Mövqe

Xatırlayın, aparıcı Zaur Kamalın iranlı müğənni Afşin Azərini canlı efirdən qovması cəmiyyətdə böyük rezonas doğurmuşdu.

Olayla bağlı  bir çox şəxslər  münasibət bildirib, etirazlarını ifadə ediblər.   Amma mən bu etirazların içərisində  Milli Məclisin  müvafiq Komissiyasının  baxışını görmək istərdim,   mətbuatda sırf öz işlərindən başqa,   bizim də  deyə  biləcəyimiz məsələlərə dərhal  münasibət bildirən  deputatların  mövqeyini görmək istərdim. Universitetin Jurnalistika fakültəsinin müəllimlərinin   münasibətini görmək istərdim.

 Çünki  əksır  mətbu orqanlarda, eləcə də özəl telekanallarda  baş verənlər  1-ci deyil, 2-ci deyil, 3-cü deyil…. Zəncirvari uzanaraq  davam etməkdədir.

Əgər   daim inkişaf edən, informasiyalaşan cəmiyyətin yenilənmək, xəbərdar olmaq  ehtiyacını   Zaur Kamalın, Zaur Baxşəliyevin, Tolikin, Elgizin, Yusifin,Sərxanın, Əl Mirəliyevin,  Dilarə Əliyevanın,  Xoşqədəmin, Hüseynova bacılarının, Sevil və Sevinc bacılarının və daha  neçə  cəmiyyətin  qəbul etmədiyi  aparıcılar  və onların təmsil etdiyi telekanallar   təmin edə bilirsə, onda bağlayın Jurnalistika fakültəsini.  Qoyun elə bu şəxslər  özləri  elə studiyada kurs açıb, davamçılarını hazırlasınlar.

Deyirlər ki, ictimai qınaq  mütləq  lazımdır. Hətta cənab Prezidentimiz İlham Əliyev  bir çıxışında ictimai rəyin instutsional  mahiyyətindən bəhs edib, onu canlandırmağı tövsiyə etdi.  Amma  ayrı-ayrı sahələrə  rəhbərlik edən məmurlar özlərini cəmiyyət qarşısında məsul etmək istəmirlər.

 Heç sovet dövründə belə məsuliyyətsizlik yox idi.  Bu  gülməşəkərlər yaxşıca iş yeri tapıblar:  yaraşıqlı,  kondinsionerli , həm də çal-çağırlı studiya və yaxud auditoriya.  Heç bir iş görmürsən, şoudan başqa heç nə istehsal  etmirsən,  cahan süfrəsinə qoya biləcəyin bir nemət yox, amma    cəmiyyətdə hamı səni tanıyır,  təzim edir. Çöldə tərəvəz yetişdirən  əmək adamından, muzey və arxivlərdə saç ağardan  mühafizlərdən, kommunal xidmətin əməkdaşından 100 dəfə  bunlar  lazımlıdır cəmiyyətə.

Heyf, sovet dövrünün televiziya  və radiosundan, mətbuatından.”Azərbaycan pioneri”  qəzetindən, “Araz” radiosundan. Cəmiyyəti  təpədən dırnağacan şoulaşdırmaq istəyirsiniz?

Zaur Baxşəliyev aparıcılıq etdiyi “Zaurla günaydın” verilişində açıqlaması ilə diqqət çəkib.

 Bunu Publika.az, Teleqraf. com  cəmiyyətə isti-isti çatdırmağı zəruri hesab edib.  Hər iki mətbu subyekt aparıcı Zaur Baxşəliyevin həyat yoldaşına “arvad” deyə müraciət edənləri dəstəkləməsinə  istimai dəstək qazandırmaq istəyib.  Əksinə, Publika.az da, Teleqraf. com da    həmkarlarını dilə-dişə salmamalı idi.  Əgər informasiya cəmiyyətin, əxlaqın  hədflərini zədələyirsə,  kimə lazımdır belə xəbər?

Publika.az da, Teleqraf. com-un rəhbəri Aynur Camalqızı  eyni zamanda “Qadın Konsensus Mərkəzi” İctimai Birliyinin sədridir. Axı  Zaur Baxşəliyevin   ünsiyyət zamanı qadınlara  “arvad”  etiketini önərləməsi  həm cəmiyyətin ünsiyyət mədəniyyətinə,  həm də qadınlara ehtiramdan çox-çox uzaqdır.

 Baxın,    Zaur nə yazıb, fikirlərini  cəmiyyətə söz demək haqqı olanlar kimi necə  xırdalayıb (incələyib mənasında): “Ailənin yaxşı olması hörmətdən asılıdır. Görkəm baxımımda hər şey yaxşı görünə bilər. Kənardan baxırsan ki, oğul-qız, ər-arvad var. Bir model olaraq kənardan yaxşı görsənir. Onu da deyim ki, ər-arvad sözündən niyə xoşları gəlmir?! Üzeyir Hacıbəyov “Ər və arvad” operettasını yazıb. Deyirlər ki, “arvad” demə! “Arvad” sözü var da… (Bax:https://teleqraf.com/news/maqazin/331742.html ) “

  Belə mətnin, belə məzmununun sərlövhəsi də qüsurlu olmalıdır: “Zaur Baxşəliyev etiraz etdi: “Deyirlər ki, “arvad” demə…”

 Nöqtələrin  yerində  fikrin “Arvad” sözü var da…”    hissəsidir.   Sərlövhə semantik baxımından tam deyil. Cümlənin  2-ci  tərəfi birinci  tərəfin “nəyə” sualına cavab ola bilmir.  Fikir də aydın olmur.  Zaur  etiraz etməyib, sadəcə,   müraciət etiketi kimi ”arvad”  sözünü  məqbul hesab etdiyini bildirib və onu əsaslanfırmağa çalışıb, amma alınmayıb.

Siz bir mətni yenidən diqqətlə nəzərdən keçirin: necə rabitəsiz və məntiqsiz.  

“Arvad”   sözününün  görkəmli dilçi alimimiz Bəşir Əhmədovun “Etimoloji lüğət” kitabındakı anlamına fikir verin:

“Arvad” sözünü alınma “övrət” sözü ilə bağlayırıq, amma dilimizdə “doğmaq” mənasını verən “ur” feili olub. Həmin kəlmədən “urkaçı” sözü də əmələ gəlib və “dişi”, “doğan” anlamlarını əks etdirib. Bizdə “urağut” sözü arvad sözünün dubleti olub. “Toxum” mənasını verən “ur” (“urluq”) sözü də yuxarıdakı ilə bağlıdır (görünür: “ur” sözü ad-feil omoformu olub). Sarı uyğurlar “orukkaver” cümləsini “ərə ver” kimi başa düşürlər. “Tayfa, qəbilə, qohumluq, uşaq, törəmə, toxum” mənalarını verən uruğ sözü də mövcud olub. Deməli, “ur”, “urağut”, “uruğ” kimi sözlərin hamısı eyni kökdən törəyib və “arvad” kəlməsi bizdən başqa dillərə keçib.”

  Digər mənbələrdə isə “arvad” sözü əərb dilində “auret” sözündəndir, mənası isə “ayıb, qadağan olunmuş yer,qüsurlu”  kimi  əski islam zehniyyətinə söykənən mənaları ehtiva edir.  O yerdə ki, qız uşaqları doğulan kimi diri-diri torpağa basdırırmışlar.

 Yəqin ki,   dünyaya gələn uşaq qızdırsa,    ona “ arvad” deməyəcəkdilər ki, deyəcəkdilər ki, mömin  filənkəsin qızı olub. 32 yaşı olub ərə getməmiş  qıza da “arvad” demək  onun haqqına girmək olardı. Yəni, bu söz sivilizasiyalar irəliyə doğru getdikcə, bu söz  qadının  cəmiyyətin özəyi olan ailə strukturundakı yerini  ehtiva edib: dini, hüquqi və  tərəflərin özləri  arasında.

 Daha sönra ifadə məişət üslubunda    “ərli qadın, əri olan, ya olmuş qadın” anlamından   fərqli   “arvadağız” , “arvad kimi  söz gözdirmək”,  “arvadbaz”  və sair bu kimi  tənəli, pritçavari   mənalar da ifadə edib.  

   60-70 il bundan öncə    ulularımız  həyat yoldaşlarına  “arvad” deyib.  “Əhməd haradadır?” filmində  Şirin kişi Nərgiz xalayla , “Böyük dayaq” filmində Rüstəm  kişi Səkinə  xala ilə  bir-birlərinə “kişi”, “arvad” deyə müraciət edəndə,  necə şirin alınır. Amma indi qadına “arvad” demək qeyri-etikdir,  üzə durmasalar da, xətirlərinə toxunar. Yazıda, danışıqda ümumi  anlamda   “arvad” demək olarsa, 28 yaşlı  subay ziyalı qadına   necə “arvad” demək olar?

 Artıq bu söz  dilin  passiv fonduna keçib, ondan yalnız müəyyən üslubi məqamlarda istifadə edilir.

 Zaur Baxşəliyev özünə  haqq qazandırmaq üçün deyir ki: arvad sözü var da , Üzeyir Hacıbəyov “Ər və arvad” operettasını yazıb. Amma bu söz 113 il bundan əvvəlki leksik mühit üşün xarakterik idi. Digər tərəfdən operettanın mövzusu ailənin və cəmiyyətin təzyiq göstərdiyi azərbaycanlı qadının  ailədə və gündəlik həyatdakı  acı taleyini  göstərməklə bağlıdır.

 Bu qadınlar  elə arvad kimi də qəbul edilib təqdim edilirmiş. Çox yəqin ki,   cibləri qızılla dolu sahibkarların,  varlı tacirlərin,  müəyyən mənsəb sahibi olan  məmurların   həyat yoldaşlarına və qızlarına   kimsə “arvad” deyə bilməzdi, onlar “qospaja”, “madam”,  “barışnıya” və sair  deyilib.

 Zaur öz xanımına necə  müraciət edəcək, bu, onun öz  işi, amma cəmiyyətə əriştə kəsməsin.

  Bəzən məişət üslubunda  qadınlara “kül tullayan”, “bizim arvad” deyiblər,  bəzən yumor ruhu qatıb “uşaqların anası” da deyiblər. İndi də belə deyənlər, yəqin ki, var. Bunlar  inkişafımızla, intellektual səviyyəmizlə bağlı olaraq aradan  qalxıb və qalxmaqdadır.

Dədə Qorqud cəmiyyətində qadınlara    “Halalım” deyilirmiş.   Dünyanın  hansı müraciəti   bu qədər möhtəşəm ola bilər? 

 Ədəbiyyat, sənət bu sözün siqlətini  həyata gətirməlidir.  Azərbaycan ərlərini bu qədər qürürlu  edən  bizim nənələrimiz, analarımız olub. Onların  övladları da  bu varisliyə layiqdir və onu davam etdirməlidirlər.

 Mən də mütləq əksəriyyət kimi hesab edirəm ki, bu  gün qadınlara  “arvad” demək,   onlara qarşı ən böyük diqqətsizlikdir.

 Gərək,  mətbuat və  bir çox telekanallar  belə davranışları, belə münasibətləri  tirajlamayalar. Təəssüf ki, onlar fəaliyyətlərini bu baza üzərində qurublar və  bu xətti də davam etdirirlər.

Nadir Qafarzadə, Əli Mirəliyev   mətbuatrın manşetlindən əskik olmur.  Əgər siz cəmiyyətə özünüz söz deyə bilmirsinizsə, deyə  bilən adam tapa bilmirsinizsə, Məşğulluq mərkəzlərində  vətəndaşların müəyyən peşələrə yiyələnməsi və işlə təmin edilməsi üzrə  xidmətlər var, buyurun, müraciət edin,  uyğun peşələrə yiyələnin.

   3 gün bundan  öncə şou mətbuatı və şou kanalları qarşılıqlı  anlaşma ilə     cəmiyyəti əyləndirməklərinin möhürünü vurdular.  Əli Mirəliyev yenə  telekanalın başını göylərə bülənd etdi: “Azı yüz dəfə xəyanət eləmişəm, amma arvadım yerindədi…” – Mirəliyevdən şok sözlər”

İndi biz də imanımızı atıb, Əli Mirəliyevə qoşulaq və yaxud  qadınlar Əli Mirəliyevin xanımının  dözümlülüyünü göstərsinlər?

Bu, Həmin Əli Mirəliyevdir ki, 2018-ci ildə ARB TV-nin “Səhər-Səhər” verilişində “qadına şiddət” mövzusunda  müzakirə zamanı  “Arvadımı döymüşəm” demişdi:

“Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim. Yalandan efirdə deyim ki, yox, biz mehribanıq. Evdə ər-arvad bir-birini yola verirsə, o normal ailə deyil. Gedirsən evdən kənarda çalışırsan, işləyirsən min söz-söhbət eşidirsən, üzün danlanır. Onan çəkirsən, bunan çəkirsən gəlirsən evə. Bir də evdəki pulunu alandan sonra qan uddurur. Deyirəm ağzının üstünə bir dənə şillə vur (Milli.Az”)

 Təxminən  bir il bundan qabaq  isə  demişdi:  “Arvadın əlindən qaçmışam, tək yaşayıram”:

“BAKU.WS xəbər verir ki, aparıcı Fəxriyyə Lilparın “Üzbəüz” proqramına qonaq olan sənətçi Mərdəkandakı bağ evində, ailəsindən ayrı, tək yaşadığını bildirib:

“Evdə tək qalıram. Hazırda Mərdəkanda yaşayıram. Yola getmirik. Arvadın əlindən qaçmışam……  ”

  Bilirsiniz,  sovet dövründə  mətbuatda, televiziyada  bundan 20-30 dəfə  yüngül ideyasızlıq üstündə   nə edərdilər? İllərdir bizim özəl telekanallarda bu dəst-xətt davam etdirilib və bu gün də etdirilməkdədir. Amma Televiziya və Mətbuat Şuraları hər dəfə onları müdafiə edib ki, biz onların  yaradıcılıq  sahəsinə müdaxilə edə bilmərik.Onda   bu, şou verilişlərini aparanların qulağına pıçıldamaqdır ki, cəmiyyəti şouya bürüməkdə davam edin.

 Neçə illər  bundan qabaq  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə  müsabiqə keçirilmişdi.   Müsabiqənin  qalibləri 1-ci   yerinə keçirilən yazı müsabiqəsində “Mövqe” qəzetinin redaktoru – KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru  Vüqar Səfərlinin oğlu Seymur Səfərlinin məqaləsi birinci yerə,  KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin qardaşı oğlu Nail Rəhimzadə 2-ci yerə layiq  görülmüşdü. 

Nə vaxtsa  bir millət vəkilinin oğlu  da qrant müabiqəsinin qalibləri olmuşdu.  

  Onsuz da  aydınlıq üçün baxsınlar: KİVDF  vaxtında   maliyyə yardımı daha çox   bu fondun və  Mətbuat Şurasının hansısa formadasa rəhbərliyində təmsil olunanların, yaxud onların yaxınlarının adına olan  mətbu subyektlərə  verilib. Xoşqədəm Hidayətqızı  telekanallarda   müəyyən reytinqə malik idi, amma “3 nöqtə” qəzetinə də maddi yardım ayırmaq yaddan çıxmırdı.  “Rəhsil Problemləri” qəzeti isə hər vaxt unudulurdu, amma 1 dəfə, deyəsən , 1500-3000 min manat ayırmışdılar.

Dəstək Fondunun maddi dəstəyindən yararlanmaq üçün 2 il bundan qabaq müraciət etsəm də,    qəbul olunmadı.  O qədər  şərt qoyurlar ki,  adam bezib çəkilir kənara. Dünən  fərdi jurnalist  müsabiqəsi üçün  yazı  göndərdim. Heç 10-15 dəqiqə keçməmiş zəng vurub dedilər ki, sizin müqaviləniz yoxdur,  elektron  imzanız yoxdur. Müsabiqənin şərtlərinə görə yazınız müsabiqədə iştirak edə bilməz.    Niyə? Mən  Azərbaycana düşmən mövqedə olan ölkənin vətəndaşıyam?  Əvvəl qeyd etdiyim  kimi, Mətbuat Şurasına üzv olmaq üçün   baryer yaradıblar.  Amma  mən 20005-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş  “Ana və Uşaq” qəzetinin  təsisçisi və baş redaktoruyam.   Bir müddət çap olunduqdan sonra maliyyə  çətinlikləri səbbindən nəşri dayandırdıq. 1 iyun 2022-ci ilə kimi  91 615  qeydiyyatdan keçən istifadəçimiz  olub. 

Az  say deyil bu. Mənim  qəzetim də, saytım da şou məkanı olmayıb. Əgər  bu yolu tutsa idim,  reytinq göstəricilərimiz  daha yuxarı olardı. Reytinq mənim üçün göstərici deyil. Heç vaxt olmayacaq da. Heç yerdən maddi dəstəyim olmayıb. 3 dəfə saytımızn qurulmasına, domen və hostinqə  5 min manatdan  yuxarı  xərcim çıxıb. Təqaüd pulumdan  ödəmişəm  bu pulu. Daha belə davam edə bilməzdim.

Ölçüyə, hədəfə, nizama  etiraz olaraq  “Ana və Uşaq” saytını qapadıq .  Aprel ayından  fəaliyyətimi WordPress üzərindən aparıram.   İldə ən azından 250-300 manat  xərc çəkməyəcəyəm.

Mən    jurnalist sayılmasam da, saymasalar da,  bu sahədəki fəaliyyətim, AJB-nin üzvü olmağım  mənə bu haqqı verir.  İxtisasca filoloqam,  hələ məktəbli, tələbə ikən   bir neçə qəzetdə məqalələrim  dərc olunub. Jurnalist olaraq fəaliyyət göstərdiyim  17  ilin   7 ili üçün  jurnalist kimi əməkhaqqı almışam. 10 illik fəliyyətim isə “Ana və Uşaq”la bağlı olub. Sosial fəaliyyət göstərmişəm. Gündəlik iş saatım 12 saatdan az olmayıb.

  Saytımızın   missiyası da  maarifləndirmək,  cəmiyyətimiz üçün  vacib olanları insanların diqqətinə çatdırmaq olub. KİVDF-nin maddi yardım etdiyi elə media subyektləri olub ki, onlardan da yaxşı fəaliyyət göstərmişəm.

Amma  nə MEDIA, nə Mətbuat Şurası  bizdən  xəbərsiz olub. 

 Mənim  qəzetim də, saytım da  bir mətbu  subyekt kimi   mətbu nəşrlərin   statistikasında   say olaraq  göstərilməkdən başqa heç nəyə yaramayıb.  17 il ərzində bir mətbuat yetkilisi  maraqlanmayıb ki, belə bir mətbu nəşr  qeydiyyatdan keçib axı, o, nə edir, nə yazır, nə qayğıya ehtiyacı var. Bunların başı qarışıb  ancaq daha çox  özlərinə aid və  onlara yaxın  olan media subyektlərinə  dəstək   verməyə.

  Onsuz da  insanlar   arasında danışılır, sosial mediada  yazılır, hansı saytlara  hansı məmursa  hiimayədarlıq edir. Yəni, onlar buna görə öz mətbu subyektlərini    istər texniki  cəhətdən, həm də stimul baxımından  fəaliyyətlərini, mətbu subyektlərini təqaüd pulu ilə sosial fəaliyyət göstərən  onlayn media subyektlərindən   zahirən daha yaxşı quracaqlar. Digər tərəfdən də dövlət yardımı əksər vaxtlarda onlara ayrılıb.

Mətbuata məsul qurumlarda  dəyişiklik edilir, amma heç nə dəyişilmir. Eyni şəxslərdir müxtəlif şuralarda, heyətlərdə təmsil olunanlar. Onlar  mətbuatın təməl  vəzifəsi olaraq  proletar qələm sahiblərini ətraflarına cəlb etmək istəmirlər.Bu yönümdə  heç bir iş görməyiblər. Harda səfər, tədbir var, belə yerlərə ancaq özlərini, özlərinə yaxın aramları  məsləhət bilirlər. 

Ömrümün yarıdan çoxu  sovet dövrünə təsadüf edir,  30 ilə yaxınını da müstəqillik dövrünə.   Həyatım məktəbli ikən sinif divar qəzetindən başlamış bugünün  onlayn mediasına qədər   mətbuat, televiziya və radio ilə sıx bağlı olub.   Mən əsl ideoloji kürsü, tribuna kimi   sovet dövrünün mətbuat və televiziyasını  hər zaman yüksək hesab etmişəm və indi də  bu fikirdəyəm.  Öz  fikrimi deyirəm ki,  indiki mətbuatın  hamısını cəm etsələr,  bir “Azərbaycan pioneri” qəzeti qədərincə maarifçilik işi görməyiblər.

   1 qəpiyə olan qəzet  bir oxucusuna  belə heç vaxt diqqətsiz qalmayıb. Dərc olunmayanda hər məktuba  belə, cavab verilib.  “Araz” radiosu  hər birimizin havası, suyu və çörəyi idi.  Amma indi səni bu və ya digər dərəcədə sinirləndirməyəcək   mətbuat vasitəsi, radio və ya televiziya kanalı yoxdur.  İnternetdə bununla bağlı  hər zaman narazılıqlar olub. Amma mətbu qurunlar, Televiziya Şurası hər zaman öz tərəflərini haqlı çıxardıb.

 Axı belə deyil.  Sovet dövrünün televiziya və mətbuatında belə  narazılıqlar ola bilməzdi.Ona görə ki, Əlahəzrət senzura  var idi, ikinci də işi işbilənlər aparılırdı. Sovet vaxtı adlarını çəkdiyim aparıcıların heç birini  Azərbaycan televiziyasının, “ Araz” rasiosunun binasına yaxın buraxmazdılar.  Zaur Baxşəliyev   həe  zaman öz şəxsi həyatını  görüntüləyir. Tolikin nə   savadı var, nə də   səhnə   mədəniyyəti. Televiziyanı şou yığıncağına  döndəriblər.   Narazılıqlar  pik həddə çatanda, onların  fəaliyyətləri 1-2 aylıq dayandırılır, 2-3 ay sonra daha başqa kanalda peyda olurlar, əvvəlki üslublarını davam etdirirlər. Kim irad tutur, həmin kütləvi informasiya vasitələri də, onlara rəhbərlik edn qurumlar da deyirlər ki,şou belə olur.  Mənbələrə istinad etmişik, biz, sadəcə, yaymışıq.  Ay vətəndaş yaqyma, ötürmə.. Bir klub təşkil edin, icarəyə yer götürün, gedin orada pərəstişkarlarınıza nə istəyirsiniz, necə istəyirsiniz elə də paylaşın. Televiziya, mətbuat  cəmiyyətindir. Onu  belə   lafçılara  etibar etmək olmaz.

    Lap qət təzə informasiya paylaşıblar.Yəqin  bu sıradan  olan  saytlar da təkrar-təkrar paylaşacaqlar. Tezliklə isti-isti  bütün  cəmiyyətə çatdırmaq  lazımdır.  Nəyi?  Türkiyədə bir aktrisa  həyat yoldaşından ayrılıb. Səbəb də bu imiş ki,   bacı onun əri ilə gizli “eşq” yaşayırmış  Aktrisa ərindən  ayrılsa da, bacısı  onunla bir  evdə yaşayır.

İndi siz deyin,  bu  xəbərin informasiya yükü, informasiya  zərurəti varmı?    40-50 il bundan əvvəl  insanlar arasında olan  xətir-hörmətin, pərdənin, abır-həyanın  yarısı da qalmayıb.  İndi   qonşu 2 -3 metrliyində olan qonşu ilə məsafə saxlamağa  çalışır. Çünki həyat  bu cürə növ-növ, rəngbərəng iyrəncliklərlə eybəcərləşdirilib. Bir etimadsızlıq mühiti yaradıb. Adamlar var ki, evində “ ruçok”, “kamera” quraşdırır. Gərək  heç kim heç kimi evinə, özünə yaxın braxmaya? Lap tutaq ki, hansı bir haldasa, belə eybəcərlik baş verməyəcək. Amma mətbuat, televiziya əllərinə dəmir əsa alıb, ayaqlarına dəmir çarıq geyib dünyanın  belə iyrəncliklərini gətirəcəklər bizim həyata. Bu etimadsızlıq və şübhə toxumunu  paylaşanlar elə şou mətbuatı və şou kanallarıdır.  

 Son hadisə ilə bağlı Audiovizual Şura hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur:

“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir”.

Əvvəlki Milli Televiziya və Radio Şurası dönəmində də  cəmiyyət etiraz edəndə elə bu cür cavablar  verilirdi.Ona görə də televiziyada belə hallar ənənəvi fəaliyyət tərzinə çevrilməkdədir.

Bəli Zaur da, Tolik də, Elgizdə, Əli Mirəliyevdə  və daha başqalarında   günah yoxdur.  Çünki  Audivizula Şura da baş verənlərdə    qəbahət görmürsə,  bunlar hardan builməlidir ki, belə  şeylər olmaz.   Nəyisə hesaba almaq, ölçmək, dəyərləndirmək   vasitələri olsun ki, bunlar ədalətli, obyektiv olsun ki, insan amili ora barmaq edə bilməsin ki, qəbahət, suç edən də  bütün ciddiyyəti ilə məsuliyyət hiss etsin.

Televiziya da  məktəbdir. İnsanların  tapındığı məkandır. Bura  da sözün, qələmin müdrikliyini dəyərləndirə bilən adamlar işləməlidir. Siz görmüsünüz,  Tolik, Zaur  bir kanalda davam edə bilməyəndə, kanaldan kanala  necə rahat  dəyişilirlər.   Cəmiyyət  bunları  görmək istəyir, amma  özlərindən yuxarı instansiyalar onları himayə edir.

Necə yəni, aparıcı  müstəqildir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur.

Ona görə də belə qüsurlara yol vermiş və verməkdə davam edən mətbu vasitələr, özəl və internet telekanalları bu ideoloji tribunanı, sanki, özününkü hesab edir, ona aiddir, nə istəsə, necə istəsə,edə bilər.  Bu qədər insan deyir ki, Zaur kimi aparıcılar özlərini cəmiyyətin fövqündə hiss etdirirlər . Hər zaman  skandal yaradırlar. Televiziyz təmsilçisi deyir ki, Zaur hərəkətində  qanunsuzluq  yoxdur. Axı Zaur İranlı müğənnini  şəxsən  bu vəziyyətə salmaq üçün belə edib.  Düşünülmüş, planlaşdırlmış şəkildə  belə edib.  

 Bu kateqoriyadan olan aparıcılar bilmir ki, efirə kimi dəvət etmək olar, Azərbaycan ailələrinə kimi aparmaq olar. Zaurun, Zaurun təmsil etdiyi kanal olaraq Arb-nin iranlı müğənnini efirdən uzaqlaşması 2-ci ən böyük səhvidir. Birinci səhvi isə ekrana təqdir etməyə seçdiyi şəxslərin özləri ilə bağlıdır. Doğrudnmı Azər Afşini ekrana çıxarmaq, birbəbir evlərə aparmaq, hamıya tanıtmaq lazım idi? Bu müğənni 2 İl öncə  öz avtomobilində 3 nəfərin ölümünə səbəb olan  ağır qəza  törətmişdi. İndi bizim bu kateqoriyadan olan və Yutub reytinqində 100 minlərlə, hətta milyondan çox like edəni, abunəçisi olan şou sənətçiləri var. Sabah onlardan kimsə Özbəkistana getsə, Özbəkistan televiziyaları mütləq onu kanallarına dəvət edib, “xoş gəmisiniz” deməlidirlərmi? Ona görə də özəl kanalların cəmiyyətdəki reputasiyası çox aşağıdır.

Çünki onların bələdçiləri haqqında bəhs etdiyimiz aparıcılardır.

Qocaman yazıçılarımızdan biri də qalmadı ki,   problemi Prezidentə çatdıra.  İsmayıl Şıxlı kimi, Nəbi Xəzri kimi, Süleyman Rəhimov kimi, İsa Muğanna kimi… 

  Qayıdaq Zaurun iranlı  müğənni ilə  söhbətləşməsinə. Aparıcı efirə dəvət etdiyi həmsöhbətini bu şəkildə ekrandan uzaqlaşdırısa, deməli, o, görüşə heç vaxt hazırlaşmır, kimi dəvət edəcəyi, nə danışacağını əvvəlcədən planlaşdırmayıb.: bir əvvəlcədən onu xəbər edir ki, bu tarixdə görüşə gəl, vəssalam.

Kimisə canlı efirə dəvət edəndə qonağın, həmsöhbətin özünü sərbəst hiss etməsi üçün ssenari elə hazırlamalıdır ki sualları elə seçməlidir ki, hər şey müsahibin xarakterini, lazım olan mövzunu ən üstün şəkildə aça bilsin. Burada teelviziya aparıcısının ən birinci peşəkarlığı, həmsöhbətə hörmətlə yanaşmaq və səmimilikdir. Zaurun heç bir verilişində bu səmimilik olmayıb. Ağlına gələn sualı birbaşa ünvanlayır. Televiziya balaca qutu olsa da, bütün dünyaya açılır. Onu bütün Azərbaycan seyr edir. Belə olmaz.

Zaurun Afşinlə  söhbətləşməsindən sitat:

“İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız”.

Elə anındaca müğənni atmacanı dəyərləndirir ki : “Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”

 Deməli, Zaur onu belə utanc  vəziyyətə  salmağa məqsədli və düşünülmüş şəkildə  hazırlaşıb. Görüşə dəvət etdiyi qonağın rahat və sərbəst danışmasına    imkan yaratmaqdansa, elə başlanğıcda onu sancır. Guya   şəhərdə apardığı sorğu müğənninin  Azərbaycanda  tanınmadığını  ortaya  qoyub. Sənin, Arb-nin  sorğusu məgər etalondur?   Yutub kanalı ortaya qoyur ki, Üzeyir Mehdizadənin  abunəçisinin sayı milyonu ötüb. Yutubun  dəyərləndirməsi indi  indi əsl sənətə xidmət edir, yoxsa şouya? Mətbuat da, televiziya da bundan narahat olsun ki hansı auditoriya formalaşdırır. 

  Bir anlıq düşünək ki  Afşini, Azərbaycanda  heç km tanımır və ya çox az  sayda tanıyanları var. Bəs onda  niyə ekrana dəvət edirsiniz. Axı ekrana təqdir olunmağa haqqı olanlar dəvət olunmalıdırlar. Yox, əgər iranda böyük auditoriyasının olduğunu canlı efirdə dilə gətirirsinizsə, onda Sfşinə sərgilədiyiniz münasibəti həmin auditoriyaya da sərgiləyrsiniz dolayısı ilə İran Azərbaycanı auditoriyasına da.

    Biz elliklə Arb-yə və yaxud Zaura yazmamışıq ki, Afşini dəvət edin. Etməyəydiniz, etmisiniz verilişinizi qadasınca sona verin.  Əgər verilişə dəvət olunan hansısa şəxs, vəzifəsindən, titullarından asılı olmayaraq, dövlət, xalq əleyhinə  təbliğata yer verməmişsə, nitqindı vulqar sözlərə, təhqirlərə yol verməmişsə, onu verilişdən uzaqlaşdırmaq  həm qeyri-etik, həm də  böyük özbaşınalıqdır: xalqa qarşı, auditoriyaya qarşı. Dünyada ən pis şeylərdən  biri insanı utandırmaqdır. Zaur  Afşini utandırdı,  auditoriyanı da utandırdı.  Bu xalq qonağına belə davranış nümunəsi heç vaxt sərgiləməyib.  Zaurun  söylədiklərinə rəğmən, cənublu soydaşımız deyir ki, iki kişnin xüsusi söhbəti biri-birinin yanında qalsa,  daha yaxşı olar. Yəni,   nə vaxtsa aramışda baş vermis  hansısa söhbətə, anlaşılmazlığa görə,  ayrı məqamda, ikilikdə  qayıdıb anlaşa bilərik.  Bura yeri deyil. Amma Zaur  qərarını əvvəlcədən əzbərləyib gəlibmiş. “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, onu efirdən Azərbaycan televiziyasının  kənarlaşdırıb.

 Afşin Azəri efirdən uzaqlaşdırılmağa vadar edəcək heç bir  hərəkət etməmişdi. Sadəcə, Arb də, Zaur da  xalqımızın, əxlaqına uyöun olmayan davranı nümayiş etdirdilər. Özü də qonaq sifətində dəvət olunmuş şəxs özünü çox nəzakətlə apardığı halda.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı