qüdrətindən xəbər verir, həm də müqəddəsliyini ehtiva edir.

 Təbiətin  bir  ünsürü də  meşələrdir, ağaclardır. Elə yazımızı da  istər  Bakıda, istərsə də   əyalətlərdə  ağaclara qarşı kütləviləşməkdə olan  qəddar yanaşmalardan təsirlənərək  yazdıq.

 Bu gün insanlar  Elmi-Texniki Tərəqqi ilə  nə qədər qürrələnsələr də, yeni texnologiyalarla ciddi  yeniliklərə çoxlu imzalar atsalar da, bu,  digər tərəfdən də dünyanı dəyişməyə yönəli   atılmış  addımlar kimi,   nəzərdən qaçmamalıdır. Söhbət mövzusu meşələrin məhv edilməsi ilə  bağlıdırsa,  biz bunu  meşələr kimi  davamlı şəkildə görməsək də,  ayrı-qyrı yerlərdə 5-10 və ya daha kütləvi şəkildə  edildiyini görürük, mətbuat vasitəsi ilə bilirik.

 Çoxlu sayda ağacları kəsib yerlərində qəşəngcə  mağazalar, xidmət müəssisələri  tikə-tikə gedirlər…

 Elə qanuniləşdirirlər ki, elə daşdan keçən razılıq  məktubu düzəldirlər ki.

 Tiksinlər, yaratsınlar. O niyyət ki, insanların rifahı və rahatlığı üçündür,  o addım ki, təbiətin, torpağın  ruhunu incitməyəcək,  niyə də alqışlanmasın.

Amma  hardasa bir obyekt üçün  torpağı, təbiəti, ağacları  fiziki təsirlərə məruz qoymaq  yolverilməzdir. Özü də  dünyanın başı üstünü ekoloji fəlakətlər haqladığı bir vaxtda. Xüsusilə şəhərlərdə. Şəhərlər ən iri yaşayış məskənlərinin birincisidir. Burada onun  yaşıl örpəyinə  daha qayğı ilə yanaşmaq lazımdır.  

  ” Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir” (Bax: http://eco.gov.az/az/86-meselerin-inkisafi).

İnternetdə “Global Forest Watch” təşkilatının  belə bir araşdırmasına da rast gəldim ki, 2013-cü il üçün Azərbaycanda 1 milyon hektar, yaxud ölkə ərazisinin 15%-i meşə sahəsi ilə əhatə olunub. Hesabata görə, 2001-2013-cü illərdə Azərbaycanda 6 min 830 hektar meşə sahəsi qırılıb, 865 hektar meşə sahəsi yaradılıb (Mənbə: http://modern.az/az/news/84330/#gsc.tab=0).

Hər iki mənbədən göründüyü kimi, Azərbaycanda  meşə örtüyü, ağacların sayı qeyd etdiyimiz ölkələrlə müqayisədə xeyli aşağıdır.

  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə   ölkəmizdə  illərdir keçirilən “Ağac əkək, qoruyaq, yaşadaq” devizi keçirilən  yaşıllaşdırma hərəkatı  cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.  Amma  əkmək hələ işin  başlanğıcıdır. Əsas məsələ   həmin ağaclara xidmət etmək, onları qorumaqdır.  Bu işdə  cəmiyyətin, ayrı-ayrı şəxslərin qayğısı, məsuliyyəti lazımdır. Bunu Bakının sakinləri etməlidir, biz etməliyik.

 Nə və yaxud nələrdir bir ağacın faydası:

*** Ağaclar havanı təmizləyir,  o hava ki insanların yaşaması üçün mütləqdir.

***Ağaclar şəhər və küçələri sərinləşdirir.  Ağaclar enerji , su israfının qarşısını alır.

***Ağaclar eroziyanın qarşısını alır.

 ***Ağaclar uşaqları ultrabənövşəyi şüalardan qoruyur.

 ***Ağaclar qida istehsal edir.

***Ağaclar iqtisadi imkanlar yaradır.

***Ağaclar bir-birindən fərqli qrupları bir araya gətirir.

*** Ağaclar  zəlzələdən qoruyur və sair, və ilaxır.

Elə isə necə ola bilər ki,  bütün ali  hakimiyyət orqanlarının qərarlaşdığı  ölkənin paytaxt şəhərində  insanlara   bu qədər faydası olan , özü də “Qırmızı Kitab”a düşmüş 15-20 illik  ağacların kəsilməsi və yaxud  yıxılması Ekologiya Nazirliyi,  Yaşıllaşdırma Təsərrüfatı Birliyinin   mütəxəssisləri tərəfindən  məsuliyyətlə araşdırılmasın?

 Araşdırılır, amma  bu araşdırma təbiətin  halına acımaq deyil, onu qorumağa yönəli  tədbir deyil, sadəcə,  rəsmiyyət üçün   bir  arayış hazırlamaqdır.  Mətbuatda  meşələrə, yaşayış ərazilərindəki ağaclara qəsdlə bağlı hər zaman  məlumatlar  dərc edilir.  Aidiyyəti qurumların Mətbuat xidmətləri tərəfindən  cəmiyyətə məlumat verilir ki,  fakt üzrə  araşdırlma aparılıb,   məsələyə hüquqi qiymət vermək üçün   hüquq-mühafizə orqanlarına göndərilib.

 Məhkəmədə  də ən aşağı həddə  cərimə kəsilir,  adını qoyurlar “tədbir görülmək”.

Ya da   qurum mətbuata  açıqlama verib bütün günahları dilsiz-ağızsız küləyin üstünə yıxırlar.

 Ümummilli liderin  aforizmə çevrilmiş çağrışından  illər keçib, amma  təbiətə, yaşıllığa qəsd nəinki aradan qalxmayıb, heç  yavaşımayıb da.

  İyun ayının əvvəllərində kütləvi informasiya  vasitələrində   Xırdalanda  ağacların kəsilməsi barədə məlumatlar verildi: “…Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəisi Hikmət Əlizadə Trend-ə bildirib ki, araşdırma zamanı Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağacın və 32 kolun kəsildiyi məlum olub. Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

 Bu gün heç rayonda  insanların mülkiyyətində  bu qədər ağac ,  yaşıllıq bitkisi  yoxdur. Bakıda bir adamın mülkiyyətində bu qədər  ağac necə ola bilər? Deməli, bu ərazi  dövlət mülkiyyətindfə olub ağaclar və yaşıllıq bitkiləri ilə əhatələnmiş sahə olub. Necə veriblər bu ərazini həmin şəxsə? Kəsilmiş ağacların, yaşıllıq bitkisinin adı və şəkilləri  niyə paylaşılmır? Sonradan  məhkəmə qərarı və onun icra edilib-edilməməsi barəsində niyə   məlumat verilmir?

Axı bir insan  özü əkdiyi  bu sayda ağacı, yaşıllıq bitkisini məhv etməz.

 Cəmiyyət üçün   paylaşılan  məlumatlarda  məsələnin  təqdim edilməsi  formasına baxın.  

  Niyə ümumi halda  “ağac” yazırlar, “kol” yazırlar.  Bəlkə   kəsilən Eldar şamıdır, amma  sonda rəsmiləşən  yerdə yazacaqlar  ki,   kəsilənlər  qiymətli ağac deyil, öz-özünə yabanı halda bitən nar ağacı, alça,  gilas ağacıdır.

Kolu da kəsərlər  də. Niyə “kol” yazırlar, yazsınlar  yaşıllıq bitkisi, dekorativ bitki, yəni, bunlar yabanı bitməyib.

Əgər söhbət demokratiyadan, aşkarlıq və şəffaflıqdan gedirsə, cəmiyyət üçün  cüzi də olsa, şübhəli məqam qalmamalıdır.

Mən  ətrafımda belə görmüşəm ki,  əyilmiş, sınmış, amma qopmamış budağı insanlar kəsməyə  qorxur ki, xəbər verənlər çoxdur,  Ekologiya gəlib 200 manat cərimə edəcək. Bunlar   kütləvi şəkildə   ağacları, yaşıllıq bitkilərini məhv edir,  cüzi bir məbləq ödəməklə  “əməlləri”ni paklığa çıxarırlar.

 Neçə illr əvvəl “Xalqlar dostluğu ” və “Neftçilər” metrosu arasında    irigövdəli ağacları  qətlisama məruz qoymuşdular.     Şil-küt edilmiş ağacların qol-budaqlarını və gövdələrini də  Yeni Günəşli ilə  Köhnə Günəşli arasında olan dərin uçuruma atmışdılar.

 İnternetdə hər zaman belə hadisələrdən yazırlar, amma  başlarında  göy əskinaların   iştiyaqı olanda,   göy olan  pöhrəni də, illərin ağacını kəsdirtdirənlər xırda-xuruş cərimə ilə  qavzadıqları  torpaqda  ofis, digər obyekt tikir.

İnsanların  pəncərəsinin qabağında. Uşaqların, ahılların  gəzintisi,  təmiz hava almaq üçün  sovet zamanı  planlaşdırılmış  yerləri artıq tükənmək üzrədir.

 Amma ictimai yaşıllıqlara biyara işləyən kimi işləyirlər.

Yaşıllaşdırma  təsərrüfatı yalnız şəhərin mərkəzi küçələrində, magistral yol kənarlarında   iş görürlər. Bakı ətrafı  rayonların məhəllələrində ağaclar, yaşıllıqlar Allahın mərhəmətinə sığınıb  yaşayırlar. Bu ağaclaq qulluq görmürlər.  Yaşadığımız  general Şıxlinski küçəsində məhəllədə   yaşıllıq salıblar. Müəyyən idman avadanlıqları quraşdırılıb, avadanlıqqlar  qoyulub. Bəli, bu yerlər 1 il əvvəl necə idisə, indi ondan yaxşıdır. Amma  başdansovdu işlədilər layihəçilər.Yaşıllaşdırma təsərrüfatı  biyara işləyən kimi işlədi.

Adda-budda quru budaqları kəsib  getdilər.  Amma qurumuş, əyilmiş, təhlükəli vəziyyətdə olan ağaclara  toxunmadılar. Ağacların ətrafındakı kolluqları təmizləmədilər. Bu yaşıllıq salınandan  4-5  ay sonra  ağacların   əl çatmayan yerlərinə  elan yapışdırdılar ki, yaşıllığı tapdalamayın, uşaqları buraxmayın.

Belə maarifləndirmə, təşviqetmə olmur. Belə   bildirişləri səliqəli  hazırlayıb,  yaşıllığın içərisinə  bərkitmək lazımdır.

Parka daxil olanların görmə məsafəsinə uyğun olmalıdır.

Bu isə göstərir ki, Yaşıllaşdırma  təsərrüfatı  müəyyən peşəkarlığı, ənənəvi iş üsulları olan  ciddi qurum deyildir.  

Onda belə qurumun  təbiətə verdiyi  fayda bundan artıq ola bilməz.

 Müdriklər  deyərlər ki, təbiət mühafizəçi ilə deyil, sevgi ilə qorunur. Bu, müdriklərin nəzəri fikirləri deyil,  ömürləri boyu görüb, yaşayıb həyatın özündən  gəldikləri qənaətlərdir.

 Mühafizə ilə də qorumaq olar, amma sevgi  ilə qorumaq  daha  etibarlı və bərəkətli olacaq.    Sevgi ilə qorunmaq sevginin özünü qorumaq anlamına gəlir. Sevgi isə  fidan böyütmək, onu çoxaltmaq və paylaşmaqdır.

 Bunun yeganə yolu maarifləndirmək, müxtəlif layihələrdən keçir. Əgər insanlarda təbiətə, meşəyə sevgi yoxdursa, onları qanunlarla, mühafizəçilərlə qorumaq əbəsdir. Əsas odur ki, bütün insanlar  təbiəti əsl  canıyananlıq  və sevgi  ilə  qorusunlar, başa düşərək qorusunlar.

Mühafizə də lazımdır təbii ki.  Xırdalanda baş vermis yaşıl soyqırım hadisəsindən, eləcə də bu tipli digər qətliamlardan  xəbər tutunca  insanın “əli işdən, ürəyi də arzudan soyuyur”. Çünki  çox olub ki, insanların  sevgi ilə əkib becərdikləri ağacları kəsib yerində  obyekt tikiblər. Ona görədə dövlət  ekosistemi qoruduğu kimi, insanların təbiətə bağlılığını qorumalıdır.  Əlbəttə ki, insanlar da dövlətin  hədəflərinə   xidmət etməlidirlər.

   

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı