Bir dön bizim Bakıya bax ( I yazı)

Nostalji

“Bakı” adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. V-VI əsr tarixi mənbələrində Bakının adı fars dilində bu adın ilkin forması kimi “Baqavan” adlandırılıb, “Tanrının şəhəri” kimi tərcümə olunur.

Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi “Bādkube”dir ki (بادکوبه ), “Küləklər şəhəri” anlamını ifadə edir.

Bakı şəhərinin eramızın V əsrində yarandığından “Badükübə” sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur.

Səyyahlar Bakı haqqında

Əcnəbi tarixçi, alim, coğrafiyaşünas, diplomat, səyyah və tacirlərin Azərbaycan şəhərləri və sənətkarlığı, ticarəti, ticarət yolları haqqında verdiyi məlumatlar böyük əhəmiyyət daşıyır. Son orta əsrlərdə Azərbaycana gəlmiş və Bakı haqqında gördüklərini yazmış Avropa səyyahlarını xronoloji ardıcıllıqla izləmək yerinə düşərdi.

XIV əsrin birinci yarısında Şərqdə katolikliyi yaymaq məqsədilə fransız missioneri rahib Juirden Katalani Azərbaycana da gəlir. O, qeydlərində Bakını və onun neft mənbələrini də xatırlayaraq Bakı neftinin müalicəvi xassələrini göstərir.

Adam Oleari

Rus, türk, ərəb və fars dillərini bilən Saksoniyalı Adam Oleari (1599-1671) Gilan ipəyini ixrac etmək məqsədilə Moskvaya (1633-34) və Səfəvilər dövlətinə (1635-39) göndərilən Qolşteyn səfirliyinin nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Səfəvi sarayına yola düşən Qolşteyn səfirliyi əvvəlcə Moskvaya gəlmiş, sonra 1636-38-ci illərdə – İsfahana getmişdi. Qayıdarkən alman elçilərinin yolu Azərbaycandan düşmüşdü. Adam Oleari Azərbaycanın Bakı, Dərbənd, Niyazabad, Şamaxı, Cavad, Ərdəbil, Zəncan, Qəzvin, Sultaniyyə, Astara, Lənkəran, Qızılağac kimi yaşayış məntəqələrində olmuş, tarixi keçmişimizə, xalqımızın həyat tərzinə aid material toplamışdır. Məşhur alman səyyahı, görkəmli alim – coğrafiyaşünas Adam Olearinin “Səyahətnamə” kitabı ilk dəfə 1647-ci ildə yol xatirələri kimi nəşr olunmuşdur. 1656-cı ildə isə əsərin elmi mətni hazırlanmış, müəllifin Moskva və Azərbaycan haqqında qeydləri də oraya əlavə olunmuşdu. Əsər üçüncü dəfə 1663-cü ildə, dördüncü dəfə isə 1696-cı ildə Hamburqda işıq üzü görmüşdür. Adam Oleari öz “Səyahətnamə”sinə Azərbaycan şəhərləri, sənətkarlıq və ticarət həyatı, ictimai münasibətlər, əkinçilik, əhalinin məişəti, adət və ənənələri haqqında maraqlı məlumatlar daxil etmişdir. O, Azərbaycanı, xüsusilə də Bakını gəzmiş, şəhərdən keçən karvan yolları, karvansaralar, pirlər, tarixi yerlər haqqında, müxtəlif tayfalar, etnik qruplar, bir qisim yarımköçəri həyat tərzi keçirən əhali, onların məşğuliyyəti, müxtəlif peşə sahələri barədə çox qiymətli məlumat toplamışdır. A. Olearinin “Səyahətnamə”si XVII əsrin ortalarında, Bakıda ticarət və sənətkarlıq sahələri, əhalinin həyat tərzi və dövlət quruluşu haqqında dəyərli elmi məlumat verən qaynaqlar içərisində xüsusi yer tutur. Məsələn, xalq müdrikliyinin qoruyucusu olan Dədə Qorqudun qəbirini Dərbənddə Oleariyə nümayiş etdirmişlər… Olearinin əsərində Burla xatunun adına təsadüf olunur. A. Oleari onun qəbirinin Urmiyədə olduğunu qeyd edir.

Piyetro Della Valle

Bakı haqqında 1618-ci ildə yazmış italyan səyyahı Piyetro Della Valle Bakını Kaysi çayının mənsəbində olan Albana şəhəri ilə eyniləşdirmişdir. Əsərin 1796-cı ildə Hamburqda nəşr olunmuş variantı rus dilinə tərcümə edilmişdir. 1663-cü ildə alman dilində nəşr olunmuş nüsxəsini P. Barsov rus dilinə tərcümə edərək, 1870-ci ildə Moskvada çap etdirmişdir və əsərin bu nəşri daha mükəmməldir.

XVII əsrdə Azərbaycan şəhərləri, o cümlədən Bakı haqqında məlumat verən digər səyyah Jan Şarden (1643-1713) olmuşdur. Bu fransız zərgəri 1664-cü ildə Lion taciri Rezenlə birlikdə almaz almaq üçün Hindistana göndərilmişdir. Şarden səyahət etdiyi ölkələrdə gördüklərini 10 hissədən ibarət olan “Səyahətlər” adlı əsərində qələmə almışdır. Əsərin IV-V hissələrində o, Azərbaycan, xüsusilə Bakı haqqında xeyli maraqlı müşahidələrini qələmə almışdır. Şarden Bakıda sənətkarlıq, elm və incəsənətin inkişafı haqqında da məlumat vermişdir.

Kubero don Pedro

Katolik ruhani Kubero don Pedro 1670-79-cu illərdə dünya səyahəti zamanı Qafqazda olmuş, iki ay Şamaxıda qalmış, sonra Bakı, Ərdəbil, Qəzvin, İsfahan, Şiraz, Bəndər Abbas şəhərlərinə səfər etmişdir. Dərbənddən Şamaxıya, oradan Ərdəbilə, daha sonra Qəzvinə gedən Kubero gördüyü yerləri, xüsusilə Bakı şəhərini ətraflı təsvir etmişdir. Kuberonun əsərləri ilk dəfə 1680-cı ildə Madriddə, italyan dilinə tərcüməsi isə 1683-cü ildə Napoli şəhərində çap edilmişdir.

XVII əsrin fransız missionerlərindən rahib Villotun da qeydləri çox maraqlıdır. O, 1689-cu ildə Azərbaycana gəlmiş, Gəncədən keçib Şamaxıya və oradan da İrana getmişdir. O, yazılarında Bakının neft və duz hasilatından bəhs etmiş, Abşerondakı kəndlərin sayı haqqında məlumat vermişdir.

1573-cü ildə Bakıda olmuş ingilis taciri Dekat Ceffri Abşeronda çoxlu neft hasil edilməsindən danışır.

1580-ci ildə ingilis taciri Xristofor Berrou Abşeron kəndlərinin məişətinə dair bir sıra məlumatlar verməklə yanaşı, Bakıda gördüyü qonaqpərvərlikdən də bəhs edir.

Enqelbert Kempfer

XVI əsrdə Avropa tacirlərinin Şərq ölkələri ilə ticarət əlaqələrinin canlanması Volqa-Xəzər yolu adlandırılan dəniz ticarət yolunun mənimsənilməsinə şərait yaratdı. 1561-63 cü illərdə İngiltərədən tacir Cenkinson Azərbaycana gələrək bir sıra şəhərləri gəzmişdir və o, Bakının coğrafiyası haqqında dəyərli məlumatlar vermişdir.

Alman alimi Enqelbert Kempfer (1651-1716) 1683-84-cü illərdə İsveç səfirliyinin katibi kimi Rusiya, Azərbaycan və İranda olmuşdur. Avropaya qayıtmayan alim, Rafael dü Manın təklifi ilə İran körfəzində olan Holland donanmasında qulluğa girmiş, on il ərzində müxtəlif Şərq ölkələrində olmuşdur. 1683-cü ildə Bakıda olmuş Kempfer şəhəri olduqca ətraflı və dəqiq təsvir etmişdir. O həmçinin Bakının neft və duz mədənləri, Abşeronda yanar qazın çıxması, Bakı və Abşeronun iqtisadiyyatı, sosial həyatı, memarlıq və məişətinə dair bir sıra dəyərli məlumatlar vermişdir. Kempfer 1693-cü ildə vətəninə qayıtmış, 1712-ci ildə öz əsərlərini latın dilində 5 cilddə nəşr etdirmişdir. E. Kempferin əsərlərində Azərbaycan haqqında geniş məlumat verilir. Onun əsərinin ikinci hissəsində Abşeron, Bakı, neft quyuları haqqında məlumatlar xüsusilə maraqlıdır. E. Kempfer Kaspi (Xəzər) dənizinin xüsusiyyətləri, Xəzərətrafı yerlərin bitki və heyvanat aləmi, təsərrüfatı, eləcə də Qafqaz dağlarının relyefi haqqında ətraflı məlumat verir. Qeyd etmək lazımdır ki, Kempfer əbədi odu ilk təsvir edən tədqiqatçılardandır. Onun əsərində verilən şəkil və qravüralar, Abşeron yarımadasının xəritəsi, Şamaxının, Bakının görüntüləri xüsusilə əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, Bakının V. M. Sısoyevin “Bakı keçmişdə və indi” kitabında verilən təsviri E. Kempferin əsərindən götürülmüşdür. F. Minorski, İ. Petruşevski, S. Aşurbəylinin tədqiqatlarında E. Kempfer yaradıcılığına istinad edilmişdir. 1824-ci ildə Bakıda olmuş Kazan universitetinin professoru İ. Berezin onun təsvirlərini sanki təsdiqləyərək yazırdı: “Bakı qalası, doğrudan da iki cərgə hasar arasına alınmışdı. Dəniz tərəfdə isə divar yalnız bir cərgədir.”

Mənbə: https://bakucity.preslib.az/az/page/m3lYEitxrQ

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı